Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Natiq Əliyevin tələbə yoldaşı – “Hər ikimiz fəhlə işləyirdik…”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Natiq Əliyevin tələbə yoldaşı – “Hər ikimiz fəhlə işləyirdik…”

Natiq Əliyevin tələbə yoldaşı – “Hər ikimiz fəhlə işləyirdik…”


“Natiq Əliyev yüksək vəzifələrdə işləsə də, sadə insan idi. O, çalışırdı ki, hamıya kömək etsin, kasıblara əl tutsun”

Akif Nərimanov mərhum energetika naziri Natiq Əliyevlə tələbə yoldaşı, həm də yaxın dost olub. Onların dostluğu 1970-ci ildən başlayıb.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alan Akif Nərimanov tələbə yoldaşı, mərhum nazir Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb.

– Natiq Əliyevin vəfatı mənə çox pis təsir etdi. Qrup yoldaşım, ən yaxın dostumu itirdim. Bu, bizim üçün çox ağırdır. Qrup yoldaşlarımızdan bir-iki nəfər sağ qalmışdı. Natiq də bizi tərk etdi.

O, həmişə özünə qarşı çox tələbkar idi. Bizdən fərqli olaraq dərslərə ciddi yanaşardı. Hətta tənəffüs zamanı da kitab oxuyardı. Təcrübə keçən zaman Neft Daşlarında bir yerdə olmuşduq. Çilov adasında onunla birlikdə fəhlə işləmişəm. Adada fəhlə işləyəndə Natiq kitablarla maraqlanırdı. Deyirdik ki, axı biz məktəbi bitirmişik, bu kitablar sənin nəyinə lazımdır? Cavab verirdi ki, birdən gələcəkdə lazım olar. Adada günün istisi, yorğun olmağımıza baxmayaraq, Natiq boş vaxtını kitab oxumaqla keçirirdi.

Natiq həm yaxşı dost, həm də sədaqətli insan idi. Tələbə vaxtı futbol oynamağı sevirdi. Cinah müdafiəçisi kimi oynayırdı. Düzdür, hərdən ayaqları şişirdi. Amma müdafiədə ondan yaxşısı yox idi.

Biz tələbə olanda Natiqin ailəsi Razin (İndiki Bakıxanov) qəsəbəsində yaşayırdı. Natiq həm də gülərüz insan idi. Yaxşı yumor qabiliyyəti vardı. Həmişə bizə lətifələr danışardı. İmtahanlar başlayanda Natiq yoxa çıxırdı. 2-3 gündən sonra bilirdik ki, o imtahanlara görə evdən bayıra çıxmır.

Ovla məşğul olmağı sevirdi. Birlikdə tez-tez ova gedərdik. Həmin günləri heç vaxt unuda bilmərəm.

– Natiq Əliyev vəzifəyə gələndən sonra da sizinlə dostluq edirdi?

-Bəli, Natiq vəzifəyə gələndən sonra da dostlarını atmadı. Onun üçün dostluq, qardaşlıq önəmli idi. Biləndə ki, hansısa tələbə yoldaşının vəziyyəti pisdir, mütləq ona kömək edirdi. Natiq çalışırdı ki, hamıya əl tutsun. O, nə edirdisə, qanun çərçivəsində edirdi.
Natiq tələbə vaxtı necə idisə, nazir vaxtı da elə idi. Onu vəzifə dəyişməmişdi.

Qrupumuzda bir-iki nəfər ingilis dilini bilirdisə, onlardan biri də Natiq idi. Vaxtı olanda ingilis dilində kitablar oxuyurdu.

Natiq hər addımında dövləti düşünürdü. Onun üçün dövlət hər şeydən üstün idi. Təəssüf ki, qrup yoldaşlarımızın çoxu infarktdan dünyasını dəyişib. Natiq üçün ilk növbədə iş idi, özünə o qədər də vaxt ayırmırdı.

Neft Şirkətinin rəhbəri olanda işləri çox ağır idi. Hər şeyə diqqət yetirirdi. Natiq neft geologiyası üzrə təhsil alsa da, sonradan iqtisadiyyat sahəsini öyrənməyə başladı. İqtisadiyyat üzrə elmlər doktoru adına layiq görüldü.

– Natiq Əliyev necə bir ailədə böyüyüb?

– Onun atası da çox gözəl insan idi. Natiq ailəsindən icazəsiz addım atmazdı. O, ailəsinə bağlı insan idi. Atası baş həkim işləyirdi. Natiqin atası bizə qarşı da mehriban idi.

Natiqin toy mərsimində də onun yanında idik. Çox gözəl məclis keçmişdi.

Bir dəfə onun qəbulunda idim. Nəvəsi zəng vurdu. Gördük ki, Natiq onunla danışanda tamamilə dəyişdi. Nazir olmasına baxmayaraq, çox səmimi idi.

– Fəhləlikdən nazir vəzifəsinə yüksəlmək necə mümkün oldu?

-Natiq işdən qorxan adam deyildi. O, nə qədər çətin olsa da, işdən qaçmırdı. Biz üçüncü kursdan sonra fəhləlik etməyə başladıq. Qazma idarəsində fəhlə kimi çalışırdıq. Bundan başqa Neft Daşlarında da fəhləlik etmişik.

Bir dəfə biz işdən qayıdanda yolda jurnalistləri gördük. Dedilər ki, nə yaxşı fəhlə briqadasıdır. Bizi düzüb şəkillərimizi çəkdilər. Qəzetdə haqqımızda məlumat verdilər. İlk dəfə olaraq bizim adımız qəzetdə dərc olunmuşdu.

Qrup yoldaşlarımız Natiqlə mənə deyirdilər ki, siz danışmasanız da bir-birinizi başa düşürsünüz. Ağzımı açan kimi, Natiq deyirdi ki, aydındır, söhbətin nədən getdiyini başa düşdüm. Natiq pozitiv insan idi. Heç vaxt ölümdən danışmazdı. Yaşamağı sevirdi.

– Ölüm xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

-Xəstələndiyini bilirdim. Onunla tez-tez əlaqə saxlayıb, hal-əhval tuturdum. Son günlər səhhətində problemlər vardı. İnanmırdıq ki, belə tez bizi tərk edər.

Biz həm də ailəvi dost olmuşuq. Əvvəllər tez-tez görüşürdük. Sonradan işlər çox olduğundan ara-sıra görüşürdük.

Yadımdadır, mən elmlər namizədliyini Moskvada müdafiə edirdim. 1982-ci il olardı. Azərbaycana qayıdanda Natiq məni qarşılamaq üçün dostlarla hava limanına gəlmişdi. Bir yerdə oturub, yaxşıca yeyib-içdik.

O vaxtlar mobil telefonlar yox idi. Bir gün ürəyim qrup yoldaşlarımı yenidən görmək istədi. Dəvətnamə düzəldib hamısına göndərdim ki, guya oğluma kiçik toy edirəm, sizi bu məclisdə görmək istəyirəm. Natiq daxil olmaqla bütün tələbə yoldaşlarım dəvətimi yerə salmayıb gəlmişdi. Dostlarımdan biri dedi ki, bəs sən oğluna kiçik toy etmisən, bizi indi niyə çağırırsan. Cavab verdim ki, sizi bir yerə necə toplaya bilərdim. Oğlumun kiçik toy məclisini deyən kimi hamınız yığışıb gəldiniz.

Tələbə vaxtı Natiqin musiqiyə həvəsi vardı. O, gitarada ifa etməyi xoşlayırdı. Amma iş həyatı buna imkan vermirdi. Elə vaxt olurdu ki, Natiq səhərə kimi işdən çıxmırdı. Evə gedən kimi çağırırdılar ki, işə gəl. Onun həyatı belə olub.

Qeyd edək ki, Natiq Əliyev İstanbulda müalicə olunduğu klinikada vəfat edib. O, bu gün dəfn olunacaq.

Geri dön