Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməniləri informasiya savaşında necə məğlub edək?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Erməniləri informasiya savaşında necə məğlub edək?

Erməniləri informasiya savaşında necə məğlub edək?


“Operativ şəkildə münasibət bildirməyimiz bütün strukturlarda zəifdir”

Son günlərdə ermənilərin informasiya savaşında fəallaşdıqları barədə ötən sayımızda məlumat vermişdik. Dünyadakı erməni lobbiləri fəaliyyət göstərdikləri ölkələrin informasiya meydanına daxil olur, ölkəmiz əleyhinə kampaniya aparır, müxtəlif yalanlar uydururlar.

Bununla bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında həyəcan təbili çalaraq, tezliklə ermənilərin növbəti yalanlarının ifşa olunması üçün Azərbaycan hökumətini adekvat addımlar atmağa səsləmişdi. Əks təqdirdə, bunun ölkəmiz üçün mənfi nəticələrinin ola biləcəyinin anonsunu vermişdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev müasir dünyada informasiya savaşının önə çıxmasının normal olduğunu düşünür: “Burada təəccüblü bir şey yoxdur. Sadəcə, buna qarşı adekvat addımların atılması çox vacibdir. Həm hakimiyyət, həm də vətəndaş səviyyəsində, eləcə də diasporalarımız fəaliyyət göstərdikləri ölkələrdə əllərində olan imkanlarla bu işin qarşısını almaq üçün çaba göstərməlidirlər. Həqiqətləri çatdırmağı bacarmalıyıq. Bu sadə və klassik bir yoldur. Burada əsas örnəklərdən biri də əməli tədbirlərdən keçir. Çalışırlar ki, Azərbaycan ordusunu zəifləmiş göstərsinlər, eləcə də bizim əleyhimizə mənfi imic formalaşdırsınlar. Belə vaxtlarda ermənilərə ağır zərbələr endirmək lazımdır, ötən ilin aprel ayında olduğu kimi. Bütün dünya mətbu orqanlarda yayılmış informasiyaların dezo olduğunu görməlidir. Hər kəsin toparlanaraq informasiya savaşında iştirakı təmin olunmalıdır. Yeni bir şey kəşf etməyə ehtiyac yoxdur”.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son vaxtlarda deyil, sovet dönəmindən ermənilərin informasiya savaşında fəal olduqlarını bildirdi: “Bu və ya digər şəkildə bizi qaralamaqla, müəyyən tarixi hadisələri tamamilə yanlış çatdırmaqla hələ sovetlər dönəmindən məşğul olurdular. Dağlıq Qarabağ məsələsi isə meydana çıxandan sonra bu problem ətrafında daha çox fəaliyyət göstərirlər. Onu qeyd edim ki, onlar informasiya savaşında hər zaman bizdən öndə olublar. Bu savaş zaman-zaman arta və ya azala bilər. Amma hər zaman bizdən öndə olublar. Tarixə ekskursiya etmədən bəzi şeyləri deyə bilərəm. Son dövrlərdə o məsələlərlə mən də məşğulam. Bəzi faktların şahidi olmuşam. Təkcə iyul ayında ”Regnum" agentliyi Azərbaycan haqqında 68 informasiya verib. Onun 67-si Dağlıq Qarabağ məsələsi ilə bağlı birbaşa bizim əleyhimizədir. Qalan biri isə haradasa yanğın baş verib, o barədə xəbərdir. “Eurasiadiary” saytında 58 informasiya gedib ki, hamısı əleyhimizədir. Bu saytlar gecə-gündüz Azərbaycanın əleyhinə informasiya verməklə məşğuldurlar. Bunların da başında ermənilər dayanıb. Bizim lobbiçiliyə ayırdığımız pul ermənilərin bu işə sərf etdikləri pullardan on dəfə çoxdur. Bəs nəticə haradadır? Biz indiyə qədər müxtəlif peşələrdən konkret şəxslər hazırlamalı idik ki, Rusiya televiziyalarında 3 erməni çıxış edəndə bir nəfər də bizdən olsun. Biz bunları etməmişik. Əksinə, ermənipərəst şəxsləri bura çağırıb, onlara hörmət edib demişik ki, əleyhimizə danışmasınlar. Bunlar iş deyil. Bu məsələni kökündən həll etmək üçün xüsusi proqram lazım idi. Bu proqramlar perspektivli və uzun şaxəli olmalı idi ki, onun nəticələrini 10 ildən sonra da görməli idik. Amma təəssüflər olsun ki, bu günə qədər bu işlər görülməyib. Son informasiyalara vaxtında reaksiya verilməli olduğu halda, bu reaksiyanın vaxtında şahidi olmadıq. Bizim operativ şəkildə münasibət bildirməyimiz bütün strukturlarda zəifdir. Onların bu istiqamətdə fəaliyyətləri tamamilə yarıtmazdır".


Cavanşir ABBASLI

Geri dön