Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azyaşlının zorlanması ölüm hökmünün bərpasını gündəmə gətirdi: Millət vəkilləri “Hə” deyirlər
Azyaşlının zorlanması ölüm hökmünün bərpasını gündəmə gətirdi: Millət vəkilləri “Hə” deyirlər |
Ötən gün Culfada 4 yaşlı uşağın hərbi xidmətdən yeni qayıtmış gənc tərəfindən zorlanması ölkədə ölüm hökmünün bərpasını yenidən aktuallaşdırıb.
Yenicag.Az xəbər verir ki, qeyd olunan hadisənin ictimailəşməsindən sonra sosial şəbəkələrdə bu məsələ ilə bağlı səngiməyən müzakirələrdə zorlama və digər ağır cinayətlərə görə ölüm cəzasının tətbiqinə intensiv çağırışlar edilir. Müzakirələrə qatılan bəzi nüfuzlu şəxslər də Culfa olayını kəskin pisləyərək, bu tip cinayətlərin qarşısının alınması üçün ölüm hökmünün bərpasına ciddi ehtiyac olduğunu bildiriblər. Sosial şəbəkədə bu qandonduran cinayətə sərt reaksiya verən millət vəkili Qənirə Paşayeva həmin cinayətkara ömürlük həbs cəzası verilməsi üçün çağırış edib. Paşayeva paylaşdığı statusda bu kimi hallarda ölüm hökmünün bərpasının arzulandığını da etiraf edib: “Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm. Amma bu üçüncü dəhşətli hadisədir ki, “kaş ölüm hökmü olsaydı”, – demişəm. Yəni o qədər dəhşət içindəyəm. Bu cür bir neçə rəzil, vəhşi məxluqların üzündən bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq. Bu adam bəhs etdiyimiz hadisədən öncə də qeyri-normal həyat yaşayıb, içki aludəçisi olub, bir neçə gün əvvəl anası döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də, ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata döndərmək üçün işlər, tədbirlər artırılmalıdır. Heç bir nəticə olmadıqda və bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən “insan” isə layiq olduğu cəzanı çəkməlidir ki, bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun!” Məsələ ilə bağlı Yenicag.Az-a münasibət bildirən Milli Məclisin bəzi deputatları da qeyd olunan cinayətlərə görə ölüm hökmünün bərpasına tərəfdar olduqlarını bildiriblər. Bu barədə Yenicag.Az-a danışan millət vəkil Vahid Əhmədovun fikrincə, elə cinayətlər var ki, onları törədən şəxslərin azadlıqdan ömürlük məhrum edilmələri də çox yüngül cəzadır: vahid_axmedov“Baş vermiş o hadisə çox böyük biabırçılıqdır, rəzalətdir. O baxımdan, sosial şəbəkələrdə, mətbuatda belə cinayətlərə görə ölüm cəzasının tətbiqinə dair çağırışları başa düşmək lazımdır. Çox təəssüf ki, dünya əvvəlki dünya deyil. Ölüm hökmünün ləğvini şərtləndirən dəyərlər indi çox aşınıb. Ona görə də tək Azərbaycanda deyil, dünyanın hər yerində insanlıq adına utanc gətirən cinayətlər olduqca çoxalıb. Dediyim səbəbdən, mən də bu və digər ağır cinayət əməllərinə görə ölüm cəzasının bərpasını dəstəkləyirəm. Əlbəttə, bu fikirlər mübahisə doğura bilər. Ancaq unutmayaq ki, ABŞ da daxil olmaqla, dünyanın bir çox demokratik ölkələrində ölüm hökmü qüvvədədir. Qardaş ölkə olan Türkiyədə də ölüm hökmünün bərpası ilə bağlı ciddi müzakirələr gedir. Mən o cür cinayətlərin qarşısının alınması üçün artıq başqa yol görmürəm. Çünki ömürlük həbs cəzasına məhkum edilən cinayətkarlar beş-on ildən sonra azadlığa çıxmaq imkanı qazanırlar və cəmiyyət üçün yenə də təhlükə mənbəyinə çevrilirlər”. Mövzu barəsində Yenicag.Az-a açıqlama verən millət vəkili Fazil Mustafa isə uşaq və hamilə qadınlara yönəlik zorakılıq hallarına görə ölüm hökmünün bərpa edilməsinə tərəfdar olduğunu deyib: “Ümumiyyətlə, təkcə ağır cinayətlərdən söhbət getmir, bu məsələ müzakirə edilərkən dəfələrlə bildirmişik ki, uşaqlara, hamilə qadınlara tətbiq edilən zorakılığa görə ölüm hökmünün bərpasını düşünmək olar. Düzdür, Avropa Şurası qarşısında ölüm hökmünün ləğvi ilə bağlı Azərbaycanın öhdəliyi var. Amma elə məsələlər var ki, orada müəyyən addımların atılması hər halda zəruridir. Ümid edək ki, məsələ bir daha qanunverici orqanın müzakirəsinə çıxarılacaq. Əslində, bu sahədə xeyli problemlər ortaya çıxıb. Ona görə də həmin halların qarşısını almaq üçün müəyyən addımların atılması vacibdir. Məsələyə reaksiyanın olmaması sadəcə, Avropa Şurası qarşısında öhdəliyimizin olması ilə bağlıdır. Həmin öhdəliyi aşa bilmirik, amma hər halda bu barədə də düşünmək lazımdır”. Məsələyə dair fikirlərini Yenicag.Az-a bildirən deputat Fərəc Quliyev də bir sıra cinayətlərə görə ölüm hökmünün tətbiq edilməsinin vacibliyi qənaətindədir: “Azərbaycanda ölkə qanunvericiliyini beynəlxalq qanunvericiliyə uğyunlaşdırmaqla bağlı addımlar atılıb. Ölüm hökmünün ləğvi də buna bağlı olan bir məsələ idi. Bu, sadəcə, humanizm prinsiplərindən irəli gəlmirdi. Əksər ölkələrdə tədricən cəzalar yüngülləşdirilir, ölkə qanunvericiliyi beynəlxalq qanunlara uyğunlaşdırılır. Ölkənin beynəlxalq imici də bəzən belə məsələlərlə ölçülür. O mənada, ölüm hökmünün yenidən bərpası məqsədəuyğun deyil. Ancaq şəxsi fikrimə görə, bir çox məsələlər var ki, ölkənin mentalitetinə uyğun olaraq, onlara fərqli yanaşmaq lazımdır. Azyaşlı uşaqlara qarşı törədilən cinayətlərə, Vətənə xəyanət, namus məsələlərinə görə qəti tədbirlər görülməsinin, bu çərçivədə ölüm hökmünün bərpasının şəxsən tərəfdarıyam. Siyasətçi olaraq, ölkənin taleyini düşünəndə və bütün məsələləri göz önünə gətirəndə isə ölüm hökmünün tətbiq olunmasının mümkün olmadığının da fərqindəyəm”. Millət vəkili Elman Məmmədov da Yenicag.Az-a açıqlamasında ağır cinayətlər törədənlərin, xüsusilə Vətənə xəyanət edənlərin ən ağır cəzaya məhkum edilməli olduqlarını söyləyib: “Azərbaycanda ölüm hökmü ləğv olunub. Ancaq fikrimcə, elə cinayətlər var ki, ona münasibətdə ölüm hökmü tətbiq edilməlidir. Vətənə xəyanət cinayəti hökmən ölümlə cəzalandırılmalıdır. Vətəninə xəyanət edən şəxsi bağışlamaq olmaz. Əgər ölüm hökmü bərpa olunsa, məhz bu cinayətə görə belə cəza növü tətbiq edilməlidir. Başqa cinayətlər barədə isə deyə bilmərəm”. Elçin A.Zeynalov Geri dön |