Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman, Müsahibə > “Olimpiya qızılı” almış şahmat bəstəçisi: “Azərbaycan naminə Ukrayna vətəndaşlığını qəbul etmədim”
“Olimpiya qızılı” almış şahmat bəstəçisi: “Azərbaycan naminə Ukrayna vətəndaşlığını qəbul etmədim” |
Şahmat kompozisiyası üzrə yarışlar bir çox xarici ölkələrdə populyar olsa da, Azərbaycanda çoxları bu haqda məlumatlı deyil. Amma ölkəmizdə də bu sahə üzrə az sayda müətəxəssis var. Təəssüf ki, dünya miqyasında kifayət qədər uğurları olan belə azsaylı mütəxəssislər Azərbaycanda yetərincə tanınmırlar. Onlardan bir də Kənan Vəlixanovdur.
- Kənan bəy, öncə oxucularımızın sizi daha yaxından tanıması üçün özünüz haqqında məlumat verə bilərsiniz? - Mən 1970-ci ildə İmişli şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra sovet ordusunda xidmət etmişəm. Evliyəm, bir oğlum var. - Real həyatı incəsənət vasitəsilə göstərmək - şahmat bəstəçiliyini bu cür ifadə etmisiniz. Ümumiyyətlə şahmat kompozisiyası nədir? - Şahmat kompozisiyasının qədim tarixi var. Çox qədim zamanlarda təcrübi şətrənc oyunları ilə yanaşı, mövqe məsələləri qurmaq sənəti yaranıb inkişaf etmişdi. Şətrəncdə belə mövqe məsələsi "mənsubə", yəni "şətrəncə mənsub olan bir şey" adlanırdı. Mənsubələrdən fərqli olaraq müasir məsələ və etüdlər mövzu üzrə tərtib edilərək, daha zəngin məzmuna malik olurlar. Kompozisiya şahmat oyununun gözəlliyini biruzə verən fiqurların geniş imkanlarını, oyun zamanı həyata keçirilməsi mümkün olmayan fəndləri, müxtəlif elementləri asanlıqla canlandıran yaradıcılıq sahəsidir. Bəstəçi çalışmalıdır ki, yaratdığı şahmat əsrində mövzular dəqiqliyi ilə yerinə yetirilisin və fiqurlar onun istədiyi kimi, onlara verilən rolu yerinə yetirsinlər. Belə olduqda şahmat fiqurları aktyorlara çevrilərək ssenari üzrə hərəkət etməyə məcbur olur. Mövzularla zəngin oyun daha gözəl, maraqlı, yaddaqalan olur və həll edənlərdə şahmata marağı daha da artırır. - Mövzular demişkən, siz də iki yeni mövzu tətbiq etmisiniz. Buna necə nail oldunuz? - Yeni mövzu tətbiq edib adımı şahmat kompozisiyasında əbədiləşdirmək ən böyük arzularımdan biri olub. Əvvəllər bir neçə dəfə uğursuz cəhd etmişdim, alınmamışdı. 2004-cü ildə Hollandiyanın "Probleemblad" jurnalı üçün növbəti məsələnin tərtibi zamanı, diqqətimi ağların eyni 2-ci gedişinə qarşı qaraların müxtəlif müdafiələri cəlb etdi. Elə bu andan başlayaraq yenilik etmək həvəsi məni rahat buraxmadı. Uzun-uzadı axtarışlardan sonra məlum oldu ki, düşündüyüm tamamilə orijinal ideyadır. Yəni belə bir mövzu mövcud deyil. 2012-ci ildə ilk, yeni mövzulu məsələ tərtib edərək, Amerikanın "STRATE GEMS" jurnalının redaktoru, müəllimim, Rauf Əlövsətzadəyə göndərib, dərhal dərc etməsini xahiş etdim. Beləliklə 2012-ci ildə "Vəlixanov" mövzusu işıq üzü gördü. Bununla kifayətlənməyib axtarışlarımı davam etdirirdim. 2013-cü ildə daha bir yeni mövzu tapa bildim və "Qarabağ" adlandırdım. Hər iki mövzu beynəlxalq şahmat bəstəçiliyi nəzəriyyəsinə qəbul olunub. - Nə zamandan etibarən şahmat kompozisiyası ilə məşğul olmağa başlamısınız? Bu idman növünə maraq necə yaranıb? - Şahmat oynamağa yeni başladığım vaxtlar, çoxlu məsələlər həll edirdim. Günlərin birində özüm bir məsələ qurub, məhəllədə oynayan qonşulara həll etməyi təklif etdim. Qonşular çox böyük maraqla mövqenin təhlilinə başladılar. Mən həm qürurlanır, həm də qorxurdum. Qorxudum ki, bəlkə səhvə yol vermişəm, məsələdə bir neçə həll yolu var.. 1980-ci illərdə respublikamızda demək olar ki, bütün KİV-də şahmat guşələri fəaliyyət göstərir, məsələ və etüdlərin həlli üzrə müsabiqələr keçirirdilər. 1986-cı ildə bir neçə məsələ tərtib edib, qəzetlərdən birinə göndərdim. Bir müddət sonra dərc olunduğunu görüb, özümü kompozitor hiss etməyə başladım. Bu mənim üçün bir stimul oldu və o vaxtdan şahmat oynamaqla yanaşı, məsələ və etüdlərin tərtibini davam etdirdim. - Maraqlıdır, şahmat kompozisiyasını sizə öyrədən biri olubmu? - Əvvəl də qeyd etdiyim kimi, kompozisiya sahəsində müəllimim Rauf Əlövsətzadə olub. Tərtib edib müsabiqələrə göndərdiyim məsələ və etüdləri araşdıran Rauf müəllim, məni Bakıya dəvət etdi. Məsələlərin mövzular əsasında tərtib edilməsi, hər bir mövzuya aid sxemlərin (bünövrələrin) qurulması yollarını, bədii və texniki şərtlərin vacibliyini, müxtəlif elementlərin hansı yollarla əlavə edilməsini, mənə Rauf müəllim öyrədib. - Sizin kimi hər hansı bir insan şahmat kompozisiyası ilə məşğul olmaq üçün nə etməlidir, yəni hansı biliklərin olması vacibdir? - İlk növbədə çoxlu məsələlər, etüdlər həll etmək, məzmunda baş verənləri təhlil edib başa düşmək çox vacibdir. Əvvəlcə klassik mövzular (Novotnı, Qrimşou, Hind mövzusu və s.) üzrə tərtib etməyə çalışmaq lazımdır. Bunların öhdəsində gəldikdən sonra, matların dəyişməsi və reversiv mövzuların tərtibinə başlamaq olar. Respublikamızda şahmat oyununu və şahmat bəstəçiliyini inkişaf etdirmək məqsədilə "Şahmat poeziyasına həsr olunmuş ömür" adlı kitab yazmışam. Bu kitab mənim yardıcılıq yollarımdan bəhs etməklə yanaşı, bir çox mövzulardan, məsələ və etüdlərin qurulması texnikasından bəhs edir. - İki dəfə Dünya kuboku və olimpiya turnirində qızıl medallar qazandığınızı bilirik. Kənan bəy, uğur yolunuza nəzər salaq. Bu sahədə ilk uğurunuz nə olub? Sizcə, ən böyük nailiyyətiniz hansı idi? - İlk uğurumu hələ uzaq 1987-ci ildə qazanmışam. Rumuniyanın "Buletin Problemistik" jurnalının keçirdiyi beynalxalq turnirdə 1-ci fəxri rəylə təltif olundum. Bu mənim ilk beynəlxalq yarışım və ilk qələbəm idi. Təsəvvür edin, dünyanın məhşur etüd ustalarının iştrak etdiyi turnirdə, heç kimin tanımadığı 17 yaşlı bir Azərbaycanlı gənc qalib olur. Mənim də, Rauf müəllimin də sevincimizin həddi-hüdudu yox idi. Bu illər ərzində beynalxalq və yerli turnirlərdə 200-dən çox qələbələr qazanmışam. Təbii ki, bunlardan ən mühümü FİDE dünya kuboku və olimpiya turnirləridəki qızıl medallardır. Yeni tətbiq etdiyim mövzuları da böyük naliyyətlər siyahısına daxil etmək lazımdır. Ümumilikdə isə dünya kuboku və olimpiya turnirlərində 10 dəfə təltif olunmuşam. Bunlardan 3-ü qızıl, 2-si isə bürünc medallar olub. - Müşahidə etdiyiniz qədərilə gənc nəslin şahmat kompozisiyasına marağı necədir? Sizə müraciət edib buna yiyələnmək istəyənlər varmı? - Maraq olması üçün təbliğat aparılmalıdır. Bu Azərbaycan Şahmat Federasiyası nəzdində fəaliyyət göstərən bəstəçilik komissiyasının işidir. Yuxarıda qeyd etdiyim kimi, 1970-80-cı illərdə qəzetlərdə, jurnallarda şahmat guşələri fəaliyyət göstərir, özünə çoxlu kompozisiya həvəskarları cəlb edirdi. O vaxtlar Aleksandır Sarıçyev hər həftə seminar təşkil edib, Azərbaycanın şahmat kompozitorlarına əyani dərslər keçərdi. Bunun sayəsində respublikamızda çoxlu sayda kompozitorlar yetişib. Daha sonra bu işi Rauf müəllim davam etdirdi. Rauf müəllim 90-cı illərin ikinci yarısında daimi yaşamaq üçün Amerika Birləşmiş Ştatlarına köçdükdən sonra, bu ənənə ləğv oldu və uzun müddət yetişən olmadı. Kütləvi informasiya vasitələrində aparılan şahmat guşələri bağlandı. Milli Olimpiya Komitəsinin mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetində bir müddət fəaliyyət göstərən şahmat guşəsi, özünə çoxlu gənc bəstəçilər cəlb etməyə başlamışdı ki, o da bəstəçilik komissiyasının fərsizliyi-laqeyidliyi üzündən dayandırıldı. Bu şahmat kompozisiyası guşəsi işləyən müddətdə mənə gənc şahmat kompozisiyası həvəskarlarından çoxlu məktublar gəlirdi. O vaxtlar mən Ukraynada yaşasam da, internet vasitəsi ilə onlara köməklik edir, dərslər keçirdim. Təəssüflər olsun ki, indi o şagirdlərdən cəmi ikisi bu işi davam etdirir. Bunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Aydan Hüseynzadə (Qəbələ) və Şabranlı Azər Abbasovdur. 2016-cı ildə Serbiya şahmat kompozisiyası komissiyasının təşkil etdiyi gənc şahmat bəstəkarlarının turnirində Azər bürünc medal qazandı. Aydan isə Bolqarıstanda təşkil olunan Kobulchess beynalxalq turnirində bir çox məhşur bəstəçiləri geridə qoyaraq, qaliblər sırasına daxil oldu. Mən bu şagirdlərimlə çox az görüşürəm, dərsləri adətən telefon vasitəsi ilə keçirəm. Əgər normal şəraitdə onlara dərs keçə bilsəydim, şübhəsiz ki, onlar daha böyük uğurlar qazanardılar. Hazırda biz yenidən gənc bəstəkarların 2-ci turnirinə hazırlaşırıq. - Kənan bəy, şahmat kompozisiyasının insana faydası nədir? Yəni insanlar bununla nə üçün məşğul olmalıdırlar? - Şahmat kompozisiyası şahmatçının inkişafı üçün çox vacibdir. Kompozisiya şahmatçıya ustalığını təkmilləşdirməyə, yaradıcı təfəkkürünü inkişaf etdirməyə, şahmatda səmərəli mübarizə aparmağa kömək edir. Oyun vaxtı fiqurlara toxunmaq, oyunu təhlil etmək olmaz. Odur ki, məsələ və etüdləri fiqurlara toxunmadan həll etməyi bacaran şahmatçı, sürətlə, dəqiq hesablama qabiliyyətinə malik olur. Belə şahmatçılar oyun vaxtı yaranmış mürəkkəb mövqelərdən asanlıqla çıxış yolu tampağı bacarırlar. Kompozisiya Steynts, Kapablanka, Lasker, Alyoxin, Botvinnik və s. kimi dahi şahmatçıların hazırlıq proqamlarında ön sırada olub. Bir sözlə, kompozisiya şahmatın ayrılmaz hissəsidir. - Şahmat kompozisiyası ilə bağlı müəyyən xəbərlər oxusaq da, bu idman növünün kifayət qədər təbliği getmir. Siz necə düşünürsünüz? - Doğru söyləyirsiniz, bütün bunlar Federasiya və bəstəçilik komissiyasının laqeyidliyindən irəli gəlib. Əgər biz digər ölkələrə nəzər salsaq görərik ki, onlar bizdən çox qabağa gediblər. Çünkü onlar bu sahəyə böyük diqqət yetirirlər. 2016-cı ilin olimpiya turnirində ƏKS-mat bölməsində qızıl medal qazanan bolqarstanlı Diyan Kostadinovun qələbəsi, Bolqarstanda əsl bayarama çevrilmişdi. Onu “ilin ən yaxşı idmançısı” nominasiyasına daxil etmişdilər. Televiziya başda olmaqla, bütün KİV onun haqqında yazır, müsahibələr alırdılar. Azərbaycan şahmat bəstəçiliyi tarixində ən böyük qələbəni 1960-cı ildə Aleksandr Sarıçyev qazanıb. O, olimpiya turnirində uğurlu çıxış edərək gümüş medalla təltf edilib. Bəstəçilikdə də digər idman növlərində olduğu kimi, yüksək nəticə göstərən idmançılara fəxri adlar verilir. A. Trotskiyə hətta əməkdar incəsənət xadimi adı verilimişdi. 2013-cü ildə Dünya kuboku, 2016-cı ildə Olimpiya qızılı, 2017-ci ildə yenidən dünya kubokunu qazanmağıma baxmayaraq, nə Federasiya rəhbərliyi, nə də Gənclər və İdman Nazirliyinin rəsmilərindən heç bir təbrik almadım. Bütün bunlar məni çox narahat edir. Artıq dörd ildir vətənə dönmüşəm, hələ mənimlə maraqlanan olmayıb. Əgər bizdə bolqarstanlılar kimi, mənim qələbəmi bayram etsəydik, adiyyatı olan qurumlar mənimlə görüş təşkil etsəydilər, heç şübhəsiz ki, bu şahmatın və şahmat bəstəçiliyinin inkişafına böyük təkan olardı. - Siz xaricidə yaşadığınız müddətdə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmisiniz? - Əbəttə, Azərbaycanı təmsil etmişəm. Hətta buna görə Ukrayna vətəndaşlığını qəbul etməmişəm. Mən orada yaşadığım müddətdə tez-tez yerli turnirlərdə iştrak edir, şahmatın inkişafında azda olsa köməklik göstərirdim. Elə buna görə də Zdolbunov şahmatçıları məni rayon şahmat federasiyasının sədri seçmişdilər. Lakin bu işə çox vaxt sərf etdiyim və öz işlərimə vaxt qalmaması səbəbindən, bir müddət sonra bu vəzifədən imtina etməli oldum. Bütün bunlar barəsində Bakıda “Olimpiya dünyası” qəzetində məlumat verilib. - Kənan bəy, bu sahə üzrə reallaşdırmaq istədiyiniz planlarınız varmı? Ümumiyyətlə gələcək planlarınız nədir? - Planım yox, öz məktəbimi yaratmaq kimi bir arzum var. Əgər qismət olarsa, yer tapıb məktəb açıb, güclü şahmatçılar və şahmat bəstəkarları yetişdirməliyəm ki, məndən sonra ölkəmizi beynəlxalq arenada təmsil edib, intellektual yaradıcılıq potensilaımızı nümayiş etdiənlər olsun. - Son olaraq qeyd etmək istədiyiniz bir şey varmı? - Məni yad etdiyiniz üçün Sizlərə dərin minnətdarlığımı bildirir və sizin simanızda bütün xalqımıza firəvan, xoşbəxt günlər arzulayıram! Günay RƏSULQIZI Geri dön |