Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi

Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi


Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatının üsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi: “Hansı evdən güllə atılsa, o ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər”.

İkinci cild Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında yazılır ki, yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı.

Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Mayın 21-də Tərtərdə yerli əhali buradakı 11-ci Qırmızı ordu bölmələrinə qarşı hücuma keçdi. Üsyançılar qalib gəldilər. 11-ci Qırmızı ordu hissələri 80 nəfərə qədər itki verdi. Tərtərdəki 11-ci Qırmızı ordu alayının komandiri Naumov öldürüldü. Üsyan Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi. Onun daha da genişlənməsinin qarşısını almaq üçün 11-ci ordu komandanlığı dərhal əməli tədbirlər gördü. Gəncədən Qarabağa süvari bölmələri gətirildi. Ermənilər xəyanət edərək, düşmən tərəfinə keçdilər. Ermənilərdən təşkil edilmiş dəstə 11-ci Qırmızı ordu dəstələri ilə birlikdə üsyanın yatırılmasında fəal iştirak etdi. Bütün bunların nəticəsində Tərtərdə üsyançıları müvəqqəti olaraq sakitləşdirmək mümkün oldu.

Gəncə üsyanı (1920) 11-ci ordu komandanlığını daha ciddi təşvişə saldı. Həm bu üsyanın, həm də digər bölgələrdə baş verən üsyanların qarşısının alınması üçün 11-ci ordu komandanı 1920-ci il mayın 26-da 60 nömrəli direktiv imzaladı. Azərbaycanda baş verən xalq hərəkatı ilə bağlı mayın 28-də Qafqaz cəbhəsi komandanı V.Gittis də xüsusi direktiv imzaladı. Cəbhə komandanı Zaqatala, Gəncə, Şuşa bölgələrində vəziyyətə nəzarət edilməsi üçün həmin yerlərdə lazımi qədər qüvvə saxlanılmasını lazım bildi. O, əsas vəzifə kimi, nəyin bahasına olursa-olsun, Bakıda vəziyyətə nəzarət olunması, neft mədənlərinin və qurğularının qorunması haqqında göstəriş verdi.

Azərbaycanda Moskvanın dayağı olan qüvvələr Bakının xaricdən qorunmasını təmin etməklə bərabər, onun daxilində də işğal rejimini möhkəmləndirmişdilər. Xüsusi şöbənin əməkdaşları şübhələndikləri adamları terrorla aradan götürürdülər. Əhalidə saxlanılan silahlar toplanırdı. Sovet rejiminə qarşı ən adi hərəkətlərə görə amansız tədbirlər görülürdü. Bu baxımdan Bakı şəhər qarnizonu rəisinin iyunun 7-də imzaladığı əmr səciyyəvidir. Əmrin imzalanmasına səbəb kimi Abşeron yarımadasında qırmızı hərbçilərin əhali tərəfındən öldürülməsi, yaralanması, bəzilərinin isə itkin düşməsi göstərilirdi. 11-ci ordu komandanlığı bu hadisələri kütləvi üsyana xəbərdarlıq kimi qəbul edir və əhalinin narazıhğını yerindəcə boğmağa çalışırdı. Ona görə, qarnizon rəisi Bakı kəndlərinin əhalisindən evlərində saxladıqları silahları təhvil verməyi tələb edirdi. Kənd sakinləri isə qarnizon rəhbərliyinin tələblərinin əksinə olaraq, özlərini qorumaq üçün saxladıqları silahları təhvil verməyə meyl göstərmirdilər. Belə olduqda, sakinlərdən 10 nəfər girov götürülmüş və bir neçə gündən sonra güllələnmişdilər. Lakin 11-ci ordu komandanlığının həyata keçirdiyi tədbirlər əhalinin narazılığını daha da artırdı.

Gəncə üsyanından sonra növbəti kütləvi üsyan Qarabağda və Zaqatala bölgəsində baş verdi.

Qarabağdakı üsyanın vüsət aldığı bir vaxtda Azorbaycanın digər ərazilərində də sovet rejiminə qarşı xalq üsyanları baş verdi. Kür və Qanıq (Alazan) çaylarının qovuşacağında sovet hakimiyyətindən narazı olan əhali 800 nəfərlik silahlı dəstə yaratmışdı. Dəstənin sərəncamında 2 top və 8 ədəd pulemyot var idi. Qəbələdə bütün müsəlmanlar işğalçılar əleyhinə müqəddəs müharibəyə (cihada) çağırıldı. Bu çağırışa səs verənlər Şəkidən 50 verst cənub-şərqdə olan Xaçmaz kəndinə toplanırdı. Xalq könüllüləri Şamaxı-Quba yolu ilə şimala doğru hərəkət edib Azərbaycanın Sovet Dağıstanı ilə əlaqələrini kəsməli idi. 3000 nəfərlik başqa bir silahlı dəstə Cavad qəzasında, Saatlıda yaradılmışdı. Dəstə onlara qarşı göndərilmiş 28-ci diviziyanın 2-ci süvari alayına hücum etdi. Toqquşmalar nəticəsində üsyançılar ağır tələfat verdilər.

1920-ci ilin yayında Şəmkirin Müsgürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular. Payızda burada alovlanan başqa bir üsyana Namaz adlı bir kəndli rəhbərlik edirdi. Üsyançılar 500 nəfərlik dəstə ilə qəzanın böyük bir hissəsində sovet rejimini ləğv etmişdilər. Qırmızı ordunun çoxsaylı hərbi qüvvələri bu üsyanı da böyük qəddarlıq və amansızlıqla yatıraraq, yerli əhaliyə divan tutdu.

Avqustun 23-də Quba qəzasında Küzün kəndinin əhalisi silahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas oldu. Qubanın hərbi komissan Küzün kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Küzün kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərdi. Avqustun 29-da Qubanın 4 verstliyində (1 verst = 1,0668 km) sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu - sentyabrın əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər.

Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi. Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.

Sovet hakimiyyətinə qarşı vuruşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatmışdı. Sovet qüvvələri Qaradonlu (indiki İmişli) ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də, bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafındakı 7 kənd də üsyançılara qoşuldu. Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sanxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki sovet qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfınə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu 11-ci ordu qüvvələrinin ora göndərilməsində görürdü. Çünki bölgədəki hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər.

Azərbaycanın cənubunda ən kütləvi antisovet üsyanı Lənkəran-Astara bölgəsində baş verdi. Bu bölgədəki üsyanların əsas dalğası 1920-22-ci illərə təsadüf edir. Azərbaycanında sovet hakimiyyətinə qarşı çıxışlar 20-ci əsrin 30-cu illərində və ondan sonra da müxtəlif formalarda davam etmişdir.

Geri dön