Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Rumıniya əməkdaşlığının prioritet sahələri açıqlanıb - SƏFİRLƏ MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Azərbaycan və Rumıniya əməkdaşlığının prioritet sahələri açıqlanıb - SƏFİRLƏ MÜSAHİBƏ

Azərbaycan və Rumıniya əməkdaşlığının prioritet sahələri açıqlanıb - SƏFİRLƏ MÜSAHİBƏ


Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyovun Trend-ə müsahibəsi

- Azərbaycan və Rumıniya arasında iqtisadi əməkdaşlığın cari vəziyyətini və qarşılıqlı əmtəə dövriyyəsinin həcmini necə qiymətləndirirsiniz? İki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud potensialı nə dərəcədə reallaşdırılıb?

- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycanla Rumıniya arasında münasibətlər dərin tarixi köklərə və əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslanır və bu münasibətlər bu gün də uğurla genişlənir və dərinləşir.

Ötən dövr ərzində səmimi və uğurlu qarşılıqlı diplomatiya, qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Azərbaycan tərəfi bu tərəfdaşlığın davam etdirilməsində və dərinləşdirilməsində maraqlıdır. Strateji tərəfdaşlığın yaradılması haqqında prezidentlər arasında imzalanmış Birgə Bəyannamə (28 sentyabr 2009-cu il, Buxarest) və Strateji tərəfdaşlığın həyata keçirilməsi üçün Birgə Fəaliyyət Planı (18 aprel 2011-ci il, Bakı) siyasi, beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və iqtisadi sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətləri özündə əks etdirir.

2016-cı il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 169.82 milyon ABŞ dolları olub. Bu, 2015-ci il ilə müqayisədə 14.25% artım deməkdir. Bu göstəricilər ümumilikdə qənaətbəxş olsa da, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Azərbaycanın Rumıniyadakı səfirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığı gücləndirməkdir. Bizim bu istiqamət üzrə əsas fəaliyyətimiz “Made in Azerbaijan” brendinin Rumıniyada tanıdılmasıdan və ölkəmizin rəqabətqabiliyyətli məhsullarının buraya ixrac olunması üçün işgüzar dairələrin nümayəndələrinə lazımi dəstək göstərməkdən ibarətdir.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri rumın investorlar üçün cəlbedici ola bilər və Rumıniya Azərbaycan investisiyalarını hansı sahələrə cəlb etməyi məqsədyönlü hesab edir?

- Hazırda Azərbaycanda 50 Rumıniya şirkəti, Rumıniyada isə 15 Azərbaycan şirkəti fəaliyyət göstərir. Rumıniya hökuməti ölkəyə sərmayə qoyuluşlarını həmişə həvəsləndirir və dəstəkləyir. Rumıniyada fəaliyyət göstərən Azərbaycan şirkətləri əsasən karbohidrogenlərin ticarəti sahəsində aktivlik nümayiş etdirir. Bu sahədə Azərbaycan sərmayəsi ilə irimiqyaslı layihələr həyata keçirən “SOCAR Petrolium SA” şirkətinin fəaliyyəti xüsusilə vurğulanmalıdır. Sözügedən şirkətin fəaliyyəti nəticəsində ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edib. Hazırda “SOCAR” brendi altında Rumıniyada 37 yanacaqdoldurma mərkəzi fəaliyyət göstərir, şirkətin mərkəzi ofisində və yanacaqdoldurma məntəqələrində 500-dək insan işlə təmin olunub. Rumıniya tərəfi ARDNŞ-nin Rumıniyadakı fəaliyyətinin yalnız yanacaqdoldurma məntəqələri ilə məhdudlaşmamasını, digər sahələrdə (məsələn, neft emalı, SNC (sıxılmış qaz) doldurma stansiyaları, neft-kimya sahəsi, enerji resurslarının kəşfiyyatı və s. kimi) də fəaliyyət imkanlarının nəzərdən keçirilməsini arzu etdiyini bildirib.

Azərbaycanla münasibətlərin strateji xarakterini nəzərə alaraq, Rumıniya tərəfi nəqliyyat, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bununla əlaqədar olaraq, Rumıniyaya investisiya qoymaq və ya ticarət etmək istəyən işgüzar dairələrin nümayəndələrinə müvafiq tövsiyə və təkliflər verilib, Rumıniya şirkətləri ilə əlaqələr yaradılıb.

Eyni zamanda, səfirlik tərəfindən Rumıniya və Azərbaycanın işgüzar dairələri arasında birbaşa əlaqələr təşviq edilib və dəstəklənib, Azərbaycanın xarici bazara çıxara biləcəyi məhsullar və şirkətlər barədə məlumat aidiyyəti qurumlara və ticarət palatalarına göndərilib. Rumıniyanın bir sıra şirkətlərinin ölkəmizlə iqtisadi sahədə əməkdaşlıq təklifləri barədə səfirlik tərəfindən onlarla əməkdaşlıq imkanlarının araşdırılması və nəzərdən keçirilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına məlumat və tövsiyələr göndərilib. Rumıniya şirkətləri ölkəmizə əsasən yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı və yüngül sənaye sahələrinə sərmayə qoymağa maraq göstərirlər.

- Ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının dəqiq vaxtı və onun gündəliyi müəyyən edilibmi?

- İqtisadi əməkdaşlığın genişlənməsində Rumıniya və Azərbaycan hökumətləri arasında Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının mümkün qısa vaxt ərzində Buxarestdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin sözügedən iclasın vaxtına dair hələlik hər hansı bir konkret məlumat yoxdur. Müştərək Komissiyanın növbəti iclasının vaxtına dair Rumıniya tərəfinin yaxın zaman ərzində təklif verəcəyi gözlənilir. Qeyd etmək istərdim ki, adıçəkilən iclasın təşkili ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyətinin kompleks şəkildə nəzərdən keçirilməsinə, perspektiv sahələr üzrə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə daha real imkanlar yaradacaq. Bununla yanaşı, iclas ərəfəsində iki ölkənin sahibkarlarının iştirakı ilə biznes-forumun keçirilməsi də nəzərdə tutulub. Bu da öz növbəsində, işgüzar dairələrin nümayəndələri arasında real əməkdaşlıq əlaqələrinin yaradılmasına və Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına müsbət töhfə verəcək.

- Azərbaycan və Rumıniya arasında birbaşa aviareyslərin açılmasına maraq varmı? Ümumilikdə iki ölkənin nəqliyyat, logistika və yükdaşıma sahələrində əməkdaşlıq necə həyata keçirilir?

- Son zamanlar ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə turizmin inkişaf etdirilməsi haqqında qəbul olunmuş dövlət proqramlarının icrası istiqamətində səfirlik tərəfindən işlər davam etdirilib. Müxtəlif səviyyələrdə keçirilən görüşlər zamanı müzakirə olunan məsələlərdən biri də turizm sahəsində əməkdaşlıq və Rumıniyanın turizm sektoruna Azərbaycanın mümkün sərmayə yatırımları olub. Eyni zamanda, Azərbaycanın zəngin turizm-rekreasiya ehtiyatları, mədəniyyəti və tarixi Rumıniyada keçirilən müxtəlif sərgilər zamanı təbliğ olunub.

Rumıniyanın işgüzar dairələrinin nümayəndələri, tur operatorları və səyahət agentlikləri ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin siyahısı barədə məlumatlandırılıb, aralarında əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində müvafiq məlumat və təbliğat işləri aparılıb, müxtəlif sərgi və konfranslar zamanı ölkəmizin turizm potensialını əks etdirən təbliğat materialları paylanılıb. Hesabat dövründə səfirliyin sosial media səhifələri vasitəsilə ölkəmizin turizm imkanları təbliğ olunub, sosial marketinq tədbirlərinə dəstək verilib.

Azərbaycan və Rumıniya arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində, xüsusilə rumıniyalı turistlərin Azərbaycana cəlb edilməsi məqsədilə onların ölkəmizin turizm imkanları barədə daha dolğun məlumatlandırılması məqsədilə ötən il ərzində səfirlik tərəfindən tədbirlər görülüb. Belə ki, ölkəmizin Rumıniya televiziyalarında yayımlanan proqramlar vasitəsilə təbliğinin daha təsirli vasitə olduğu nəzərə alınaraq, səfirliyin təşəbbüsü və dəstəyi ilə Rumıniyanın "TVR" milli televiziya şirkətinin "Cap Compas" proqramının Azərbaycana həsr olunmuş buraxılışları təkrar olaraq yayımlanıb. Proqramda Azərbaycanın Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Naftalan şəhərlərinin tarixi-memarlıq irsi və turizm potensialı, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustan Milli Tarix Bədii Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, "Nizami" məqbərəsi nümayiş olunub, Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi haqqında bir sıra məqamlar öz əksini tapıb.

Adıçəkilən televiziya proqramının nümayəndələrinin Azərbaycana səfəri nəticəsində 5 reportaj hazırlanıb. Hazırlanmış reportajlar “TVR 2”, “TVR International” və “TVR HD” kanallarının hər birində 2 dəfə olmaqla müxtəlif vaxtlarda yayımlanıb. Rumın dilində olan reportajlar www.tvrplus.ro internet səhifəsində və adıçəkilən verilişin “Youtube” səhifəsində olan kanalında yerləşdirilib. Hazırda televiziya proqramı “TVR” şirkətinin kanallarında ilk onluqda yer alır və kifayət qədər yüksək reytinqlərə sahibdir.

Azərbaycanla Rumıniya arasında birbaşa aviareyslərin açılması məsələsinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, bu, sırf aviaşirkətlərin iqtisadi maraqlarına uyğun olaraq həyata keçirilə bilər. İqtisadi marağın formalaşmasında başlıca amil olaraq ölkələr arasında turist axının artırılmasını göstərmək olar. Ümid edirəm ki, səfirliyin bu istiqamətdə atdığı addımlar nəticəsində yaxın gələcəkdə Rumıniya ilə Azərbaycan arasında birbaşa aviareysin açılması mümkün olacaq.

Rumıniya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün kifayət qədər imkanların mövcud olduğunu, nəqliyyat sahəsində kifayət qədər təşəbbüslərin olduğunu və ölkəmiz tərəfindən son dövrlər nəqliyyat sahəsinə verilən önəm nəzərə alınaraq son illər ərzində səfirlik tərəfindən mütəmadi iş aparılıb, dövlət və işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilib. Ölkəmizin son zamanlar tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənib və Azərbaycandan keçməklə Rumıniyaya və əks istiqamətdə yüklərin daşınması üçün kifayət qədər böyük potensial mövcuddur.

Rumıniyanın Mərkəzi Asiya və Uzaq Şərq ölkələri, eləcə də İranla ticarət əlaqələrinin nəqliyyat təminatında Azərbaycanın tranzit imkanlarından və nəqliyyat infrastrukturundan faydalanması hər iki tərəf üçün faydalı ola bilər. Son dövrdə Azərbaycanla İran arasında münasibətlər olduqca dinamik inkişaf edir və bu, Avropadan İran istiqamətinə və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır. Rumıniya tərəfinin bərə nəqliyyatı vasitəsilə Konstansa-Batumi marşrutu üzrə yükdaşımaları nizamlı şəkildə təşkil etmək planları təqdirəlayiq haldır və Azərbaycan istiqamətində və əks istiqamətdə yüklərin daşınmasına müsbət təsir göstərəcək.

- Rumıniya Avropanın azsaylı ölkələrindəndir ki, müstəqil şəkildə qaz hasil edir. Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın perspektivləri necədir? Gələcəkdə karbohidrogenlərin axtarışı və hasilatı sahəsində birgə iş mümkündürmü?

- Azərbaycan və Rumıniya arasında enerji sahəsində imzalanmış ikitərəfli sənədlər üzrə konkret əməli tədbirlərin həyata keçirilməsi, ələlxüsus Azərbaycanın enerji daşıyıcılarının Rumıniyaya nəql olunması işləri bu gün də davam edir. Biz Rumıniyanın Qara dəniz regionunda yürütdüyü enerji siyasətini daima yaxından izləyir və bu barədə mütəmadi olaraq analitik məlumatları ölkəmizin müvafiq qurumlarına göndəririk.

Ümumilikdə Şərqi Avropa regionunda cərəyan edən proseslər və Avropa İttifaqı ilə Rusiya arasında müşahidə olunan gərginlik enerji sahəsində böhranlı vəziyyətin yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, Rumıniya tərəfi ölkənin tam şəkildə enerji ilə təchiz olunması üçün alternativ mənbələrdən istifadə edilməsi istiqamətində səylərini artırmışdır. 2016-ci ilin sonuna olan məlumata əsasən, Rumıniya artıq özünün təbii qaza olan tələbatını tam şəkildə təmin etmək iqtidarındadır.

Daha öncəki sualı cavablandırarkən qeyd etdiyim kimi, “SOCAR Petrolium SA” şirkətinin Rumıniyadakı fəaliyyəti nəticəsində ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq daha da genişlənir. Bununla yanaşı, Rumın şirkətləri də ölkəmizdə enerji layihələrinin icrasında yaxından iştirak edirlər. Bu yaxınlarda isə Rumıniyanın qaz istehsalı və nəqli ilə məşğul olan “Transqaz” şirkəti ilə ARDNŞ arasında artıq ilkin əlaqələr qurulmuşdur. Ümid edirik ki, gələcəkdə bu münasibətlər konkret layihələr ilə davam edəcəkdir.

- AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) layihəsinin həyata keçirilməsi hansı mərhələdədir?

- Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz əlaqələndirici layihəsinin (AGRI) həyata keçirilməsi üzrə 24 iyun 2015-ci il tarixində Buxarest şəhərində AGRI layihəsinin iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclası keçirilib. İclas iştirakçıları qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanlarını müzakirə edib, layihənin maliyyələşdirilməsi üçün onun Avropa İttifaqının birgə maraq doğuran layihələr (“Projects of Common Interest”) siyahısına daxil edilməsini təklif edib. Böyük Britaniyanın “PENSPEN” şirkəti tərəfindən AGRI layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair tədbir iştirakçıları üçün qısa təqdimat edilib. İclasın sonunda AGRI layihəsi üzrə Birgə Bəyannamə qəbul edilib. Birgə Bəyannamədə AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin əlavə komponenti olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.

AGRI layihəsi Avropa İttifaqının birgə maraq doğuran layihələr siyahısına daxil edilməsə də, layihənin gələcək taleyinin müəyyənləşdirilməsi və maliyyələşdirilməsi istiqamətində səylər davam etdirilməkdədir.

Geri dön