Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə tariximizin unudulmuş səhifələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Səhiyyə tariximizin unudulmuş səhifələri

Səhiyyə tariximizin unudulmuş səhifələri


Doktor Nəsrəddinov Babaşah Rəsul oğlu

Səhiyyə tariximizin unudulmuş  səhifələri

Bir neçə il bundan əvvəl kiçik qardaşım Mir Şahin mənə bir kitab göstərdi.Müəllifi babam Rəsul Nəsrəddin oğlu İsmayılovun XX əsrin əvvəllərində iş birliyinə görə ünsiyyət saxladığı Cənnətalı kişinin oğlu tibb elmləri namizədi Heybət Mehditev idi.

"Sağlamlıq cəfakeşləri "adı ilə 1 000 nüsxə sayı ilə 2003-cü ildə "Çaşıoğlu" nəşriyyatı tərəfindən nəşr olunmuş bu kitabın rəyçiləri Kürdəmir səhiyyəsində xüsusi yeri olan tibb elmləri doktorları, Azərbaycan Tibb İnstitutunun professorları F.Q. İslamzadə və

Ə. M.Məmmədovdur.

Rəyçilərin hər ikisi qədim Şirvan torpağının yetirmələridir.Nəfis tərtibatlı 418 səhifəlik bu kitab haqqıda öz təəssüratımı yazmaq istədim.

Burada atamın ata tərəfdən yaxın qohumu şamaxılı Həsənov Faiq Səftər oğlu, kiçik dayısı Şahalı Məhəmməd oğlu Zərbəliyev, nənəmin əmisi oğlu Cəbrayıl Ağakişi oğlu İsmayılov, dostları İslam Abdulrərim oğlu İslamzadə, Sabir Qafur oğlu Musayev,Niyazi Məmmədsəlim oğlu Məmmədov və başqa həkimlər haqqında maraqlı oçerklər diqəti cəlb edir

Təəssüf ki,kitabda tanıdığım bir neçə həkimin adına rast gəlmədim. Yəqin ki gələcək nəşrlərdə bu məsələyə xüsusi diqqət yetiriləcəkdir. " Sağlamlığın cəfakeşləri " kitabında uzun illər qədim Şirvan torpağında həkim işləyən atam haqqında da yazıya rast gəlmədim.

Halbuki 35 il müxtəlif rayonlarda kənd xəstəxanalarında baş həkim, o cümlədən Kürdəmir şəhər poliklinikasında terapevt, Ağsu qəsəbə poliklinikasında baş həkim vəzifəsidə işləyən həkimin xidmətləri yaddan çıxmalı deyildi.

"Sağlamlığın cəfakeşləri " kitabının müəllifi 1954-cü ildə yaradılmı stomotologiya fakültəsinin ilk məzunlarından biridir.Mənim bibim Səfurəxanım İsmayılova da Azərbaycan Tibb İnstitutunun stomotologiya fakültəsinin ilk əlaçı məzunlarından biri idi.Müəllif S.İsmayılovanın da Kürdəmirdəki,sonralar ailə həyatı ilə əlaqədar yaşadığı Sumqayıt şəhərindəki 50 illik itbbi xidmətləri unudulmalı deyildi.
Yeri gəlmişkən qeyd edim ki, H.Mehdiyevin kitabının adı gələcək nəşrlərdə mütləq redaktə olunmalıdır.

"Sağlamlığın cəfakeşləri" deyəndə sağlamlığın cəfasını ,əziyyətini çəkənlər yada düşür.Halbuki,kitabdakı tibb işçilərinin hamısı "sağlamlığ"ın antonimi olan "xəstəlik"lərlə ciddi mübarizə aparan ziyalılardır.

"Sağlamlığın cəfakeşləri" kitabında unudulmuş həkimlər haqqında silsilə yazılar yazmaq fikrinə düşdüm. İlk yazım atam haqqındadır.

Doktor Nəsrəddinov Babaşah Rəsul oğlu(15(27).04.1913,Şamaxı-19.05.1977,Kürdəmir)

"Doktor" da, "həkim" də alınma sözdür. "Doktor" -latın mənşəli sözdür.Bir neçə mənası var. İlkin mənası müəllim,təlim edən anlamına uyğundur. Sonralar bu söz "loğman" mənsına uyğun gələn sözün sinonimi kimi, elmlədən hali olan şəxslərə aid edilmişdir.Hər halda, "doktor" sözü ərəb mənşəli "həkim" sözündən daha sanballı görünür.



Atam-Babaşah Rəsul oğlu Nəsrəddinov 1913-cü il aprelin 15-də ( yeni stillə 27-də) Şamaxıda anadan olmuşdur.

Atası Rəsul kişi məşhur şair Seyid Əzim Şirvaninin dərs dediyi Məclis Məktəbinin ən qabaqcıl şagirdlərindən biri olmuşdur.

Şamaxı Məclis Məktəbi 1874-cü ildə görkəmli maarifçi Hacı Səid Əfəndi Hacı Əbdürrəhman oğlu Ünsizadənin təşəbbüsü ilə yaradılmışdır. Məclis Məktəbində şair S.Ə.Şirvani, Azərbaycan dilində yazılmış ilk "HESAB " dərsliyimizin müəllifi Cəlal Ünsizadə kimi tanınmış müəllimlər dərs deyirdilər.

İndi "Şamaxı Avropa Liseyi "kimi tanınan bu təhsil ocağında şagirdlər 3-4 il ərzində ana dili ilə yanaşı,şərq dillərini də şeir yazmaq dərəcəsində öyrənirdilər.

Rəsul kişinin üç övladı olmuşdur. Böyük övladı Babaşah da Məclis Məktəbini bitirmışdir.

Məclis Məktəbini bitirənlərin çoxu orta məktəblərə müəllim kimi işləməyə göndərilirdi.



Türk və rus dillərini yaxşı bildiyi üçün Babaşahı Şamaxı Məclis Məktəbini bitirəndən sonra Qalağayına (indiki Sabirabada) türk dili müəllimi işləməyə göndərirlər. O, bir neçə illik müəllimlik fəaliyyətindən sonra Kürdəmirə köçür bə burada bank sistemində mühasib işləyir

Babaşah ali tibb təhsili almaq üçün 1938- ci ildə Azərbaycan Tibb İnstitutunda qəbul olunur və 1942-ci ildə müharibənin ağır vaxtlarında ali təhsilini uğurla bitirir.

İnstitutun son kursunda Bakının hospital və xəstəxanalarında topladığı təcrübə onun yaxşı həkim kimi püxtələşməsinə böyük zəmin yaradır.

1942 -ci il avqustun 10-da ATİ-ni bitirənlərin hamısını döyüş bölgəsinə həkim kimi işləməyə göndərmək qərara alınır.Bir neçə məzun nazirliyin təkidi ilə respublikada qızdırma xəstəliyi ilə ciddi mübarizə aparmaq məqsədilə döyüş bölgələri və hospitallardan aran rayonlarına səfərbər edilir. Atamı həkim işləmək üçün Ucara göndərirlər.

O, 1942-ci ildən ömrünün sonunadək- 1977-ci ilədək , 35 il kənd rayonlarında xəstəxana və və tibb məntəqə müdiri vəzifələrində işləmıdir.

Atam paytaxtdan uzaqlarda yaşamasına baxmayaraq, tələbə dostları ilə ünsiyyət saxlayırdı. Sonralar respublikanın ən tanınmış həkimləri- olan professor Mürsəl Qarayev, şairə Xanımana Əlibəyli, tibb elmləri doktoru,professor Sayalı Abdulla qızı Tağıyeva, Sosialist Əməyi Qəhrəmanı ,SSRİ Ali Sovetinin deputatı, naxçıvanlı Zəhra Qazıyeva,səhiyyə nazirinin müavini Hüseyn Əliyev - atamın ən yaxın, ən səmimi dostluq münasibətində olduğu tələbə dostları idi.

Doktor Babaşah Nəsrəddinov Ucar,Qutqaşın ( Vəndam ), Xaldan,Şəki,İsmayıllı,Göycay, Ağsu və Kürdəmir rayonlarında yüzlərlə xəstənin həyatını xilas etmiş, xəstəliklərdən əziyyət çəkən minlərlə insanlara tibbi xidmət göstərmişdir.

Doktor Babaşah Nəsrəddinov tibb sənətini bir çox qohum -əqrəbasına sevdirə bilmişdir. Bacısı Səfurə İsmayılova 1954-cü ildə Kürdəmir dəmir yol məktəbini gümüş medalla qurtarıb,imtahansız ATİ-nun yeni yaradılmış stomatologiya fakültəsinə daxil olmuş, 50 il Kürdəmir hərbi şəhərciyinin tibb müəssissində, Kürdəmir Rayon Poliklinikasında və Sumqayıtda stomotoloq işləmişdir.

Doktor Babaşah Nəsrəddinovun nəvəsi Rəsul Nəsrəddinov 2000-2005-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun stomotologiya fakültəsində oxumuş, iki il Moskva klinikalarında zəngin tibbi təcrübə toplamışdır. Sonralar Bakıya qayıtmış və indi həkimlik fəaliyyətini buradakı özəl tibb müəssisələrində uğurla davam etdirir.
Rəsul Nəsrəddinov dünyanın bir sıra ölkələrində türk,ingilis və rüs dillərində öz həmkarları ilə seminarlar təşkil edir,gənc həmkarları ilə elmi fikir mübadiləsi aparır.

Atamın 3 yaşlı nəticəsi Əli Şirinli və 6 yaşlı nəticəsi Zərifə Nəsrəddinova da gələcəkdə həkim olmaq istəyir.Onlar tibb sahəsinin akademikləri olacaqlarında israrlıdırlar.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Bakı.

30.06.2017.

Geri dön