Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dini liderlərin görüşü nə vəd edir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Dini liderlərin görüşü nə vəd edir?

Dini liderlərin görüşü nə vəd edir?


Millət vəkillərinin fikrincə, bu görüş Dağlıq Qarabağ probleminin həllinə, Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə hər hansı formada təsir etməyəcək

Hələ aprel ayında Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüş keçirəcəkləri barədə məlumat yayılmışdı. Görüşün tarixi və yeri barədə məlumat verilməsə də dini liderlərin məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti dəfə bir araya gələcəyi qeyd olunurdu. Bu günlərdə isə Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin mətbuat katibi Aleksandr Volkov görüş barədə dəqiq açıqlama verib. Qeyd edib ki, sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

A.Volkov görüşün Müqəddəs Danil monastırında keçiriləcəyini xatırladaraq, din xadimlərinin və dindarların səylərinin regionda vəziyyətin yaxşılaşmasına kömək etdiyini vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycan və Ermənistanın dini liderlərinin görüşünün təşəbbüskarı RPK rəhbəri Moskva və Bütün Rusiyanın Patriarxı Kirildir: "Bu görüş planlaşdırılmış xarakter daşıyır və son bir neçə ilin mövzusudur. Erməni katolikosu və Azərbaycan şeyxülislamı arasında belə görüşlər hələ Patriarx II Alekseyin vaxtından keçirilir. Patriarx Kiril bu sülhməramlı kursu davam etdirir. Bu formatda sonuncu görüş 2011-ci ildə olub. Əvvəllər olduğu kimi, bu görüş də sülhməramlı xarakter daşıyacaq və Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldilib”.

Bəs, görəsən bu görüş doğurdan da qarşıya qoyulan məqsədə xidmət edə biləcəkmi? Dini liderlər uzun illərdir Dağlıq Qarabağ probleminin həlli istiqamətində siyasətçilərin, diplomatların əldə edə bilmədikləri hər hansı uğura imza ata biləcəklərmi?

Bu kimi suallarla bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, dini liderlərin görüşündən problemin həlli ilə əlaqədar dönüş sayıla biləcək, ciddi nə isə gözləməyə dəyməz. Onun sözlərinə görə bu, yalnız rəmzi xarakter daşıyan, ancaq xoş niyyəti özündə ifadə edən zəruri bir görüşdür. Millət vəkili deyib ki, dini liderlərin bu görüşü nəticəsiz olacaq: "Fikir versəniz, Rusiya prezidentlərinin təşəbbüsü ilə də Dağlıq Qarabağ probleminin həllinə dair dövlət başçıları səviyyəsində görüşlər keçirilib. Bu görüşlərdə təbii olaraq münaqişə tərəfləri - Azərbaycan və Ermənistan ölkə rəhbərləri də iştirak ediblər. Qənaətimə görə belə görüşlərin təşəbbüskarı, təşkilatçısı olmaqla, rəsmi Moskva bütün dünyaya göstərmək istəyir ki, münaqişənin həllində söz sahibi Rusiyadır. Bununla da Kreml rəhbərliyi Dağlıq Qarabağ problemini həll etməyə deyil, dünyaya mesaj verməyə çalışır. MDB məkanında münaqişə yaşanan ölkələrə söyləməyə çalışır ki, ancaq Rusiyadan asılısınız, rəsmi Moskvanın rolu olmasa, bu problemləri kimsə həll edə bilməz və sair. Bu kimi səbəblərdən dini liderlərin növbəti görüşündən də Dağlıq Qarabağ probleminin dinc yolla həlli istiqamətində nə isə ciddi bir nəticə gözləmirəm”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də dini liderlərin görüşünün Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə hər hansı töhfə verəcəyinə inanmadığını dilə gətirib. O, qəzetimizə açıqlamasında bildirib ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli, bununla da Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün dəfələrlə ən yüksək səviyyədə görüşlər keçirilib. Millət vəkilinin sözlərinə görə, dövlət başçıları, ziyalılar, diplomatlar, vətəndaş cəmiyyəti, siyasətçilər səviyyəsində keçirilən belə görüşlərdə də ciddi nəticə əldə edilməyib: "Bu, siyasi qərardır və bütün bunların başında Rusiya dayanır. Ona görə də Dağlıq Qarabağ probleminin həll olunmasına imkan verilmir. Buna görə dini liderlərin Patriarx Kiril vasitəsilə görüşünün təşkil edilməsinin də heç bir mənası yoxdur. Bununla yanaşı, hesab edirəm ki, bu platformada da, yəni azərbaycanlı din xadimlərinin iştirakı ilə keçirilən görüşlərdə də Azərbaycan tərəfinin öz sözünü deməsi təbliğat baxımından əhəmiyyətlidir. Ancaq dini liderlərin görüşüb nəyisə müzakirə aparmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir etməsi qeyri-mümkündür”.

Rufik İSMAYILOV

Geri dön