Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bolşeviklərə inanan Nəriman Nərimanovun dağıstanlılara maraqlı məktubu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Dərbənd, DAVAMın yazıları > Bolşeviklərə inanan Nəriman Nərimanovun dağıstanlılara maraqlı məktubu

Bolşeviklərə inanan Nəriman Nərimanovun dağıstanlılara maraqlı məktubu


Nəriman Nərimanov bu məktubu yazanda Leninin və bolşevik ideologiyasının iç üzündən xəbərdar deyildi. Onlara tam səmimiyyəti ilə inanırdı. İnanırdı ki, Lenin söz verdiyi kimi, Azərbaycana və digər ölkələrə müstəqillik bəxş edəcək. Nəriman Nərimanov inandığı kimi, görmək istədiyi formada təqdim edirdi bolşevikləri.

Nərimanov bu məktubu yazanda nə Lenininə, nə Stalinə, nə də ki, oğlu Nəcəfə tarixi məktublarını yazmamışdı. Haradan biləydi ki, nəinki sadə insanları, elə onun özünü də aldadırlar. Bolşeviklər Azərbaycanı işğal etdikdən bir müddət sonra Nəriman Nərimanov bütün vədlərin yalan olduğunu görür və əmin olur ki, sən demə heç də hər şey ona deyilən kimi deyilmiş. Onda isə artıq çox gec idi.

Nəriman Nərimanov bu məktubu 1919-cu il sentyabrın 11-də Moskvadan Dağıstanın ruhani mürşidi Hotsalı Şeyx Hacı Nəcməddin əfəndiyə yazıb.

Məktub isə ilk dəfə həmin ildə “İzvestiya” qəzetinin 18-ci nömrəsində çap olunub. Enter.News məktubun tarixi əhəmiyyətini nəzərə alaraq təqdim edir:

“Mərhəmətli cənab Hacı Nəcməddin əfəndi!

Yadınızdadırmı hələ Rusiya inqilabından əvvəl, Heydərovgildə qonaq ikən mən “Türkiyə ilə Dağıstan arasında əlaqə vardırmı?” – deyə soruşduqda siz belə cavab verdiniz: “Biz türklərin yolunu səbrsizliklə gözləyirik; çara qarşı hamımız bir nəfər kimi üsyan edərik” və i.a.

O zaman mən sizə bölgə adamlarının bir mürşidi kimi baxırdım. O zaman sizi təhrik edən panislamizm məfkurəsi idi və çara qarşı üsyan edib Türkiyəyə qoşulmaq arzunuzu mən yaxşı başa düşürdüm.

Amma iş başqa cür oldu: çara qarşı üsyan edən siz olmadınız, rus fəhlələri oldular; onlar sizi də çar zülmündən azad etdilər.

Türklər isə heç bir maneçilik görmədən on ay sonra gəldilər. Çünki yol Bakıya qədər açıq idi, onlar ancaq Bakının yaxınlığında azacıq bolşevik dəstələrinin müqavimətinə rast gəldilər. Qüvvələr bərabər olmayan bu mübarizədə siz də öz adamlarınızla bərabər türklərin yolunu asanlaşdırmaq arzusu ilə bolşeviklərin əleyhinə idiniz.

Bolşeviklər getdilər. Siz türklərlə bərabər Bakı şəhərini tutdunuz. Guya Türkiyə himayəsi altında iki müsəlman dövləti – Azərbaycan və Dağıstan təşkil olundu. Sizə daha nə lazım idi? Demək olar ki, İstanbuldan tutmuş Dağıstana kimi bütün ərazi sizin tərəfinizdən heç bir üsyan olmadan, panislamizm bayrağı altında hərəkət edən müsəlmanların əlinə keçdi. Sanki siz öz məqsədinizə çatmaqda idiniz. Yalnız bütün müsəlmanları birləşdirib dinc həyat quruculuğuna başlamaq lazım gəlirdi. Amma məlum oldu ki, siz türklərə bir o qədər də qiymət qoymurmuşsunuz. Onlar gəldilər və siz asanlıqla onlarla vidalaşdınız. Çıxıb getməyi onlara almanlar əmr etmişdilər, onlar da getdilər. Sonra almanlar gedir, onların yerinə müsəlmanların tarixi düşməni olan ingilislər gəlir. Onlar başlayırlar ağalıq etməyə, müsəlmanlar arasında, gənc müsəlman “cümhuriyyətləri” arasında düşmənçilik yaratmağa. Siz isə nəinki dinmədən bütün bu şeylərə tab gətirirdiniz, hətta Qafqazda ingilis hakimiyyətinin möhkəmlənməsinə də kömək edirdiniz... İndi ingilis gedir, onların yerinə ingilislərin öz xahişi və razılığı ilə sizin Petrovska çar generalı Denikin gəlmişdir. Denikin artıq Qafqazı vahid Rusiyanın ayrılmaz hissəsi elan etmişdir. Siz yenə dinmirsiniz, yəni görünür, yenə də rus çarının boyunduruğunu taxmaq istəyirsiniz.

Mən başqa bir nəticə çıxara bilmirəm.

Əlbəttə, başqa cür siyasi dərrakəyə malik ruhani mürşid olan sizdən tələb etmək olmaz ki, hadisələrin gedişini siz mənim anladığım kimi anlayasınız. Lakin eyni zamanda mənim haqqım var ki, sizdən soruşam: bəs sizin ardıcıllığınız harada qaldı?

Siz türklərin gəlməsini ona görə istəyirdiniz ki, rus çarının zülmündən xilas olasınız. Eyni zamanda çox asanlıqla bu zülmdən xilas olaraq, təzədən boynunuzu Denikinin boyunduruğuna soxursunuz. Heç bir şübhə yoxdur ki, Denikin özü ilə bərabər çar hakimiyyətini gətirir. Yoxsa siz bəhanə edib deyəcəksiniz ki, Denikinin qabağına çıxmağa sizin qüvvəniz yoxdur. Bəs siz kiçik alman və ingilis dəstələri tərəfindən əsarət altına alınmaq əleyhinə çıxış etmişdinizmi? Çoxdan gözlədiyiniz və hamınızın arzuladığı türklərin çıxarılması azacıq da olsa sizə təsir etdimi?

Bəs sizin panislamizm məfkurəniz harada qaldı?

Yaxşı yadımdadı: bir dəfə söhbət zamanı “çarın zülmündən azad olduqdan sonra nə cür hərəkət etmək fikrindəsiniz” sualıma siz belə cavab verdiniz: “Bizim Quranımız və xəncərimiz vardır”.

Bəs indi hanı sizin Quranınız və xəncəriniz?

Mən əminəm ki, siz bütün bu suallara özünüzü safa çıxaracaq cavab tapmayacaqsınız. Amma bəlkə də sizin təkcə bir cavabınız ola bilər: bütün bu şeyləri siz ona görə etmişsiniz və edirsiniz ki, bolşeviklərin təsiri altına düşməyəsiniz.

Əgər siz namuslu ruhani mürşidsinizsə və panislamizm məfkurəsini rəhbər tutursunuzsa, niyə bəs bolşeviklərdən qorxursunuz? Axı bolşeviklər deyirlər: kim hansı dini sevirsə, qoy azad surətdə ona iman gətirsin. Dövlət din işlərinə qarışmamalıdır. Bolşeviklər deyirlər: hər bir xalq azaddır, öz müqəddaratını azad bir surətdə təyin edə bilər. Sizə daha nə lazımdır?

Dinləyiniz, Hacı Nəcməddin əfəndi: belə qəti və məsuliyyətli bir zamanda açıq danışaq. Axı siz bolşeviklərdən ona görə qorxmursunuz ki, panislamizm məfkurəsini yayıb genişlətməkdə sizə mane olacaqlar. Yox, siz ona görə qorxursunuz ki, onlar zəhmətkeş hakimiyyətinin lehinə, mülkədar, xan və bəy hakimiyyətinin əleyhinədirlər. Əsil mətləb də buradadır. Mən bu barədə çox danışmaq istəmirəm, çünki bununla mən şəxsən sizə toxunmuş olardım... Siz ruhani mürşidsiniz, eyni zamanda böyük mülkədarsınız və əlbəttə, məni yaxşı başa düşürsünüz. Lakin indi bu saat sizin əlinizlə görülən işləri anlayırsınızmı? Öz şəxsi mənafeyiniz xatirinə siz mülkədarların mənafeyini müdafiə edən çar generalı Denikini Petrovska buraxırsınız ki, o yenə çar hakimiyyətini bərpa eləsin. Halbuki çar dəfələrlə müsəlmanların dini hissiyyatını təhqir etmiş, qəhrəman Şamilin vətəni Dağıstanın cəsur, namuslu oğlanlarını dilsiz, aciz qul halına salmışdı.

Rus fəhlələri bu qulları azad etdilər. Sovet Rusiyasının fəhlə-kəndli hökuməti öz müqəddaratını təyin etmək üçün onlara tamam azadlıq verir. Şamilin nayibi olan siz isə onları çarizm boyunduruğu altına salırsınız.

Dinləyiniz, Hacı Nəcməddin əfəndi!

Denikin artıq geri çəkilir və Sovet Rusiyasının Qızıl Ordusu tərəfindən darmadağın ediləcəkdir. Əgər eyni zamanda Denikinə qarşı siz tərəfdən fəal hərəkat olmazsa, bu halda şübhəsiz, yaxın zamanda Dağıstanda xalq hakimiyyəti qalib gəldikdə burada görülmüş bütün işlər üçün siz cavab verməli olacaqsınız. Lakin siz az qüvvənizlə Denikini qovsanız və bununla göstərmiş olasınız ki, qul olmaq istəmirsiniz, o zaman siz öz xalqınızın öz müqəddəratını təyin etməsinə kömək etmiş olarsınız. Siz bilirsiniz ki, Sovet Rusiyası öz hakimiyyətini, əgər xalq onu istəmirsə, heç bir xalqa zorla qəbul etdirmir. Sovet Rusiyası Dağıstanın müstəqilliyini qəbul edir və onunla mehriban qonşuluq münasibətləri yaradacaqdır...

Bütün bunları Azərbaycana da xəbər verin. Haqq-hesab çəkiləcək saat uzaq deyil, əgər Denikini qovsanız, ingilislər isə bizimlə əlaqəyə girmənizə mane olsalar, hamısı birdir, onları da qovmaq qərara alınmışdır ki, quldur dəstəsinin bütün murdar işlərinə xitam verilmiş olsun. Quldurlar harada olurlarsa-olsunlar, məhv edilməlidirlər. Axı, şəriət də bunu əmr edir! Doğru deyilmi? Fəqət görünür ki, siz şəriətin hökmünə əməl etmək istəmirsiniz. Onda sizin əvəzinizə bolşeviklər əməl edərlər...”

N.Nərimanov

Moskva

1919-cu il, 11 sentyabr

Təqdim etdi: Rəşad Sahil

Geri dön