Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini, DAVAMın yazıları > “Babək haram işləri halal bilirdi, çoxlu müsəlman qırdı” - Əslində “Hürrəmilər hansı “haramları” inkar edirdilər?”
“Babək haram işləri halal bilirdi, çoxlu müsəlman qırdı” - Əslində “Hürrəmilər hansı “haramları” inkar edirdilər?” |
Enter.News Babək və Hürrəmilər hərəkatı ilə bağlı tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının növbəti – “Hürrəmilər hansı “haramları” inkar edirdilər?” yazısını təqdim edir:
“Dilinizin uydurduğu yalana əsasən: “bu halaldır, o haramdır!” - deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.” Qurani-Kərim, ən-Nəhi surəsi, 116-cı ayə. Xilafət sarayının, yaxud şəriət xadimlərinin təsir dairəsində olan tarix yazarları tərəfindən Xürrəmilərin bir sıra mənbə məlumatlarında şəriət müstəvisində ittiham edildikləri incə məqamlardan bir neçəsinə toxunmaqla Xürrəmilərin dini-məzhəbi dünyagörüşünün spesifik cəhətlərini qeyd etmək və onların baxış bucağını obyektiv təhlil etmək Xürrəmilər hərəkatı barədə bəzi həqiqətləri ortaya çıxarmaq nöqteyi-nəzərindən faydalı olardı. Bu məqamlar tarixi məxəzlərin məlumatlarında onların “haramları halal qılması”, “qadağan olunan şeyləri mübah bilməsi”, “şəriət fətvalarını inkar etmələri” və digər məsələlərin qeyd olunması ilə bağlıdır. Bununla əlaqədar xilafət sarayının, yaxud şəriət üləmasının təhriki ilə bəzi ərəb və fars mənbə yazarlarının, akademik Ziya Bünyadovun təbiri ilə desək, Hürrəmilərə atdıqları şər-böhtan xarakterli, qərəzli və həqiqətə uyğun olmayan uydurma məlumatların üzərindən məxsusi keçərək Hürrəmilərin “halal-haram” məsələsinə və şəriət fətvalarına baxışlarını incələməyə ehtiyac vardır. Bu zaman Hürrəmilərin dini-fəlsəfi dünyagörüşünü özündə əks etdirən digər dövrlərin heterodoksal islami cərəyanlarının ideya düşüncələri ilə də müvafiq paralellər aparmaq gərəkdir. Mənbələrdə Hürrəmilərin dini-məzhəbi dünyagörüşünün bir sıra müddəalarını açıqlayan maraqlı məlumatlar çoxdur. Əbdülqahir əl-Bağdadi “Kitab əl-fərq beyn-əl firəq” adlı əsərində Babək barəsində yazır ki, “o, haram işləri halal bilirdi, çoxlu müsəlman qırdı”. Əbülhəsən Əşəri özünün “Məqalat əl-islamiyyin və ix- tilaf-əl-müsəllin” adlı əsərində Hürrəmiləri digər “rafizi” dediyi şiə təmayülləri və batini cərəyanlarla eyniləşdirərək qeyd edir ki, “Hətta onlardan bəzisi bu xüsusda işi bir yerə çatdırmışlar ki, deyirlər şəriət qanunlarını pozub ləğv etmək mümkündür”. İstəxri “Kitab-əl-məsalik-və-l-məmalik” adlı əsərində Babəkin məkanını və Xürrəmilərin inancını təsvir edərkən belə yazır: “Hürrəmilərin yaşadıqları dağlıq hissədə çox çətin, keçilməz dağlar var: Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar. Lakin dediklərinə görə, batində “ibahiyyə”dən başqa dinləri yoxdur”. Hürrəmilərin bəzi mənbələrdə “ibahiyyə sufiləri” kimi qeyd olunduğu məlumdur. “İbahiyyə” və “mübah” kəlmələri eyni kökdən olub “haram olmayan, mümkün olan” mənalarında işlənir. Hürrəmilərə “ibahiyyə” deyilməsinin əsas səbəbi onların şəriətlə müəyyən olunmuş bir sıra “haram”larm səhv olduğu barədə düşüncəyə sahib olmaları idi. Maraqlı olan budur ki, Hürrəmilərin guya haram edilmiş şeyləri halal bilməsi barədə yazan tarix yazarlarının heç biri Hürrəmilərin konkret olaraq Qurani-Kərimdə qeyd olunmuş haramları halal bildiklərini qeyd etməyib. Belə olduğu halda ortaya haqlı olaraq belə bir sual çıxır: Hürrəmilər hansı “haramları” halal bilmişlər? Sualın bu hissəsi ilə əlaqədar öncə bunu xatırlatmaq olar ki, peyğəmbərdən sonrakı dövrlərdə, xüsusən də, Əməvilərin hakimiyyətə gəldiyi dönəmdən etibarən İslamda bir sıra məsələlərlə bağlı əvvəllər görülməmiş fətvalar verilmiş və Qurani-Kərimə istinad etmədən verilən bu fətvalarla müsəlman ümmətinə bir sıra yasaqlar qoyulmuşdur. Bu yasaqlara musiqinin və rəsm əsəri çəkməyin haram olmasından, mömin qadınların mömin kişilərlə bir yerdə ibadət etmələrinin yasaq edilməsindən tutmuş iqtidarda olan xəlifələrə müsəlmanların məcburi itaət etməsinə, namaz qılmayanların dindən çıxmış hökmündə olmasına, kafir sayılanlarla cihad edilməsinin vacibliyinə, mömin kişilərə qızıl əşyası taxmağın haram edilməsinə qədər bir çox mübahisəli məsələlər daxildir. Hürrəmilərin bu məsələlərə baxışlarını təxminən aşağıdakı kimi ifadə etmək mümkündür: 1. Şəriət qanunları ilə musiqinin haram edilməsi İslamın ana qaynağı olan Qurani-Kərimlə təsdiq olunmur və bu dinin ən başlıca məntiqi ehkamı olan “hər şey insanın niyyətinə bağlıdır, niyyəti pak olan bir şey haram olmaz” fikrinə ziddir. Mənbələrdə cəm ayinləri zamanı “tütək çaldıqları” bildirilən. Hürrəmilər də bu mənada Quranda göstərilməyən və şəriət üləmasının özündən uydurmuş olduğu bu “haram” fətvasını inkar edir, şəhvani istəklərə meydan verməyən, insanı öz Yaradanından uzaqlaşdırmayan musiqinin haram olmadığı, əksinə, Allahı zikr etmək niyyəti ilə ifa edildiyi müddətdə musiqinin halal olduğu fikrini müdafiə edirdilər. Xatırladaq ki, bu günkü ələvi toplumu da kökü Qızılbaşlıqdan və əlbəttə ki, hürrəmilikdən gələn bir ənənə ilə cəm ayinləri zamanı saz və ney çalaraq Allahı, peyğəmbəri və imamları zikr edir. Tütəyə farsca “ney” deyilir. Onu da xatırladaq ki, sufilikdə ney peyğəmbərdən söylənən bir rəvayətə görə, “Həzrət Əli sirri” hesab olunur və ney alətinin ifası zamanı fonetik baxımdan HÜ kəlməsinin tələffüzü kimi çıxan səs İlahinin ən böyük adlarından biri olan “Hü” isminin zikr edilməsinə işarədir. Səid Nəfisi isə öz əsərində Təbəriyə istinadən “hər gün Babəkin qalasından ney, rübab, cənk səsi eşidilirdi” deyə qeyd edir. 2. İnsanların və digər canlıların təsvirlərinin çəkilməsinin şəriət üləması tərəfindən qadağan olunması da Quranla təsdiqlənmir, ilahi kitabda bununla bağlı hər hansı bir qadağan, yaxud haram ayəsi yoxdur. Səhihlik dərəcəsi şübhə doğuran müxtəlif hədislər əsasında verilmiş bu uydurma fətva da həmçinin, insanların niyyəti ilə bağlı az öncə qeyd olunan İslami ehkamlarla ziddiyyət təşkil edir. Akademik Z.Bünyadov İslamda insanların və digər canlıların rəsmini çəkməyin əvvəldən haram olması ilə bağlı bəzi tədqiqatçıların fikrini rədd edərək bildirir ki, “çoxdan müəyyən edilmişdir ki, VIII əsrin ortalarına qədər ərəblər arasında insanı və canlı vücudları təsvir etməyin yolverilməz olduğu haqqında heç bir təsəvvür yox idi”. Deməli, bu haqda ilk yanlış təsəvvürlər və fətvalar Əməvi iqtidarının son illərində, yaxud Abbasilər sülaləsinin hakimiyyətinin ilk dövrlərində ortaya çıxmış, xilafət sarayında hegemon mövqedə olan məzhəblərin şəri təmsilçiləri tərəfindən İslamın ehkamı halına salınmışdır, bu səbəbdən də Hürrəmilərin heç bir əsli və dini əsası olmayan bu fətvanı inkar etmələri anlaşılandır. 3. İslamın ilk illərindən mömin müsəlman qadınların müsəlman kişilərlə bir yerdə və eyni cərgədə, cins fərqi qoyulmadan Allaha ibadət etdikləri tarixdən məlumdur. Peyğəmbərin vəfatından sonrakı onilliklərdə bəzi xəlifələr və şəriət mənsubları tərəfindən məscidlərdə qadınlarla kişilərin ayrı-ayrı ibadət etmələrinin vacib buyurulması, qadınların məscidin başqa bir səmtində, ayrıca hücrədə yaxud pərdə arxasında, bir növ təcrid olunaraq ibadət etməyə məcbur edilməsi hər şeydən əvvəl Quranın “möminlə möminə qardaşdır” ayəsinə (Hücurat surəsi, 10-cu ayə) ziddir. Xatırladaq ki, cəm ibadəti zamanı qadın və kişilərin bir yerdə toplaşdıqları və cinsi ayrıseçkilik qoyulmadığı ələvi toplumunda Allaha ibadət edən insanlara ümumi şəkildə “can” deyilməsi ənənəsi vardır. Ələvilərə görə, Yaradana ibadət etmək niyyəti ilə cəm evinin kandarından içəri addımını atan kəs həmin andaca nəfsinin bütün istək və arzularını çöldə qoymalı, canı, ruhu və cismi ilə bir bütöv olaraq Allahla görüşə tələsməlidir. Bu zaman Allah qatında onun cisminin mənsub olduğu cinsin heç bir fərqi yoxdur və həmin bəndənin canı və ruhunun Yaradana etdiyi xitab önəm daşıyır. Həmçinin, Hürrəmilərin də cəm toplantıları zamanı qadın-kişi fərqi qoymadıqları barədə müxtəlif mənbə məlumatları tarix elminə çoxdan məlumdur. Bu məlumatların əksəriyyətinin qərəzli, şər və böhtan məzmunlu olması isə ayrı söhbətin mövzusudur. İslamın ən böyük mərasimi olan Həcc zamanı zəvvarlar arasında qadın-kişi ayrıseçkiliyinin olmaması faktını da bu yerdə xatırlatmaqda fayda vardır. 4. İlk raşidi xəlifələrinin və daha sonra Əməvilərin hakimiyyəti dövründə əsasən müsəlman əhali arasında formalaşdırılmış “kimliyindən asılı olmayaraq, İslam xəlifəsinə itaət hər bir müsəlman üçün vacibdir və məcburidir” fikri İslamda var olan “zülmə qarşı etiraz” fikrinə özünün bir çox məqamlarına görə ziddir. Əhli-beyt məktəbinə sadiq olan Hürrəmilər üçün Əməvi hökmdarı Yezid ibn Müaviyəyə beyət etməkdən imtina etdiyinə və onun zülmünə qarşı etiraz səsini ucaltdığına görə qətlə yetirilmiş üçüncü imam Hüseyn (ə) və onun tərəfdarları olan Kərbəla şəhidlərinin mövqeyi olduqca mühüm yer tuturdu. Bu baxımdan Hz.Əlinin “zülmün qarşısında divar kimi dikəlməyən kəs sonra ondan gördüyü hər zülmə qatlaşmalıdır” fikrini əməldə təsdiq edən Hürrəmilərin zülm edən bir xəlifəyə tabe olmaq öhdəliyini qəbul etmədikləri və zülmkarlığı ilə tanınan Abbasi xəlifələrinə qarşı müxtəlif dövrlərdə sərt çıxışlar etmələri tamamilə başa düşüləndir. 5. Namaz qılmayan müsəlmanların İslamdan çıxmış elan olunması, kafirlərlə cihad edilməsinin vacib olması kimi hökmlər VIII-IX əsrlərdə formalaşmış şəriət üsul-idarəsinin nöqteyi-nəzəridir və İslamın təməl kitabı ilə uyğun gəlmir. Bildiyimiz kimi, Qurani-Kərimdə nəinki ənənəvi şəriət məzhəbləri təmsilçilərinin gün ərzində beş dəfə və azı on yeddi rükət olmaqla qıldıqları bir ibadət tərzi yoxdur, hətta sonradan İslamı qəbul etmiş farsların vasitəsilə fars dilindən İslam şəriətinə gəlib-çıxmış “namaz” kəlməsinə belə rast gəlinmir. Qurani-Kərimdə Allaha ibadət tərzi kimi qeyd olunan bir sıra ayinlər vardır ki, bunlar da əsasən Səlat, Rüku, Səcdə və Zikrdir. Şəriət üləmasının namazla eyniləşdirməyə çalışdığı “səlat” isə özünün ilk və ən geniş yayılmış leksik-semantik mənasına görə “dua etmək” anlamındadır. Bu mənada, əsasən Əməvilər dönəmində din xadimləri tərəfindən səlat, rüku və səcdənin bir araya gətirilərək konkret forma-biçimə salınması, admın “namaz” qoyulması, bu ibadət tərzinin gündə beş dəfə və on yeddi rükətdən ibarət təsbit edilməsi, bu addımlara dini əsas kimi də, səhihliyi böyük şübhə doğuran “Merac” hədisinin Quranda bu hadisə ilə bağlı yazılanlardan fərqli şəkildə ərsəyə gətirilməsi və nəticə etibarilə bütün müsəlman ümmətinin məcburi icra etməli olduğu ibadət tərzi kimi təsdiqlənməsi, göründüyünə görə, İslam dininin təməl kitabı olan Qurani-Kərimi dərindən oxuyub - təfsir etmiş batini cərəyanların, o cümlədən də, Hür- rəmilərin sərt təpkisinə və etirazına səbəb olmuşdur. 6. Kafirlərə qarşı cihadın vacib bilinməsinə Hürrəmilərin etiraz etməsinin də müəyyən əsasları vardır. Belə ki, onların fikrincə Qurani-Kərimdə qeyd olunan “cihad” kəlməsi əslində “cəhd etmək”, “çalışmaq” anlamındadır və bu kəlmənin işləndiyi ayələrdə də söhbət hansısa kafir olan qüvvə ilə vuruşmaqdan getmir. Müqəddəs kitabda “savaşmaq” mənasında “qaatələ” feilindən düzəlmiş olan “qıtəəl” sözü işlənməkdədir. Qurani-Kərimin Bəqərə surəsi, 190-191-ci ayələrində imanlı müsəlmanların üzərinə təcavüz və savaşmaq məqsədilə gələn kafirlərə qarşı savaşmağa icazə verilməsi qeyd olunmuşdur, bu səbəbdən də Hürrəmilər “cihad” kəlməsini digər dinlərin mənsublarına qarşı savaşmaq yox, öz nəfsi üzərində cəhd etmək, çalışmaq mənasında qəbul edir və bu sözün başqa formada yozulmasma qarşı çıxırdılar. Eyni baxış bucağına ələvi toplumunda da rast gəlinməkdədir. 7. Hürrəmilərin İslam ehkamlarına münasibətlərini ifadə edən dini-ideoloji baxışlarını incələyərkən aydın olur ki, kişilərə qızıl əşyalarının taxılmasının haram olması barədə şəriət üləması tərəfindən verilmiş hökm və fətvalara da Hürrəmilərin münasibəti mənfi olmuşdur. Onların əsaslandıqları ayə Qurani-Kərimin əl-Əraf surəsi, 32-ci ayəsidir: “De: “Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur.” Biz ayələrimizi anlayıb- bilən bir tayfaya belə ətraflı izah edirik.” Gördüyümüz kimi, bununla bağlı şəriət üləmasının verdiyi hökmlər Qurani-Kərimlə ziddir və təbii ki, Hürrəmilər bu səbəbdən həmin “haramı” halal bilərək bu barədə fətvalara önəm verməməyi doğru hesab etmişlər. İslamda şəriət xadimlərinin ailə və kişi-qadın münasibətləri məsələlərinə, eləcə də müsəlman qadınların İslamda yeri və roluna dair hökmlərinə Hürrəmilərin münasibəti haqda irəlidə ayrıca fikir bildirəcəyik. Qeyd olunan bu və bu kimi bir çox saxta, dini əsası olmayan fətvaları, yasaqları inkar edən. Hürrəmilərin xilafət sarayının təsiri dairəsində olan din xadimləri tərəfindən təkfir edilməsi (kafir və dindən çıxmış zəndiq elan olunması) təəccüblü görünməməlidir. Davamı var... Geri dön |