Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Cümhuriyyət qəhrəmanları harada dəfn olunublar?- Qürbətin doğma məzarları
Cümhuriyyət qəhrəmanları harada dəfn olunublar?- Qürbətin doğma məzarları |
Moderator.az bir neçə gündən sonra 99-cu ildönümü tamam olacaq Azərbaycan Xalq Cümhuriyyəti haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə qürbətdəki doğma məzarlarımızdan danışacağıq. AXC qəhrəmanlarının əksəriyyətinin məzarları belə vətən üçün qəribsəməkdədir:
Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi. 1955-ci il 6 mart tarixində dünyasını dəyişib. Məzarı Ankaranın Əski məzarlığındadır; Fətəli xan Xoyski - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı. Ayrı-ayrı vaxtlarda daxili işlər naziri və xarici işlər naziri vəzifələrində çalışıb. Cəmi 44 il ömür sürən Xoyski 1920-ci ildə qətlə yetirilib. Məzarı Tiflisdədir; Nəsib bəy Yusifbəyli - Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini-etiqad, daxili işlər naziri, həmçinin, baş naziri vəzifələrində çalışıb. 1881-ci ildə Gəncədə anadan olan Nəsib bəy 1920-ci ildə satqınlıq nəticəsində sui-qəsdə uğrayır. Müəmmalı şəkildə qətlə yetirilən Nəsib bəyin məzarı naməlumdur; Əlimərdan bəy Topçubaşov - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri. Paris sülh konfransına nümayəndə heyətinin sədri kimi göndərilən Topçubaşov məlum səbəblərdən geri dönə bilmir. Bütün ömrünü qürbətdə- Fransada keçirməli olur. 1934-cü ildə 71 yaşında Fransanın Sen Klu adlanan yerində dünyasını dəyişir. Məzarı da oradadır; Həsən bəy Ağayev – AXC parlamentinin sədr müavini. O da 1920-ci ildə qətlə yetirilən ictimai xadimlərimiz sırasındadır. Məzarı Tiflisdədir; Həbib bəy Səlimov –general-mayor, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş qərargah rəisi. 1920-ci ilin qanlı repressiyasına düçar olub. Nargində güllələnir. Təbii ki, məzarı da naməlum qalır. Cəsədinin dənizə atıldığı güman olunur; Səməd bəy Mehmandarov – AXC-nin hərb naziri. 1931-ci ildə 75 yaşında dünyasını dəyişib. Dağüstü parkda dəfn edilib. Məzarı 1930-cu illərin sonunda dağıdılıb; Nağı bəy Şeyxzamanlı - Azərbaycan Xalq Cumhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının (indiki MTN) sədri, Azərbaycanın ilk çekistlərindən biri. O, 1957-ci ildə Türkiyədə vəfat edib. İstanbulun Feri Köy məzarlığında dəfn edilib; Əhməd bəy Pepinov - Xalq Cumhuriyyətinin parlament və V Nazirlər Kabinetinin üzvi, əmək və torpaq naziri.1938-ci ildə Qazaxıstanın Almatı şəhərində vəfat edib və orada dəfn olunub; Camo bəy Hacınski – AXC hökumətinin ən gənc naziri olub. Poşt-teleqraf naziri vəzifəsində çalışıb. 1938-ci ildə sürgünə göndərilib və 1942-ci ildə Kirov vilayətinin Vyatka həbs düşərgəsində vəfat edir. Elə orada kütləvi məzarlıqda dəfn olunur; Xəlil bəy Xasməmmədov – AXC-nin ilk ədliyyə naziri. 1875-ci ildə Gəncədə anadan olmuş Xəlil bəy 1945-ci ildə İstanbulda vəfat edib və Feri Köy məzarlığına dəfn edilib. Məzarı Nağı bəyin məzarının “qonşuluğundadır”. Xosrov bəy Sultanov – AXC-nin hərb naziri. Cümhuriyyət devrildikdən sonra Türkiyəyə gedib və uzun müddət orada yaşayıb. 1943-cü ildə 63 yaşında İstanbulda vəfat edib. Məzarı da oradadır; Əkbər ağa Şeyxülislamov- AXC-nin əmək və əkinçilik naziri. Parisə yollanan nümayəndə heyətinin üzvü. O da nümayandə heyətinin başqa üzvləri kimi vətənə dönə bilmir və ömrünün sonuna kimi Fransda yaşayır. 1961-ci ildə orada dünyasını dəyişir; Ceyhun bəy Hacıbəyli, Məmməd Məhərrəmov, Miryaqub Mirmedhiyev də həmin acı aqibəti yaşamalı olublar. Hazırladı: Elmin Nuri Geri dön |