Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Azərbaycana qarşı «narkotik müharibəsi»
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranın Azərbaycana qarşı «narkotik müharibəsi»

İranın Azərbaycana qarşı «narkotik müharibəsi»


Şəmsəddin Əliyev: «Məqsəd Azərbaycan gəncliyini zəhərləmək, onları öz ideologiyalarının təsiri altına daha asan şəkildə almaqdır»

Elman Nəsirli: «İşğal altındakı ərazilər nəzarətdən kənarda qaldığından oradakı erməni narkobaronlar prosesdə fəal rol oynayır»

Son illər Azərbaycanda narkotik istifadəçilərinin sayında artım müşahidə olunmaqdadır. Bunu rəsmi statistika da təsdiq edir. Belə ki, rəsmi rəqəmlərə görə hazırda ölkədə 26 mindən çox insan narkotik aludəçisidir. Onların arasında 500-dən çox qadın və bir neçə məktəbli uşaq da var.
Ölkədə narkotik maddələrin dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının tədbirlər həyata keçirməsinə baxmayaraq, hələ də bu yöndə effektiv nəticələrdən danışmaq mümkün deyil. Son dövrlərdə narkotik maddələrin satışı ilə bağlı cinayət məsuliyyətinə cəlb olunanlar arasında məktəblinin olduğu faktı da üzə çıxıb. Ümumiyyətlə, son bir ildə müvafiq qurumlar tərəfindən bu bəlaya qarşı mübarizə çərçivəsində 2500 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Azərbaycana narkotik maddələrin böyük hissəsi İrandan gətirilir. Rəsmi məlumatlara görə Azərbaycana gətirilən narkotikin 97 faizi məhz cənub qonşumuzun payına düşür. Daxili İşlər Hazirliyinin rəsmisi Tanrıverdi Aydınovun açıqlamasına görə, İranda müəyyən qüvvələr Azərbaycanla düşmənçilik mövqeyində olduğundan ölkəmizə narkotik maddələrin məqsədli şəkildə gətirilməsini təşkil edirlər. Bu faktın rəsmi səviyyədə bəyan olunması problemin kifayət qədər ciddi olduğunu ortaya qoyur. DİH rəsmisi açıq şəkildə bunun İrandakı müəyyən dairələrin düşmənçilik siyasətinin elementinə çevrildiyini dilə gətirib.
Ümumiyyətlə, İranın bölgədə ağ ölüm şəbəkəsi qurması faktı yeni deyil. İran Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər rayonlarında da geniş şəkildə narkotik dvriyyə həyata keçirir. Bu ərazilər hələlik Azərbaycanın nəzarətindən kənarda qaldığından orada narkotiklərlə bağlı vəziyyət daha kritikdir. Hətta kəşfiyyat məlumatlarında nəzarətsiz bölgədə İranın da iştirakı ilə iri narkotika plantasiyalarının salındığı barədə faktlar əksini tapıb.
Bəs görəsən, İranın ölkəmizə narkotik maddələr ötürməkdə konkret məqsədləri nədir? Azərbaycan bunun qarşısını almaq üçün hansı tədbirlər həyata keçirməlidir?
«Polisə dəstək» İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, İrandakı bəzi dairələrin Azərbaycana narkotik maddələr keçirməkdə məqsədləri təkcə varlanmaq ehtirası ilə bağlı deyil: «Məqsəd həm də Azərbaycan əhalisini vahimə içərisində saxlamaqdır. Narkotik maddələrin dövriyyəsini həyata keçirən İrandakı dairələr öz fəaliyyətlərini əsasən Azərbaycanın işğal altında olan ərazilərində həyata keçirirlər. Bu yerlərin nəzarətdən kənarda olması narkotik bitkilərin becərilməsi baxımından əlverişli məkan sayılır. Bu mənada da İrandakı narkotiklə bağlı bəzi dairələr öz fəaliyyətlərini işğal altında olan torpaqlarımızda daha geniş surətdə həyata keçirirlər. Ölkəmizin ərazisinə narkotik daşımaqla isə onlar Azərbaycan gəncliyini zəhərləmək, onları öz ideologiyalarının təsiri altına daha asan şəkildə almaq məqsədləri güdürlər».
Həmsöhbətimiz bildirdi ki, İranın Azərbaycan qarşı apardığı «narkotik müharibəsi»nin qarşısını almaq üçün ictimai və dövlət nəzarətinin gücləndirilməsi vacibdir: «Birinci növbədə vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Bunun üçün də vətəndaşlarımız arasında ciddi hüquqi maarifləndirmə işləri aparılmalıdır ki, onlar narkotik maddələrə aludə olmasın. Digər tərəfdən ictimai nəzarətlə yanaşı, dövlət nəzarəti də güclü olmalıdır ki, ölkəmizə narkotik maddələrin gətirilməsi prosesi minimuma ensin. Harkotik maddələrə qarşı mübarizə aparan müvafiq qurumların bu sahədə fəaliyyəti gündən-günə güclənir. Bunun nəticəsidir ki, narkotik maddələrlə bağlı aşkar olunan faktlar da artır. Bu da müvafiq qurumların narkotik maddələrlə ciddi mübarizə apardığını göstərir. Amma bununla yanaşı, insanların da özündə narkotik maddələrə meyllənməmələri üçün bir təpər, iradə olmalıdır».
Politoloq Elman Nəsirli isə qeyd etdi ki, ölkəmizə narkotik maddələr gətirməklə İrandakı dairələr bir tərəfdən qazanc əldə etməyi düşünürlərsə, digər tərəfdən də Dağlıq Qarabağdakı separatçıların və terrorçuların silahlanmasına rəvac verirlər: «Ölkəmizə gətirilən narkotik maddələrin mənbəyi beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunduğu kimi Əfqanıstandan başlayıb İrana keçir. Buradan da nəzarətdən kənarda qalan Dağlıq Qarabağa gətirilir. Həmin yerdən də narkotik maddələr Ermənistan, Gürcüstan, Rusiya istiqamətləri üzrə Avropaya daşınır. Yəni narkotik maddələrin daşınması marşrutu bəllidir. Bu marşrutlar barədə yerli və xarici kütləvi informasiya vasitələri dəfələrlə yazıb. İrandakı bəzi dairələr Azərbaycana narkotik maddələr gətirməklə bir sıra məqsəd güdürlər. Harkotik maddələrin qeyri-qanuni dövriyyəsindən gələn gəlir faktiki olaraq dünyada ən çox qazanc verən üç sahədən biridir. Bu baxımdan narkotik maddələrin ölkəmizə keçirilməsini təşkil edən İrandakı qüvvələr həmin yolla külli miqdarda qazanc əldə edirlər. Digər tərəfdən, İrandan işğalda olan Dağlıq Qarabağ və digər ərazilərimizə narkotik maddələrin daxil olması çox rahatdır. Çünki həmin ərazilər Azərbaycanın nəzarətindən kənarda qaldığından oradakı erməni narkobaronlar prosesdə fəal rol oynayır. Onların bu məsələdə iranlı həmkarları ilə güclü təmasları mövcuddur. Dağlıq Qarabağda qeyri-qanuni narkotik maddələr alverindən gələn gəlir isə separatçı rejimin silahlanmasına, mövqelərinin möhkəmlənməsi və onların torpaqlarımızın işğal altında saxlanılması siyasətini davam etdirmələrinə, xüsusən də terror aktlarını həyata keçirmək üçün istifadə edilir. Hesab edirəm ki, bu məsələ ilə bağlı İranda paradoksal vəziyyət yaranıb. Əslində İranda narkotik maddələrdən istifadəyə görə ən ağır cəza nəzərdə tutulur. Amma buna baxmayaraq, İran ərazisində göz yumulduğuna görə narkotik maddələrin tranziti rahat şəkildə həyata keçirilir. Halbuki İran istəsə, həmin məsələni qısa zamanda həll edə bilər. Həll etmirlərsə, deməli, bunda maraqlı deyillər. Dağlıq Qarabağ istisna olmaqla digər ərazilərimizdən narkotik maddələr keçiriləndə Azərbaycanın müvafiq qurumları həmin qüvvələri zərərsizləşdirməyə nail olur. Problem yalnız işğal olunmuş ərazilər ətrafındadır. Orada da nəzarət olmadığından narkotik maddələrin tranziti üçün əlverişli şərait yaranıb. Həmin ərazilərdə bu səbəbdən də Azərbaycan hüquq-mühafizə orqanlarının prosesin qarşısını almaq imkanları yoxdur. Ona görə də İrandan ölkəmizə narkotik maddələrin daşınması prosesi beləcə tüğyan etməkdədir».

Rüfət SULTAN

Geri dön