Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat Zəhranın dəfn günü konsert verən telekanalları topa tutdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Deputat Zəhranın dəfn günü konsert verən telekanalları topa tutdu

Deputat Zəhranın dəfn günü konsert verən telekanalları topa tutdu


Fərəc Quliyev: “Baş verən hadisədən sonra necə qol qaldırıb oynaya bilərik?”

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həyatını itirən Quliyevə Sahibə və onun 18 aylıq nəvəsi Quliyevə Zəhranın dəfn günü axşam saatlarında Bakının mərkəzində keçirilən caz konserti hiddət doğurub. Dövlət televiziyası olan Az TV-nin təşkilatçılığı ilə Bakının ürəyi sayılan “Tarqovu”da (Nizami küçəsi-red.) təşkil olunan konsertdə iştirak edənlər ən sərt şəkildə qınanır.

Sosial şəbəkələr üç gündür bunu müzakirə edir. İki yaşlı körpəyə biganə qalan və konsertdə həyasızcasına qol qaldırıb oynayan, ara-sıra müğənnilərlə birlikdə mahnı zümzümə edən gənclərlə bağlı ən ağır statuslar paylaşılır, belə insanların xalqımızın içərisində olmaları təəssüf hissi ilə qeyd olunur.


Təkcə sadə vətəndaşlar deyil, tanınmış simalar da konsertdə iştirak edənləri, mahnı oxuyanları tənqid atəşinə tuturlar. Turistlərin axın-axın gəzdikləri “Torqovu”da dövlət kanalının konsert təyin etməsinin, nənə və nəvənin faciəsindən sonra konserti təxirə salmamalarının Azərbaycan adına utancverici hadisə olduğu bildirilir. Ölkəmizdə olan və o faciədən xəbərdar olan bir turistin konsertə şahidlik etməsinin bizlərə nə qədər ağır zərbə olduğunu o vətəndaşlar anlaya bilməzlər.
Qeyd edək ki, konsertlə yanaşı, telekanallar da sərt tənqidlərə məruz qalırlar. Faciəni sıradan bir xəbər kimi yayımlayan telekanallar həmin gün şou proqramlarından, konsertlərindən əl çəkmədilər.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında AzTV başda olmaqla, telekanalları, konsertdə iştirak edənləri top atəşinə tutdu: “Bunu bir məhəlləyə aid etmək olmaz. ”Torqovu"da o qədər vətənpərvər insanlar var ki. Ölkə başçısının bu məsələyə sərt münasibəti oldu. Amma təəssüflər olsun ki, bizim təbliğat mexanizmimiz çox zəifdir. Bir-iki telekanal istisna olmaqla, kanallar vətənpərvərlik mövzularına diqqət etmirlər. Hər dəqiqə müharibə əhval-ruhiyyəsi hiss olunmalı, insanlar onunla yaşamalıdır. Əsgərlərimiz səngərdə hansı hisslərlə yaşayırlarsa, evdəkilər də həmin hissləri o əsgərlərlə birlikdə yaşamalıdır. Müğənnilər bayağı verilişlərlə, gülməli göstərilərlə yadda qalmağa, müştəri qazanmağa çalışırlar. Bəlkə də mən çox aqressiv münasibət sərgiləyirəm. Heç olmasa, bunlar belə faciələr olanda elə verilişləri yığışdırmalı, ən azından bu faciəni geniş şəkildə verməli, cəmiyyəti hadisən xəbərdar etməlidirlər. Bütün məkanlarda bu nəzərə alınmalıdır. Demək olar hər gün itkilər veririk. Dünyaya çağırışlar edirik, müsbət reaksiyalar gəlir, amma daxilimizdəki turistlər fərqli şeylərin şahidi olurlar. Bir vətəndaş, insan kimi baş verən hadisədən sonra necə qol qaldırıb oyana bilərik? Telekanallarda həmin gün bir qədər ciddi verilişlər vermək mümkün deyilmi? Bu cür davranışlarda ciddi şəkildə korrektələr olmalıdır. Az TV bu konserti təxirə salmalı idi. Dövlət kanalı olasan, dövlətin ideoloji yükünü çiyinlərində aparasan, özü də belə davranış göstərəsən. O kanalın borcu idi ki, həmin konserti dərhal təxirə salardı. Bundan ciddi şəkildə ölçülər götürülməlidir. Hətta bundan inzibati ölçülər də götürülməlidir. İnsanların duyğuları ilə oynamağa haqları yoxdur. İtkilərimiz hər birimizindir. O itki hər bir ailədə baş verib. İstanbulun yarısı qədər əhaliyik. Bir ailədən azyaşlı körpə həlak olur, ölkə yasa qərq olur, amma bunlar üçün adi hadisə sayılır. Ona görə də onlar cəzalandırılmalıdır. Digər tərəfdən, küçələrdə ağıllarına gələn reklamlar yerləşdirirlər. Bununla bağlı Milli Məclisdə məsələ də qaldırmışam. Ölkənin hər yerində vətənpərvərlik, vətənə bağlılıqla bağlı reklam lövhələri olmalıdır. İnsanlar müharibəni hiss etməlidirlər. Turistlər hara gəldiklərinin fərqində olmalıdırlar. Az TV daxil olmaqla, digər qurumların rəhbərliyi cəzalandırılmalıdır ki, belə hadisələr bir də baş verməsin. Bu, özbaşınalıqdır. Bu, prezidentin davranışına, duyğularına tamamilə ziddir. Bunlar ölkəmizə müsbət imic əvəzinə, mənfi imic gətirirlər".


Deputat qanunvericiliyə bununla bağlı hər hansı bir müddəanın salınıb-salınmamasından da danışdı: “Qanunvericiliyimiz kifayət qədər mükəmməldir. Şəhidlərimiz son dərəcə yüksək səviyyədə dəfn olunurlar. Bununla bağlı parlamentdəki komitəmiz layihə hazırlayıb Milli Məclisə təqdim etdi və bu da qəbul olundu. Qanunla bir əlaqəsi yoxdur, bu tipli məsələlər mənəvi məsələdir. Bir qonşuda yas olanda qanun demir ki, nə etməlisən, insanlar özləri nə etməli olduqlarını dərk edirlər. Belə faciələrdə qanun heç nə etmir, sadəcə, ictimai qınaq olmalıdır. Belə insanlar vəzifələrindən kənarlaşdırılmalıdır. Bir kanalın davranışı görün necə narazılığa səbəb olub. İnzibati yolların tətbiqi bəlkə də doğrudur, amma mənim üçün ictimai qınağın olması da çox vacibdir. Konsertdə iştirak edənlərdən kiminsə məsələdən xəbəri olmaya bilər. Ona görə informasiya doğru yayılmalıdır. Bu səbəbdən mən televiziyalara yüklənirəm. Belə məsələlər insanlara çatdırılmalıdır. Başqa telekanallardan daha çox Az TV-yə yüklənməyimin səbəbi odur ki, digərləri özəl kanallardır, sərbəst mövqe göstərə bilərlər. Hərçənd ki, bu da doğru deyil, çünki bu mənəvi məsələdir. Amma Az TV birmənalı şəkildə dövlət siyasətini yürüdən bir kanaldır. Onun borcudur bu şeyləri etmək. Burada kanalın üzərində hüququ yük də var. Məsuliyyət daşımağı bacarmalıdır. Sözsüz ki, cəmiyyətdə belə hadisələrə bu cür davranış göstərən insanlar da var. Bu şəxslər ictimai qınağa tuş gəlsələr, hər kəs tərəfindən qınansalar, məncə, bir daha belə hallar olmaz. Orta məktəblərdə deyə bilmərik ki, vətənpərvərlik hissləri aşılanmır. Şagirddən şagirdə, müəllimdən müəllimə belə fərq var. Amma istənilən halda Zəhra balamızın faciəsində kanalların fəaliyyəti çox önəmli idi. İnsanlara informasiyanın çatmasının 90%-i gözlə bağlıdır. Kanalların belə hadisələri cəmiyyətə çatdırmalarında çox böyük boşluqlar var”.



Cavanşir ABBASLI

Geri dön