Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycan legionunun hərbi rəhbəri Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu – Əl çəkməsələr xüsusi məktubla legionerlərə müraciət edəcəyəm
Azərbaycan legionunun hərbi rəhbəri Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu – Əl çəkməsələr xüsusi məktubla legionerlərə müraciət edəcəyəm |
Bütün məktublarla yanaşı bir də mühacir məktublarına sahibik. Bu məktublar vətənindən didərgin düşüb orada fəaliyyət göstərən mühacirlərimiz tərəfindən yazılıb. Qeyd edək ki, həmin bu məktubları həyacansız oxumaq mümkün deyil. Burada vətən, yurd, yaxınlarının həsrəti ilə yanaşı eyni zamanda mühacirətdə göstərdikləri fəaliyyətləri ilə bağlı geniş məlumatlar yer alır. Belə məktublardan biri də 1952-ci il mayın 17-də Münhendə Əbdürrəhman Düdənginski tərəfindən Ceyhun Hacıbəyliyə yazılıb.
Əbdürrəhman Düdənginski Azərbaycanı müstəqil görmək istəyi ilə alman orduları sıralarında Azərbaycan legionunun başçısı kimi sovet ordusuna qarşı vuruşub. Ceyhun Hacıbəyli isə Demokratik Cümhuriyyəti qurduqdan sonra Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində Fransaya getmişdi. Bu şəxslər 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra vətənə dönə bilmədilər və Avropada Azərbaycanın müstəqilliyi üçün mübarizəyə başladılar. Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edirik: “Əzizim Cehun bəy! Sizin məktubu aldım. Sizin yazdığınız hər şeyi yerinə yetirəcəm. “Azərbaycan”ın birinci nömrəsinin rus hissəsinin redaktəsinə öz adımı və məqaləmi daxil edəcəyəm. “Ərizəni” redaksiyanın imzası ilə, yəni mənim B.Karayusuf və Əhməd Xəzər adı altında buraxırıq. İsmayılın imzası da silinməlidir, çünki o Rəsulzadənin məktubuna cavab verərək yazırdı ki, bəyannamə imzalanmayıb sadəcə qəbul olunub. Tezliklə türk dilində “Türkeli” çıxmalıdır. (Rus dilində artıq çıxıb, həmçinin “Azad Qafqaz” da çıxmışdı). Mən artıq Kanatbayla danışmışdım və o ərizəni həm rus dilində, həm də türk dilində çap etdirdi. Əgər Siz lazım bilsəniz, biz bunların hamısını “Azərbaycan”ın 2-ci nömrəsində də təkrar edə bilərik. Siz burada olanda biz beş dəqiqə ərzində jurnal məsələsini həll etdik və mən bizim qərarımızda qalıram. Sözsüz bizim jurnal türk, fransız və ingilis dillərində çıxmalı idi. Sizin təqdim etdiyiniz və mənim tezliklə təsdiq etdiyim layihə A.L tərəfindən dağıdılmışdı. Onun bütün oyunları haqqında mən Sizə sonrakı məktubumda yazmışam. Onun hesabı sadədi: ermənilər 3000 marka alırlar və bunun hesabına onlar hər həftə xəbərçi çıxardırlar və 6 nəfər yaşayır. Kanatbay-4000 marka; iki dildə jurnal çıxardırlar və bütün komitə bunun hesabına yaşayır; Avtorxan-5000 marka, jurnal və bütün qəbilə bunun hesabına yaşayır. Jurnal ilə bizim işimizi Əkbərağa korladı, D.L-nin sözlərinə görə o deyib ki, hər ay jurnal çap etdirməyə bizim gücümüz çatmır və ona görə dövrü olaraq çıxardacağıq. Buna əsasən, D.L. təklif etdi ki, onun “aylıq orqan” olduğunu xatırlatmayın və nəşr olunduğu ayı göstərməyin və mən belə də etdim. Sonra o xahiş etdi ki, jurnalın yarısını rus dilində çıxardaq və mütləq “qafqazlılara” cavab verək, çünki onların yazılarını hər yerdə oxuyurlar. Biz gərək bəyannaməla D.L.-ya müraciət edək öz dəqiq tələblərimizi və istəklərimizi bildirək və ondan dəqiq cavab alaq. Onun cavabından sonra gələcək fəaliyyətimizi qərara alacağıq. Ona görə artıq dərəcədə Sizdən xahiş edirəm ki, bu bəyannaməni Əkbərağa ilə birgə yazın və mən onu burada imzalayacağam və ona verəcəyəm. İsmayılın imzası olsa, yaxşı olar. Sizin burada və ya orada jurnal çıxartmaqla bağlı bütün təkliflərinizlə tamamilə razıyam. İsmayıl və Məcid gələ bilməyəcəklər. Mən böyük məmuniyyətlə oraya gələrdim. Lakin Am. Komitəsi Münheni bütün mövqelərin mərkəzi hesab edir. Həmçinin radiostansiya tələb edir və buna görə də bütün təşkilatlar burada cəmləşməlidirlər. Gürcülər isə onun üçün imtiyazlıdırlar, o, onlar üçün hər şeyi edib və edəcək. Əgər o Parisdəki pullarını bütün dillərdə jurnallar yaratmağa köçürtsə, mən çox şad olaram. Hətta mənim Parisə getməyimə ehtiyac yoxdur. Buradan da, Türkiyədən də yazmaq olar. Bəyannamədə bizim mübarizəmizi aparmaq məsələsində heç bir fikir ayrılığı yoxdur. Bax buna görə bu lazımdır. Əkbərağa Parisdə D.L-nın yanına getdi və jurnaldan, təşkilatdan narazı olduğunu bildirdi. Söz yox ki, Əkbərağa ona çox şey dedi. Ona elə gəlir ki, D.L. bizə böyük məbləğ verir, biz isə ona göstərmirik. Bununla yanaşı, D.L.-nın gəlişindən sonra cənab Aleksandr mənə dedi ki, Parisdə jurnaldan və işlərin gedişatından narazıdırlar. Mən əlbəttə, həmin dəqiqə bizim daxili işlərimizə müdaxilə etmələrinə qarşı çıxdım. O, həmin vaxt mənə cavab verdi: “Əgər sizin həmvətənləriniz bizi Sizin daxili işlərinizə qarışdırmasaydılar, biz çox şad olardıq”. Ertəsi gün - şənbə günü 15.3.-də mən D.L. ilə göröşdüm. O, söhbətə onunla başladı ki, bizim daxili işlərimizə müdaxilə etmək niyyəti yoxdur və bütün bunlar onu bezdirib. Lakin Əkbərağa Parisdə şifahi, Hacıbəyli isə yazılı şəkildə öz narazılıqlarını bildirdikləri üçün o xahiş etdi ki, bu mübahisələri özümüz həll edək və onu bu işə qatmayaq. Azərbaycan təşkilatındakı “parçalanma” haqqında çoxlarına şişirdərək danışırdı. Bu cənab Şvedə və bizim digər dostlarımıza böyük təsir etdi. Mən D.L.-ya dedim ki, bizim aramızda heç bir ayrılıq yoxdur. Heç bir prinsipial xüsusiyyət bizi ayırmır. Hacıbəylinin jurnaldan bəzi narazılıqları mənə onun şəxsi məktublarından məlumdur və mən onun bütün xahişlərini yerinə yetirəcəm. O, yenə də xahiş etdi ki, ona bizim aramızda heç bir fikir ayrılığı olmaması ilə bağlı bəyannamə ilə müraciət edək, çünki o, Sizdən rəsmi məktub alıb və onun məzmununu lazımı yerlərə çatdırmalıdır. Ona görə Sizdən xahiş edirəm, mümkün qədər tez bir zamanda bizim tələblərimizlə birgə bəyannamə göndərin. Baxaq görək bundan sonra o hansı “ayrılıqdan, dağınıqlıqdan” danışacaq ki, bizim tələblərimizdən imtina etsin və bizi məcbur etsin ki, onun diktatorluğu ilə razılaşaq. Mən Sizinlə tamamilə razıyam .D.L.-nin bu cür laqeyd münasibəti zamanı bizim Am. Komitəsi ilə əməkdaşlığımız qeyri-mümkün olur. Bu bizim milli və şəxsi dəyərlərimizi sıxışdırırır. Beləliklə, sonuncu bəyannaməmizi göndərəcək və onun cavabına uyğun olaraq hərəkət edəcəyik. Mənə elə çətin idi ki, çünki o, bura Layonsun banketində tanış olduğum Sinsadzeni dəvət etdi. Sinsadze mənə dedi ki, o, hələ Parisdə D.L və Layonsla görüşürdü. Layons hətta türklərlə danışmağa icazə vermədi. Özü də mən D.L-dən Sizinlə görüşməməsinin səbəbini soruşdum. O, dedi ki, Sizin telefonunuz yoxdu, onun isə vaxtı məhduddur. Nyu-Ulma getdim, iki gün dalbadal həmvətənlərimizlə danışdım. Dr. Oroys onları bizə qarşı hazırlamışdır. Ümumiyyətlə, danışıqlar səs-küylə keçirdi və onlar həmişə təkrar edirdilər ki, “ruslardan alıb ruslara getmisiniz. Doktor bəy pul üçün ruslara baş əyməz”. Nə isə. Onların bəzilərini inandıra bildim. Yenidən getmək lazım gələcək ki, həmvətənlərimizi tamamilə inandıraq”. “Ukrainskiye vesti” qəzetinin redaksiyasında da oldum. Dr Oroys 17.1.1952-ci il tarixində burada mənə və nümayəndə heyətinə qarşı yönəlmiş geniş məqalə yazmışdı. Bu mövzu ilə bağlı bütün redaksiya işçiləri ilə çox danışdım. Onlar mənimlə razılaşdılar ki, Ukrayna qəzetinin səhifələrində Azərbaycan xadimlərini çirkaba bulaşdırmaq lazım deyil. Onlar mənə dedilər ki, bizim jurnalı aldıqdan sonra Dr.Oroysun haqlı olmadığını anladılar və bir daha bunlar təkrar olunmayacaq. Onlar İsmyılın dünən aldığım rus dilindəki məqaləsini 16.3.1952-ci ildə çıxan nömrəsində çap etdilər və bunu Sizə də göndərirəm. Jurnaldan sonra başqa qeyri-ruslar da sakitləşdilər. ABN biabırcasına İsmayılı kənarlaşdırdı, indi isə “Azərbaycan”ın ünvanına bülletenlər göndərir. Kazaklar və həmçinin Alşıbəy və digər gürcülər bizim fəaliyyətimizi tam qiymətləndirirlər. Yalnız Qantəmir və “qafqazlılar” susmurlar. Mən burada olmayanda professor Mende gəlib. “Qafqaz” jurnalının redaksiyasındakı söhbət zamanı Qlazkov da olub və professor V.Mende Qantəmirə deyib ki, o, bizim jurnalı alıb, onun məzmunu Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin məzmununa tamamilə uyğundur və Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ilə tanış olub, razı qalıb. Bütün bunlara baxmayaraq, Qantəmir və “qafqazlılar” həmişə deyirdilər ki, biz “satqınıq” və axıra qədər tarix qarşısında ifşa olunmalıyıq. Kazakların nümayəndəsi Qlazkov onlara bildirdi ki: “Siz Azərbaycan nümayəndə heyətini təqsirləndirərək məqamlara uyğun hərəkət etmədiniz. Onun fəaliyyəti tərifə layiqdir və biz onların mövqelərini möhkəmləndirməli və müdafiə etməliyik, çirkaba atmamalıyıq”. Lakin bütün bunlara baxmayaraq başda Qantəmir olmaqla “qafqazlılar” həmişə xəyanətkar olduğumuzu təsdiqləyirdilər. Əgər onlar əl çəkməsələr, xüsusi məktubla legionerlərə müraciət edəcəyəm, axı biz onların bütün istəklərini bilə-bilə heç vaxt onlara toxunmamışıq. Onlar Azərbaycan türkləri arasında qarışıqlıq yaratdılar. Qoy Qantəmir Osetiyanın işləri ilə məşğul olsun. Sonra mən eşitdim ki, onların əli ağırdı və neçə ki Qafqazın “müstəqilliyi” ilə qidalanırlar, bizim xalqlara azadlıq yoxdur. Legionerlərin təbrikləri gəlməkdə davam edir. Artıq “Hürriyət” qəzetinin 10.3.1952-ci il nömrəsində məqalə çap edildi. Bu məqalədə bizim məqalələrimizdən parçalar və həmçinin Visbaden bəyannaməsi verilir. Bizim nümayəndə heyətimizin prinsipial mövqeyi göstərilir. Ümumiyyətlə, bizim hərəkətlərimizi tərifləyən gözəl məqalədi. Bu şər atanlara böyük zərbədir. Bax Məclis haqqında nə yazırlar! İndi Əflandan və Ankaradan jurnalın paylanmasının nəticəsi haqqında cavab gözləyirəm. Onlardan xəbər alan kimi sizə məlumat verəcəyəm. Səbirsizliklə cavab gözləyirəm. Sizi, Timuçini və balaca Hacıbəylini bağrıma basıb öpürəm, Madamın qarşısında baş əyirəm və əməliyyatın uğurlu keçməsi münasibəti ilə təbrik edirəm. Həmişə Sizin Abo Münhen 17.5.1952.” Təqdim etdi: Rəşad Sahil Geri dön |