Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mircəfər Bağırov Vəli Axundovu ermənilərdən necə qorudu? Vəli Axundovun Bağırova məktubu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Mircəfər Bağırov Vəli Axundovu ermənilərdən necə qorudu? Vəli Axundovun Bağırova məktubu

Mircəfər Bağırov Vəli Axundovu ermənilərdən necə qorudu? Vəli Axundovun Bağırova məktubu


…1946-cı il sentyabrın 12-də M. C. Bağırovun imzaladığı qə­rarla Martirosyan Arşak Mkrtçeviç Tibb İşçiləri Həmkarlar İtti­faqı Respublika Komitəsi sədri vəzifəsindən kənar edilmiş, onun yerinə azərbaycanlı Vəli Yusif oğlu Axundov təyin edilmişdi. 3 il sonra isə yenə də M. C. Bağırovun imzaladığı qərarla səhiyyə na­zirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 33 yaşlı pak və işıqlı insan haqqında şikayət məktubları da elə o vaxtdan yazılmağa başlanmışdır. Ermənilərin və onların fitvasına uyan bəzi həmyerlilərimizin fitvası ilə tərtib olunmuş bu məktublardan birini təqdim edirik:

“Azərbaycan KBP MK-nın katibi M. C. Bağırov yoldaşa!

Biz bolşevik sayıqlığımızı itirmədiyimiz üçün bir məsələni bilən kimi Sizə yazmalı olduq.

Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə müsavat­çı və xalq düşmənlərinin içərisindən çıxmış Vəli Axundov adlı birisi soxulmuşdur. Bu adamın əmisi oğlu Əkbər Axundovu Siz yaxşı tanıyırsız.

1. Əkbər Axundov - kiçik yaşlarından Saray kəndində təşkil olunan Müsavat Partiyasının 1920-ci ilə kimi katibi olmuşdur. Sonradan Kommunist Partiyası sırasına daxil olmuş, nəhayət Narkomzem Vasilkinin, Həmid Sultanovun vasitəsiylə Naxçı­van ölkə partiya komitəsinin rəhbərliyinə soxulmuşdur. Bu xalq düşməninin nə kimi işlər gördüyü və ailəsinin ifşa olunduğu Sizə çoxdan məlumdur.

2. Əbülfəz Axundov - keçmişdə bu da Müsavat Partiyasının üzvü idi. Sonralar Bolşeviklər Partiyası sıralarına daxil olmuş, kolxoz quruluşuna ziyan verdiyindən deputat Nəriman Mame­dova sui-qəsd hazırlamaq üstündə nəhayət ifşa olunmuşdur.

3. Əsgər Axundov öz qardaşlarının işini davam etdirdiyindən 1941-ci ildə ifşa olunmuşdur.

4.Əli Axundov - kiçik qardaş olmaqla ardıcıllıq edirdi. Nəhayət bu da 1941-ci ildə Qazaxıstana sürgün edilmişdir.

Qəhrəman Sadıxlı Axundovların böyük bacısı Sayad Axun­dovanı alaraq bunlarla qohum olmuşdur. Qəhrəman Sadıxlı 1920-ci ilədək Saray kəndində olan Müsavat Partiyasının sədri olmuşdur. Qaynı Axundov Əkbər isə bu partiyanın katibi idi. Sonralar Bolşevik Partiyası sıralarına soxulan Sadıxlı nəhayət 1937-ci ildə qaynı A. Əkbər ilə birlikdə kolxoza vurduğu ziyanlar üstündə ifşa olundu.

Vəli Axundov belə bir müsavatçı və xalq düşməni ailəsindən çıxmışdır. İndi isə öz siyasi sayıqlığını itirən səhiyyə naziri, Kübra Fərəcovanın qadınlığından istifadə edərək, birinci müavin olmuşdur. Deyildiyinə görə Fərəcova onun yaxşı “natiq” olduğuna aldanıb özünə müavin götürmüşdür.

Quliyev,

Əliyev,

Bakı şəhəri, Saray kəndi, Sumqayıt rayonu".

Məktubda göstərilən faktları Bakı şəhəri Voroşilov rayon Partiya Komitəsi və Səhiyyə Nazirliyinin ilk partiya təşkilatı yox­lamış, nəticəsi rayon partiya komitəsində 1949-cu il 24 noyabr tarixli büro iclasında müzakirə edilmiş, “müsavatçı qohumları haqqında məlumatları partiyadan gizlətdiyi üçün” ona şəxsi uçot vərəqəsinə yazılmaqla töhmət elan edilmişdir. Qərarı rayon partiya komitəsinin birinci katibi A. Abramova imzalamışdır.

Nazirlikdə, səhiyyə ocaqlarında, Saray kəndinin sakinləri arasında Vəli Axundovun nəinki vəzifədən çıxarılması, hətta həbs oluna­cağı barədə şayiələr də yayılmağa başlayır. Ancaq hər şey gözlənilməz oldu. Mir Cəfər Bağırov MK katibi Qəzənfər Məmmədovu yanına ça­ğırıb məktubu ona verdi və xahiş etdi ki, Vəli Axundovla görüşsün, haqqında yazılanlarla onu tanış etsin və yazılı arayış alsın.

Barəsində yazılan məktubla tanış olan Vəli Axundov M. C. Bağırova belə bir məktub yazır:

“Azərbaycan KBP MK katibi Q. Məmmədov yoldaş məni Sizin adınıza göndərilmiş imzasız məktubla tanış etdi. İmzasız məktubu yazıb Sizə göndərənlərin, əlbəttə məqsədi məni prinsipsiz bir karyerist kimi qələmə vermək və MK-nın gözündə ləkələməkdən ibarətdir. Bununla belə bəzi faktlar düzgün göstərilmişdir.

Əmim oğlu Axundov Əkbər Cavad oğlu həqiqətən əvvəlcə Azərbaycan KBP Bakı Komitəsində təlimatçı vəzifəsində çalış­mış, sonra isə Naxçıvan şəhər Partiya Komitəsinin katibi olmuş­dur. 1937-ci ildə NKVD orqanları tərəfindən xalq düşməni kimi həbs edilmişdir. Bu da doğrudur ki, onun qardaşları Əbülfəz, Əsgər, Əli də cəza almış, onların kürəkəni əmim qızı Sayadın əri də həbsə alınmışdır. Yoldaş Bağırov, Sizin icazənizlə bu faktlara dair məlumat vermək istəyirəm:

1937-ci ildə Azərbaycan Tibb İnstitutunun (ATİ) birinci kurs tələbəsi ikən əmim oğlu Axundov Əkbər Cavad oğlunun xalq düşməni kimi həbs olunduğunu bilmişəm və həmin vaxt­dan bütün sənədlərimdə bunu yazmışam.

Əbülfəz, Əsgər və Əli Axundovlar, həmçinin Köçərli, Sadıxov, Əkbər Axundovdan sonra həbs olunub sürgün edilmişlər. Məsələ burasındadır ki, mən 1929 -cu ildə Saray kəndində ibti­dai məktəbi bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Biləcəriyə gəlmişəm. Çünki atam o zaman dəmiryolu stansiyasında işləyirdi. Buna görə də 11 il müddətində Saray kəndindən və qohumlarımdan ayrı düşmüşəm. Bunu söyləmək kifayət edər ki, 22 il ərzində bir dəfə də olsun Sarayda olmamışam, çətin ki, məni üzdən nəinki həmkəndlilərim, hətta bir çox qohumlarım belə tanısınlar.

1931-ci ildə texnikumda təhsil almağımla əlaqədar birdə­fəlik Bakıya gəlmiş, qohumlarımızla əlaqəni itirmişəm. 1936-cı ildə Bakı Sənaye Texnikumunun kimyaçı-texnik ixtisası üzrə bitirərək ATİ-yə daxil olmuşam. 1941-ci ildə ali məktəbi qurtar­mış və Böyük Vətən müharibəsinin ilk günlərində Sovet Ordusu sıralarında olmuşam. Alayın kiçik və baş həkimi, tibb-sanitar batalyonu komandiri kimi çalışmış, ordu hissələri tərkibində İranda, Polşada, Almaniyada, Çexoslovakiyada olmuşam. Sovet Ordusu sıralarından tərxis edildikdən sonra ATİ-də assistent vəzifəsinə işə götürülmüşəm. 1946-cı ilin oktyabr ayında Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1949-cu ilin iyun ayından isə səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişəm. Təhsil aldığım vaxtlarda və əmək fəaliyyətimin bütün sahələrində ictimai işlərdə yaxından iştirak etmişəm. Tex­nikumda komsomol komitəsinin katibi, institutda “Tibb Kadrla­rı Uğrunda” çox tirajlı qəzetin redaktoru və institut komsomol təşkilatının katibi olmuşam, 1939-cu ildə partiya sıralarına da­xil olmuşam.

SSRİ Tibb İşçiləri Həmkarlar Təşkilatı Mərkəzi Komitəsi Rəyasət heyətinin, AHİŞ Rəyasət Heyətinin, Azərbaycan KBP Voroşilov rayon partiya komitəsinin üzvüyəm, Bakı Sovetinin deputatıyam. Bundan əlavə müharibə illərində döyüşlərdə nümunəvi tibbi xidmətə görə “Vətən müharibəsi” və “Qızıl Ul­duz” ordenləri və beş medalla təltif olunmuşam.

Atam Axundov Yusif Fətulla oğlu fəhlə olmuşdur. 1922-ci ildən 1945-ci ilin avqustunadək, başqa sözlə vəfat gününədək partiya sıralarında idi.

Ordudan qayıdaraq əmək fəaliyyətimi davam etdirdiyim illərdə həmişə tərcümeyi-halımda və anket vərəqəsində əmim oğlu Axundov Əkbər Cavad oğlunun 1937-ci ildə NKVD or­qanları tərəfindən xalq düşməni kimi həbsə alınması faktını göstərmişəm. Zira, bu siyasi xarakter daşıyır və bir kommu­nist kimi bu barədə öz tərcümeyi-halımda yazmaya bilməzdim. Digər qohumlarım haqqında ona görə yazmamışam ki, onlar barədə müəyyən məlumatım olmamışdır”.

Yazılan anonim məktublara baxmayaraq Mircəfər Bağırov yaxın silahdaşı MK katibi Qəzənfər Məmmədova deyir ki, bir müddətdən sonra Vəli Axundovun töhmətini üzərindən götürüb Mərkəzi Komitəyə yanımıza gətirək. Qoy MK-nın şöbə müdirinin müavini işləsin. Doğrudan da bir müddət keçəndən sonra Mircəfər Bağırov dediyini edir...

P.S.Yazının hazırlanmasında Mirvari Rəhimzadənin “Yaddaşlardan və arxivlərdən boylanan ömür” kitabından istifadə edilib.

Geri dön