Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Hüseyn Cavidlə Səməd Vurğunun dialoqu, şairin düşbərə sifarişi və “kim qarıya 25 manat verməsə, namərddir” söhbəti
Hüseyn Cavidlə Səməd Vurğunun dialoqu, şairin düşbərə sifarişi və “kim qarıya 25 manat verməsə, namərddir” söhbəti |
İsgəndər Orucəliyevin tərtib etdiyi kitabda Hüseyn Cavid haqqında XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli simalarının, tənqidçi və ədəbiyyatşünaslarının, maarif, mədəniyyət və teatr xadimlərinin məqalə və xatirələri toplanıb. Enter.News şair, tərcüməçi Məmməd Rahimin Hüseyn Cavid haqqında ixtisarla verilmiş xatirəsini təqdim edir:
Qüdrətli dramaturq, görkəmli şair Hüseyn Cavidi mən 1926-cı ildən tanıyırdım. O, həyatda yüksək şeiriyyət görmək aludəsi idi. Şeir deyəndə o, saflığı, müqəddəsliyi nəzərə alırdı. O, Peyğəmbərin simasında belə şair surəti yaradıb yazırdı: Mən fəqət hüsni-xuda şairiyəm Yerə enməm də səma şairiyəm. Mən bu kamil sənətkarı tez-tez görürdüm. Cəmiyyətimiz (Azərbayçan Yazıçılar Cəmiyyəti nəzərdə tutulur) indiki akademiyanın (İndiki “İstiqlaliyyət” küçəsindəki Əlyazmalar İstitutu nəzərdə tutulur) 2-ci mərtəbəsində yerləşirdi. Biz gənclər bəzən oradakı zalda oturar, müxtəlif mövzularda olan söhbətlərə qulaq asardıq. Hüseyn Cavid böyük sənət eşqindən danışardı. Söhbətlərindən məlum olurdu ki, yaradıcılığının son dövrlərində o, yerə enmək, müasir dünyadan yazıb-yaratmaq istəyir. Bu, ona çox asan müəssər olmayırdı. Keçdiyi mürəkkəb yaradıcılıq yolu, aldığı ədəbi tərbiyə onun yaxasından möhkəm tuturdu. Cavidi gənclərin yeni ədəbiyyat yaratmağı maraqlandırırdı. O, “mənə baxmayın, mənim işim başqa sayaqdır” deyirdi. Bu, böyük sənətkarın səmimi etirafı idi. Hüseyn Cavid ildən-ilə həyatla ayaqlaşmağa çalışırdı. “Dəli knyaz” (“Knyaz” faciəsi), “Azər” əsərləri göstərirdi ki, Cavid yeni dünyaya səs vermək istəyir. Sürətlə, cəsarətlə olmasa da, inamla müasirləşirdi. Dramaturqun yaradıcılığında olan dönüşü istiqamətləndirmək, daha real həyat yoluna salmaq üçün o zaman qayğı göstərənlər olmamış deyildi. Xalqımızın böyük oğlu, dövlət xadimi, yazıçı Nəriman Nərimanov Hüseyn Cavidi sadə yazmağa çağırmışdı. Lakin bu sahədə ciddi dəyişiklik əmələ gətirmək Cavid üçün asan deyildi. Ona görə də deyərdi: Mən Nərimana dedim, sənin “Bahadır və Sona” əsərinin yarısından dil dəyişir. Dil yazıçıda bədii təfəkkürün ifadə vasitəsidir. Onu dəyişdirmək üçün uzun illər lazımdır. Cavidin yaratdığı əsərlər göstərirdi ki, o, yaradıcılıqda yeni dünyanın tələbinə cavab verməyə ciddi addımlar atır. Sonralar Cavidin hər dəfəki söhbətindən məlum olurdu ki, ciddi, mürəkkəb problemlərdən yazmaq istəyir. O deyirdi: sənətin yaxasını üçüncu dərəcəli məsələlədən qurtarmaq lazımdır. Xırda hisslər ədəbiyyat üçün mövzu ola bilməz. Çavidin xırda, balaca, kiçik sözlərdən xoşu gəlmirdi. Böyük, ali, ülvi, əbədi kimi kəlmələr leksikonunda tez-tez eşidilirdi. Bir dəfə kimsə ona “xırda burjua yazıçısı” demişdi. Bu ifadə Cavidi incitmişdi. O deyirdi: – Ay canım, xırda burjua kimdir? Qolundan salladığı səbətdə on-on beş yumurta, üç-dörd yoluq toyuq-cücə satan; mən onların şairi olarammı? Ondansa mənə böyük burjua yazıçısı desəydi, ağrımazdım. Bunları gülümsəyərək söyləyən ədib ciddi ahənglə belə dedi: – “Həqiqəti məndən soruşsalar, xalqıma, bəşəriyyətə xidmət eləmək istədiyimi, xeyirxah insanların şairi olduğumu bildirərəm”. Hüseyn Cavid öz ədəbi prinsiplərində möhkəm dayanan ədibdi; əsərdə dəyişiklik əmələ gətirməyi ona söyləmək çətindi, çünki heç vəhclə bunu qəbul etməzdi. Yazdığı əsərlərin sonunda belə qeyd edərdi: “imlasına toxunulmasın”. O, iradəli, prinsipli olmağı sevərdi. Zəiflik göstərənlər, fikrindən tez dönənlər onu çox narazı salardı. İctimai yerdə bir haqsız hərəkət görəndə dərhal ciddi etirazını bildirərdi. Bir dəfə Cavid müəllimlər evində onun yaradıcılığını əsassız surətdə tənqid atəşinə tutan bir natiqə cavab verərkən çox əsəbiləşdi. Mən onun qolundan tutub “Cavid əfəndi, hirslənməyin” – deyə zaldan çıxardım. Səhəri bu hadisə qəzetdə balaca qeydlə verildi. Bir cümlə ilə mənim də haqqımda yazdılar ki, “bəzi gənc şairlər nahaq yerə Hüseyn Cavidə hüsn-rəğbət bəsləyirlər”. İllər keçdi. Dahi Lenin partiyasının milli siyasəti göstərdi ki, qüdrətli yazıçı Hüseyn Cavidə sovet dövləti hüsn-rəğbət bəsləyir. Ölməz “Şeyx Sənan” müəllifi Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamışdır. O, səhnəmizə yüksək bədii əsərlər vermişdir. Elə buna görə də xalq onu hədsiz məhəbbətlə sevir. O, dinə, xurafata düşmən olmuşdur. O, gözəli, gözəlliyi, insanın saf, müqəddəs məhəbbətini yazmışdır. O, dünyada azadlığın və səadətin təntənəsini görmək istəmişdir. “Cavid” sözü əbədi, ölməz deməkdir. Yazıb-yaratdığı yüksək bədii əsərlər Hüseyn Cavidin ömrünü həqiqətən əbədi eləmişdir. Mən sözümü sülhü odlu ilhamla tərənnüm edən böyük şairin misraları ilə qurtarmaq istəyirəm: – “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”. Düşbərə qonaqlığı ...Hüseyn Cavid məndən düşbərə istəmişdi. Bişirtdirdim. Səmədi (Səməd Vurğun), Müşfiqi və Abdulla Faruqu da dəvət elədim... Demək olar ki, hamısı bir vaxtda gəldi. Şaqqıltılı nərd işə düşdü, uduzanlar bir-bir sıradan çıxdı. Yenə söhbət başlandı. Həmişə olduğu kimi, söhbətin mərkəzində Hüseyn Cavid dururdu. Müşfiq onun, Tofiq Fikrətin, Əbdülhəq Hamidin, Məhəmməd Hadinin şeirlərindən hərarətlə oxuyur; “Fintən”dən parçaları “Şeyx Sənan”, “Sis”i “Tarixi-qədim” əvəz edirdi. Axırda Müşfiq Məhəmməd Hadidən: Bir ildırım olsam da, əritsəm gecələrdən Bir parça olan örtünü gül üzlü səhərdən, – misralarını oxudu. Cavid dedi: – Hadi bu şeiri mənə cavab yazmışdır. Mən qadının çarşabda gözəl göründüyünü iddia etmişdim. Hadi buna etiraz eləmişdi. Mən Hadinin bu misralarını dedim: Qoymuş miləl imzasını övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində. Hadinin milli intibaha atəşin şeirlər ithaf etdiyindən, böyük həsrətlə yazdığından, ürək yanğısı ilə dilə gəldiyindən danışdıq. Sonra yenə Caviddən söhbət düşdü. Xarici səfərinə dair suallar verildi. O, dedi: “Bir dəfə İstambulda qəzetdə oxudum ki, yaxşı şeir müsabiqəsi elan edilmişdir. Mən də bu şeirimi təqdim elədim” – deyib şeiri oxumağa başladı: Sarı gül, ey şikəstə solğun nur! Çeşmi-nazində başqa rəzm oxunur. Neçin aludeyi-qubar oldun, Söylə bir, söylə, neçin soldun? Bu şeiri mən vərəm xəstəliyinə tutulmuş bir qıza yazmışdım, heç gözləmədiyim halda mükafat aldığımı bildim. Mən Caviddən xahiş etdim ki, şeiri təkrar etsin, yazım. O həmin sətirləri təkrar elədi. Səməd böyük ehtiramla: – Cavid əfəndi, mən sizin romantikanı çox sevirəm, ancaq olmazmı bir az sadə yazasınız, hamı başa düşsün? – deyə sual verdi. Cavid: “Siz sadə yazın, mənim öz yolum, öz ədəbi təhsil və tərbiyəm vardır. Bir də, şeiri sadələşdirmək olmaz!” – dedi. Söhbəti qəlizləşdirmədik. Gənc idik. Özü də Cavid tez tutulan idi. Hətta nərddə uduzanda da qanı qaralırdı. Ona görə də bəzən bilərəkdən uduzmaq istəyərdik... Az qalmışdı bu gün də belə olsun. Bunu biləndə, duyuq düşəndə acığı daha çox tuturdu. Nə isə, düşbərə gəldi, ədəbi söhbət kəsildi. Süfrə yığıldı, çay gəldi, yenə söhbət başlandı. Cavid dedi: – Mən bu fikirdəyəm ki, əsəri zümrələr üçün deyil, insanlar üçün, dünyanı sevənlər üçün yazmaq gərəkdir. Faruq “insan məfhumu mücərrəddir” dedi. Cavid “insan məfhumu müqəddəs və konkretdir!” – deyə etiraz elədi. O, bu sözləri deyəndə ahəngində ciddilik vardı. Topraq vətənim, nəvi-bəşər, millətim – insan, İnsan olur, ancaq buna izanla inandım! – misralarını oxuyub, “böyük Tofiq Fikrətdən öyrənin!” – dedi. Günaha batmaq istəmirəm ...Yemək-içmək və ədəbi söhbətlər qutardı. Camaat getməyə hazırlaşdı. Cavid düşbərə üçün anama təşəkkür etdi. Anam isə “gələn dəfə qutaba gəlin” dedi. Bu, Cavidi razı saldı. O, Bakı xörəklərini az yemişdi. Fisincan, düşbərə, qutab, gürzə kimi xörəklərə dəvət edəndə məmnuniyyətlə gedir, bəzən özü də xahiş edirdi ki, belə xörəklər təşkil edək. Nə isə, geyinib küçəyə çıxdıq. Əli Bayramov klubuna bir az qalmış, tində yumaq halında çarşafa bürünüb oturan bir qarının gəlib-gedənlərə astadan kömək üçün müraciət etdiyini görən Səməd Vurğun astadan: “Hər kim bu qarıya 25 manat verməsə, namərddir” – dedi. Dərhal arvadın üstünə 25-lik yağmağa başladı. Hüseyn Cavid isə bizim bu hərəkətimizi yalnız seyr elədi və dodaqaltı gülümsədi. Səməd qarıya: “Ay xala, indi dur get evə...” dedi. Cavid gördü ki, biz ona baxırıq, hiss elədi ki, pul vermədiyi bizi narazı salıb, dedi: “Mən günaha batmaq istəmirəm”. – “Günah niyə, Cavid əfəndi, biz ki ona əməlli-başlı kömək elədik?” – deyə Müşfiq dilləndi. – “Doğrudur, kömək elədiniz, ancaq belə köməyin düşər-düşməzi ola bilər. Qarı bir gündə ömründə bu qədər pul yığmamışdı. Hətta bəlkə bir ayda bu pulu görməmişdi. Buna görə də qarının sevincdən ürəyi partlaya bilər. Mən günaha batmaq istəmirəm” – dedi. Bəlkə doğrudan da o belə düşünürdü.( Caviddə o qədər pul harda idi?.. – Tərtibçi) Nə isə “öləcək, ya ölməyəcək” deyə zarafat edib, Az.MİK-in binasına (İndiki Əlyazmalar İnstitutunun binası.) gəlib çatdıq. Cavid orada yaşayırdı, bizimlə əl verib evinə getdi. Biz də dəniz kənarına yola düzəldik. 1960 Geri dön |