Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə və Nəriman Nərimanovun fəaliyyəti - I HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə və Nəriman Nərimanovun fəaliyyəti - I HİSSƏ

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə və Nəriman Nərimanovun fəaliyyəti - I HİSSƏ


Nəriman Nərimanovun milli dövlətçilik baxışlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti mühüm yer tutmuşdur. Tarixi dövrə ümumi qiymət vermədən, varislik baxımından N.Nərimanovun ərazi siyasətini obyektiv və elmi cəhətdən qiymətləndirmək mümkün deyildir. Ona görə də dövrün ümumi mənzərəsinə qısa da olsa diqqət yetirək. Birinci dünya müharibəsinin əsl mahiyyəti hər vuruşan ölkənin dünya xəritəsini öz xeyrinə dəyişdirmək planlarının mövcud olmasında idi. Regionda bu xəritə dəyişməsində ən aktual məsələlərdən biri Rusiya və Osmanlı dövlətinin torpaqlarının hesabına ermənilər üçün dövlət, heç olmasa, muxtariyyət yaradılması və sərhədlərinin müəyyənləşdirilməsi idi.

Heç şübhəsiz, müharibə illərində Azərbaycan ziyalılarının müstəqil Azərbaycan dövləti yaratmaq planları da mövcud idi. Amma öz qonşuları ilə müqayisədə Azərbaycanın vəziyyəti xeyli ağır idi. Yaranacaq dövlətin sərhədləri məsələsi sadəcə ayrı-ayrı qeyri-rəsmi şəxslər tərəfindən müzakirə olunurdu. Ömər Nacinin variantında Cənubi və Şimali Azərbaycan birləşməli idi, Aslan xan Xoyskinin variantında isə Bakı, Yelizavetpol, İrəvan quberniyaları, habelə Dağıstan və Terek buraya daxil olmalı idi.

Oktyabr çevrilişindən sonra ərazi problemləri ən vacib məsələ kimi ortalığa çıxdı. Sovet hakimiyyəti Finlandiya, Polşa və Baltikyanı ölkələrin müstəqilliyini tanıdı. 1917-ci il dekabrın 17-də isə Rusiya Xalq Komissarları Soveti “Türkiyə Ermənistanı haqqında qərar” qəbul etdi. Bu qərarla uydurma “Qərbi Ermənistan”a öz müqəddəratını təyin etmə hüququ verildi. Bununla yanaşı, bolşeviklərin planına görə müstəqil Azərbaycan dövləti yaranacağı təqdirdə Bakı onun paytaxtı olmamalı, Xəzərsahili ərazilər isə ona daxil edilməməli idi. Onlar 1917-ci il Oktyabr çevrilişindən bir neçə gün sonra milli sərhədləri müəyyənləşdirmədən azərbaycanlı, gürcü və erməni nümayəndələrinin daxil olduğu vahid bir hökumət - Transqafqaz Komissarlığını yaratdılar. Sonralar fevral ayının 23-də (martın 10-da) Transqafqaz (Cənubi Qafqaz, Zaqafqaziya) Seymi (parlamenti) də yaradıldı. Azərbaycanlı və gürcü fraksiyaları bunun lehinə, ermənilər isə əleyhinə idilər. Bolşeviklər hakimiyyətə gələrkən çar Rusiyasının əksər qərarlarını tanımasalar da, devirdikləri çar Nikolay tərəfindən qəbul olunmuş “Türkiyə Ermənistanı haqqında” dekreti 1917-ci il dekabrın 27-də tanıdılar. S.Şaumyanın tarixi missiyası da Azərbaycanın ola biləcək hər hansı muxtariyyətinə və ya müstəqilliyinə mane olmaqdan, bolşeviklərin “Türkiyə Ermənistanı dekreti”ni yenidən qüvvəyə mindirməkdən ibarət idi. Amma Brest-Litovsk sazişindən sonra bolşeviklərin Qarsı, Batumu, Ərdahanı Türkiyə torpaqları olaraq qəbul etmələri bu dekretin tətbiq olunduğu ərazini dəyişirdi. Qeyd edək ki, sonralar 1947-ci il oktyabrın 27-də SSRİ xarici işlər naziri Vışinski BMT-də çıxış edərək Qars və Ərdahanı Gürcüstan ərazisi adlandırmışdır. Buna cavab olaraq Türkiyə nümayəndəsi onun iddialarını rədd etmişdir. Erməniləri isə işin tamam başqa tərəfi narahat edirdi: Niyə Vışinski bu torpaqları Ermənistanın deyil, Gürcüstanın olduğunu bəyan etmişdir? Bu problem o zamanlar aktiv müzakirə mövzusu olmuşdur. Bu xəbər Tehranda çıxan “Alik” erməni qəzetində çap olunmuşdur. Osmanlı dövləti “Müstəqil Qafqaz hökumətini” tanımağa və onunla əməkdaşlığa cəhd edirdi. Amma Seymin azərbaycanlı fraksiyası bu əməkdaşlığın lehinə, gürcü, xüsusilə erməni fraksiyası isə qəti əleyhinə idi. Nəhayət, 1918-ci il martın 1-də Seym Türkiyə ilə danışıqlara başlamağın şərtlərini müəyyənləşdirən qərar qəbul etdi. Bu şərtlərdən birində deyilirdi: “Transqafqaz nümayəndələri Şərqi Anadolunun təyini-müqəddəratına və Türkiyə dövləti daxilində Türk Ermənistanına muxtariyyət verilməsinə çalışacaqlar”. Bundan əlavə Transqafqaz nümayəndələri Brest-Litovsk barışığının Qafqaza aid olan maddələrinə etiraz etdilər. Bu da ilk əvvəl Ermənistanın maraqlarından irəli gəlirdi. Qəbul edilən sənəddə Qars, Batum və Ərdahan Türkiyənin deyil, Transqafqazın ərazisi hesab olunurdu. Bir neçə müsəlman siyasətçisi Batumun Osmanlıya deyil, Transqafqaza daxil edilməsinin tərəfdarı olduqlarını açıq-aşkar bildirdilər. Sonralar azərbaycanlı fraksiyasının üzvləri siyasi durumdan asılı olaraq Brest müqaviləsinə münasibətlərini dəyişdirdilər. Bunun səbəbi azərbaycanlı fraksiyasının türklərlə milli həmrəyliyə, erməni və gürcülərin isə torpaq iddialarının öz xeyirlərinə həll olunmasına üstünlük vermələri idi. Transqafqaz Seymi 1918-ci il aprelin 13-də Osmanlı dövləti ilə müharibə haqqında bəyanat verdi. Müharibə cəmi səkkiz gün davam etdi. 1918-ci il aprelin 22-də Seym Transqafqazı müstəqil Demokratik Federativ Respublika (Mavərayi-Qafqaz Cümhuriyyəti-Müttəhidəsi) elan etdi. Osmanlı dövləti ilə müharibə dayandırıldı. Brest müqaviləsinin prinsipləri qəbul olundu. Aprelin 28-də Transqafqaz Respublikası Osmanlı dövləti tərəfindən tanındı. Ermənilər bu qərarlara tabe olsalar da, barışmadılar. Onların silahlı dəstələri Ermənistan muxtariyyəti yaratmaq məqsədi ilə İrəvan quberniyasında 211 müsəlman kəndini yandırdılar. Əhalidən qırılan-qırıldı, qırılmayan 80 min nəfər isə didərgin düşdü. Aprelin 25-də S.Şaumyan başda olmaqla Bakı XKS yaradıldı. Əslində bununla Şaumyan İrəvan quberniyasında baş vermiş qırğınlardan sonra Bakı və onun ətrafında qırğınlar törətməyi bir daha davam etdirdi. Belə şəraitdə Transqafqaz respublikasında artıq sakitlik pozulmuşdu, onu bərpa etmək çətin idi. Yaranmaqda olan üç dövlət arasında sərhəd münaqişələrini həll etmək yolları axtarılırdı. Bir neçə variant müzakirə olunurdu. Daha doğrusu, Rusiya işğalı zamanı mövcud olan sərhədlərin əsas götürülməsi daha düzgün olardı. Amma Rusiya istilasından sonra buraya çox sayda köçürülən ermənilər əsrlərlə formalaşan etnik xəritəni öz xeyirlərinə pozmuşdular. Belə bir vəziyyətdə Avropada daha çox ermənilər tərəfindən uydurulmuş xəritələr və siyasi oyunlar əsas götürülürdü. Azərbaycan hökuməti də sərhədlərin mübahisəsiz və kompromis həllinin yollarını axtarırdı. Alimlərin cəlbi ilə sərhədləri müəyyənləşdirmək üçün müxtəlif üsullar təhlil olunurdu: mono-dövlət qurmaqla, ayrı-ayrı ərazilərin milli çoxluğu ilə, dağ suayrıcısı ilə, çayların sahili ilə, dağla aran arasında və i.a. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra yenə də sərhədlərin optimal və mübahisəsiz variantları axtarılırdı. Transqafqaz respublikasında milli zəmində ixtilaflar özünü açıq-aydın büruzə verirdi. Seymin Bakı bolşeviklərinə qarşı ordu göndərmək qərarını erməni fraksiyası dəstəkləmədi. Batum danışıqlarında Azərbaycan tərəfi konfederasiya yaratmağın tərəfdarı kimi çıxış edirdi. Çünki bu, yaradılacaq Azərbaycan milli hökumətinə Cənubi Qafqazda daha geniş ərazilərə nəzarət etmək imkanı verirdi. Ermənilərin hər hansı rus hakimiyyəti ilə ittifaqı açıq-aşkar görünürdü. Bir çox azərbaycanlı siyasətçilər, o cümlədən N.Usubbəyov Osmanlı dövlətini köməyə çağırmaq fikrini irəli sürdü. Gürcü Milli Şurası mayın 14-də qəyyumluq üçün Almaniya dövlətinə müraciət etmək qərarına gəldi. Maraqlar ayrı olduğu kimi, qəyyumlar da fərqlənirdi. Beləliklə, gürcülər qəyyumlarını Almaniyada, azərbaycanlılar Türkiyədə, ermənilər isə Rusiyada axtarırdı.

Qeyd etmək lazımdır ki, çar Rusiyası Azərbaycanın ayrı-ayrı xanlıqlarını işğal edərkən heç də konkret sərhəd siyasətini yürütmürdü və sərhədləri qeydiyyata almırdı. Elə bu səbəbdən də AXC yaranarkən sərhəd problemləri ilə üzləşməli oldu. 1918-ci ildə xalqımızın başbilən siyasətçiləri, milli dövlətlər yaradıldıqda qədim Azərbaycan torpaqlarına və xalqımızın Cənubi Qafqaza səpələnmiş nümayəndələrinə nəzarət hüququnu itirmək qorxusunu hiss edərək, Cənubi Qafqazda ayrı-ayrı milli dövlətlər deyil, konfederativ dövlət yaratmağa çalışırdılar. Lakin həmin tarixi şəraitdə bu istəyi yerinə yetirmək mümkün deyildi. Tarixin hökmü ilə milli dövlətlər yaranmalı idi.

Belə şəraitdə mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan öz dövlət müstəqilliklərini bəyan etdilər.

AXC-nin sərhəd siyasətinə qısa da olsa nəzər yetirmək vacibdir. İlk əvvəl onu qeyd etmək lazımdır ki, “İstiqlal bəyannaməsi”ndə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri dəqiq göstərilməmişdir. Bəyanatda sərhədlər mücərrəd şəkildə “Cənub-Şərqi Cənubi Qafqaz” kimi verilmişdir. Müstəqilliyin elə ilk günü ərazi məsələsi ilə bağlı qərar qəbul olundu. F.Xoyski may ayının 29-da Milli Şuranın toplantısında məsələ qaldırdı ki, “Ermənistan federasiyası yaratmaqdan ötrü onlara siyasi mərkəz lazımdır. Aleksandropol türklər tərəfindən tutulduğundan belə bir siyasi mərkəz ancaq Yerevan şəhəri ola bilər, ona görə bu şəhərin ermənilərə güzəştə gedilməsi labüddür”. Paris sülh konfransında Erməni Milli Şurasının sədri, Erməni nümayəndə heyətinin başçısı A.Aqaronyan Ə.Topçubaşovla İstanbuldakı 1919-cu il 16 yanvar tarixli söhbətində deyirdi ki, nə qədər Azərbaycan hökumətinin başında F.Xoyskidir, ermənilərin Azərbaycana münasibəti anormal olacaq, çünki ermənilər məhz F.Xoyskini sentyabrda Bakı alınarkən baş verən erməni qırğınlarında günahkar sayırlar. Bu, səmimi bir bəyanat deyildi. Söhbət heç də F.Xoyskinin şəxsiyyətindən getmirdi. Problem daha geniş idi. Ermənilərin əsas məqsədi bütün vasitələrlə Azərbaycanda sabitliyi pozmaq, Azərbaycan siyasətçilərinə qarşı xalqda inamsızlıq yaratmaq, onları uğursuzluqların səbəbkarı kimi qələmə vermək idi. Bu məsələ müzakirədən sonra səs çoxluğu ilə qəbul olundu. İrəvan Türk Milli Şurasının üzvləri buna etiraz etdilərsə də, Azərbaycan Milli Şurası bu qərarı qəbul etdi. Ətraf əraziləri ilə birlikdə İrəvan şəhəri Ermənistana verildi. Müzakirələrdə Xasməmmədov, Cəfərov, Şeyxülislamov, Məhərrəmov etiraf etdilər ki, “İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmaz bəladır”. F.Xoyskinin bu qərardan sonrakı iki teleqramı da məsələnin mahiyyətini açmağa kömək edir. Birinci teleqramında, o, xarici işlər naziri M.Hacınskiyə yazırdı ki, “ermənilərlə bütün mübahisələri qurtardıq”, “onlar bizim ultimatumu qəbul edəcəklər və müharibə işi bitəcək”. Əlbəttə, hökumətin bütün üzvlərinin ermənilərlə belə asanlıqla barışığa nail olunduğuna inandığını söyləmək mümkün deyildir. F.Xoyskinin vurduğu ikinci teleqram isə M.Rəsulzadəyədir: “Əgər ermənilər Qarabağa qarşı iddia irəli sürsələr, İrəvanı güzəştə getməyimizdən imtina edin”. Amma siyasi hadisələr elə cərəyan etdi ki, ermənilər Qarabağa sahib olmaq iddialarında qaldılar, azərbaycanlılar isə İrəvanı güzəştə getmək qərarlarından imtina edə bilmədilər. Azərbaycan tarixçisi T.Köçərli bu qərarla bağlı tarixi aspektdə bir suala cavab axtarır: “Azərbaycan Milli Şurası İrəvanı Ermənistana verməmək haqqında qərar qəbul edə bilərdimi? - Şübhəsiz. Lakin bununla Azərbaycan İrəvanı əldə saxlaya bilərdimi? - Birmənalı cavab yoxdur”. Bu tarixi sual və cavabı N.Nərimanovun Zəngəzurla bağlı mövqeyinə də aid etmək olar. Onu da qeyd etmək lazımdır ki, 1920-ci ilin axırında Zəngəzurda erməni əhalisi çoxluq təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti başçılarının qərarı ilə Aleksandropol quberniyası ərazilərinin bir qisminin də Ermənistana verilməsinə etiraz olmadı. Batum konfransının nəticəsi kimi üç respublika arasında müqavilə imzalandı, Ararat (Ermənistan) Respublikasının ərazisi təxminən 10 min kv.km müəyyənləşdirildi. Lakin ermənilər bununla kifayətlənməyərək yeni-yeni iddialar irəli sürməyə başladılar. 1918-ci ildə AXC hökumətinin qərarı ilə İrəvan və Aleksandropol hesabına ərazilərini qanuniləşdirən ermənilər Azərbaycanda sovet hakimiyyəti qurulanda artıq 25 min kv.km əraziyə malik idi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Zaqatala dairəsinin Milli Komitəsi əhali arasında sorğu keçirərək Azərbaycana birləşmək haqqında nəticəyə gəlmişdir. AXC hökuməti 1918-ci il iyunun 30-da “Zaqatala dairəsinin Azərbaycana birləşməsi haqqında” 180 №-li qərar qəbul etmişdir.

Azərbaycan hökuməti İrəvan şəhərindən ermənilərin xeyrinə imtina etmişdi. Lakin bəzi xarici dövlətlər İrəvan və onun ətrafının hələ də Azərbaycana məxsus olduğu fikrində idilər. 1918-ci ilin yayında bir ingilis diplomatının göndərdiyi məlumata görə, yeni Azərbaycan Respublikası üç quberniyanın ərazisi hesabına təşkil olunurdu: Bakı, Yelizavetpol (Gəncə) və İrəvan. 1918-ci il 31 oktyabr tarixli “Azərbaycana diqqət yetirin” adlı bir məlumatda yazılırdı ki, Azərbaycanın tələb etdiyi ərazilər “müəmmalı olsa da” o, Yelizavetpol (Gəncə), Bakı və ola bilsin ki, İrəvan və Dağıstandan ibarət olsun. 1919-cu ilin fevral ayında daha bir ingilis diplomatı “Azərbaycanda vəziyyət” adlı məruzəsində yazırdı ki, Azərbaycanın tələb etdiyi ərazilər arasında Bakı, Yelizavetpol (Gəncə), Zaqatala və İrəvan adlı məkan vardır.

1918-ci ilin iyul ayında “Mərkəz” və “Qafqaz” adı ilə İstanbulda birgə konfrans keçirilməli idi. Mərkəz adı ilə Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstanın, Qafqaz adı ilə Gürcüstan, Azərbaycan, Ermənistan, Dağlılar İttifaqının (bu ittifaqa Dağıstan, İnquşetiya, Çeçenistan, Kabarda, Osetiya və Şimali Qafqazın başqa müsəlman xalqları daxil idilər) nümayəndə heyətləri iştirak edirdilər. Bu konfransın müzakirə ediləcəyi ən vacib məsələlərdən biri dövlət ərazilərinin və sərhədlərinin dəqiqləşdirilməsi idi. Ermənistanın təqdim etdiyi sənəddə ərazi tələbləri ondan ibarət idi ki, Sürməli, Naxçıvan, Ordubad, Axalkələk, Eçmiədzin, İrəvan qəzası, Borçalı, Qazax, Qarabağ və Zəngəzur onlara verilsin. Az sonra ermənilər əvvəl istədikləri ərazilərə Türkiyənin Kilikiya vilayətini və İranın idarəsində olan Azərbaycan ərazilərini də əlavə etdilər. AXC nümayəndə heyəti də İstanbul konfransına Azərbaycana daxil olan ərazilərin siyahısını təqdim etdi: Bakı vilayəti (şəhər daxil olmaqla), Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları, Gəncə vilayəti (Gəncə, Cavanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları), Yerevan vilayəti (Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid qəzaları), Tiflis vilayəti (Borçalı, Sıqnağ qəzaları və Tiflis qəzasının bir hissəsi) və Zaqatala sancağı...

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Davamı var...

Geri dön