Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Hacı Zeynalabdin Tağıyevin nəvəsinin babası haqqında xatirəsi - Axtarış aparanlar dedi ki: “Siz almanları gözləyirsiz...”
Hacı Zeynalabdin Tağıyevin nəvəsinin babası haqqında xatirəsi - Axtarış aparanlar dedi ki: “Siz almanları gözləyirsiz...” |
Manaf Süleymanov Hacı Zeynalabdin Tağıyev haqqında olan kitabında “Hacı Zeynalabdin Tağıyevin qız nəvələrindən birinin söhbətindən sətirlər” başlığı altında Tağıyevin nəvəsinin babası haqqında və ailəsinin başına gətirilən müsibətlər barəsində xatirələrini qeyd edib. Enter.News milyonçunun nəvəsinin həmin xatirəsini təqdim edir:
1934-cü ildə ərə getdim və familiyamı dəyişdirdim. Köhnə hər yerdə mənə xor baxdıran, tənə yağdıran “Səlimxanovdan” canım xilas oldu. Sevinirdim, çox bərk sevinirdim. 1936-cı ildə atamı həbs etdilər. Evimizdə iki gün axtarış apardılar. Divarları sökdülər, qızıl, cəvahirat axtarırdılar, tapa bilmədilər. Bir də axı, olmayan şeyi necə tapmaq olar... İl yarımdan sonra 1937-ci ilin axırında atam Zeynal bəyi faytonda gətirib, küçədə səkiyə tullayıb getmişdilər. Xəstə, yarımiflic. Qonşular zorla otağa gətirdilər... Neçə ay müalicə olundu. Deyirdi ki, saatlarcan zirzəmidə dizəcən suda saxlayıb qızıl və brilyant tələb edirdilər. Saatlarla oturmağa, yatmağa qoymurdular... 1941-ci ildə müharibənin altıncı günü bulvardan tutub aparmışdılar. Sabahı gün gəlib evi axtardılar. Evlərimizin və neft mədənlərimizin kupçilərini, bütün sənədlərini apardılar. Babam Hacı Zeynalabdinin ipək üzlü qara cildli pasportunu, iki faksi-milisini (imzasının peçatı), biri kəhrəbada, biri firuzədə apardılar. Atamın bütün sənədlərini, albom və fotolarını da apardılar. Axtarış aparanların başçısı cavan azərbaycanlı kupçiləri üzümə vurub dedi: “Siz almanları gözləyirsiz...”. Atamı Bayıl həbsxanasına saldılar. Bir dəfə yemək aparanda dedilər ki, Zeynal bəy Səlimxanov yoxdur. Sürgün edilib. Getdim şəhər prokuroru Selvestrovun idarəsinə, girdim qəbuluna. Dedi ki, axtarma atanı! O ingilislərə işləyirmiş. 10 il həbs cəzasına üçlük tərəfindən məhkum edilib. (əslində isə güllələyiblərmiş). “İbtidai məktəbdə rus dilindən dərs deyən müəllim ingilislərə necə işləyə bilər?” - soruşdum. “İşləyib. Belədir”. Bir neçə gün sonra axşam qaranlıq düşəndə yaşlı bir erməni evimizə gəlib xəbər verdi ki, Zeynal bəylə bir kamerada otururdum. Onun da heç bir təqsiri yox idi, mənim də. Mikoyan mənim qohumumdur. Arvadım Moskvaya gedib əhvalatı Anastasa deyib. O da Bakıya zəng çalıb məni buraxdırıb. Siz də Moskvaya şikayət edin”. Mən də ərizə yazıb Stalinə göndərdim. On gündən sonra məni NKVD-yə çağırdılar. Axşam saat 8-də. Ərim ezamiyyətdə idi. Üç uşağım vardı. Onları aparıb qohum evində qoydum, yollandım NKVD-yə. Saldılar məni zirzəmiyə. Sumbatov - Topuradze soruşdu: “Stalinə ərizəni sən yazmısan?”. “Bəli, mən yazmışam yoldaş Stalinə. Atam ibtidai məktəbdə adi rus dili müəllimidir. Heç bir günahı yoxdur...”. “İyirmi dörd saata Bakıdan çıxıb Sterotamak şəhərinə getməlisən. Mən deyəni etməsən, səni də atan gedən yerə göndərərəm”. Sabahı gün məni milis idarəsinə çağırdılar, pasportuma bir vərəq kağız yapışdırıb möhür basdılar və dedilər: “Sizinlə qurtardıq! Siz daha Bakıda yaşamırsız”. Ərim Mir Zeynal Abdullayev ezamiyyətdən qayıtdı. (Geoloq idi, geoloji kəşfiyyat kontorunda işləyirdi). Gedib bilet aldı və dedi: “Siz aşağı küçə ilə gedin dəniz vağzalına. Mən başqa yolla gələrəm. Bir yerdə tutsalar, dustağa sala bilərlər”. Az-çox xırım-xırda şeyləri götürdük, qapını qıfıllayıb açarı kandarda gizlətdik. Çıxıb getdik. Gəmiyə oturub yollandıq Krasnovodskiyə. Düz iyirmi gün avqust istisində küçədə oturdum. Sterotamaka dekabrda çatdıq. Şiddətli şaxtada. Özümüz də yay paltarında. Oraya çoxlu azərbaycanlı sürülmüşdu. Başneftin kəşfiyyat idarəsində Əsəd Rüstəmbəyov (Fətulla bəyin oğlu) rəis idi. Bizə çox qayğı göstərdi, qalın pal-paltar verdi. Ərimi işə düzəltdi, baş geoloq təyin etdi. Beş il orada yaşadıq. Ərim 1946-cı ildə Bakıya gəldi. Heç yerə yaxın buraxmadılar. Getdi Moskvaya. Neft naziri Konstantin Baybakov - institutda bir yerdə oxumuşdular, - onu Lvov şəhərinə göndərdi, dedi ki, orada hava mülayimdir, iqlim mötədildir. Hələlik orda yaşayın. Ukrayna neft kəşfiyyat idarəsində baş geoloq işlədi. 1951-ci ildə Türkmən-neft birliyinə təyin etdilər. Geofiziki idarədə baş geoloq. Bakıya gəlib gedirdik. 1976-cı ildə ərim Aşqabadda vəfat etdi. İki qızım, üç oğlum var. *** Doktor Nəriman bir gün telefonla babama dedi ki, mənzilinizi axtarışa gələcəklər, qorxma, narahat olma. Babam göy rəngli parçadan xalatda kresloda əyləşmişdi. Mən də balaca stulda ayağı yanında. 10 nəfər adam - fəhlə və çekistlər gəldi, hörmətlə salam verib otaqlara baxıb çıxıb getdilər. Babam dedi: “Bu axtarış olmadı. Yığışın gedək bağa”. Köçdük bağa. Babam tarzən Ələkbəri də özü ilə apardı. O da hər gün səhərlər, günortalar, axşamlar çalardı. Avqustun axırında 1924-ci ildə şüşəbənd balkonda oturub plov yeyib qurtarmışdıq, gündüz saat dörddə. Babamın tapşrığı ilə biz döşəməyə tökülmüş düyü dənələrini yığırdıq ki, toyuqlara ataq. Çörək və düyünü qoymurdu ayaq altında tapdalansın. Şəhərdən iki nəfər gəldi. Oturdular aşağı başda, xəbər verdilər ki, Hacı, qızın Leyla üç uşağı ilə türkmən qayığında qaçdılar İrana. Babam birdən sarsıldı, pozuldu, az qaldı yıxılsın. Birtəhər yapışıb apardılar yataq otağına. Üçüncü gün boğaz iflicindən vəfat etdi. Çox böyük təntənə ilə dəfn etdilər. Bakıdan və kəndlərdən çox adam gəlmişdi. Şəriətə görə qadınlar ölünün qırxından sonra qəbir üstə gedə bilərdilər. Amma arvadlar bu adətin xilafına hamısı kişilərin dalınca tabut arxasında qəbiristana yollandılar. Hamısı çadrada. Qəribə mənzərə idi. Babamın qırxı qurtarmamış bağa gəlib bütün otaqları bağlayıb peçatladılar. Sonra da şeyləri müsadirə etdilər. Bizi bağdan çıxartdılar. Köçdük şəhərə. Anam, atam, dayım İlyas, nənəm Sona xanım, bir də mən İçərişəhərdəki mülkümüzə, iki balaca otağa. Sonra nənəm Sona xanım Bandarin küçə, səkkiz nömrəli binaya köçdü. İlyas ağır xəstələndi, apardılar ruhi xəstəxanaya, 1931-ci ildə orda vəfat etdi. Sona nənəm hər gün gedirdi Torqovi küçəsindəki alman şirniyyat dükanına. Yaman pirojni sevirdi. 1932-ci ildə elə orda vəfat etmişdi. İlyasın cənazəsini xəstəxanadan çıxarıb Bibi-Heybətə - orda qəbristanımız vardı, — apardılar. Cənazə qabaqdakı faytonda, qalanlar dalda bir neçə faytonda ora yollandıq. Atam qorxudan ayrı faytonda gəldi. Nənəm Sona xanımı da o qəbristanda basdırdılar. (Altıbarmaq Baba Əliyev — çekanın rəisi Hacının qızı Leyla xanımı bərk girrəyib ələ keçirməyə çalışır. O da türkmən qayığında uşaqları və aşpaz qadınla İrana qaçır, ordan da Türkiyəyə gedir). Babam öləndən sonra anam Sara xanım bərk sarsıldı. İki dəfə özünü asdı, atam Zeynal bəylə mən xilas etdik. Həkimlər məsləhət gördülər ki, Bakıdan çıxardın, köçürdün ayrı şəhərə, atam apardı Leninqrada, rəfiqəsinin yanına. 1934-cü ildə onu tutdular ki, S. M. Kirovun ölümündə onun da əli var. Ərimlə getdik. Vəkil tutduq. Dedi ki çox ağır ittihamdır, ağır işdir. İki il dustaqda oturandan sonra azad etdilər. Qaldı Leninqradda. Atamdan boşandı. Vətən müharibəsi vaxtı blokada zamanı Leninqradda qaldı. Sonra Bakıya gəldi. Yaşamağa icazə vermədilər. Şimali Qafqaza Pyatiqorska getdi, ordakı qohumlarımızın evində qaldı. 1952-ci ildə təkrar Bakıya gəldi. (Sara xanım özü nəql edirdi ki, xalq yazıçısı Süleyman Rəhimov mənə mədəni-maarif komitəsində kitabxanada iş verdi. Yuxarılardan onu sıxışdırdılar ki, kapitalist, milyonçunun qızını himayə edir. O da cavab vermişdi ki, “savadlıdır, türkcə, rusca, fransızca bilir, kitablardan başı çıxır. Babam 1893-cü ildə doğulmuş nəvəsinə (Sadığın oğluna) öz adını verir - Zeynal. Böyüyəndə onu Peterburqun toxuculuq institutuna göndərir. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Babam onu Londona yola salır ki, toxuculuq sənətini dərindən mənimsəsin. Qayıdandan sonra babamın fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı. Buraxdılar. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər. 1940-cı ildə təzədən həbs edib, Bayıl dustaqxanasında güllədilər. Məşhur mühəndis Fətulla bəy Rüstəmbəyovun qızı Züleyxa xanıma evlənmişdi... Manaf Süleymanov: Yeri gəlmişkən, bir qədər öz təəssüratımdan danışım. Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımla tez-tez İnsəsənət muzeyində rastlaşırdım. Xalq rəssamı Kazım Kazımzadə bizi tanış etdi. O vaxtdan onun nəql etdiyi söhbətləri, epizodları qeyd edirdim. Öz dövrünün tükənməz məlumat mənbəyi idi. Rusca, fransızca, türkcə mükəmməl bilirdi. Hər söhbəti bir hekayə, povest mövzusu idi, gözəl nəql etmə qabiliyyəti vardı. Bir dənə də şablon, şüar söz işlətmirdi. Nə isə, tez-tez mənzilinə gedirdim. Səkili mərtəbədə iki otaqda yaşayırdı. Məişəti çox kasıbdı. İçəri otaqda iki dəmir çarpayı, sınıq-sökük divan, ona oxşar bir şkaf... Qabaq otaqda köhnə, laxlayan bir stol, üç dənə eyni çeşidli stul və bir kətil vardı. Döşəmə çox yerdə dəlik-deşik idi, siçovullar o yan-bu yana şütüyürdülər... Pəncərə şüşələri sınıq-sınıqdı. Kazım Kazımzadə neçə dəfə xarrat, şüşəsalan göndərib təmir etdirmişdi. Yeri gəldikdə maddi yardım da göstərirdi... Mətbəxdə qaz tez-tez alov sovururdu. Çox az adam baş çəkməyə gəlirdi... Onlar da kasıb-kusub, qayğıkeşlər. ...Nə isə, mənə o dövrə aid çox dəyərli epizodlar nəql etmişdi. Özü də gəlməyimə çox sevinirdi, elə bil ürəyini boşaltmağa başadüşən adam tapırdı... Axır illərdə gözləri tutulmuşdu. Lakin çox nikbin, inadkar, dediyindən dönməyən idi. Hacı Zeynalabdin Tağıyevin ailəsi barədə şəcərə tərtib edilib. Şəcərəni Hacının nəvələri professor Abdullayev Rəsmi Əsəd oğlu və Tağıyeva Fatimə İsmayıl qızı tərtib ediblər. Lakin bəzi cəhətləri aydınlaşdırmaq elə bilirəm oxucular üçün maraqlı olar. Hacının atası Tağı, anası Anaxanım sadə adamlar idi, qardaşının adı Əliqulu, bir bacısının adı Xədicə, digərininki Ümbülbanu olub. Zeynalabdin birinci dəfə Zeynəb adlı qızla evlənib. Bu nigahdan onun üç övladı olub. 1) İsmayıl 1865-1930 - General Ərəblinskinin qızı Nurcahanla evlənib. 2) Sadıq 1868 - Mirzə Fətəli Axundovun nəvəsi şahzadə Mələk Nisa xanımı alıb. 3) Xanım 1871-ci il - məşhur advokat Mövsümbəy Xanlarova ərə gedib. Hacı Zeynalabdin Zeynəb xanımın vəfatından sonra uzun zaman dul qalır. 1895-ci ildə general Ərəblinskinin qızı Sona xanımı (1881 - 1931) alır və ondan beş övladı - üç qızı, iki oğlu olur. Geri dön |