Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Gənclər Parlamentinə vəzifəlilərin övladları seçilməyəcək ki..?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Azərbaycanda Gənclər Parlamentinə vəzifəlilərin övladları seçilməyəcək ki..?

Azərbaycanda Gənclər Parlamentinə vəzifəlilərin övladları seçilməyəcək ki..?


“Azərbaycan Gənclər Parlamenti qeyri-rəsmi struktur olacaq yaradılacaq və bura 50 gənc parlamentari seçiləcək.

Bununla da gənc nəslin ölkənin qanunvericiliyin inkişafı, möhkəmlənməsi və onların gələcəyə baxışı, gələcəkdə ölkənin müxtəlif qurumlarında, o cümlədən qanunvericilik orqanlarında çalışmaları üçün bir zəmin hazırlanacaq”. Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, eyni zamanda Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna daxil olan Çingiz Qənizadə deyib.

Lakin bu, hələ ordakıların gələcəkdə mütləq millət vəkili olacağı anlamına gəlmir.

“Sadəcə olaraq belə hesab edirik ki, bu gənclər parlamentari olaraq formalaşıb fəaliyyət göstərdikləri müddətdə digər gənclər arasında moderator rolunu oynayacaqlar, maarifləndirici rolda çıxış edəcəklər. Eyni zamanda, onlar ətrafındakı gənclərdən eşitdikləri, gördükləri məsələlər barədə də fikir mübadiləsi aparacaqlar”.

Ç.Qənizadə rəsmi olaraq dövlət qurumları, hakimiyyət tərəfindən də yeniliyə, təşəbbüsə dəstək verildiyini qeyd edib.

“Bu dəstək gənc parlamentarilərin toplaşması üçün məkanın verilməsi, onların aparatının saxlanması üçün hansısa ofisin təşkili və digər texniki avadanlıqlarla təmin edilməsi deməkdir ki, onlar normal fəaliyyət göstərsinlər. Biz çalışacağıq ki, ölkənin qanunverici orqanında qəbul olunan qanunlar, edilən dəyişikliklər həm də gənc parlamentarilər vasitəsilə öyrənilsin və onlar beynəlxalq şəbəkədə digər ölkələrin parlamentariləri ilə yazışanda, bunların paylaşmasında dəstək olsunlar. Hesab edirəm ki, normal təşəbbüsdür və hamımız onlara dəstək olmalıyıq ki, 50 nəfərdən ibarət parlamentari yaxşı fəaliyyət göstərə bilsin”.

Seçimdə isə deputat əsasən qanunlardan başı çıxan, kifayət qədər savadlı, bitərəf, obyektiv gənclərə üstünlük veriləcəyini vurğulayıb. O həmçinin bildirib ki, burada müxtəlif peşə sahələrindən gənclər olmalıdır.

“Bu qrupda hər sahədən gənclər olmalıdır ki, müxtəlif yönümlü qanunların müzakirəsində fəal iştirak etsinlər. Çalışacağıq ki, hər bir peşəni təmsil edən gənclərdən ibarət savadlı bir parlament formalaşsın”.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanda Uşaq Parlamenti yaradılmışdı və burada seçimlər edilmişdi. Amma sonra məlum oldu ki, Uşaq Parlamentinə vəzifəli şəxslərin uşaqları seçiliblər. Bu məsələ ilə bağlı Çingiz Qənizadə inanmır ki, Gənclər Parlamentinin yaradılmasında eyni şey təkrarlansın.

“Əgər vəzifəli şəxsin övladı savadlıdırsa, o zaman onun üzünə niyə qapı bağlanmalıdır? Amma bu seçim məhz valideyinlərinə və ya hansısa bir kriteriyalara görə olacaqsa, təbii ki, bu da düzgün olmaz. Seçim edərkən onların savadını, dünyagörüşünü, qanunvericilik orqanında çalışmaq imkanını nəzərə alacağıq. Yüksək dəyərləri olan birini seçdikdən sonra onun kiminsə övladı olduğunu bilib, məhdudiyət qoymaqla hüquqlarını poza bilmərik. Ancaq sırf narahatçılıq doğuran bu məsələ ətrafında da parlament formalaşa bilməz”.

Sonda Çingiz Qənizadə parlamentə seçkilərlə bağlı yaxın vaxtlarda yeni informasiyaların olacağını bildirib. “Yəqin ki, yaxın vaxtlarda bu məsələ gündəmdə olacaq”.

Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna aşağıdakı şəxslər daxildir:

1. Valeh Ələsgərov - Milli Məclis sədrinin müavini
2. Çingiz Qənizadə - Milli Məclisin deputatı
3. Musa Qasımlı - Milli Məclisin deputatı
4. Rasim Musabəyov - Milli Məclisin deputatı
5. Mübariz Qurbanlı - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini
6. Ceyhun Osmanlı – Milli Məclisin deputatı
7. Qənirə Paşayeva – Milli Məclisin deputatı
8. Mikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
9. Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
10. Murad Adıgözəlzadə - Azərbaycan Dövlət Filarmoniyasının direktoru
11. Vüsalə Mahirqızı – APA İnformasiya Agentliyinin baş direktoru

Seçki prosesində Prezident Administrasiyası, həmçinin Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edəcəklər.

Yaşı 18-29 arasında olan, ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri və fəalları, siyasi partiyaların gənclər qanadlarının nümayəndələri, istedadlı və ictimai aktiv tələbələr, beynəlxalq təşkilatlarda, KİV-də, özəl strukturlarda, dövlət strukturlarında və elm sahəsində çalışan gənclər Parlamentin üzvü ola bilərlər.

Gənc parlamentari olmaq istəyənlərdən 28.05.2012 tarixindən gec olmayaraq www.agp.az ünvanına daxil olaraq elektron ərizə formasını doldurmaları xahiş olunur.

Aytən ƏLİYEVA

Geri dön