Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Müslüm Maqomayevin anadan olmasının 75 illiyidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bu gün Müslüm Maqomayevin anadan olmasının 75 illiyidir

Bu gün Müslüm Maqomayevin anadan olmasının 75 illiyidir


Avqustun 17-də anadan olmasının 75-ci ildönümü tamam olan dahi musiqiçi, səhnəyə ilk gəlişi və heyrətləndirici səsi ilə əfsanəyə çevrilmiş, istedadlı bəstəkar, pianoçu Müslüm Maqomayev bütün zamanların bənzərsiz sənətkarı olaraq qalacaq.

Bəşəriyyət tarixində elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanır, adları ehtiramla yad edilir. Çünki həmin şəxsiyyətlər yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. Belə ölməz, parlaq şəxsiyyətlərdən biri də bu gün anadan olmasının 75 illiyi nəyinki doğulduğu Azərbaycanda, həm də dünyanın bir çox yerlərində qeyd edilən SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevdir.

Unudulmaz sənətkarın milli musiqi mədəniyyətimizin inkişafı tarixindəki xidmətləri dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyev bu il iyulun 31-də Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizin hər yerində dahi sənətkarın 75 illiyi silsilə tədbirlərlə qeyd olunacaq.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edib və ilk uğurunu 1962-ci ildə qazanıb. Gənc vokal ifaçısı Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanıb və oradan medalla qayıdıb. Populyar “Oqonyok” jurnalı onun həmin uğurundan bəhs edən “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Onun anşlaqla keçən konsertlərinə bilet çətin tapmaq olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzlarından biri adlandırırdılar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirmişdi.

31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülən vokalçının repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslüm Maqomayevə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirib ki, onları fərqləndirməyi və özününküləşdirməyi bacarıb, fəlsəfi yüksəkliyə qaldırıb.

Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

Müslüm Maqomayev kimi geniş diapazona, ürəkləri fəth edən lirik bariton səsə malik çox az sənətkar var. Janrından asılı olmayaraq ifa etdiyi hər bir musiqi nömrəsində, özünün öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestrinin böyük rolu olub. Orkestrin rəngarəng proqramlarında ustad vokalçı əsl sənətkara xas əzmkarlıqla öz ifalarını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: “Müslüm Maqomayevi yığcam və lakonik şəkildə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın ən unudulmaz illərini onunla birgə keçmişəm. Həmin illər mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. O, bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.

Təqvimdə 17 avqustu bütün musiqisevərlər üçün əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə özünə heç vaxt silinməyəcək əbədiyyət heykəli ucaldıb. Həmin gün dünyaya göz açan sənətkarın abidəsini ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək...

Geri dön