Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xırda etirazlardan ümidlənən müxalifət - indi də güləşçilər...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Xırda etirazlardan ümidlənən müxalifət - indi də güləşçilər...

Xırda etirazlardan ümidlənən müxalifət - indi də güləşçilər...


Fərəc Quliyev: “Bunun müxalifətçiliyə heç bir aidiyyəti yoxdur”

Tural Abbaslı: “Artıq müxalif arenaya yeni siyasi təfəkkür gəlməlidir”

Son 24 ildə Azərbaycan müxalifətində qəribə bir tendensiya yaranıb. Belə ki, ölkə daxilində hər hansı kiçik etiraz olan kimi, yaxud hakimiyyətdən yüksək postda təmsil olunan hansısa şəxs vəzifəsini itirən kimi iqtidarın vəziyyətinin ağır olduğu, tezliklə dəyişikliklərin baş verəcəyi barədə açıqlamalar, vədlər verilir.

Son olaraq, bir qrup idmançının maaşlarının verilməməsi ilə bağlı etirazlarından sonra belə hala rast gəldik. Sosial şəbəkələr və mətbuatda partiya liderlərinin hakimiyyət daxilində ciddi proseslərin başlandığı barədə ümid dolu fikirlərinə şahidlik etdik ki, hələ də belə fikirlər davam edir. Çox güman ki, idmançıların etirazları gündəmdən düşənə qədər belə davam edəcək.

Bir çoxları hesab edir ki, insanları siyasi proseslərə cəlb etmək, öz təşkilatlarının gücünü artırmaq üçün bu cür açıqlamalar verilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevə görə, ölkə daxilində baş verən hadisələrə müxalifətin aqressiv şəkildə yanaşması doğru deyil: “Biz uzun illər sovet imperiyasına qarşı mübarizə apardıq. O zamanlar mən ən radikal mübarizə aparan kəsimdə təmsil olunurdum. Həbsxanaya qədər gedib çıxmış şəxsəm. Amma mən müstəqillik uğrunda imperiyaya qarşı mübarizədə bütün mübarizə üsullarının məqbul sayıldığını qəbul etmişdim - istər qanuni, istərsə də qanunsuz. O zaman əsas məqsəd ölkəni istiqlala qovuşdurmaq idi. Amma sonradan ikinci bir dönəm başladı. Artıq müstəqil dövlətimiz var. Biz problemlərə qarşı müxalif olmalıyıq. Şəxslərə qarşı qərəzli şəkildə dayanmaq, yaxud hansı hökumət olursa-olsun, ağına qara, qarasına qara demək doğru deyil. Ölkə daxilində hər hansı bir problem varsa, ona qarşı adekvat davranmağı bacarmalıyıq. Milli maraqlara uyğun olmayan hər hansı davranış və hərəkət varsa, kimliyindən asılı olmayaraq, ona qarşı olmalıyıq. Milli maraqlara uyğun hərəkət olacaqsa, kim olursa-olsun, onun yanında olmalıyıq. Milli maraqlar hər şeyin üstündə olmalıdır. İdmançılarla bağlı məsələyə gəlincə təbii ki, onların haqlı istəkləri varsa, bu istəklərin həyata keçirilməsi hamımızın arzusudur. Biz ölkə insanlarının hamısına sahib çıxmalıyıq. İdmançılarımıza daha çox sahib çıxmalıyıq, çünki ölkəmizi təmsil edirlər. Amma onların etirazlarından süni istifadə halları fərqli yerlərə gələ bilər. 20-30 və ya bir qədər çox şəxsin etirazı, tələbləri varsa, bunu dövlətə qarşı çevirmək, daxildə narazılıq kimi təqdim etmək artıq qərəzli münasibətdən xəbər verir. Belə hallarda istər müxalifətdə olsun, istərsə də olmasın, əgər çıxış yolunu bilirsə təklif etməlidir. Etirazçılarla aidiyyəti qurumlar arasında vasitəçi olmağa çalışmalıdır. Amma bu narazılıqları böyüdək, dövləti zəiflədək kimi düşüncələr qəbul oluna bilməz. Bunun müxalifətçiliyə də heç bir aidiyyəti yoxdur. Biz yaşamımızda, mübarizəmizdə milli maraqlardan çıxış etməliyik. Hansı hərəkətə dövlətimizə xeyir gətirirsə, onun qulpundan tutmalıyıq”.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, ənənəvi müxalifətin uzun illərdəki uğursuzluğu bu cür halları yaradır: “Bu və buna bənzər tendensiyalar, hərəkətlər artıq uzun illərdir ki, müxalifətin siyasətinin aparıcı davranışına çevrilib. Çünki artıq 3-cü onillikdir ki, bu müxalifətin fəaliyyətinin heç bir müsbət nəticəsi yoxdur və bu uğursuzluq silsiləsi xalqın ona olan son inamını da itirməsinə gətirib çıxarıb. Bu da təbiidir ki, xalqın etimadını itirmiş heç bir siyasi qüvvə siyasi səhnədə yeni vəziyyət yarada, hakimiyyəti hansısa xırda belə olsa güzəştlərə getməyə məcbur edə bilməz. Əgər hansısa partiya cəmiyyətdə yeni siyasi situasiya və həqiqətlər yarada bilmirsə, məcburdur ki, özünün iradəsindən kənarda yaranmış vəziyyətlərdən istifadə etməyə çalışsın.

Ancaq təəssüflər olsun ki, belə məsələlərdən də normal yararlanmaq bacarığına sahib deyillər. Tam əksinə, hər dəfə belə siyasi məqamlar yarandıqda bunlar özlərinin nə qədər uzaqgörən olmadıqlarını və analiz qabiliyyətlərinin nə qədər qıt olduğunu bir daha nümayiş etdirirlər. Buna xeyli sayda nümunələr də göstərmək olar. Xatırlayırsınızsa, bu mərhələ üsyankar nazir Fərhad Əliyevlə başladı, üsyankar iqtisadçı, üsyankar deputat Hüseyn Abdullayev, üsyankar diplomat Arif Məmmədov, üsyankar müstəntiq və s.-lə davam etdi. Bunlar hələ mənim xatırladıqlarımın bir hissəsidir. Bu gün də başlayıblar ki, üsyankar idmançılar. Əminəm ki, hakimiyyət həmişə olduğu kimi, bu dəfə də idmançılarla dil tapacaq və hər şey əvvəlki kimi davam edəcək. Ancaq bütün yuxarıda sadaladıqlarım proseslərin hansında özünə müxalifət deyənlər yararlana bildilər? Heç birindən. Çünki bu vəziyyəti onlar yaratmamışdı və bu proseslərin ”baş qəhrəmanları" da onlara inanmır və güvənmirdi. Mən siyasətçi olaraq proseslərin arxasınca sürünməyin yox, siyasi proseslərin başladılmasının tərəfdarıyam. Artıq müxalif arenaya yeni siyasi təfəkkür gəlməlidir. Xalqın səsinə qulaq vermək və xaricdəki Sem dayılardan, Meri xalalardan daha çox xalqa yaxınlaşmağa çalışmaq lazımdır. Azərbaycanda hakimiyyət dəyişəcəksə, bunu nə Rusiya, nə Avropa, nə də Amerika edəcək, bunu bu gün həm iqtidarın, həm də müxalifətin siyasi bir oyunçu kimi öz başlarında bitirdikləri xalq edəcək".

Cavanşir ABBASLI

Geri dön