Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Məhəmməd Əmin Rəsulzadənin parlamentdə açılış nitqi - Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və arizəlidir
Məhəmməd Əmin Rəsulzadənin parlamentdə açılış nitqi - Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və arizəlidir |
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində çıxış edən millət vəkilləri və hökumət üzvlərinin çıxışlarının ən maraqlılarını seçərək oxuculara təqdim edirik. Beləliklə, növbəti materialımız Azərbaycan Respublikası Parlamentinin birinci iclası - 7 dekabr 1918-ci il - Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə nitqi ilə açılır. İclas günorta saat 1-25 dəqiqədə başlayır. Məhəmməd Əmin Rəsulzadənin həmin nitqini təqdim edirik:
Məhəmməd Əmin Rəsulzadə - Möhtərəm məbuslar! Azərbaycan Cumhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomisəadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm. (Alqışlar). Əfəndilər! Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmiş idi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyəyi bir an əvvəl təsis edəcək idi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi müqəddəratının təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisəsanından gözlədilər. Fəqət, Rusiyada inqilab və demokratik naminə zühur edən məkus bir istibdad nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab naminə hökmfərma olan anarxiya və millətlərin hüququ elanından sonra verilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmaya sövq etdi. Zaqafqazyada Rusiya Məclisi-Müəssisasına intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu Zaqafqaziya “Seymini” təşkil və onun istiqlalını elan etməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi-Milli təşkilinə sövq etdi, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu. (Alqışlar). Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu Məclis təşkil etmişdir. Bu Məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu Məclis vətənimizi tamamilə təmsil edə bilər. Əfəndilər! Bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizm Rusiyası, Rusiya istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətına nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır, hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi əqdi-ittifaq etməlidir. Bütün dünya millətlərinin “Cəmiyyəti-əqvam” vücudə gətirməsi bizim ən müəzziz fikirlərimizdəndir. Bu “Fedarasiyon”çularla deyil, təbii, bir meyl və arzu ilə hasil olmuşdur. (Alqışlar). Ərz etdim ki, biz Rusiya camaatının düçar olduğu fəlakətdən qurtulmasını ürəklə istəriz. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünki Qafqaziya dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusiyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqalalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. (Alqışlar). İştə bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət dəvam edir). Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcək. Mən vicdanibəşəriyyətə inanıram. Milyonlar ilə insan bahacına mal olan qitali-ümumidən sonra vicdanı-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəmməz. “Cəmiyyətiəvvam” fikri bu gün hərkəscə qəbul edilmiş bir fikirdir. Bu mənə ümid verir, qüvvətlə inanıram ki, artıq milləti öldürmək, millətin hüququnu pamal etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüququ təslim ediləmməz deyirlər. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün əhvala hakim olanlar müttəfiqlərdir. İngiltərə, Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlərin təmini-hüququ və “Cəmiyyəti-əqvam” şüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimiz ilə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərər isək, heç şübhəsiz ki, Azərbaycan Cumhuriyyəti payidar olar. Fəqət, bunun üçün, təkrar edirəm səbat və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu, sizi əmin edirəm ki, kimsə hüququmuzu təslim etməmək cəsarətində bulunmaz. Hanki vicdandır ki, istiqlal istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar). Əfəndilər! Bizə Zaqafqaziya əqvamı ruhunda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin müməsili olan “Prometey” Qafqaziya dağlarında zəncirə bənd edilmiş idi. O daima zəncirlərini qırmaq təşəbbüsündə idi. “Prometey”in ruhu Qafqaziyanın bütün millətlərində vardır. Qafqaziya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bənd deyildir. Qardaş millətimiz olan Şimali Qafqaziya, qapıbir qonşumuz ermənilər münasibəti dostanəmiz bütün cüziyyata rəğmən daima səmimi qalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus cəmaatının mühüm bir qismi ilə əl-ələ verərək, biz Zaqafqaziyanın müqəddəratını bu qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə bilərik. (Sürəkli alqışlar). Diplomat lojalarına müraciətlə uzun alqışlar.) Əfəndilər! Mən buraya qədər sizə ümüdlü sözlər söylədim. Buna iman edirəm. Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməz isəm, vəzifəmi hüsn ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və arizəlidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və sər mənzil məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayıq. Azərbaycan bir atəş mənbəidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər şəkil ümid və iman təşkil eyləmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və baisi-təməddüdündür. Qəvi bir atəş Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə bürkü yağan bu atəş əbədən sönməz, bir müşkül təşkil edib də hürriyyət və istiqlalə doğru getdiyiniz maneəli yolları işıqlandırsın. (Sürəkli və uzun alqışlar). Bu atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışalım, əfəndilər! Mən sizi belə bir ittihadə dəvət edirəm. (Alqış). Müsaidəniz ilə əfəndilər, bu gün Məclisi iftitah etdik. Şimdi bu Məclisə bir rəis və bir baş müavin intixab edilməsi lazımdır. Namizədləri göstəriniz... Geri dön |