Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan hakimiyyəti İranla bağlı siyasətində dəyişiklik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan hakimiyyəti İranla bağlı siyasətində dəyişiklik edib

Azərbaycan hakimiyyəti İranla bağlı siyasətində dəyişiklik edib


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, «Hakimiyyət qərara alıb ki, İranla onun başa düşdüyü dildə danışmaq lazımdır».
Azərbaycanla İran arasında gərginlik hər gün bir az daha artır. Hər iki ölkədə təşkil edilən məlum etiraz aksiyaları kampaniyanın hökumətlərin razılığı ilə aparıldığını təsdiq etsə də, Azərbaycan tərəfi izi yenə azdırmağa çalışır. Məsələn, YAP-ın icra katibi Əli Əhmədov “Yeni Azərbaycan” qəzetinə verdiyi son müsahibədə Azərbaycanın İrana dost kimi baxdığını, gərginliyi isə üçüncü qüvvənin yaratdığını iddia edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, real vəziyyət Əli Əhmədovun təsvir etdiyi kimi deyil. Sadəcə olaraq YAP rəsmisi bu açıqlama ilə vəziyyəti yumşaq göstərməyə çalışır: “Görünür, hələ də İrandan çəkinirlər. Amma mən düşünürəm ki, Azərbaycan hakimiyyəti İranla bağlı siyasətində dəyişiklik edib. Və münasibətləri sərtləşdirməyə qərar verib. İrandan Azərbaycana qarşı sistemli antiAzərbaycan siyasəti yürüdülür. İki ölkə arasında gərginlik, sərt açıqlamalar əvvəllər də olub. Amma bu, sistemli xarakter (mahiyyət) daşımayıb. Son vaxtlar isə sistemli olmağa başlayıb. Bir ara Azərbaycan hökuməti çalışdı ki, yumşaq siyasət yürüdüb bu gərginliyi aradan qaldırsın. Əli Həsənov, Səfər Əbiyev İrana səfər edib Tehranı inandırmağa çalışdı ki, Azərbaycan Qərbin planlarında yer almayacaq. Ilham Əliyevin özünün açıqlaması oldu ki, Azərbaycan torpaqlarından İranın əleyhinə istifadə olunmasına imkan verməyəcəklər. Amma görünür, bütün bunlar işə yaramadı. Sonda Azərbaycan hakimiyyəti də qərar verdi ki, İranla onun başa düşdüyü dildə danışmaq lazımdır. Təbrizdə ”Eurovision"un əleyhinə məlum mitinq oldu, Bakıda İran səfirliyinin qarşısında ilk dəfə icazəsiz aksiyaya imkan verildi. Həmişə polis İran səfirliyi qarşısında aksiyanı əngəlləməyə çalışırdı. Bu dəfə isə fərqli oldu. Bakı Dövlət Universitetinin tələbələri çox geniş şəkildə aksiyada iştirak etdilər və İran əleyhinə şüarlar səsləndirdilər. Bu da ondan xəbər verir ki, Azərbaycan hakimiyyətinin İran səfirliyi qarşısında təşkil etdiyi aksiyada əli olub. Bunu əslində Tehran da anladı".

E.Şahinoğlu İranla münasibətləri sərtləşdirməyin riskli siyasət olduğunu deyir: “Azərbaycan hakimiyyəti İranla kəllə-kəlləyə gələndə yanında müttəfiqlərin dəstəyini görməlidir. Müttəfiq də Qərb, Avropa Birliyi, ABŞ (Amerika Birləşmiş Ştatları) və Türkiyədir. Çox təəssüf ki, bu istiqamətdə də Azərbaycan hakimiyyətinin problemləri var. Novruz Məmmədov son açıqlamasında deyib ki, Azərbaycan qərbpərəst siyasətindən bir az geri çəkilə bilər. Halbuki İrandan təhdidlərin artdığı bir vaxtda Qərblə münasibətlər daha da sıxlaşmalı, təhlükəsizlik sahəsində əməkdaşlıq güclənməlidir. Amma Azərbaycan rəsmiləri əks fikirlər söyləyirlər”.

Geri dön