Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın ən yaxın tərəfdaşı Türkiyədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanın ən yaxın tərəfdaşı Türkiyədir

Azərbaycanın ən yaxın tərəfdaşı Türkiyədir


“Türkiyənin Avrasiya İqtisadi İttifaqının Gömrük Birliyinə daxil olması məsələsi dəyərləndirilir”.

Bu barədə bir neçə gün əvvəl Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomatın sözlərinə görə, bu, iqtisadi məsələdir: “Təbii ki, siyasi tərəfləri də var. Hər halda, bunlar dəyərləndirilib, yekun qərar veriləcək”.

Xatırladaq ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olmaq üçün bu il müraciət edəcəklərini bildirib. Mövzu Azərbaycan mediasında müzakirə olunmaqdadır. AİB-də işğalçı Ermənistan da təmsil olunduğundan bəzi şərhçilər bunu Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini qeyd edirlər. Lakin politoloqlar, siyasi şərhçilər bunun mümkünsüz olduğunu hesab edirlər .

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fərəc Quliyevin sözlərinə görə, Türkiyənin Avrasiya İqtisadi Birliyi ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyalar düşmən ölkənin daxili auditoriyasına hesablanıb. Deputat vurğulayıb ki, əgər Türkiyə sözgedən sazişi bağlasa belə, bu, Ermənistanla münasibət qurmaq anlamına gəlmir: “Çünki Avrasiya İqtisadi İttifaqında başqa dövlətlər də var və burada əsas rolu Rusiya oynayır. Bildiyiniz kimi, son dövrlər Türkiyə ilə Rusiya arasında yaxınlaşma var və sözügedən ölkələr ticarət dövriyyəsini artırmaq, iqtisadi münasibətlərin daha da genişləndirilmək niyyətindədirlər. Lakin heç bir halda, Ermənistana münasibət dəyişməyəcək. Çünki bununla bağlı qardaş ölkə Türkiyənin də kəskin mövqeyi var”.

F.Quliyev qeyd edib ki, Ermənistan bu cür informasiyalar yaymaqla, guya vəziyyətinin yaxşı olduğunu, işğalçılıq siyasətinə görə başqa dövlətlər tərəfindən qınanmadığını göstərməyə çalışır: “Düşmən ölkə öz ölkəsindəki bütün çirkinlərin üstünü örtmək üçün hər dəfə belə yollara əl atır. Lakin hər zaman olduğu kimi bu dəfə də Ermənistanın təxribat cəhdi baş tutmayacaq. Düşmən ölkə belə şeylərlə özünə təsəlli verməyə çalışsa da, bunun heç bir əhəmiyyəti olmayacaq”.


Politoloq Qabil Hüseynliyə görə isə Avrasiya İqtisadi İttifaqında işğalçı Ermənistan da təmsil olunduğundan düşmən ölkə hesab edir ki, Türkiyə sözügedən ittifaqla gömrük sazişini bağlasa, sərhədlər açıla bilər. Düşmən ölkənin fikrincə, Türkiyənin AİB-yə üzv olması üçün Ermənistanın da səsi ona lazım olacaq. Hər kəsə məlumdur ki, Rusiya AİB-ə hansı ölkənin qəbul edilməsini özü həll edir və belə olan halda, Ermənistanın hər hansı səsvermə hüququ heçə enmiş olur. Politoloqun sözlərinə görə, Ermənistanın sərhədlə bağlı yaydığı informasiyalar növbəti təxribatdır və onun reallaşması mümkün deyil: “Türkiyə heç bir zaman Azərbaycanın ziyanına olan və xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində problem yaradacaq məsələlərə yol verməz. Türkiyə hökuməti bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini dəfələrlə bəyan edib. Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfindən qaldırılan məsələ sadəcə hay-küy yaratmağa yönəlib”.

Q. Hüseynli əlavə edib ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağladığı təqdirdə sərhədlərin açılması məsələsi gündəmə gələ bilər, amma reallaşa bilməz: “Çünki bu, qardaş Türkiyənin tutduğu mövqedir və heç zaman buna razı olmaz. Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir”.

Millət vəkili Musa Quliyev deyib ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl və yüksək şəkildə ümummilli Lider Heydər Əliyev “bir millət, iki dövlət” deyərək ifadə etmişdir. Yəni bundan yaxın bir münasibət ola bilməz. Həm də tarixən Azərbaycan müstəqilliyini elan edəndə ilk dəfə bizi tanıyan ən yaxın dostumuz, qardaşımız, strateji partnyorumuz Türkiyə olub.

Onun sözlərinə görə, Türkiyənin də ən çətin anlarında onu cəsarətlə müdafiə edən, dəstək verən və birmənalı olaraq onun tərəfində duran Azərbaycan dövləti olub: “Türkiyənin son 10-12 ildə xarici siyasətində müəyyən gərginlikləri olsa da, həmişə Azərbaycan dövləti, prezidenti Türkiyəyə dəstək verib. Bizim istər idman, istər musiqi yarışlarında, o cümlədən, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan qalibləri həmişə meydana çıxanda ölkəmizin bayrağı ilə yanaşı, Türkiyənin bayrağını da qaldırıblar. Bunlar heç də təsadüfi münasibətlər deyil. Bu, bütövlükdə millətin və dövlətin Türkiyəyə olan münasibətinin ifadəsidir. Türkiyə dövləti də həmişə sözdə, əməldə, siyasətdə və s. Azərbaycanın yanındadır. Bu gün bizim istər iqtisadi, istərsə də siyasi müstəvidə ən yaxın tərəfdaşımız Türkiyə dövlətidir. Bu, tam təbiidir. Türkiyə-Azərbaycan münasibətləri ictimai, sosial, iqtisadi həyatımızın bütün sahələrində artan xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Azərbaycanın ümummilli lideri tərəfindən başlanan iqtisadi inkişafın əsas strateji xətləri birbaşa Türkiyə ilə bağlıdır”.

Politoloq Zaur Məmmədov isə deyib ki, Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyaları kimin yaydığı mənbə bəlli deyil. Bəzi saytlar bu haqda həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Onun sözlərinə görə, Avrasiya İttifaqına qoşulmaq məsələsi müəyyən prosedur tələb edir: “Bu, o qədər də tez həllini tapan məsələ deyil. Türkiyənin AİB-nə qoşulması isə daha da çətin prosesdir. Türkiyə tərəfindən “biz Gömrük İttifaqına qoşula bilərik” bəyanatı Almaniyaya bir mesajdır. Bu ölkənin Avropa Birliyinin üzvü olmamasına baxmayaraq, artıq bir neçə ildir ki, Aİ ilə Türkiyə arasında gömrük sazişi qüvvəsindədir. Ölkə siyasi, iqtisadi, hərbi cəhətdən Qərbə inteqrasiya olunub. İndi bütün bunları bir kənara qoyub siyasi kursu dəyişmək elə də asan olmayacaq. Qərb Türkiyənin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək. O ki qaldı yenə ara-sıra gündəmə gələn Türkiyə-Ermənistan sərhədlərinin açılmasına, yəqin bir neçə il əvvəl Azərbaycanın sərt mövqeyini hamı yaxşı xatırlayır. Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır, açıla da bilməz”.

PƏRVANƏ

Geri dön