Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Xəlil Rza Ulutürkə Moskvadan yazılan qəribə və sensasiya doğurmayan məktub
Xəlil Rza Ulutürkə Moskvadan yazılan qəribə və sensasiya doğurmayan məktub |
Düzdür, belə məktublar hansısa sensasiyaya səbəb olub, dillər əzbəri olmaya bilər. Ancaq o da var ki, yeri-göyü “lərzəyə” gətirən məktublarla yanaşı, sadə, səmimi və ən əsası da dövrünün həqiqətlərini ən düzgün şəkildə bu günlərə yetirən məktublar da var. Bütün məktublar özlüyündə bir tarixdir və öz dövrünün tarixini bu günə daşıyan o məktubları fərq qoymadan işləyib dəyərli oxucularımıza təqdim edirik. Elə bu gün təqdim etdiyimiz məktub kimi...
Beləliklə, növbəti materialımız 1957-ci ildə Tofiq adlı şəxs tərəfindən Xəlil Rza Ulutürkə yazılmış məktubdur. Enter.News həmin məktubu təqdim edir: “Əziz və unudulmaz Xəlil! Salam! Sənin göndərdiyin qəzeti aldım və üstündəki yazıları oxudum. Dörd qəhrəmanın da yazdığı açıq məktubu aldım və bütün bunlar məni hədsiz dərəcədə sevindirdi. Xəlil! Mən sənin haqqında düşünəndə həmişə üçbucaqlı bağça yadıma düşür. Çünki bizim ilk tanışlıq günlərimiz həmin üçbucaqlı bağça ilə sıx əlaqədardır. Yadındadırmı, Poluxin küçəsinə keçib getdiyimiz günlər?! Nəhayət, həmin bağçanın ətrafında oturub etdiyimiz söhbətlər? İndi o günlər mənə yalnız şirin bir yuxu kimi gəlir. Bizim söhbətlərimizdə hansı mövzu yox idi?! Sevgi, həyat, insanlar, yüksəliş, şeir, sənət... Yəqin ki, bunların çoxu mənasız və yadda qalmayan bir çoxu kimi çoxdan unudulmuşdur. Lakin həmin üçbucaqlı bağçanı isə mən heç cürə unuda bilmirəm. Çünki mən səninlə bir dəfə deyil, çox oturmuşam (məsələ təkcə oturmaqda deyildir). Özü də belə sanıram ki, həmin bağça mənim uşaqlıq xəyallarımın görüşdüyü bir yerdir. Deyəsən, qərib bir yerdə olduğum üçün təəssürata qapıldım? Xəlil! Mənim günlərim Moskvada çox yaxşı keçir. Moskvanı öyrənmək üçün məncə 6 ay bəsdir. Bundan artıq burda qalmaq yalnız bircə şeyin xatirinə olar, onun nədən ibarət olduğunu yəqin ki, özün başa düşürsən. Əsas işimiz ssenari yazmaqdan ibarətdir. Əlbəttə, işdə bizə mühazirələr təşkil olunur və müxtəlif xarici filmlər göstərilir. Ümumiyyətlə, kino incəsənətinə, əsasən ssenariyə dair geniş olmasa da, xeyli məlumat əldə etmişəm. Demək olar ki, çox şey öyrənmişəm. Mənim rəhbərim və redaktorum vardır, onlar yazdığım ssenarini hissə-hissə yoxlayır, göstəriş verir, texniki və bədii səhvləri göstərirlər. Qalan işlərim isə Moskvanın hər yerini gəzmək, kinolara getmək, katokda sürüşmək və s. bu kimi şeylərdən ibarətdir. Özüm haqqında bu qədər məlumat məncə bəsdir. Poeziyanı isə heç zaman unutmuram. Yeri gəldikcə yazır və misralar axtarıram. Xəlil! Sənin işlərin necədir, yaxşıdırmı? Təzə nə kimi planların vardır, bəlkə də hazırdır? Firəngiz necədir, yaxşıdırmı?! Poeziyada nə kimi yeniliklər vardır?! Yəqin ki, sən də məktub yazmaqda mənim kimi tənbəlsən. Xəlil! Mən həyatda dostluğu, yoldaşlığı çox yüksək qiymətləndirirəm. Qoy, bu dostluq və yoldaşlıq şöhrət və rütbə üzərində deyil, sadə insan münasibətləri üzərində qurulsun! Bizim də yoldaşlığımız qoy belə olsun! Daha nə yazım? Məndən Firəngizə və bütün tanış yoldaşlara səmimi salam yetir! Xəlil! Quluya yazdığım bu kiçik məktubu, yəqin ki, ona çatdırarsan! Xəlil! Əgər mənə məktub yazmağa vaxtın olsa və yazsan bu ünvana göndər: Moskva, Qlava. Poçta. Do vostrebovaniya. Mextievu T. Sizin Tofiq. 7.1.1957.” Təqdim etdi: Rəşad Sahil Geri dön |