Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əbdürrəhman Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu - Qərbin bəzi nümayəndələri bütün planlarımızla razıdırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Əbdürrəhman Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu - Qərbin bəzi nümayəndələri bütün planlarımızla razıdırlar

Əbdürrəhman Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu - Qərbin bəzi nümayəndələri bütün planlarımızla razıdırlar


Əbdürrəhman Düdənginski Azərbaycanı müstəqil görmək istəyi ilə alman orduları sıralarında Azərbaycan legionunun başçısı kimi sovet ordusuna qarşı vuruşub. Ceyhun Hacıbəyli isə Demokratik Cümhuriyyəti qurduqdan sonra Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində Fransaya getmişdi. Bu şəxslər 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra vətənə dönə bilmədilər və Avropada Azərbaycanın müstəqilliyi üçün mübarizəyə başladılar.

Əbdürrəhman Düdənginski bu məktubunda Ceyhun Hacıbəyliyə gördükləri işlərdən və planlarından söhbət açır.

Enter.News tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:

"Əziz Ceyhun bəy!

Sizin 20.10.50 tarixli məktubunuzu aldım və çox sevindim. Burada Qərbin bəzi nümayəndələri ilə görüşdüm. Əməkdaşlıq üçün lazım olan bütün planlarımızla razıdırlar. Ancaq uzadırlar. Son zamanlara qədər onlar Kerenskinin güclü təsiri altında idilər. Sizin yazdığınız kimi onların uzunmüddətli “Birlik” siyasəti öz güclü çatlarını verib və biz bunu burada hiss edirik. Son vaxtlar isə onlar vlasovçulara müraciət etmişdilər. Onlara edilən kömək nəticəsində artıq 4-cü aydır ki, konfrans keçirməyə çalışsalar da, lakin başqa çoxsaylı təşkilatlarla razılaşa bilmirlər. Onlar istəyirdilər ki, biz heç olmasa qonaq kimi bu konfransda iştirak edək. Əlbəttə, bu heç zaman baş verməyəcək və əksinə, biz nümayiş təşkil edəcəyik. Görünür, onların bu konfransından heç nə çıxmayacaq.

Bizdə böyük canlılıq vardır: Buraya Şimali-Qafqaz mənşəli bir amerikalı gəlmişdi. Əhməd-Nəbi Maqoma ilə, mənimlə və başqaları ilə uzun söhbətlər etdi. O bizə məsələhət bildi ki, Türk-Qafqaz İttifaqı yaradaq. Biz razılıqla bu təklifi qəbul etdik və bütün planları, sxemləri Maqoma ilə birlikdə hazırlayıb ona verdik. Düşünürəm ki, 2-3 aydan sonra cavab olacaq. Bu ittifaq mənim çox xoşuma gəlir və onun böyük nüfuzu olacaq. Şübhəsiz ki, əsas işi Milli Komitələr aparacaq və biz imkan vermərik ki, onlar bu İttifaqın içində itib-batsınlar. Milli Komitələrlə yanaşı Qafqaz Komitəsi də olacaq ki, buraya hər komitədən 4 nəfər Qafqaz Komitəsinin üzvü və 1 nəfər Türkistandan isə İttifaqın İdarə Heyətini təşkil edəcəklər. Bu İdarə Heyətinin 4 idarəsi olacaq ki, bu da Milli Komitələrin üzvlərindən ibarət olacaq. Beləliklə, Milli Komitələrsiz heç bir məsələ həll edilməyəcək.

Bildiyiniz kimi, bizim Milli Komitədə Siz, mən, albay Kazımbəy və Atamalıbəyov təmsil olunuruq. Sonuncu Çilidə olduğundan fəal iştirak edə bilmir. Milli Komitənin isə sayını 10 nəfərə qədər genişləndirməliyik. Mən bilmək istəyirəm ki, köhnə mühacirlərdən kimi məsləhət bilirsiniz? Mirzə Göygöl dəvət ediləcək. Növbəti məktubunuzda mənə məlumat verməyinizdən məmnun olardım. Hələ ki, iş ciddi xarakter almayana qədər heç kimə məlumat verib dəvət etməyəcəyik. Lakin biz Sizinlə bütün bunları əvvəlcədən müəyyənləşdirməliyik. Mən artıq ona həm yaxşı, həm də gənc adamların siyahısını verdim. Siyahıya Timuçinin də adını əlavə etdim. Bununla yanaşı, O, məndən Nyu-Yorkda “Amerikanın səsi”ndə işləmək üçün 6 adamın adını verməyi xahiş etdi. Onlar Azərbaycan qrupunu təşkil edəcək və bizim verdiyimiz müəyyən proqram əsasında referatlar hazırlayıb radio ilə verəcəklər. Bu altı adamın sırasına mən Timuçini və qardaşımı daxil etdim.

Güman edirəm ki, bu, Timuçin və ümumi işimiz üçün çox faydalı olacaq. O, orada ingilis dilini müəkəmməl öyrənər və həmvətənləri arasında qalıb ana dilində danışar. Sonradan aydın olacaq ki, əgər işimiz genişlənərsə, biz onu başqa bir sahəyə keçirərik. Ancaq “Amerikanın səsi”ndə olan bu iş çox məsuliyyətli və maraqlıdır. Xahiş edirəm, bu haqda və Timuçinlə özünüz haqda olan – təvəllüdü, yaşayış yerini, vətəndaşlığı, təhsili, bildiyi dillərlə bağlı məlumatları mənə çatdırasınız.

Əgər bu iş alınarsa, məni çox sevindirəcək. Bu qrupa həmçinin qəzetimizin redaktoru Məcid Musazadə, İsmayıl Əkbər də daxildir ki, onlarla birgə əməkdaşlıq etmək Timuçində də böyük məmnunluq yaradacaq.

Əgər hər hansı səbəbə görə Timuçin gedə bilməsə, mən sizdən xahiş edəcəyəm ki, Nyu-Yorka gedib orada redaksiyaya başçılıq edəsiniz və işlərimiz qaydaya düşəndən sonra həmişəlik qayıdasınız. O deyirdi ki, “Amerikanın səsi” bunu xahiş edib və düşünür ki, 2-3 ay müddətində, bəlkə də tez bu iş reallaşdı. O, mənə məsləhət bildi ki, hələlik Türkiyəyə getməyim və burada qalıb cavabı gözləyim. Bilmirəm 2-3 ay burada qala biləcəyəmmi? Hər ehtimala qarşı noyabrın sonuna qədər burada olacağam. Bütün yeniliklər və özümün qaldığım yer haqqında Sizə məlumat verəcəyəm.

Lənətlənmiş maddi şərait ucbatından bu vaxta qədər Sizinlə görüşə bilmirik.

Nuşu bəyə, Topçubaşıya və hamıya salam.

Sizi və Timuçini bərk-bərk qucaqlayıram.

Həmişə Sizinlə olan Abo”

Təqdim etdi: Rəşad Sahil

Geri dön