Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Otuz səkkiz yaşında güllələnən general-mayor Qambay Vəzirovun həyat hekayəti
Otuz səkkiz yaşında güllələnən general-mayor Qambay Vəzirovun həyat hekayəti |
Enter.News hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin 33 yaşında general rütbəsi alan və 38-ci ildə həbs edilərək güllənən general-mayor QambayVəzirov haqqında olan yazısını təqdim edir:
Otuz yeddinci illərdə hərbçilərin tuthatutu başlananda ordu komandanı Oka Qorodovikov marşal Semyon Budyonnıya deyir: - Semyon, hamını bir-bir aparırlar. Bunun axırı necə olacaq? Budyonnı təmkinini pozmadan cavab verir: - Hamını yox, yalnız ağıllıları aparırlar. Bu, nə sənə, nə də mənə aid deyil... Bu epizodu oxuyanda istər-istəməz həmin illərin günahsız qurbanları olan hərbçi oğullarımızı xatırladım. Diviziya komandiri general-mayor Qambay Vəzirov, briqada komandiri Cəmşidxan Naxçıvanski, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Seyfulla Mehdiyev, Cəlil Əliyev, Murtuz Talıbzadə, komissar Şəmistan Əyyubov və onlarca başqaları belə ağıllı, bacarıqlı sərkərdələr idi... İyirmi-otuzuncu illərdə milli hərbi kadrların hazırlanmasında, Vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində bu sərkərdələrimizin danılmaz xidmətləri olub. Onların arasında Qambay Vəzirovun xüsusi yeri var. Bu igid komandir Azərbaycan hərb tarixinə beş cəsur general bəxş edən Naxçıvandakı nüfuzlu Kəngərli nəslindəndir. Ömrünün otuz səkkizinci baharında həbs edilən Qambay Məmməd oğlu Vəzirov 1899-cu il avqustun 19-da Ermənistanın Gümrü (indiki Leninakan şəhəri) şəhərində anadan olmuşdur. İlk yeddi illik təhsilini İrəvan gimnaziyasında alan Qambay on səkkizinci ildə səfərbər olunaraq altı ay Türkiyədə işləmişdir. 1919-cu ildə Azərbaycan Demokratik Respublikası milli ordusunda və hərbiyyə məktəbini bitirən Qambay iyirminci ildən iyirmi ikinci ilə kimi Qazaxda, Cəbrayılda və Qarabağda bolşevizm əleyhinə mübarizə aparan daşnaklara qarşı döyüşlərdə vuruşmuşdur. Bəs iyirminci ildə bolşevik ordusuna könüllü keçən, sonralar general-mayor ali rütbəsi verilən və diviziya komandiri kimi məsul vəzifə tapşırılan Qambay Vəzirovun otuz yeddinci ildə günahı nəydi? Arxiv sənədlərində göstərilir ki, guya o, terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olub. Təşkilatın əsas məqsədi silahlı üsyan təşkil etməklə Bakı qarnizonunun və 77-ci diviziyanın zabitlərini üsyana qaldırıb Azərbaycanı SSRİ-dən ayırmaq idi. Bunların hamısının yalan və iftira olmasını gec də olsa tarix özü sübut elədi. Ancaq diqqətlə təhlil edib, fikirləşəndə belə qənaətə gəlirsən ki, Qambay Vəzirov kimi istedadlı sərkərdənin “günahı” hərbi pillələri sürətlə keçməsində olmuşdur. Hələ tör-töküntüsü qalan, özümüzdə mühüm vəzifələr tutan daxili düşmənlərimiz bundan qorxuya düşürdülər. Axı, Qambay həm də vaxtilə Müsavat ordusunda sıravi əsgər kimi xidmət etmişdi. Bir də, həmin illərdə Qarabağda, Qazaxda daşnak ünsürlərinin məhv edilməsində yaxından iştirak etmişdi. İndi, 1937-ci ildə Azərbaycanda XDİK DTİ beşinci şöbəsinin rəisi Avanesyan ondan heyfini alırdı. Qambay Vəzirovu həbs etdirən və yalançı ittihamnamələrlə güllələtdirən də daşnak Avanesyan olmuşdur. Akademik Ziya Bünyadovun otuz yeddinci ildə güllələnmiş kapitan Kəbi Saniyev haqqında “13896 nömrəli istintaq işi” adlı məqaləsindən bir epizodu oxuyanda adam istər-istəməz ürək ağrısı keçirir. 1955-ci il sentyabrın ikisində SSRİ Baş Prokurorluğunun prokuroru keçmiş canilərin birindən soruşmuşdur: “Sual: - Söyləyin görək, sizin Azərbaycan SSR XİDK-də işlədiyiniz dövrdə məhbuslara qarşı cəza tədbirləri tətbiq olunurdumu?.. Cavab: - Məhbuslara cəza tədbirləri (repressiya) mənim rəhbər olduğum şöbədə tətbiq olunurdu, amma konkret olaraq kimə, - indi deməyə çətinlik çəkirəm. Amma yadımdadır ki, Azərbaycan diviziyasının Siyasi şöbə rəisi Əliyev Cabiri döyürdülər. Başqa familiyalar yadımda deyil. Əliyevi ondan ötrü döyüb əzişdirirdilər ki, o, istintaqa lazım olan ifadələr versin, yəni Vəzirov, Axundov və başqaları tərəfindən idarə edilən “əksinqilabi mərkəz” haqqında ifadələr olsun. Sual: - Qambay Vəzirovu tanıyırsınızmı? Cavab: - Tanıyıram. O, Azərbaycan diviziyasının komandiri idi. O, bizim şöbə tərəfindən həbs edilmişdi. Onun işini şəxsən beşinci şöbənin keçmiş rəisi Avanesyan aparırdı. Qambay Vəzirovu dindirmələr zamanı bərk döyürdülər. Onu Avanesyan şəxsən mənim və şöbənin başqa əməkdaşlarının yanında döyürdü. Avanesyan Qambayı şallaqla döyüb ondan tələb edirdi ki, o, özünün əksinqilabi millətçi mərkəzində iştirakı haqda ifadə versin. Qambay əvvəlcə özünü müqəssir bilmədi, döyüləndən sonra isə hər şeyi boynuna alıb lazımi ifadələr verdi. Mən Vəzirov Qambayı döyməmişəm, amma bir daha deyirəm ki, Avanesyanın onu döyməsinin şahidiyəm. Sual: - Vəzirov Qambayın həbs edilməsi və məhkum olunması əsaslı idimi? Cavab: - O zamankı, mən bildiyim işlərin arasında heç bir diqqətə layiq iş yox idi. O işlərin hamısı məhbuslara zorluğun, işgəncələrin tətbiq olunması ilə quraşdırılıb və o işlərin hamısı qeyri-obyektiv idi. O cümlədən Vəzirov Qambayın işi də ondan və başqa həbs edilmiş adamlardan zorla və işgəncələrlə alınmış yalan ifadələr üzərində quraşdırılıb. İstintaq zamanı məhbuslar dəfələrlə bu ifadələri rədd edirdilər, amma onların bu ifadələri işlərinə tikilmir, məhv olunurdu. İşlərə yalnız o ifadələr tikilirdi ki, onlar istintaq üçün faydalı idi. Həbs edilənlərin başqa ərizələri və rədd cavabları da heç vaxt işlərinə tikilmirdi”. Qambay Vəzirov tək həbs olunmamışdı. Onunla birlikdə Azərbaycan diviziyasından qırx nəfər, Respublika Hərbi Komissarlığından iyirmi nəfər yüksək rütbəli azərbaycanlı zabit həbs olunub “əksinqilabi hərbi təşkilatın üzvləri” kimi günahsız olaraq güllələnmişlər. *** 1937-ci il oktyabrın on üçündə 77-ci Azərbaycan diviziyasının komandiri, general-mayor Qambay Vəzirovu güllələdilər. Bu güllə təkcə Qambaya yox, Azərbaycanın hərb tarixinə dəydi. Onun şəxsində biz Azərbaycanın ən yaxşı sərkərdələrindən birini itirdik. Deyirlər, məşhur generalımız Əliağa Şıxlinski onun güllələnmək xəbərini eşidəndə qırx gün yas saxlamış və niyə bikef olduğunu soruşanlara “oğlum Qambay güllələnib, belim qırılıb” - cavabını verirmiş. General-mayor Qambay Vəzirov həbs ediləndən sonra Azərbaycan diviziyasında qadınlar şurasının sədri işləyən həyat yoldaşı İzzət xanım Qiyasbəyli - Vəzirova və yeganə övladı Yavuz da həbs edilib Qazaxıstana sürgün olunurlar. Səkkiz illik Qazaxıstan sürgünündən xəstə qayıdan İzzət xanım 1976-cı ildə Bakıda vəfat edir. 1937-ci il oktyabrın 22-də İzzət xanım İsmayıl ağa qızı Vəzirova Bakıda ümumi həbsxanada saxlanılmışdır. Onu səkkizinci şöbənin baş müfəttişi, dövlət təhlülkəsizlik leytenantı Moşeçkov dindirmişdir. Sual: - Nə zamandan siz Qambay Vəzirovla ailə qurmusunuz? Cavab: - 1920-ci ildən onunla ailə qurmuşam və onunla birlikdə o, həbs olunana, yəni 27 iyun 1937-ci ilə qədər yaşamışam. Sual: - Sizə əriniz Qambay Vəzirovun əksinqilabi fəaliyyəti barədə nə məlumdur? Cavab: - Qambay Vəzirovun əksinqilabi fəaliyyəti barədə mənə heç nə məlum deyil. Sual: - İş üzrə siz nə əlavə edə bilərsiniz? Cavab: - Heç nə əlavə edə bilmərəm. İfadələr mənim sözlərimlə yazılmışdır. Mən onun doğruluğunu öz imzamla təsdiq edirəm. 1937-ci il noyabrın ikisində vətən xaininin arvadı kimi İzzət xanım Vəzirovanın istintaq işi SSRİ XDİK-in xüsusi müşavirəsinə göndərildi. SSRİ XDİK-i yanında Xüsusi Müşavirənin 1937-ci il 9 dekabr protokolundan çıxarış. Eşidildi: - 1903-cü il təvəllüdlü İzzət İsmayıl qızı müddəti 1937-ci il oktyabrın altısından hesablanılmaqla səkkiz il müddətinə İslah Əmək Düşərgəsinə göndərilsin. İş arxivə təhvil verilsin. Xüsusi Müşavirənin bu qərarından sonra İzzət xanım Vəzirovanı Qazaxıstanın Akmolinsk şəhərinə 8 il müddətinə sürgün etdilər. Oradan göndərdiyi məktublarda oğlu ilə maraqlanır və Vətəni üçün darıxdığını bildirirdi. 1938-ci il aprelin on dördündə İ.V.Stalinə yazdığı məktubda yeganə övladının günahsız olaraq həbs olunmasından danışır və acizanə surətdə onun buraxılmasını xahiş edirdi” (C.Qasımov, “Bir ailənin faciəsi” məqaləsi, “Sərhəd” qəzeti, 3 fevral 1998- cı il). *** Qambayın yeganə oğlu Yavuz Vəzirov sürgündə olanda Stalinə məktub yazır ki, atam “xalq düşməni” kimi güllələnib. Mən bir sovet gənci kimi atamın günahını yumağa hazıram. İcazə verin, Vətənimizin bu ağır günündə torpağımızın azadlığı uğrunda cəbhələrdə mən də vuruşum... Cəza batalyonunda döyüşən Yavuz Vəzirov iyirmi iki yaşında, 1942-ci ildə Stalinqrad yaxınlığında qəhrəmanlıqla həlak olmuşdur. 1956-cı il iyulun iyirmi səkkizində SSRİ Ali Məhkəməsinin hərbi Kollegiyasının qərarı ilə ölümündən sonra 77-ci Azərbaycan diviziyasının komandiri general-mayor Qambay Məmməd oğlu Vəzirova bəraət verilmişdir. Bir müdrik şərq məsəlində deyilir ki, uşaqlıqda eşidilən söz, oxunan elm daşa yazılmış yazı kimidir. İllərin tufanı, qasırğası belə onu poza bilmir. 37-nin qara tufanları başlayanda Fəxrəddin Vəzirovun 12 yaşı vardı, Əmiləri Qambay və Heydər Vəzirovun haqsızlığın qurbanı olmaları onun uşaq qəlbinə ağır zərbə vurdu. Yaddaşında uşaqlıq illərinin ağrılı-acılı xatirələri yaşayır: Qambay Vəzirov atamın əmisi oğlu idi. Böyük qardaşı Sədrəddin maliyyə işçisi idi. Elmi dərəcəsi də vardı. Kiçik qardaşı Hüseyn də hərbçi idi, Rütbəsi polkovnik olub. Sədrəddin əmimi də xalq düşməninin qardaşı kimi 37-də güllələdilər. Huseyn əmim respublikadan qaçıb, deyilənə görə Gürcüstana gedib, Veziraşvili familiyası ilə yaşayıb. Bu günə kimi də ondan bir xəbər bilmirik... Bütün bunlardan sonra bizim ailəni, nəsli yenə də təqib edirdilər. Dayım Həqqi və Kamal Kəngərlinskiləri, babamı sürgün etdilər. Qambay əmim tutulanda biz yaylaqda idik. Qayıdanda evimizi dağılıb, talan olmuş gördük. Nəyimiz vardı çölə töküb, kitabları, əlyazmaları, evdə qiymətli nə varsa hamısını aparmışdılar. Bizə olmazın əzab verdilər. Bir hadisəni xatırlayanda indi də xəcalət çəkirəm. Altıncı sinifdə oxuyurdum. Səhər dərsə gələndə gördüm uşaqların hamısını məktəbin qabağına yığıblar. Direktor məni çağırıb dedi ki, gəl, sən çıxış et, de ki, əmilərim və dayılarım “xalq düşməni” olduqlarına görə biz onları istəmirik. Bütün ailəmiz adından bildirirəm ki, onlar “xalq düşməni” kimi haqlı olaraq güllələniblər. Yoxsa səni məktəbə buraxmayacağıq. Oxumaq üçün burnumun ucu göynəyirdi. Məcbur olub direktor deyənləri dedim... Cəmisi 17 il ordu sıralarında xidmət edən Qambay Vəzirov sıravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlib. İnsafla demək lazımdır ki, bu da az-az hərbçiyə qismət olub. Xüsusilə milliyyətcə rus olmayan zabitin otuz üç yaşında diviziya komandiri və general-mayor rütbəsi alması Sovet hərb tarixində nadir hadisədir. Adətən başqa millətin oğluna Sovet Ordusunda ali general rütbəsini istefaya çıxanda, qocalıb əldən düşəndə verirdilər. O da nadir hallarda... 1932-ci ilin baharında SSRİ Xalq Müdafiə Komissarı K.Y.Voroşilovun şəxsi teleqramı ilə Moskvaya çağırılan Qambay Vəzirovun Belorusiyadakı hərbi fəaliyyəti yüksək qiymətləndirilir. O, Xalq Müdafiə Komissarının 886 nömrəli əmri ilə Azərbaycan dağ-atıcı diviziyasına komandir təyin olunur. Qambay hərb sənətinin çətin yollarını çox böyük müvəffəqiyyətlə keçmişdir. Hələ 1922-ci ildə 23 yaşlı Qambay Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının əmri ilə əlaçı siyasi rəhbər kimi batareya komandiri, Frunze adına Hərbi Akademiyaya oxumağa göndərildi. Qambay Vəzirov hərbi akademiyada təhsil alan ilk azərbaycanlı idi. Üç illik hərbi təhsildən sonra o, 1925-ci ilin avqust ayından Birləşmiş Azərbaycan Hərbi-siyasi məktəbinin rəisi təyin olundu. Onun bir illik fəaliyyəti haqqında attestasiyasında Qırmızı Bayraqlı Qafqaz ordusu Ali Hərbi Təhsil Müəssisələrinin baş müfəttişi Artomonov yazırdı: “Məktəb rəisi işlədiyi bir il ərzində yalnız müsbət keyfiyyətli işinin şahidi olduq. Böyük iradəyə, təşəbbüskarlığa malikdir. Özünə hörmət edən, qətiyyətli, işgüzar və yaxşı metodist müəllimdir. Kursantların, müəllimlərin və komandir heyətinin hörmətini qazanıb. İctimai işlərdə, xüsusilə hərbi-elmi cəmiyyətdə fəal iştirak edir. Ali təhsili var. Böyük inzibati-təcrübi stajı olmasa da, öz qabiliyyəti və əməksevərliyi sayəsində məktəbin rəisi vəzifəsinin öhdəsindən tam gələ bilir (Sovet Ordusunun Mərkəzi Dövlət Arxivi, Q.M.Vəzirovun 157-871 nömrəli şəxsi işi. 1-ci vərəq). *** Milli hərbi kadrların hazırlanması üçün gərgin fəaliyyət göstərən Qambay Vəzirov məktəbin ikinci buraxılışında “Yüz on yeddi” adlı məqaləsində iftixarla yazırdı ki, fəhlə-kəndli balalarından hazırlanan müdavimlərimiz ordunun ən yaxşı ənənələrini davam etdirəcəklər. Biz inanırıq ki, yüz on yeddi müdavimin şəxsində hərbi hissələrimiz hərtərəfli biliyə və komandirlik qabiliyyətinə malik vzvod komandirləri ilə təmin olunacaqlar. 1927-ci ilin oktyabrında ölkədə hərbi islahatın həyata keçirilməsi ilə əlaqədar Zaqafqaziya milli hərbi ali təhsil məktəbləri birləşdirilib Tiflisə köçürülür. Həmin il o, Leninakanda yerləşən üçüncü Qafqaz atıcı diviziyasında qərargah rəisi olur. İstedadlı komandir Qambay Vəzirovun rəhbərliyi ilə Azərbaycan atıcı diviziyası 1929-cu ilin avqust-sentyabr aylarında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində müvəffəqiyyətlə iştirak edir. Bu manevrdə göstərdiyi komandirlik məharətinə görə üstüyazılı silahla mükafatlandırılır. 1930-cu ilin noyabrında ən yaxşı döyüş komandiri kimi Qambay Vəzirova Belorusiya hərbi dairəsindəki 111-ci atıcı alayının komandiri kimi və həm də Cizdra şəhər qarnizonunun rəisi kimi məsul vəzifələr tapşırılır. 1925-ci ildən başlayaraq, ona verilən attestasiya arayışlarında Qambay Vəzirovun hərb sənətini yaxşı mənimsəyən, əla inzibatçı, təmiz və sayıq bir komandir olduğu göstərilir. Diviziya komandiri Cəmşid xan Naxçıvanskinin, diviziya hərbi komissarı Hüseyn Rəhmanovun, hərbi komissar Korobkovun təqdimatında onun diviziyaya, hətta korpusa belə komandirlik edə biləcək bacarığı olduğu iftixarla qeyd olunur. Onu da xatırladaq ki, Qambay Vəzirovun istedadlı hərbi xadim kimi yetişməsində məşhur generallarımız Əliağa Şıxlinskinin və Səməd bəy Mehmandarovun xüsusi xidmətləri olmuşdur. Məhz onların müdrik məsləhət və köməklikləri ilə Azərbaycan milli diviziyasının atıcıları, topçu və süvariləri istər Hacıkənddə, Qarayazıda, istərsə də Şimali Qafqazda Zaqafqaziya ordusunun taktiki təlim-məşqlərində birinci yeri tutmuşlar. “Xatirələrim”də 1924-cü ili yada salan Əliağa Şıxlinski yazır ki, Azərbaycan komanda heyəti məktəbi rəisinin xahişi ilə məni ona müavin təyin etdilər, O biri il - 1925-ci ildə məktəb kollektivi Surami şəhəri yanındakı düşərgəyə getdi. Bütün Zaqafqaziya hərbi məktəblərinin kollektivləri buraya yığılmışdı. Ötən il burada hərbi məktəblərin atəş yarışı olmuşdu. Azərbaycan məktəbi hazır olmadığından bu yarışlarda iştirak etməmişdi. Bu, mənə çox toxundu. Silahı sevən gənclərimizin yarışa çıxa biləcək dərəcədə hazırlanmamaları mənə ağır gəldi. Elmi komitənin ilk iclasında mən göstərdim ki, belə təlim vermək olmaz. Hər kursanta atmağa bircə güllə verilməli və atdığı bu güllənin nəticələrini bildirərkən güllənin nə səbəbə boşa çıxdığını ona izah etməli, buraxdığı səhvi düzəltmək üçün ona ikinci dəfə güllə atdırılmalı və i.a. Məktəb rəisi əmr verdi ki, “müavinimin təklifi protokola qeyd edilsin və ona mütləq əməl olunsun”. Bu zamandan başlayaraq, biz atəş məşqində kursantlarımızı “işə çəkməyə” başladıq. Düşərgə toplanışının axırında bizim vzvod yarış atəşinə çıxdı və birincilik qazandı. Mənim azərbaycanlılıq izzəti-nəfsim təmin edilmiş oldu. Diqqətli oxucu yəqin fikir verdi ki, xatirə müəllifi məktəb rəisi Qambay Vəzirovun bir dəfə də adını çəkmədi. Bunun da səbəbi var: Əliağa Şıxlinski xatirələrini 1942-ci ildə yazıb. Onda keçmiş məktəb rəisi Qambay Vəzirovun həbs olunmasından beş il ancaq keçirdi. Onun tərcümeyi-halında hələ də “xalq düşməni” damğası vardı. *** 1935-ci il dekabrın otuzunda Azərbaycan atıcı diviziyasının on beş illiyi qeyd olunurdu. Diviziya SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qırmızı Bayraq ordeni ilə təltif olundu. 1936-cı il yanvarın 27-də isə bir qrup azərbaycanlı əsgər və zabitin xidməti Qırmızı Ulduz ordeninə layiq görüldü. Onların arasında diviziya komandiri Qambay Vəzirov, komissar Cabir Əliyev, alay komandiri Seyfulla Mehdiyev, kiçik komandir Rəhim Aslanov və İlyas Verdiyev də vardı. Bu təntənəyə görə Bakıda qarnizon hissələrinin nümayişi keçirildi. Müasirlərinin xatırladığına görə, Qambay Vəzirov o vaxtkı komandir heyəti arasında ən savadlı, cəsur və hazırlıqlı bir şəxsiyyət olmuşdur. Onun döyüş dostu, respublikanın keçmiş hərbi komissarı polkovnik Ağəli İsmayılov yazır ki, Qambay Vəzirov, necə deyərlər, anadangəlmə sərkərdə idi. O, milli birləşmələrin təşkili və hərbi kadrların artması sahəsində bir sıra mühüm tədbirlərin hazırlanıb həyata keçirilməsində yaxından iştirak edirdi. Mərkəzdən təftişə gələn hərbi şuranın üzvləri belə onun qeyri-adi hərbi bacarığına heyran qalırdı. Xalqımızın general oğlu mərhum Akim Əli oğlu Abbasov ordu sıralarında çox şərəfli bir ömür yolu keçib. Ona xidmətinin ilk illərində şöhrətli diviziya komandiri Qambay Vəzirovla görüşmək və birgə işləmək nəsib olub. Komandirini general Akim Abbasov xoş sözlərlə xatırlayırdı: - Yadımdadır, 1935-ci ildə diviziyamız hərbi təlimdən yenicə qayıtmışdı. Bizim diviziya Böyük Qafqaz sıra dağlarına yürüşdə dörd yüz iyirmi kilometr məsafəni qət eləmişdi. Növbəti məşğələ keçirirdik. Bir döyüşçü yaxınlaşıb mənə dedi ki, yoldaş leytenant, sizi diviziya komandiri Vəzirov çağırır. Təcili onun yanında olmalısınız. Mən dərhal qərargaha getdim. Gördüm məndən başqa da dörd zabit var. Diviziya komandiri məni qəbul edib dedi: - Çox sağ olun, yay təlimində göstərdiyiniz fəallığa görə xalq müdafiə komissarı, marşal Voroşilov sizi saatla mükafatlandırır. Qambay Vəzirov bizi təbrik etdi. Təlimdə və siyasi hazırlıqda yeni müvəffəqiyyətlər arzulayıb saatı bizə təqdim etdi. Sevimli komandirimin hədiyyəsini bu gün də əziz yadigar kimi saxlayıram. Bu yürüşdə Kazbek dağının zirvəsinə hamıdan qabaq mənim rotam qalxmışdı. Döyüşçüləri “hücuma” və “müdafiə döyüşlərinə” əla hazırladığıma görə, Qambay Vəzirov özü bu mükafatı mənə təqdim etmişdi. Qambay Vəzirovun xatirəsi mənim üçun son dərəcə əziz olaraq qalır. O vaxtlar onun adı hər bir azərbaycanlı döyüşçü üçün fədakarlıq, igidlik rəmzi idi. Siyasi məşğələlərdə, hərbi təlimlərdə onun hər bir sözünü belə diqqətlə dinləyirdik. O, alovlu natiq olmaqla bərabər, taktiki məşğələlərin də mahir bilicisi idi. Dövrünün texnikasını mükəmməl bilirdi. 1935-ci ilə qədər mənim kimi çox gənc bir azərbaycanlı zabitinin dördüncü dağ-atıcı alayının istehkamçılar rotasının komandiri vəzifəsinə qədər yüksəlməyində unudulmaz komandirim Qambay Vəzirovun böyük əməyi olmuşdur. Qambay orduda, milli birləşmələrdə azərbaycanlı komandirlərin artması uğrunda var qüvvəsi ilə çalışırdı. “Hərbi bilik” jurnalının nəşri general Əliağa Şıxlinskinin adı ilə bağlıdır. Bu jurnal onun təşəbbüsü ilə yaranmışdı. “Qızıl əsgər” qəzeti isə komissar Cabir Əliyevin təşəbbüsu ilə nəşr olunurdu. Bakıda ilk ordu klubunun yaradılması isə Qambay Vəzirovun və Cabir Əliyevin adı ilə bağlıdır. Hər ikisi möhkəm dost idilər. Heyf ki, ikisi də otuz yeddidə günahsız güllələndi. Biz gənc zabitlər istər general Şıxlinskinin, istərsə də Qambay və Cabirin hərbi mövzuda yazılarını acgözlüklə mütaliə edərdik. General Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, komissar Hüseyn Rəhmanov və Heydər Vəzirov hərb elmində həm də hərbi nəzəriyyəçi kimi yetişmişlər, Qambay rus dilində olan hərbi ədəbiyyatları, nizamnamələri Azərbaycan dilinə tərcümə etmişdi. Milli diviziya və birləşmələr haqqında həm publisistik, həm də elmi məqalələrlə “Qızıl əsgər”, “Hərbi bilik”, “Kommunist” və “Bakinski raboçi” kimi mətbuat orqanlarında müntəzəm olaraq çıxış etmişdir. 1920-ci ildən həyat və fəaliyyətini xalqının müdafiə qüdrətinin möhkəmlənməsinə həsr edən Qambay Vəzirov respublikanın ictimai-siyasi işində də fəal iştirak etmişdir. Dəfələrlə Respublika Mərkəzi Komitəsinin tərkibinə seçilən Qambay Vəzirov Zaqafqaziya MİK-in və SSRİ Mərkəzi İcraiyyə Komitəsinə də üzv seçilmişdir. *** Təəssüf ki, belə şöhrətli sərkərdəmiz unudulmuş, yaddan çıxmışdır. Bir-iki dəfə anadan olma günü yetmişinci illərdə qəzetlərdə qeyd olunmuşdur. Acınacaqlı haldır ki, Qambay haqqında yazılan quru, ürəksiz və partiyalı olan bu məqalələrin müəllifi milliyyətcə erməni olmuşdur. Bu gün onun adı bircə ünvanda əbədiləşmişdir: Naxçıvandakı 6 saylı orta məktəb Qambay Vəzirovun adını daşıyır. 1989-cu ilin fevralında igid komandir Qambay Vəzirov haqqında “Hünər” televiziya verilişinin səhifələrində söhbət açdıqdan sonra xeyli məktub aldıq. Hətta vaxtilə İzzət xanım Qiyasbəyli - Vəzirovanın qonşusu olmuş Zahidə Mustafayeva redaksiyamıza gəlib Vəzirovlar ailəsinin faciəsindən təsirli epizodlar danışdı. Redaksiyamıza gələn çoxsaylı məktublardan biri daha təsirli olduğu üçün onun qısa məzmunu ilə oxucuları da tanış etmək istərdim. Məktubu vaxtilə igid sərkərdənin əsgəri olmuş, indi elimizdə, obamızda yaxşı tanınan ağsaqqal aşıq Barat Şirvanlı göndərib. O yazır: “Yanvarın on dördündə olan verilişinizə də baxdım. (Tamaşaçıların xahişi ilə Q.Vəzirov haqqında üç veriliş verdik). Həm kədərləndim, həm də sevindim. Sevindim ona görə ki, mənim əziz komandirimi əlli ildən sonra da olsa efirdə görə bildim. Kədərləndim ona görə ki, o illəri xatırladım. Bu ahıl vaxtımda göz yaşlarımı saxlaya bilmədim. Verilişdən sonra bütün varlığım titrəyirdi. Sizə məktubu da əlim əsə-əsə yazıram. 1937-ci ildə Salyan kazarmasında hərbi xidmətdə idim. Əvvəlcə mən kapitan Şahtaxtinskinin yavəri oldum. Diviziya komandirimiz Qambay Vəzirov idi. Vəzirovun Çovğun adlı bir atı vardı, ona da mən baxırdım. Bu yaraşıqlı at sanki dil bilirdi. Onu elə öyrətmişdim ki, hər səhər yəhərləyib-yüyənləyəndən sonra bircə dəfə yüngülvari təpinib deyərdim: get, komandiri gətir. Yüyəni yəhərə bənd olunmuş Çovğun at Salyan qazarmasından birbaşa Qambay Vəzirovun yaşadığı Nizami küçəsindəki mənzilinə gələrdi. Həyətdə iki-üç dəfə kişnəməyi ilə gəlişini sahibinə bildirərdi. Hər səhər əziz komandirimiz Qambay Vəzirovu Çovğun at beləcə işə gətirərdi. Bir dəfə də olsun Çovğun nə yolunu azdı, nə də yüyənini, yəhərini itirdi. Bir gün siyasi məşğələ keçirdik. Xəbər gəldi ki, komandirimiz Qambay Vəzirovu həbs ediblər. Səhərisi Çovğunun yəhərlənmək vaxtı gələndə kişnərtisindən dayanmaq olmurdu, o dartınır, yerində oyur-oyur oynayırdı. Yerə-göyə sığışmayan Çovğunu göz yaşımla yəhərləyib, həmişəki kimi yüyənini yəhərinə bənd eləyib buraxdım. İzlədim ki, görüm hara gedəcək. Çovğun at yenə birbaşa Nizami küçəsinə, komandirimizin həyətinə getdi. Dalınca gəlib gördüm ki, başıaşağı sakitcə dayanan Çovğun at burnu uzunu göz yaşı tökür. Özümü saxlaya bilməyib mən də zülüm-zülüm ağladım. Zorla onu darta-darta kazarmaya gətirdim. Heç kəsi minməyə yaxın qoymurdu. Kişnəyib şahə qalxan at Salyan kazarmasının həyətini başına götürmüşdü. Qərargah binasına yaxınlaşır, tükürpədici səslə bir-iki ağız kişnəyib, götürülürdü klub tərəfə, məşq meydanına, həyətdə fır-fır fırlanırdı. Sanki dilə gəlib “hanı mənim sahibim?” - deyə nalə çəkirdi. Heç kəs Çovğun ata baxa bilmirdi. Hamı qulağını tutub içəriyə qaçırdı. Bir həftəyə yaxın heç nə yeməyib, nalə çəkən Çovğun çərləyib öldü. Bax, bu hadisə oldu, məni sizin verilişdən sonra zülüm-zülüm ağladan... Geri dön |