Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya və Qərbin təzyiqlərindən qurtulmağın tək yolu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Rusiya və Qərbin təzyiqlərindən qurtulmağın tək yolu

Rusiya və Qərbin təzyiqlərindən qurtulmağın tək yolu


“Fərəc Quliyev: “Balanslı siyasətdən daha çox, müttəfiqlərimizi seçməliyik”

Elçin Mirzəbəyli: “İstəsək də, istəməsək də təzyiqlərdən yan keçə bilməyəcəyik”

Müstəqillik qazandığımız illər ərzində daim Rusiya və Qərbdən ölkəmizə yönəlik təzyiqlərin şahidi oluruq. Azərbaycan hökuməti nə qədər balanslı siyasət yürütsə də, bu təzyiqlərin qarşısını ala bilmir. Sanki ölkəmizi təsir dairələrində saxlamaq üçün Kreml və ABŞ başda olmaqla Qərb dövlətləri savaşır.

Doğrudur, Qərbə nisbətən şimal qonşumuzun təzyiqləri daha təhlükəlidir. İmperiya maraqlarından zərrəcə əl çəkilməyən Moskva region dövlətlərinin müstəqilliyinə təhdid yaradacaq siyasət yürüdür, bəzi hallarda isə bunu açıq şəkildə büruzə verməkdən belə geri çəkilmir.
Mövcud durumu dəyişmək üçün ən müxtəlif fikirlər səsləndirilir. Çoxları artıq rəsmi Bakının balanslı siyasətdən geri çəkilib, konkret seçim etməsinin vacibliyini dilə gətirirlər. Qonşuluğunda yerləşən nəhəng dövlətin “quyruğunu” tapdalamamaq üçün Azərbaycanın hazırkı balanslı siyasətinin düzgün seçim olduğunu düşünənlər də az deyil.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Qərbə nisbətən Rusiyanın ölkəmizə təzyiqlərinin daha güclü olduğunu bildirdi: “Son iki yüz ildə başımıza gələn bəlaların baiskarı birbaşa Rusiyadır. Bunun səbəbkarları Amerika və Qərb dövlətləri deyil ki. Rusiya hələ də Azərbaycanı öz təsir dairəsində saxlamaqda maraqlıdır. İndi gücsüz olduğundan Azərbaycanın müstəqilliyinə toxunmasa da, müxtəlif ittifaqlara cəlb etmək istəyi ilə bunu reallaşdırmağa çalışır. Güclənərsə, bunu müstəmləkə siyasəti kimi həyata keçirmək istəyəcək. İstəyir ki, ölkəmiz müstəqilliyini itirsin. O tərəfdən bununla bağlı açıq çıxışlar da olub. Amma Amerika və Qərb dövlətləri çalışır ki, Azərbaycan tipli dövlətlər onlardan daha asılı olsun. Təzyiq imkanlarının olmasını istəyirlər. Bununla həmin ölkələrdən xammal bazası kimi istifadə etməyə çalışırlar. Öz maraqlarını həmin ölkələrdə həyata keçirmək üçün qarşılarında olan əngəlləri bir növ təmizləmək istəyirlər. Nə qədər təzyiq riçaqı var, işə salırlar”.


Amma deputatın fikrincə, Azərbaycan hər halda Rusiya-Qərb qarşıdurmasından bəhrələnməyi bacarmalıdır: “Açıq şəkildə görürük ki, torpaqlarımızı işğal edən Ermənistan KTMT-də Rusiya ilə əməkdaşlıqdadır. Biz belə məsələlərdə balanslı siyasətdən daha çox müttəfiqlərimizi seçməliyik. Çünki artıq Kreml ərazilərimizi işğal edən dövlətin yanında dayanıb. Əgər Rusiya da başqa dövlətlər kimi siyasət aparsaydı, o zaman balanslı siyasət barədə düşünərdik. Məncə tərəflərdən birini zərərsizləşdirmək üçün bu seçimdə tələsməliyik. Tərəddüd vaxtı deyil. Amma Rusiyadan da zərbələri gözləməliyik. Ölkə daxilində birliyə söykənən monolit birlik yaratmalıyıq. Güclü birliyimiz olarsa, Rusiya bizə heç nə edə bilməz. Düşünürəm ki, Rusiya ayaqda durduğu sürəcdə bizə və bizim kimi ölkələrə münasibəti dəyişməyəcək. Ayıq-sayıq olmalıyıq. Hər bir ölkənin öz milli maraqları var. Biz də maraqlarımızı beynəlxalq aləmlə uzlaşdırmalıyıq, öz maraqlarımıza toxunmadan bunu etməliyik. Maraqlarımızı heç bir dövlətin maraqlarına qurban verə bilmərik. Kim bizim maraqlarımıza toxunarsa, mübarizəyə hazır olmalıyıq”.


Politoloq Elçin Mirzəbəyli bildirdi ki, müstəqil yaşamanın öz şərtləri və çətinlikləri var: “Bununla yanaşı, ölkəmizin əlverişli coğrafi mövqeyi, Cənubi Qafqazda və ətraf bölgələrdə geosiyasi reallıqlardan doğan qüvvələr nisbəti elədir ki, biz istəsək də, istəməsək də təzyiqlərdən yan keçə bilməyəcəyik. Daxili və xarici amillərdən asılı olaraq, situasiyaya uyğun qabarma-çəkilmələr olsa da təzyiqlər səngiməyəcək. Bu səbəbdən də, qənaətimə görə müxtəlif manevr xarakterli addımlarla təzyiqlərdən yayınmaq barədə danışmaqdansa, müqavimət gücümüzü, immunitetimizi gücləndirmək haqqında söz açmaq daha doğru olar. Bir məqamı da qeyd edim ki, Rusiyadan gələn təzyiqlərlə Qərbin təzyiqləri arasında çox böyük fərq var. Şübhəsiz ki, hər iki qütbün davranışlarında geosiyasi iddialar aparıcı yerdə dayanır. Lakin Qərbin təzyiqlərinin neytrallaşdılması üçün manevr imkanları daha genişdir. Rusiya ilə bağlı vəziyyət isə fərqlidir. Bilirəm ki, Rusiya ilə bağlı fikirlərim bəzi insanların xoşuna gəlməyəcək. Amma Rusiyanın təzyiqlərinin daha çox imperialist iddialardan qaynaqlandığı və istiqlalımızı hədəf aldığı ortalıqdadır. Azərbaycanda çoxlarının Bakı-Moskva münasibətlərinin normal məcrada inkişafında maraqlı olduğunu düşünürəm. Amma sual olunur, Rusiya bunu istəyirmi? Rusiyanın davranışlarında qarşılıqlı faydalı və hətta sözdə də olsa belə bərabərhüquqlu əməkdaşlıq niyyəti nəzərə çarpmır. Moskva Pyotrdan qalma xarici siyasət kursundan və müttəfiqlik anlayışından əl çəkməyib. Rusiya siyasətçiləri ”tərəfdaş" deyəndə öz milli maraqları olmayan, Rusiyanın maraqlarına xidmət edən müstəqil hüququn formal hüquqi subyekti təsəvvür edirlər. Daha öncə də qeyd etdiyim kimi, təzyiqləri önləmək yox, ağrısız ötüşdürmək mümkündür. Bunun da yolu idarəçilik sistemindən başlamış, iqtisadiyyata qədər, bütün sahələrdə islahatlar aparılmalı, inkişafımıza mane olan bütün amillər aradan qaldırılmalıdır. Mən Azərbaycanın bu günə qədər yürüdülən siyasətinin əsas prioritetlərinin də məhz bundan ibarət olduğunu düşünürəm. Bu siyasət isə balanslaşdırılmış yox, milli maraqlara xidmət edən siyasətdir".


Cavanşir ABBASLI

Geri dön