Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mənim adım Azər- filminin ssenaristi və rejissoru Elşən İsmayıl ilə müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Mənim adım Azər- filminin ssenaristi və rejissoru Elşən İsmayıl ilə müsahibə

Mənim adım Azər- filminin ssenaristi və rejissoru Elşən İsmayıl ilə müsahibə


“Filmin obrazları, baş verən hadisələr və obrazlar arası dialoqlar uydurma olsa da, əsas mahiyyət və siyasi prizma “Azərbaycançılıq”, “Turançılıq” və “Dövlətçilik” həqiqətləridir. Filmdə milli təbliğat əsasdır.”

Hal-hazırda çəkilişləri davam edən, bu il ərzində təqdim olunması planlaşdırılan, yeni milli, ideoloji, vətənpərvər film olan “Mənim adım Azər” filminin ilk xəbəri yayıldığı zamandan filmsevərlərin böyük marağına səbəb olduğu üçün, hələ film haqqında ilk reportajımızda bildirmişdik ki, filmin bütün yaradıcı heyətini sizlərə ardıcıl olaraq tanıdacağıq. Və nəhayət, başlayırıq. Buyurun, sizlərə filmin ideya müəllifi, ssenaristi və quruluşçu rejissoru Elşən İsmayılla olan müsahibəmizi təqdim edirik:

- Filmin ideyası ağlınıza haradan və necə gəldi?

- “2016 Aprel hadisələri” ərəfəsində millətçiliyi və Qarabağı özündə ehtiva edən yeni milli film haqqında düşünürdüm. Lakin o zamanlar milli mövzulu başqa iki layihə hazırlığındaydım. Bir müddət keçəndən, daha doğrusu “Aprel savaşının” bir illiyi tamam olduqdan sonra məhz belə bir film yaratmaq həvəsinə qapıldım.

- Filmin ssenarisində həqiqət və uydurma necə nizamlanır?

- Filmin mövzusu və süjet xətti “2016 Aprel hadisələri” haqqında müəyyən sənədli və bədii ştrixlər təşkil etsə də, vurğulamalıyam ki, digər əsas xronika uydurulmuş (müəyyən qeyri-rəsmi faktlar da daxil) elmi-bədii sujetdən ibarətdir. Filmin obrazları, baş verən hadisələr və obrazlar arası dialoqlar uydurma olsa da, əsas mahiyyət və siyasi prizma “Azərbaycançılıq”, “Turançılıq” və “Dövlətçilik” həqiqətləridir. Filmdə milli təbliğat əsasdır.

- Filmin baş qəhrəmanları həyatdakı hansısa tarixi və ya siyasi xadimin prototipidirmi, ya ona yaxın bir obrazdırmı? (adətən belə motivli filmlərdə bu kimi hallara geniş şəkildə rast gəlinir)

- Əslində bundan əvvəlki filmlərimdə belə hallar vardı. Ancaq məhz bu filmdə heç bir tarixi və ya siyasi xarakterin obrazı yaradılmamışdır. Çünki bu filmin ideyası və iddiası digər filmləri üstələyir. Burada hansısa şəxsiyyətin deyil də, böyük bir toplumun – qəhrəman Türk millətinin ümumi obrazı (obrazları) var. Bu film Türk millətçiliyi özəyində olub Bütövlük, Ümummilli birlik xarakteri daşımaqdadır.

- Filmin adının mənası və yaranma prosesi?

- “Mənim adım Azər” öncəliklə böyük bir toplumun, vahid Türk millətinin xarakterik ismi olub müasir dövrdə qlobal siyasətdə yer almasını təsvir etməkdədir. “Azər” adı burada həm Türk adının sinonimi, həm də zəngin tarixə və ideoloji sistemə malik olan biz – Azərbaycan Türklərinin göstəricisi olaraq verilmişdir. Qaldı ki, filmin bədii süjet xəttinə əsasən, filmin finalına doğru bir səhnədə erməni terrorçubaşı “Avon” ilə Azərbaycan kəşfiyyatçısı “Azər”-in böyük bir diqqətçəkən dialoqunda özünü göstərir. Avonun kinayəli bir sualına qarşı Azər “Mənim adım Azər” deyərək başlayır və düşmənini öz çıxışı ilə də üstələyir.

- Gənc həvəskar yazar və rejissor olaraq bu kimi layihələrə meyl etmə məqsədiniz və arzunuz?

- Mənim böyük bir iddiam və arzum var. Ulu Tanrının və dostlarımın köməyilə yaxın gələcəkdə o istəyimi gerçəkləşdirəcəyəm. O da Azərbaycan kino tarixinə “siyasi filmlər yaradıcısı” (milli siyasət, dövlətçilik) kimi düşməkdir. Çünki kino tariximiz yarandan bəri bu sahədə sistemli şəkildə işləyən olmamışdır. Xüsusən də dövlətçiliyimizi, vətənpərvərliyimizi və millətçiliyimizi qabardan, bu işi tamamən təmənnasız görən kimsəni tanımamışam və hələ də elə bir insan qarşıma çıxmamışdır. Gələcəkdə olarsa, Tanrının köməyilə onunla birlikdə işləmək də istərəm.

Mənim nəinki bir yazar və rejissor olaraq, elə sadəcə bir insan kimi də həyat qayəm budur: milli kimliyimiz, vətənimizin bütövlüyü və milli ideyalarımız, arzularımız uğrunda daim əlimdən gələni etmək...

- Bu mövzuya bir daha qayıdacaqsınızmı, yəni izləyiciləriniz “2016 Aprel hadisələri” haqqında başqa yeni film görəcəklərmi?

- Əlbəttə, mənim bu barədə planım var. Yaxın gələcəkdə gerçəkləşəcək yeni milli film sırf “Aprel döyüşlərinə” aid olacaq, ondan bəhs edəcək. Baxmayaraq ki, hazırki filmdə müəyyən qədər bu mövzuya toxunsaq da, əsas süjet “erməni terrorizmi”, “Qarabağ problemi” və bütün bədxah qonşularımızın ölkəmiz və dünya haqqındakı məkrli siyasətidir... Lakin dediyim kimi, bundan sonrakı işlərdə “2016 Aprel hadisələri” olduğu kimi (müəyyən qədər bədii təzahürlə) canlandırılacaq. Çünki bu mövzu çox vacib mövzudur. 1988-1992-1994 hadisələri zaman-zaman necə bədii tonlarla ictimaiyyətə təqdim edildisə, “Aprel döyüşləri” də eləcə təqdim edilməlidir. Həm də bu səfər zəfər çalan tərəf biz olduğumuza görə, bu mövzunun nəinki kino, eləcə də teatr, ədəbiyyat və s. sahələrdə də geniş şəkildə təbliğ olunması gərəkdiyini və bunun gələcəyimiz olan gəncliyin milli ruhda tərbiyələndirilməsi işinə böyük töhfə verəcəyini düşünürəm. Dövlətimiz başda olmaqla, digər rəsmi, qeyri rəsmi qurum və şəxslərdən bu və ya digər belə layihələrə dəstək olmalarını arzu edirəm.

Geri dön