Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > "Laçın siyasi oyunların qurbanı oldu"
"Laçın siyasi oyunların qurbanı oldu" |
Arif Paşa: "Yuxudan oyanan əsgərlər görüblər ki, avtomatların nişangahları çıxarılıb və yollar minalardan təmizlənib"
Laçın alayının sabiq komandiri Arif Paşanın müsahibəsi - Arif bəy, Laçın alayının sabiq komandiri olaraq Laçın rayonunun əsas işğal səbəblərini nədə görürsünüz? - Bu haqda kifayət qədər açıqlama və müsahibələrim olub. Artıq Laçın və Qarabağı necə azad etmək uğrunda düşünməliyik və bu fikir aktual olmalıdır. Amma suala cavab olaraq bildirim ki, Laçın siyasi oyunların qurbanı oldu. İşğalın səbəbləri məhkəmədə sübut olundu. Bu gün ictimaiyyətə məsələnin mahiyyəti bəllidir. Təəssüf ki, bəzi media orqanlarımız işğalın səbəbini cəmiyyətə təhrif olunmuş formada çatdırır ki, Laçında nizamsız döyüş qüvvələri olub və heç kimə tabe olmayıblar. Bu günlərdə Şuşanın işğalı ilə bağlı çəkilişdə də bunu göstərdilər. Bu, yalandır. Laçında kifayət qədər nizamlı, hərbi qayda-qanunlara riayət edən və yerli əhalinin içərisindən təşkil edilən alay möcvud idi. Xüsusilə, hər gün səhər saat 8:00-da alayla bağlı Müdafiə Nazirliyinə zəng edib məruzə edilirdi. Tabeçiliyin bütün atributlarına əməl olunurdu. Təəssüf ki, torpaq işğal olunandan sonra ünvanımıza ittihamlar, xoşagəlməz sözlər deyilməyə başlandı. Burada bir məsələdə deyildiyi kimi, "Qələbənin atası çox olur, məğlubiyyət isə yetimdir". - Dediklərinizdən belə aydın olur ki, Laçında nizamlı ordu hissələri mövcud olub. Bəs niyə Laçın işğal olundu? - Laçında komplektləşdirilmiş hərbi hissələrimiz layiqincə düşmənə qarşı müqavimət göstərirdi. Laçının işğalının əsas səbəbi siyasi proseslərə söykənir. Laçının müdafiəsi 126 əsgərə rəhbərlik edən və müstəqilliyə nifrətlə yanaşan birinə tapşırıldı. Bu komandir Laçının strateji əhəmiyyətini bilmirdi və orada hansı hadisələrin getməsindən xəbərsiz idi. Bizdə kəşfiyyat məlumatları var idi ki, ermənilər nə zaman hücum edəcəklər, bu haqda yuxarı instansiyalara məruzələr edirdik. Sizə dəqiq bir faktı deyim ki, ermənilərin hücumu haqqında məlumatlar ola-ola Laçın və bütün sərhədboyu bölgələrdə hərbi hissələr ləğv edilirdi. O hərbi hissələr ki, Azərbaycanın müstəqilliyi uğrunda savaşan və canlarını vətənə fəda edən insanladan ibarət idi. Onlar döyüşə məcburi gəlməmişdilər. Psixoloji cəhətdən hazırlıqlı və mənəvi ruhu yüksək hərbi hissələr idi. Ermənilər çoxlu itkilər verirdilər və bunu özləri də təsdiqləyirdilər. Belə olan halda, orada döyüşlərin olmamasını bildirmək düzgün yanaşma deyil və bu yanaşmanı o dövrün tarixi hadisələrinə ədalətsiz yanaşma kimi qəbul edirəm. Bu savaşlar Azərbaycan xalqının qəhrəmanlıq dövrünün əsas səlnaməsidir. - Laçının işğalında düşmən tərəfdən nə qədər canlı qüvvə və texnika iştirak edib? - Burada məsələnin kökündə başqa amillər dayanır. Həmin dövrdə az qüvvə ilə nə isə bir iş görmək mümkün ola bilərdi. Biz nəticə olaraq zəif duruma gəldik. Laçına Gorus tərəfdən hücum edən zirehli texnikanın sayı 55-ə, Şuşa tərəfdən isə canlı qüvvənin sayı 9 min 200-ə çatırdı. Həmin vaxt Şuşada olan şəxsi heyətin sayı 3 min nəfər idi. Onların çoxunun məzuniyyətə buraxılması və 300 nəfərlik şəxsi heyətin qalması hazırlanan təxribatın tərkib hissəsi idi. Ən fenomenal xalq belə bu qüvvə ilə 9 min 200 nəfərlik ordunun qarşısını ala bilməzdi. Bu, məsələnin görünən tərəfidir. Azərbaycanı müstəqil görmək istəməyən qüvvələr bu durumu bilərəkdən yaratdılar. Şuşada olan əsgərlərə qarşı təxribatlar oldu və onlar güllənin səsinə oyanmışdılar. Onlara hücum haqqında məlumatlar verilmirdi. Yuxudan oyanan əsgərlər görüblər ki, avtomatların nişangahları çıxarılıb və yollar minalardan təmizlənib. Onu da qeyd edim ki, Şuşanın işğalı Laçının işğalına böyük təsir etdi və bundan sonra Laçını qoruyub saxlamaq çətinləşdi. - Həmin ərəfədə Laçında nə qədər canlı qüvvə vardı? - Həmin ərəfədə Laçın və Şuşa istiqamətinə qüvvələr göndərildi. 54-56 nömrəli daxili qoşun hissələri, özünümüdafiə batalyonları, polislərimiz köməyə gəldilər. İstər döyüş sursatı, istərsə də insan resursu baxımından qüvvələr mövcud idi. Düzdür, Şuşanın işğalından sonra Laçını qoruyub saxlamaq çətinləşmişdi və bütün strateji yüksəkliklər ermənilərin əlində idi. Düşmənə zərbə vurmaqla Laçını müəyyən müddətə qədər saxlamaq olardı. Bu da müvəqqəti ola bilərdi. Biz Ermənistanla sərhədə 5 min 500 mina düzmüşdük. O zaman Ermənistan tərəfdən hücumun olacağına inanmırdıq və əsas hücumun Dağlıq Qarabağ tərəfdən olacağını bilirdik. Ehtiyat tədbirlərini görürdük. Amma qüvvələrin Dağlıq Qarabağ istiqamətindən çıxarılıb, başqa istiqamətlərə göndərilməsi xəyanət idi. May ayının 15-də Laçını Turş istiqamətində qoruyan Müdafiə Nazirliyinin hissələri heç kimə xəbər vermədən oranı tərk etdilər. Laçını Dağlıq Qarabağ istiqamətində əhatə edən bütün yüksəklik və mövqelər düşmən əlinə keçdi. Ermənilər bununla da bir necə yüz metrdən mövqelərini gücləndirdilər. Artıq Təzəkənd, Qala və Laçına bitişik kəndlər ermənilərin əlində idi. Qüvvələrimizin bu yerləri tərk etməsi vəziyyəti ağırlaşırdı. Laçına iki qapı var idi: biri Ermənistan, digəri isə Dağlıq Qarabağ tərəfdən. Belə olan halda, qapının biri açıq qaldı. Buna baxmayaraq, mayın 17-nə qədər əsgərlərimiz rəşadətlə döyüşürdülər və mənim qohumlarım, əqidə dostlarım şəhid oldular. Bəzən mənə dəyəndə ki, Laçında döyüş olmayıb, mən deyirəm ki, orada şəhid olanları yəqin insan saymırsınız - Hazırda Qarabağ məsələsinin həll edilməsi istiqamətində danışıqlar gedir və bir keçmiş hərbçi olaraq ordumuzun müharibə əhval-ruhiyyəsini necə dəyərləndirirsiniz? - Qeyd etdim ki, Azərbaycan Ordusu müharibənin çətin sınaqlarından yaranan ordudur. Orduya qürur mənbəyimiz kimi baxıram. ürəklə deyirəm ki, bu gün çox güclü ordumuz var. Ordu hər zaman müqəddəsdir. Azərbaycan Ordusu Ermənistanı məhv etməyə qadirdir və bütün mövqelərini darmadağın edə biləcək səviyyədədir. Azərbaycan Ordusu inkişaf edir. Milli zabit kadrlarımız hazırlanır və bəzən küçədə əsgər və zabitlərə söhbət edirəm və bir daha görürəm ki, ordumuz düşmənin mövqeylərini darmadağın etməyə qadirdir. Elnur Eltürk Geri dön |