Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Turgen Arslan - böyük rus yazıçısı – türkəsilli İvan Sergeyeviç Turgenev
Turgen Arslan - böyük rus yazıçısı – türkəsilli İvan Sergeyeviç Turgenev |
Prof.dr. Minaxanım Təkləli-Nuriyeva
Qədim Türk sivilizasiyasının araşdırıcısı və cəfakeşi böyük alim N.Baskakovun “Türk mənşəli rus familiyaları” kitabında göstərildiyi kimi, Turgenev soyadının kökündə türk, monqol sözü olan turgen “cəld, sürətli, iti” durur. Həmin söz özünün əlavə mənalarına da malikdir, turgen “qızğın, əsəbi, hərarətli, tələsgən, savaşqan” məna çalarlarıyla Sibirin türk xalqlarının dillərində, o cümlədən altay, xakas dillərində rast gəlinməkdədir. Hər halda soyadının əsasında duran turgen lüğəvi vahidi sözün həmin bu əlavə mənalarıyla əlaqədardır. Çünki turgen sözünün məhz “qızğın, öcəşkən” mənaları insanın xasiyyətini və temperamentini xarakterizə etdiyi üçün soyadı (ləqəb) yaratmağa daha əlverişlidir. Qızıl Orda mirzəsi (murza - şahzadə) Arslan Turgen Turgenevlər nəslinin banisi sayılmalıdır. 1440-cı ildə Böyük Knyaz Vasili Tyomnının (1415-1462) yanına gəlmiş, xaçlanmış və İoann adını götürmüşdür. Böyük knyaz ona lütf və inayət göstərmiş, çünki Turgen Mirzə titulundan göründüyü kimi tatarlar içində şan-şöhrətli simalardan olmuşdur. Yazıçı İvan Sergeyeviç Turgenevin doğulduğu və mərkəzi malikanələri olan Spassk-Lutovinovada mülkədar kontorunun üstündə asılan gerbində də onların əsil köklərini əks edən əlamətlər saxlanılırdı: Böyük cəngavər qalxanı üzərində mavi rəng fonunda qızıl ulduz, həmçinin ulduzu dövrələmiş gümüşü əyri hilal onların keçmiş inamlarının islamın əsas simvolunu əks etdirməklə bərabər Turgenevlərin Qızıl Ordadan çıxan əsil-nəcabətli kişilərdən olduğunu da göstərirdi. Gerbdə Turgenevlər nəslinin xristianlığı qəbul etdikdən sonrakı tarixçələrini də ifadə edən simvollar var idi. Buradaca əyri hilalın sanki üstündəncə qanadlanıb pərvaz edən qartal rəsmi ailənin Məhəmmədi dinindən qopub xristianlığa qoşulmasını əks etdirir. Qırmızı rəng fonunda qılınc təsviri və yaşıl düzənlikdə ox kimi süzən yəhər-yüyəni at Turgenevlərin hər zaman xidmətə, atlanmağa hazır olduqlarını göstərirdi. Yazıçı Turgenevin anası mahalda varlı-dövlətli qızlardan biri sayılırdı. Orlov quberniyasından başqa Kaluqa, Tula, Tambov, Kursk quberniyalarında da kəndləri var idi. Ata Turgenevin isə mirası yox idi. O, qonşu Turgenevo kəndindən başqa heç nəyə malik deyildi. Lakin hər bir qadını başdan çıxarıb, yoldan edən gözəlliyə və şöhrətli soyadına malik idi. 1440-cı ildən başlayaraq öz tatar kökündən boy atan bu nəsil Rusiya üçün böyük şəxsiyyətlər - dövlət adamları vermişlər. Turgenevlər əsasən hərb işində özlərini göstərmişdir. Rus çarı İvan Qroznı Kazan üzərinə yürüşü niyyət edərkən Pyotr Turgenevi Astarxana elçi göndərir. Pyotr Turgenev noqay mirzələrini Kazan xanına köməkdən çəkindirməli idi. Lakin Yusuf Murza (rus knyazı Yusupovların ulu babası, Kazan xanının arvadı Süyüm Bikənin atası) onu söyüb, biabır etmişdi. Yazıçı Turgenev öz nəsillərinin tarixçəsindəki bir hadisənin qürurunu hər zaman daşıyır, hər yerdə onu söyləməkdən usanmırdı. Onun ulu babası 1606-cı ildə yalançı Dmitriyə edam kötüyü qarşısında ötkəm-ötkəm demişdi: “Sən Çar İoannın oğlu deyilsən, sən qaçaq Qrişka Otepyevsən, mən səni tanıyıram”. Bu cəsarətinə başı ilə cavab vermişdi, onu Moskvada edam etmişdilər. Bir çox rus zadəganları - əyanları Yalançı Dmitrinin əlini öpərkən ona belə qanlı cavab vermək bu nəslin tərcümeyi-halına yaraşırdı. Rusiyada bu nəsli doğrucul, sədaqətli, ciddi insanlar kimi tanıyırdılar. İndi isə Mirzə Turgenin nəvələri kasıblaşmışdı; Çar İvan Qroznı Kazanın fəthindən sonra onları yenidən torpaq və mülklə mükafatlandırsa da indilik ata Turgenev çox kasıb nişanlı sayılırdı. Budur, Vətən müharibəsi bitmiş, döyüşçülər evə dönmüşdülər. Varvara Lutovinovanın yaşı keçməkdə idi, gözəlliyi ilə də öyünə bilməzdi. Sergey Turgenev ətrafda məşhur olan bu xanımın at zavoduna alayları üçün at tədarük etməyə ezam olunmuşdu. Atası bu varlı qızın onun gözəl oğluna aludəçiliyini eşidib oğlunu tələsdirmişdi: “Oğlum evlən, hökmən onunla evlən. Yoxsa az qalıb dilənçi torbasını götürüb qapı-qapı düşək”. Ata Turgenevin gözəlliyi öz uşaqlarının da gözünü qamaşdırırdı. Gələcək yazıçı üçün atası gözəl və parlaq rəngli oyuncaq qədər cazibədar idi, uşaq gözlərini ondan çəkə bilmirdi. Gənc ata bunu duyur, istiqanlılıqla əlini oğlunun heyranlıqdan alışıb yanan üzünə çəkirdi. Amma evlənən kimi Varvara anladı ki, əri onu sevmir, sadəcə bu izdivac yox, kommersiya tədbiridir. Qısqanclıqdan alışıb yanır, dəlicəsinə vurnuxurdu. Bu böyük evdə xidmətçilərlə yanaşı, (onların sayı 40-ı keçirdi), müsahiblər, daimi qonaqlar yaşayırdı. Varvara Lutovinova çox əliaçıq, səxavətli xanım olduğundan, bütün kasıb qohumları, imkansız qonşuları öz evində yer verib saxlayırdı. İndi ərini güddürməyə bütöv “ştatda” casuslar da meydana çıxmışdı. Gələcək yazıçı evdəki ağır atmosferi dərdli-dərdli çox anacaqdı. Atası sərt, adamayovuşmaz, vüqarlı bir insan idi; bununla bərabər, məhəbbət macərası olmadan bircə günü belə keçməzdi. Elə gələcək yazıçının ilk oxu da atasına görə daşa dəyir: 15 yaşında aşiq olduğu Knyaginya Şaxovskayanı atasına görə itirir. Qalib çıxan rəqibi öz atası idi. Bu mənada onun “İlk məhəbbət” povesti həmin xəcalətli və nisgilli hadisəni əks edən avtobioqrafik əsər sayılmalıdır. Allah anaya - Varvara Petrovnaya əsirgədiyi gözəlliyin əvəzində ona güclü ürək vermişdi. Ərini sevirdi, ölümündən sonra onun kabinetində günlərlə oturub onun xiffətini çəkirdi, özü dünyadan köçənədək belə davam etdi. Oğlanlarını bir an gec gördükdə fikrinə-xəyalına nələr gəlmirdi?! Onlar böyüyüb evdən getdikdən sonra gözlərini onlar gələn yollara dikir, onların yolladığı məktubla nəfəs alıb yaşayırdı. Yazıçının valideynləri gözəl təhsil və tərbiyə görmüşdülər. Odur ki, ata-ana hər iki oğlunun (3-cü uşaq xəstə doğulmuşdu) təhsili-təlimi üçün əllərindən gələni etmişdilər; onları ibtidai sinifdən başlayaraq Almaniyada oxudurdular. Özləri də buna görə xarici ölkələrdə yaşayırdılar. Həm də atanın hələ çox gənckən xəstə olduğu məlum olmuşdu. O tez-tez Avropanın ən yaxşı həkimlərində müalicə olunurdu. Nəhayət, 42 yaşında vəfat edir. Sergey Turgenev həyatından belə tez gedəcəyini bilibmiş kimi ondan istədiyini götürmək yerinə sanki onu birdəfəlik qoparırmış... İndi yenicə başlayan dul qadın həyatı Varvara Turgenevanı daha da sıxmağa başlayır. Qısqanclıq və xof içində keçən günlər bitsə də xanımın fironluğu daha da artmaqda idi. Anasının öz xidmətçiləri və rəiyyəti ilə amansız rəftarı, onlara etdiyi zülm və qəddarlığı oğullarını pərişan edib ondan qaçırırdı. Malikanənin yanındakı yoldan ötən faytonlar zınqırovlarını bağlayırdılar ki, səs eləməsin; qayda belə idi. Çiçəkləri sevirdi, onu yetişdirən bağbanları isə döyürdü, bir qırılmış gül budağına görə... Hətta təhkimlisi vardı, oxudub gözəl rəssam eləmişdi. Ona naturadan çiçəkləri çəkdirirdi. Minlərlə çiçək şəkli çəkmişdi rəssam, sanki nə bağça-bağda, nə meşələrdə, nə kəndlərin üstündə, tarlalarda nə isə qalmamışdı. Rəssam isə bezib ağlaya-ağlaya çəkirdi... içib həyata nifrət edirdi. Öz malikanəsindən 5-6 kilometr aralıda axan çay qayadan aşdığından şəlalə yaratmışdı; burada özləri kiçicik dəyirman tikmişdilər. Neçə ildən sonra birdən o şəlalənin səsi onun xoşuna gəlmədi, əmr etdi ki, suyun məcrasını dəyişinlər. Söz demək olmazdı. Böyük oğlu Nikolay sərt və ötkəm idisə, yazıçı lap uşaqlıqdan mehriban, sözgötürən, nəvazişkar bir bala idi. Hirsli-hikkəli ana onu daha çox əzizləyir, “Allah bunu mənə qız vermək istəyirmiş” deyə nazlayırdı. Nə qədər ki, Turgenev balaca idi anasına pərəstiş edirdi. Amma cox sürmür ki, ananın uşaqları ilə münasibəti pozulur. Ana onları əxlaqca sabit, təmiz görmək istədiyindən onlara pul verərkən haqq-hesab çəkirdi. Bu da övladların xoşuna gölmirdi. Soyuqluq yaranırdı. Onlar oturub analarının ölümünü gözləyirdilər. Lakin birdən-birə elə hadisə baş verir ki, bu əhvalat yazıçının taleyini diqtə etməli olur. İtalyan operası ilə Polina Viardo Rusiyaya qastrola gəlir. Onun əri məşhur musiqiçi Vlardo idi. Polina fransız olsa da hamı onun ispan mənşəyindən xəbərdar idi, hətta onun qaraçı qızı olduğu da söylənilirdi. Amma pula çox fikir verirdi. Artistliyi kommersiya əməliyyatlarına bənzəyirdi. Səhnədə görünəndə hər kəs təəssüflə “çirkindir!” deyə köks ötürsələr də elə ki, ağzını açıb oxumağa başlayırdı, sanki bu vaxta kimi heç kim heç yerdə oxumaq eşitməmişdi. Bir anda salon fəth edilirdi, ehtizaza gələn tamaşaçılar harada olduqlarını belə unudurdular. Turgenev isə doğrudan başını itirir. Belə məşhur müğənni üçün onun kimi sevgili ağılagəlməz dəlilik idi. Pulu da yox idi, anası hələ sağ idi; odur ki, ovçuluğu sevən ər üçün Turgenev mahir ovçu kimi kompanyon ola bilir və əri vasitəsilə onlara ayaq açıq. Həyatında bu təsadüf böyük dönüş yaradır. Bu təsadüf ona - rəhmdil, mehriban, zarafatcıl, şən, qayğısız, bir növ atdığını-tutduğunu bilməyən bu yaşlı “uşağa” böyük məhəbbət bağışlasa da bu məhəbbət həm də hicrana, düşkünlüyə, ağrıya, həqarətə, zəlalətə açar idi; bu qadının ardınca onun sürgün həyatı başlayır. Özünü onun ailəsi qarşısında kiçiltməsi, əlinə malı-mülkü çatanda isə bütün vardövlətini onlara xərcləməsi hətta əsərlərinin gəlirini Viardonun uşaqlarına vəsiyyət etməsi müasirlərini, ən çoxu da dostlarını qıcıqlandırıb əsəbiləşdirir, dərdə salırdı. Yarızarafat Polilnanı “Ledi Maqbet” adlandırırdılar. Ana isə taleyin ona pul, var-dövlət qədər də bol verdiyi dərd içində vaxtsız qocalıb əldən düşmüşdü; təkidlə onu Rusiyaya çağırırdı. Onu gətirmək üçün son çarəyə əl atır. Onun maaşını kəsir, yalnız geri qayıtmağa pul göndərir. Turgenev nə qədər inad etsə də kasıblıq imtahanından keçə bilmir. Elə bil lampanın piltəsini çəkdin; yola düşür. Ana isə ölümünün gəlib çatdığını anlamışdı. Onsuz da nə zaman idi ki, əlil arabasında gəzirdi. İstəyirdi oğullarını görə, paylarını verə, xeyir-dualarını çatdıra. O gəldikdə isə qohumları, el yığılıb onu dəfn etmiş, qəbristanlıqdan evə ayıdırdılar. Gecəni yatmayıb anasının ona yazıb qoyduğu ölümqabağı gündəlikdəki qeydlərini oxudu. Mal-mülk bölünəndə ailəli qardaşının ürəyini qırmadı, ona çox güzəşt etdi, fəqət “Spasskoe məndə qalsın” dedi. Özünün də son saatları gəlib çatanda qürbətdən Fransadan Polonskiyə yazırdı: “nə vaxt ki, Spasskda olacaqsınız məndən evə, bağa, mənim cavan palıdıma, Vətənə baş əyib salamımı yetirin. Yəqin bir də mən oraları görmərəm”. Bütün əsərlərindən mərkəzi Rusiyanın bu əyalətinin xoş mənzərəsinin ətri gəlirdi. Uşaqlığı keçən, böyüyəndə küsüb çəkildikləri atasının kəndi Turgenovo da onun ilahımının beşiyi olurdu. “Bejin çəmənliyi” kimi gözəl əsəri məhz Turgenovo təbiətinə ithaf olunmuşdu. Ən gözəl əsərlərindən olan “Rudin”, “Zadəgan ocağı”, “Ərəfə”, “Atalar və oğullar”, çoxlu sayda povest və hekayələr 1855-1861-ci illərdə yaratdığı şedevrlərin hamısı bu torpaqla nəfəs alırdı. Bu bərəkətli torpaq-mordva tatarlarının keçmiş ovlağı Qızıl orda dövrünün mədəniyyət beşiyinin doğmalığı damla-damla süzülüb qızğın məhəbbətə çevrilmişdi. Məhz burada təbiətə vurulmuşdu, ecazkar təbiətə aludə olmuş ədəbiyyata gətirdiyi insanlar öz qəlb gözəlliyi ilə heç də bu təbiətdən, qışı qış, baharı bahar olan əlvan, zəngin, dolu, füsunkar dünyadan geri qalmırdı. Ədəbiyyatda romantik, xəyalpərvər, qızıl ürəkli gənc surətlər yaratdı. Xüsusən alovlu, gözü, qəlbi, canı, nəfəsi sevgi dolu təmiz qız obrazları doğurdu ki, ədəbiyyatda xüsusi Turgenev tipi deyə ifadə yaratdı. Yeddi arxadan dönəni türk olan İvan Turgenev bir türk insanı kimi kövrəyin kövrəyi idi, həlim, yumşaq adam idi, sadədən sadə, kefcil, səxavətli və qadınsevər idi. Babaların yadigarı Spassk meşələrini satır ki, Viardonun qızına yaxşı cehiz düzəltsin. O sanırdı ki, qadınsız (özü ağıllı qadın deyir) cəmiyyət nə qədər şən və əyləncəli olsa da yağlanmamış araba təkəri cırıltısı tək zəhlətökəndir. Və türk nəvəsi kimi qadınsız və məhəbbətsiz yaşaya bilmirdi. Dövrün məşhur qadınlarının dostu idi; Rus-Türk müharibəsində könüllü tibbi bacısı, qəhrəman Baronessa Vrevskaya Yulya, yazıçı Lev Tolstoyun bacısı qrafinya Mariya, yazıçı Vovçok Marko və son eşqi, son fürsəti aktrisa Mariya Savina. Ağır xəstəliyə tutulmuşdu. Yerindən dura bilmirdi. Onurğa beyninin xərçəngi ona insanın çəkə bilməyəcəyi əzabı verirdi. Bir neçə dəfə ölüb dirilmişdi, keçirdiyi klinik ölümdə gördüklərini yazmaq istəyirdisə də yaza bilmirdi. Özü deyərdi ki, bunu indiyədək heç kəs yazmamışdır, çünki belə tamaşalardan sonra hələ heç kəs dirilməmişdir axı... Təkbaşına, unudulmuş, atılmış halda ölürdü. Sığındığı, hər şeyini verdiyi Viardo ailəsinin evində 2-ci mərtəbədə dar kabinetdə can verirdi. Hələ də turp kimi sağlam olan Viardo xanımsa öz evində musiqi dərsi verirdi. Yazıçının kabineti onun auditoriya salonunun üstündə idi. Rusiyanın qədirbilən adamları ölməkdə olan yazıçını ziyarət etdikcə bu qeyri-insani münasibətdən həyacana düşürdülər. Lakin olan olmuşdu. Yazıçı gücü çatan qədər yenə də ev yiyələrinə haqq qazandırır, onları müdafiə edirdi. Bu zaman onun gözləri məhəbbətdən axan yaş ilə dolurdu. Amma nə vaxt idi ki, morfisiz gözlərini yumub dincələ bilmirdi. Allah bu böyük türkün ürəyinə nə qədər şəfqət və mərhəmət vermişdi... Hər kəsdə onun bu halı - məhəbbətdən aldığı yaralar rəhm və acıma oyadırdı. Fransanın yazıçıları da onu ziyarət edir, vaxtaşırı baş çəkirdilər. O isə bundan da dəhşətli ölümü kağızda öz qələmi ilə təsvir edə bilmişdi. “Atalar və oğullar” əsərinin qəhrəmanı Bazarovun ölümü ilə. İndi elə bir ölüm onun öz yaxasını dəstələyib əlində möhkəm tutmuşdu. Fransada olduğunu unutmuşdu, son anları çatanda rus dilində vidalaşdı. 22 avqust 1883-cü ildə əbədi dünyaya köçdü, saat 2 idi. İmkan tapıb demişdi: - Volkov qəbiristanlığında, Belinskinin yanında... Vəsiyyətinə əməl etdilər. Rəssam Şamronun yazıçının bu halını əks edən naturadan əlüstü çəkdiyi şəkilə baxıram, bu anda günorta azanının səsi otağı doldurur. Azan elə-belə bitmir, arxasınca dua-səna... Gözlərim dolur. Yadıma Oryolda yazıçının Vətənində keçirdiyim günlər - Oryol meşələri, xüsusən türk ab-havasını saxlayan Çaplıkin meşəsi (mən onda hələ Çaplı türk adını ayırd etməmişdim) zoğlu yemliklər, eşqin bağlamış ağzını öyrəşən tərələr, ən unudulmayan isə inciçiçəyi basmış bəzəkli talalar, hündür otlu, adamın sinəsini qucan otluqlar, vəhşi çəmənlər... İlk baharın odlu günəşinə və meşə sərinliyinə qarışan eşqim, hicranım, həyəcanım... Oka çayında tatarların Aka (yəni axar, çay, su) dediyi çaydakı gəzintilər; tatar biçimli yerli əhali - sonrakı ruslar düşür yadıma. Buralarda dildə-ağızda Turgenevin, anasının kaprizləri, atasının macəraları gəzirdi. Jukovskini, Leskovu, Bunini yetirən torpaq, Oryolda kitabxanaya girdikdə Buninin gündəliyindən sətirləri zehnimə əzbər yazıldı. Onun bu kitabxanaya gəlişi, günorta istisinə düşməyi, eyni mənim kimi... Hara gedirdim hamını Turgenevlə fəxr edən görürdüm... Bir də malikanənin böyük həyətində yaşlı, dövran görmüş palıd ağaclarının qəmli xışıltılarıyla hələ də özünün sonuncu sahibini anıb yad etdiyini görmüşdüm. Riqqətlə andım o günləri. Artıq bu, qulağıma və könlümə dolan günorta azanının haqq-ədalət çağırışından idi. Geri dön |