Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Türk Akademiyasının prezidenti: "Azərbaycan əlifbasına əsaslanan ortaq türk əlifbası təklif etmişik" - MÜSAHİBƏ (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, Müsahibə > Beynəlxalq Türk Akademiyasının prezidenti: "Azərbaycan əlifbasına əsaslanan ortaq türk əlifbası təklif etmişik" - MÜSAHİBƏ (video)

Beynəlxalq Türk Akademiyasının prezidenti: "Azərbaycan əlifbasına əsaslanan ortaq türk əlifbası təklif etmişik" - MÜSAHİBƏ (video)


Davam.az Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralinin APA TV-nin Xəbər müdiri Cavid İsmayıla müsahibəsini təqdim edir:

- Bu il Beynəlxalq Türk Akademiyasının yaradılmasından 7 il ötür. Akademiyanın ötən illərdəki fəaliyyətini qənaətbəxş saymaq olarmı?

- Qazaxıstanın paytaxtı Astanaya xoş gəldiniz! Əlbəttə ki, Türk Akademiyası üçün Azərbaycanın yeri ayrıdır. Çünki bu akademiya Naxçıvan sammitindəki qərarla yaradılıb. 2010-cu ildə Türkiyənin o zamankı prezidenti cənab Abdullah Gül və Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevin iştirakı ilə böyük tədbir keçirildi və burda Türk Akademiyasının yaradılması üçün bir təşəbbüs oldu. O vaxtdan, sizin söylədiyiniz kimi, 7 il keçib. 2012-ci ildə Bişkek sammitində akademiyanın beynəlxalq təşkilat olması ilə bağlı qərar imzalandı. Bu qərara bizim prezidentlərimiz imza atdı. Bundan sonra 2014-cü ildə Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan parlamentləri bu qərarı ratifikasiya etdi və akademiya beynəlxalq təşkilat statusunu aldı. Yəni 2014-cü ildən etibarən 3 ildir biz beynəlxalq təşkilat olaraq fəaliyyət göstəririk. Gördüyünüz kimi, Astanadakı Azərbaycan səfirliyindən sonra Azərbaycanın bayrağının dalğalandığı bir yerdir bura. Bura eyni zamanda Azərbaycanın, Azərbaycan kitablarının, Azərbaycan mədəniyyətinin də təmsil edildiyi bir yerdir.

Naxçıvan qərarı ilə yaradılan akademiya bu vaxt ərzində bir çox uğurlara imza atdı. Buna misal, BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasında tədbir keçirmişik. Azərbaycan, Qırğızıstan, Türkiyə və digər ölkələrin də qatılması ilə UNESCO-da Dədə Qorqudla bağlı böyük bir tədbir keçirdik. Müşahidəçi statusla İSESCO-ya, Dünya Akademiyalar Birliyinə üzv olduq. Bir çox beynəlxalq təşkilatlarla memorandum və əməkdaşlıq sazişi imzaladıq. Bu gün sizin gəldiyiniz gün (müsahibə iyunun 26-da götürülüb - red.) də uğurlu oldu. Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi olmaq üçün rəsmi müraciət etdi. Keçən ay Astanada keçirdiyimiz Böyük Çöl humanitar forumunda Monqolustan da akademiyaya müşahidəçi statusunu almaq üçün müraciət edəcəyini söyləmişdi. Hazırda Özbəkistanla münasibətlər irəliləyir. Özbəkistanın araşdırma institutları ilə, Rusiya, Avropa ölkələri, Çin, Koreya, Pakistan və digər ölkələrlə də təmaslar artmaqdadır. Çünki elmdə sərhəd yoxdur. Elm insanları birləşdirən, yaxınlaşdıran bir sahədir. O baxımdan biz Rusiyadakı türk xalqları ilə, Çindəki, İrandakı, digər ölkələrdəki türk varlığı, türk keçmişi, tarixi olan yerlərlə əlaqələrimizi sıx tuturuq. Buna görə də Türk Akademiyası "Türk Dünyasının ortaq tarixi" dərsliyini hazırladı. İndi də Türk Dünyasının ortaq ədəbiyyat kitabını hazırlamaq üzrəyik. Türk dünyasının ortaq coğrafiya kitabını da hazırlamaq üzrəyik. Bunun kimi 100-dən çox ortaq sözlüklər, ortaq kitablar yayımlandı. Gördüyünüz kimi, türk dünyasının, dünyanın ən böyük türkoloji kitabxanasının burda olduğunu mən böyük fəxrlə qeyd etmək istəyirəm. Çünki dünyanın böyük türkoloqlarının kitablarını bura gətirmişik.

Ayrıca Türk Dünyası Muzeyini yaratdıq. Orada Türkoloji Muzeyi var, Türk Tarixi Muzeyi var. Düzdür, hələlik kiçikdir, amma muzeydə etnoqrafik-tarixi eksponatlarımız gün keçdikcə artır. Buradakı artefaktlar, muzey eksponatlarının biz bir çoxunu öz arxeoloji qazıntılarımız nəticəsində ortaya çıxarmışıq. Məsələn, Altaylarda qazıntı işləri apardıq və 7-ci yüzilliyə aid Dədə Qorqud zamanındakı qopuzu tapdıq. Monqolustanda - Ötükəndə, Kültəgin-Tonyukuk torpaqlarında arxeoloji qazıntılarımız davam edir. Bu ildən etibarən Çingiz xanın doğulduğu kənddə arxeoloji qazıntılar aparılacaq. Ekspedisiya qrupları yaratmışıq. Açıq seminarlar, arxeoloqların, tarixçilərin ortaq seminarlarını düzənlədik. Bu günə qədər 100-dən çox forum, beynəlxalq konfranslar keçirdik. Məsələn, 1926-cı ildə baş tutan Bakı Türkoloji Konqresinin 90-cı ildönümünü, Qazan xanın 550-ci ildönümü, Çanaqqala savaşının 100-cü ildönümü ilə əlaqədar, İsmayıl bəy Qarspıralı və Əlibəy Hüseynzadə kimi böyük şəxsiyyətlərimiz, Çingiz Aytmatov kimi türk dünyasının iftixarı olan şəxsiyyətlərlə bağlı konfranslar keçirdik. Bunlara biz diqqət etdiyimiz zaman Beynəlxalq Türk Akademiyasının quruluş prosesini uğurla keçirdiyini deyə bilərik. Çünki həm tanınması, türkoloji sahədəki işləri koordinasiya etməsi, həm də beynəlxalq təşkilat olaraq ortaya çıxması əlbəttə ki, bu vaxt ərzində bizim ölkələrimizin Xarici İşlər nazirlikləri və prezidentlərimizin də dəstəyi ilə baş verdi.

- Akademiyanın Monqolustanla bağlı layihəsi çox maraqla qarşılandı. Bu layihənin davamı olacaqmı?

- Bəli. Akademiya ilk yaradıldığı gündən etibarən Monqolustana bir özəl diqqət göstərdi. Onun səbəbi var, çünki Hun tarixi, Göytürk tarixi Monqolustan torpaqları ilə birbaşa bağlıdır. O torpaqlardakı Kültəgin, Tonyukuk, İlteriş kağanlar bizim tariximizin iftixarıdır. Oğuzların köçünün də indiki Monqolustandan başladığını bilirik. Tonyukukun bizə öyüdləri hələ də o torpaqlarda durmaqdadır. Bu günə qədər TİKA-nın orda fəaliyyəti vardı. Biz akademiya olaraq orada akademik işlər görməyə başladıq. Monqolustanda olan bir çox qurumla anlaşmalar imzaladıq. Birincisi, Monqolustan Elmlər Akademiyası ilə ortaq imzaladığımız layihə var. Bununla bağlı biz arxeoloji qazıntılar aparmaqda, kitablar çıxarmaqdayıq. İkincisi, Monqolustan Milli Muzeyi ilə bir layihəmiz var. Bu da çox önəmli bir layihədir. Çünki Bilgə Kağanın tacı, Hun dövründəki və ya Kültəgin dövründəki bütün bizim xəzinələrimiz oradadır. Biz bu layihə vəsiləsi ilə bunları kitab şəklinə gətirəcəyik, ortaq araşdırma ilə, ortaq proyektlərlə dünyaya tanıtmağı düşünürük. Ayrıca monqolistiklə türkoloji yaxın sahələrdir. Biz keçən forum çərçivəsində monqolustanlı məsləkdaşlarımızla belə bir anlaşma etdik. Türk Akademiyası yanında Altayistik, Monqolistik və Türkoloji daimi bir komitə yaratmaq, bu komitə çərçivəsində Altayistik, Monqolistik işlərini birlikdə aparmaq istəyirik. Bu, türkologiya sahəsini genişləndirəcək. Sadəcə, dil sahəsində deyil, arxeologiya, tarixi, etnoqrafiya sahəsində də türkologiyanın qazandıqlarını eşitdirə bilirik.

Monqolustan bu məsələdə çox istəklidir. Əlbəttə ki, türk tarixi olmadan Monqol tarixi də əskikdir. Çünki Qızıl Orda, Göytürk tarixini birlikdə araşdıra bilərik. Ayrıca Monqolustan bizim Bengü Taş dediyimiz türk boylarının - Oğuzların, Qıpçaqların, Karluq, Avşar, Kayı, Bayındır və digər bütün boyların bir araya gəlib damğalarını qazdığı tarixi daşı buraya gətirdik. Bu da bizim Monqolustanla ortaq anlaşmamıza görə oldu. İndi bundan sonra muzey sahəsində, arxeologiya sahəsində, tarix, folklor, ədəbiyyat sahələrində biz ortaq işlər görəcəyik. Bu, Türkiyə və Azərbaycan digər türk ölkələri üçün də faydalı olacaq. Çünki, məsələn, Oğuz gücü necə oldu, Ötükəndəki türk şəhərləri necə idi? Bu günə qədər Ötükəndəki Almaniya, Fransa, ABŞ, Yaponiya kimi ölkələrin arxeoloji qazıntı işləri vardı. Rusiya da vardı, türk dünyası yox idi orda. Yalnız Türkiyənin, TİKA-nın işləri vardı orda. Türk Akademiyası olaraq Monqolustandakı kompleks işlərimizin nəticəsi bizim tariximizdə yeni səhifələr yaradacaq.

- Azərbaycanda maraqla qarşılanan layihələrdən biri də “Türk dünyası Jurnalistlərinin Forumu”nun keçirilməsi və “Türk dünyası Jurnalistlər Klubu”nun yaradılması ideyası oldu. Əvvəllər də xüsusilə Türkiyə tərəfindən bənzər təşəbbüslər olub, amma demək olar ki, nəticəsiz qalıb. Akademiyanın bu istəyinin reallaşma ehtimalı nə qədərdir?

- Bizim Türk Akademiyası təbii ki, elmlə məşğuldur. Ancaq bu elmin xalqa çatdırılması lazımdır. Millətə, oxuculara, tamaşaçılara aparılması lazımdır. Buna görə də jurnalistlərin türkologiyaya, elmə, türk dünyasının inteqrasiyasına yaxın olması çox mühümdür. Biz bir neçə ildir jurnalistləri öz ekspedisiyalarımıza aparırıq. Məsələn, Altaylara bir çox jurnalist apardıq. Altay yurdunda bizim Ergenekon olaraq bildiyimiz torpaqlara apardıq. Jurnalistlər öz gözləri ilə gördü. Keçən il Ötükənə apardıq jurnalistləri. Türk dünyasından - Azərbaycan, Türkiyə, Tatarıstan, Qırğızıstan, Özbəkistandan olan elm adamları ilə birlikdə biz jurnalistləri ora apardıq. Bu il də Türküstana apardıq. Məqsədimiz Macarıstana, Şəkiyə və türk dünyasının digər yerlərinə aparmaqdır. Çünki bu elmi bilgiləri millətə aparan, millətlə tanış edən, dünyaya çatdıran jurnalistlərin öz gözləri ilə görməyini istəyirik. Bu baxımdan bizim istəyimiz akademiya yanında bir klub olsa və bu klubda türk dünyasını bilən, türk dünyasından xəbər yazan agentliklər, qəzetçilər, jurnalistlər akademiya ilə bir yerdə bizim ekspedisiyalarımıza qoşulsa, bizim bəzi bilgilərimizi yerində görməyini istərdik. Çünki, məsələn, ortaq türk tarixinin dərs kitabını yazdıq. Ancaq bununla bağlı filmlər, xəbərlər ola bilər, məqalələr yazıla, bir çox faktlar ortaya çıxa bilər. Dolayısıyla biz işimiz olmamasına rəğmən, türk dünyası ilə bağlı yazan qəzetçiləri mükafatlandırmaq istəyirik.

İlk dəfə biz akademiya yanında İsmayıl Qarspıralı adına mükafatlar verdik. Bunların səbəbi də türkcə bir atalar sözü var - mərifət iltifata tabedir. Biz, sadəcə, türk dünyasını deyil, dünyadakı qəzetçiləri də biz bu coğrafi yerlərə cəlb etməliyik. Çünki türk dünyası bu günə qədər şərqşünasların gözü ilə ata minən, çadırda oturan, mədəniyyəti, yazısı olmayan dünya olaraq anladıldı. Yanlış tərəfləri də oldu, gözəl tərəfləri də oldu, amma bizim gözümüzdən anladılmadı. Dolayısıyla bir "National" kimi, "History" kimi kanallarımız olsa, yaxşı olar. Məsələn, Azərbaycan indi dünyaya gözəl tanıdılmaqdadır. Ancaq bizim keçmiş tariximiz, keçmişdəki gözəlliklərimiz də, böyük mədəniyyətimiz də bütün olaraq ələ alındığı və dünyaya tanıdıldığı zaman dünyanın da bizə baxışı fərqli olacaq. Öz-özümüzün tanımağımız da bir ayrı dəyərə sahib olacaq deyə düşünürük. O baxımdan həm qəzetçilərimizin, bu məsələləri yazan adamların tarixi biliklərinin olması, həm də dünyaya tanıdarkən bunları öz adımıza bilərək etməyimizin qəzetçilər üçün də, akademiya üçün də faydalı olacağını düşünürük.

İndi üçün bir çox məsələlərdə bəzi qərarlar aldıq. Məsələn, ortaq sənədli filmlər çəkmək. Qayalarla bağlı, yazılarla bağlı, köhnə şəhərlərlə bağlı, karvan yolları ilə bağlı ortaq seriallar çəkilə bilər. Bunları təmin etmək bizim vəzifəmizdir. Bunları edən qəzetçiləri mükafatlandırmaq da bizim üçün bir şərəfdir. Zənn edirəm ki, klub qarşıda belə işlərə səbəb olacaq. Azərbaycanın da bu məsələlərlə bağlı işlərini biz təqdir edirik. Məsələn, keçən ay təşkil etdiyimiz Böyük Çöl humanitar forumunda Azərbaycanla bağlı çox şey yayımlandı. Çünki Azərbaycanda da türk dünyası ilə bağlı yayım edən qurumların çox olduğunu bilirik. Onlara biz minnətdarıq. Həmrəylik bizim hər sahəmizdə olmalıdır - elmdə, mətbuatda, xəbərçilikdə, mədəniyyətdə. Bunlar bizi bir-birimizə daha çox yaxınlaşdıracaq.

İndiyədək türklər tarixi yaradan, amma yazmayan bir millət olaraq tanınmaqda idi. Təbii ki, tarix dərs çıxarmaq üçün var. Ona görə də biz həm tarixi yaradan, həm də yazan quruluş olmalıyıq. Hazırda Türk Akademiyası ilə media qurumları arasındakı oxşarlıq da budur - yazmaq, bunu dünyaya tanıtmaq! Türk dünyası indi tarix yaratmaqdadır. Müstəqillik aldı. Bu bir tarixdir, zəfərdir. Bakının gözəlliklərinin ortaya çıxması, böyük tədbirlərin keçirilməsi bir tarixdir. Astanada "EXPO"nun keçirilməsi və ya Astananın yaradılması bir tarixdir. Bunu biz elm adamları və jurnalistlər olaraq yazmağımız lazımdır. Akademiyanın vəzifəsi sadəcə min, iki min əvvəlki arxeoloji materialları ortaya çıxarmaq deyil. Akademiyanın vəzifəsi eyni zamanda tarixi sevdirmək, doğruları çatdırmaqdır. Ona görə də bizim elm adamları ilə media qurumları arasında yaxın bir bağlantının olmasını düşünürük. Əgər bu olmazsa, qopma yaranar. Elm adamlarının gördüyü işlər xalqa çatdırılmazsa, bunun faydası da az olur. Qəzetçilərimiz də doğru tarixi bilmədən yazarlarsa, əksik olur. Yəni milləti çaşdıra bilər. Doğru bilgiləri doğru axtara bilmək üçün elmi qurumlarla media qurumları arasında yaxın təmas olmalıdır.

- Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu yaxınlarda bir məqalə ilə çıxış etdi. Orda bir sıra məsələlərə toxunulmuşdu. Bizim ən çox diqqətimizi çəkən təbii ki, Qazaxıstanın latın əlifbasına keçidi ilə bağlı müddəalar oldu. Bildiyimiz qədər, Akademiya bu prosesdə fəal iştirak edir. Ümumiyyətlə, bu prosesdən gözləntiləriniz nədən ibarətdir?

- Tarixən geniş coğrafiyaya yayıldığımız üçün bizim dilimizdə dialektlərimiz vardır. Bu xoşdur, gözəldir. Çiçəklər, məsələn, fərqli olur. Çiçəklər bir tip olsa, bəlkə də o qədər gözəlliyi olmazdı. O baxımdan bizim türk dilinin içərisində dialektlərin olması, bizim dillərimizin bir az fərqli olması, məsələn, Oğuz qrupunun içərisindəki Azərbaycan və Anadolu türkcəsinin öz aralarında belə bir fərqlərinin olması və ya qazaxca ilə qırğızcanın arasında fərqlərin olması, məncə, bizim dilimizin zənginliyini göstərir. Biz bir-birimizi anlayırıq və bu əlaqə, bu dildəki yaxınlıq əlifba üstündə daha da möhkəmlənə bilər. Dilləri bir qəlibə salmaq bəlkə yanlış ola bilər. Ancaq bir ortaq əlifba olduğu zaman dilimizi anlayarıq, dillərimizin yaxınlığını görərik. Məsələn, göz, burun, ayaq və ya başqa sözlərin də ortaq olduğunu görə bilərik. Ancaq əlifba fərqli olduğu zaman dillərimiz sanki bir-birindən fərqli kimi görünə bilər. O baxımdan əlifbadakı ortaq yaxınlaşma, ortaq əlifbanın yaradılması çox mühümdür. Bilirsiniz ki, bununla bağlı ilk təşəbbüs 1926-cı ildə Bakı Konqresində ortaya qoyuldu. Orada yaradılan əlifbaya 1929-cu ildə Türkiyə də qoşuldu. O zaman bir ortaq dil vardı. İsmayıl bəy Qarspıralının "Tərcüman" qəzeti də ortaq əlifba ilə yayımlandığı üçün rahat oxunurdu. 1926-cı ildən sonrakı, 40-cı illərə qədərki kitablarımız da rahat oxunurdu. Çünki dil yaxın, əlifba eyni idi. Amma Bakı Konqresinə qatılan bütün türkoloqların hamısını güllələdilər, repressiya etdilər. 1940-cı ildə də kiril əlifbasına keçirildi. Ancaq kiril əlifbası da hər ölkəyə fərqli təqdim edildi. Məsələn, Azərbaycandakı kiril əlifbası fərqli idi, Qazaxıstandakı fərqli. Bu şəkildə dillərin arasındakı fərqlilik bir az daha artmış oldu. Ancaq 1990-cı illərdəki təşəbbüslərlə, müstəqilliklə birlikdə öncəliklə Azərbaycanın latın əlifbasına keçməsi, ondan sonra digər ölkələrin keçməsi bunları tezləşdirdi. Biz daha əvvəl Türk Şurasında çalışarkən Azərbaycan əlifbasını əsas götürərək türk dünyasına ortaq əlifba təklif etdik. Onu türk Akademiyasına gələndən sonra da davam etdirdik. Çünki Azərbaycan Qərblə Şərqin ortasında bir körpü mahiyyətində, Oğuz canında, Qıpçaq canında, sadəcə, ölkələri birləşdirən deyil, dilləri də, mədəniyyəti də birləşdirən bir özüldür. O baxımdan Azərbaycanda istifadə olunan latın hərfləri də bizim səslərlə tam olaraq eynidir. Məsələn, "ə". Bu, Anadoluda indi itmiş ola bilər, amma qazaxcada da istifadə edilməkdədir. Bir çox səsləri itirməmək üçün gözəl bir əlifba seçildi.

Biz bunları təbii ki, Qazaxıstanda elm camiəsinə və müvafiq orqanlara da təklif etməkdəyik. Hər ölkənin əlifbası da fərqli ola bilər. Ancaq elm adamlarının istifadə etdiyi transkripsiya eyni olmalıdır. Məsələn, biz bu günə qədər çap etdiyimiz kitablarda transkripsiya olaraq 34 hərfdən ibarət, indi Azərbaycanda istifadə olunan ortaq əlifbamızı təklif etdik və istifadə olunmaqdadır. O baxımdan Qazaxıstanın latın əlifbasına keçməsinin türk dünyasındakı dil yaxınlığını daha da artıracağına ümid edirik. Bir neçə gün əvvəl Qazaxıstanda keçirilən Dünya Qazaxlarının Qurultayında cənab prezident Nursultan Nazarbayev dedi ki, "bunu biz tez bir zamanda həyata keçirək, 2025-ci ilə saxlamayaq. Əgər elm adamlarımız, bizim alimlərimiz həmfikirdirsə, təklif etsinlər bu əlifba məsələsini qısa zaman içində həll edək". Zənn edirəm ki, bununla bağlı bir proyekt vardır. Kitabların latın qrafikalı əlifbaya keçirilməsi, bundan sonrakı vaxt ərzində özəlliklə türk dünyasının təcrübələrini tədqiq etmək üçün akademiyaya böyük bir vəzifə düşəcək. Qazaxıstan latın əlifbasına keçdikdən sonra zənn edirəm ki, buradakı kitabların axtarılması və onunla bağlı işlərdə də bizim böyük bir rolumuz ola bilər.

- Azərbaycanın Akademiyanın fəaliyyətində iştirakı hansı səviyyədədir? Ölkəmizlə bağlı hansı planlarınız var?

- Bizim Akademiyanın yaradılmasında, əvvəldə dediyim kimi, Azərbaycanın çox mühüm bir rolu var. Birincisi, Naxçıvan sammitində ortaya çıxdı. İkincisi, Azərbaycan Milli Elmlər Akademiyası bizim fəaliyyətimizin ən böyük dəstəkçilərindən biridir. Hörmətli Akif Əlizadə, İsa Həbibbəyli başda olmaqla Azərbaycan Milli Elmlər Akademiyası bizim fəaliyyətimizə ən böyük dəstək verənlərdəndir. Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Prezident Administrasiyası və oradakı qurumlar da akademiyanın işlərinə dəstək verməkdədir. Biz Bakıdakı Türk İrsi və Mədəniyyəti Fondu ilə də əlaqədəyik. Bakıda bir çox universitetlər, məsələn, Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Multikultiralizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlarla da yaxın münasibətlərimiz var. Bu baxımdan biz Azərbaycanda cənab prezident başda olmaqla bununla bağlı bütün şəxslərə, qurumlara minnətdarlığımızı bildiririk.

İkincisi, təbii ki, bizim həyata keçirdiyimiz proyektlər, ortaq konfranslar, ortaq tədbirlərin bir çoxu ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfiri hörmətli Rəşad Məmmədovun fəaliyyətindən bəhs etmək istərdim. Onun buradakı təşəbbüsü ilə biz Akademiyada Qarabağla bağlı tədbirlər keçirdik. Astanada Azərbaycan gerçəkləri ilə bağlı, Azərbaycan günü ilə bağlı, müasir Azərbaycanın banisi rəhmətlik Heydər Əliyevlə bağlı tədbirlər keçirdik. Bunların biz hamısını Astanadakı Azərbaycan səfirliyi ilə birlikdə keçirdik.

Azərbaycan mediasına da burdan biz minnətdarlığımızı bildiririk. Çünki Akademiyanın işlərinə çox böyük bir yer verməkdədir. Bu məsələdəki həssaslığına və diqqətinə görə minnətdarıq. Azərbaycan mediasının özəlliklə türk dünyası ilə böyük əlaqəsi olduğunu bilirik. Bizim bütün fəaliyyətlərimizə, tədbirlərimizə, keçirdiyimiz konfranslara gözəl bir şəkildə yanaşmaqdadır. Bunun içərisində APA-nın ayrı bir yeri vardır. Biz APA-nı, sadəcə, Azərbaycanın deyil, türk dünyasının bir media quruluşu olaraq görürük. Bu türk dünyası media klubunda da ayrı bir yeri olacağını düşünürük. Çünki Azərbaycanda yayımlanan, verilən xəbərlərin Türkiyədə də, Orta Asiyada da, digər dünya ölkələrində də oxunduğunun fərqindəyik. Bu baxımdan türk dünyasının yaxınlaşmasında Azərbaycan mətbuatının, özəlliklə onun içərisində APA-nın da məsuliyyət və vəzifə daşıdığını fikirləşirik. Buna görə də akademiyanın jurnalistlərlə həmrəylik, iş birliyi bizim türk dünyasını dünyaya tanıtmaqda gözəl bir fəaliyyət olacaq.

Təbii ki, quruluş anlaşması Azərbaycanda imzalandığı üçün biz daha çox işlər edəcəyimizə ümid edirik. Çünki Azərbaycanın elmi, Azərbaycandakı türkologiya, Azərbaycan Milli Elmlər Akademiyasındakı alimlərin imkanları bizə eyni zamanda güc verir. O baxımdan əlimizdən gəldiyi qədər biz Humanitar Foruma, Azərbaycanda keçirilən çeşidli tədbirlərə qatılmaqdayıq. Hər getdiyimiz zaman Bakının daha da gözəlləşdiyini görürük. Buna biz sevinirik. Azərbaycanda keçirilən böyük dünyəvi tədbirlər bizim qürurumuzdur. Şəki türk dünyasının mədəniyyət paytaxtı olaraq da gözəl işlər görüb. UNESCO-ya ortaq proyektlər təqdim etmək, Dədə Qorqudla bağlı tədbirlər və ya kitablar çıxarmaq işini və ya bizim İpək Yolu-Xəzər dəhlizi ilə əlaqədar tədbirlərimizi birlikdə həyata keçirdik. Bu baxımdan Azərbaycan hələlik Akademiyanın ən böyük dəstək verənlərindən biridir. Təbii ki, biz qarşıda bir çox fəaliyyətlər aparmaq istərdik. Məsələn, latın hərfləri ilə bağlı təklif verən Mirzə Fətəli Axundovun işlərinin digər türk ölkələrində, Qazaxıstanda, Qırğızıstanda tanınmasını istəyərdik. Mirzə Ələkbər Sabirin və ya Molla Nəsrəddinin, "Füyuzat"ın və Azərbaycandakı böyük elm adamlarının, şairlərinin, Məhəmməd Əmin Rəsulzadənin o dövrdəki təşəbbüslərinin buralarda da tanınmasını arzu edirik.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunun 100-cü il dönümüdür. Bu il Rusiyadakı böyük inqilabın ildönümüdür. Buna görə də biz bəzi işləri həyata keçiririk. Ayrıca bu demokratik hərəkatın başında bulunan Əlimərdan Topçubaşov kimi böyük şəxsiyyətlərin işləri ilə bağlı tədbirlər keçirə bilərik. Bunun içərisində Azərbaycanın ayrıca yeri vardır. Təbii ki, bizim prezidentlərimizin də dəstəyini və hər zaman arxamızda olmağını hiss edirik.
VİDEYA BAXMAQ ÜÇÜN TIKLAYIN

Geri dön