Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu millət hər cəhətdən müstəqil yaşamaya layiq millətlərdəndir - Parlament tarixindən
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Bu millət hər cəhətdən müstəqil yaşamaya layiq millətlərdəndir - Parlament tarixindən

Bu millət hər cəhətdən müstəqil yaşamaya layiq millətlərdəndir - Parlament tarixindən


Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində çıxış edən millət vəkilləri və hökumət üzvlərinin çıxışlarının ən maraqlılarını seçərək oxuculara təqdim edirik. Beləliklə, növbəti materialımız Azərbaycan Respublikası Parlamentinin iclasında “Əhrar” fraksiyasını təmsil edən Abdulla bəy Əfəndizadənin oxuduğu bəyannamədir.
Abdulla bəy Əfəndizadənin həmin bəyannaməsini təqdim edirik:

Fraksiyanın üzvü Abdulla bəy Əfəndizadə oxuyur: 1914 sənəsində alovlanmış və get-gedə bütün yer üzünü əhatə etmiş millətlər müharibəsi hənuz təmamilə qurtarmayıbsa, fəqət qurtarmağa üz qoyubdur. Bu aləm-şümul müharibə tarixi-bəşəriyyətdə misli görünməmiş və ölçüyə çəkilməmiş can, mal və pul tələfatına səbəb olmuşsa da, digər tərəfdən məlhuz istibdadın və qan içici militarizmin əsaslarını dağıtdı, üsuli-idarələrin mahiyyətini dəyişdi, yüz sənələrə demokratizm gəlməsindən qorxan və həmişə onun əleyhinə qalxışan camaat siniflərini bu gün istər-istəməz demokratizm tərəfdarı etdi. “Hər millət öz müqəddaratını təyin etməyə haqlıdır” kimi müqəddəs və ali fikirlər doğurub meydana gətirdi, həyati-bəşəriyyəti əsarət zəncirindən qurtarıb təbii yoluna qoydu. Daha bundan sonra millətlərin təkamülü onların diriliyindən və fədakarlığından asılıdır, daha xırda millətlər istiqlaliyyəti - tammə ilə kəndini keçindirmək imkanına malik olacaqdırlar. Bu xüsusda fraksiyamızın imanı kamildir, lakin fraksiya burasını da yəqin bilir ki, “Haqq alınar, verilməz!” hüquqi-bəşəriyyə ancaq ləyaqəti olan, onun yolunda qurbanlar verən və hava, su kimi onun qədr-qiymətini bilən millətlər malik olacaqdır. Əks surətdə, yəni azadlıq yolunda heç bir fədakarlıqla bulunmayan millətlər yenidən qəyyum altında yaşamağa məcbur olacaqlar, hüquqi-bəşəriyyədən məhrum qalacaqlar, keçmişdən də şiddətli bir əsarətə giriftar olacaqlar. Xoş o millətlərin halına ki, müəzzəm və mədəni millətlərlə həmhüquq olmaq şərti ilə onların sırasında məqam tutmağa müvəffəq olacaqlar. Vay o millətlərin halına ki, səadətdə, bu xoşbəxtlikdən məhrum qalacaqlar.

Tarixi bəşəriyyətdə parlaq ad qazanmış türk millət nəcibeyi-əziməsinin bir kütləsini təşkil edən Azərbaycan türkləri bu axırıncı vüquatı-tarixiyyədə azacıq olsa kəndi diriliyini və diriliyi sayəsində hər hüquqa malik ola biləcəyini kərrat ilə isbat etmişdir. Deməli, bu millət hər cəhətdən müstəqil yaşamaya layiq millətlərdəndir. Binaən bir millət pişəvərləri və millət ziyalıları millətin əhvaliruhiyyəsini öyrənirsə, onun ayəndəsi üçün heç bir fədakarlıqdan geri durmazsa, onun xəstəliyini tədqiq və müayinə edib müalicəsinə səmimiyyətlə çalışarsa və həmin səmimiyyət qarşısında əhalinin etimadını qazanırsa, o surətdə demək olar ki, bizlər də yaşayırız; mədəni millətlər sırasında məqam tutmağa bizim də haqqımız vardır. Buna binaən başqa millətlərdə olduğu kimi bizim də ricali hökumətimiz belə adamlardan mütəşəkkil olmalı idi. Heyf ki, 6-7 aylıq təcrübə azacıq da olsa bizlərə əmniyyət vermədi, təəssüflər olsun ki, millətimizdə gördüyümüz diriliyi, fədakarlığı bu ana kimi hökumətimizdə görmədik. Fəqət, nə etməli keçən keçibdir. Hal-hazırımızın siyasəti böyük əhəmiyyət kəsb etməklə bərabər elə nazik, elə bir incə məqamlara varıb ki, həm parlament və həm də hökumət tərəfindən böyük çalışqanlıq və həkimanə bir taktika istər, daha bu gündən belə yoxlamaq qəbul edilməz bir xəyanət və cinayətdir. Əgər millət fəaliyyətsizlik ucundan uğrarsa, əmin olun ki, bütün məsuliyyət parlament əksəriyyətinin və əksəriyyət təşkil etdiyi hökumət üzərinə düşəcəkdir.

Parlamentimizə baxılırsa buna məmləkətimizdə mövcud camaat təbəqələrinin nümayəndələri, ictimai, müəyyən seçki qanunu mövcubincə və ədaləti-tama ilə intixab edilmiş, millət məbusları palatası deyilməyəcəyi ümum parlament fraksiyalarının diqqətini cəlb etmişdir.

Bəna bərin şimdi ki, parlamentimizdə biz fəqət, vaxtın təqazası mövcubincə və inqilab surəti ilə təşkil olunmuş parlament onu deyə biləriz. Belə bir parlamentin ümdə vəzifələri müvəqqəti mötəbər və möhkəm bir hökumət təşkil etməkdir, cümhuriyyətin həqiqi sahibi olan Məclisi-Müəssisan intixab üçün ədalətli bir seçki qanunu tərtib etməkdədir və həmin qanun üzrə Məclisi-Müəssisan toplanıb vətənə sahib olancaya qədər davam edib durmaqdadır. Ancaq bu təriq ilə toplanmış məclis vətənin ağır vəzifələrini daşımağa haqlıdır, ancaq belə bir məclis ümum vətənin havadarı, hər sinif, hər millət və hər təbəqənin mürəvvici- əfkari və ayineyi-həyati ola bilir. Əvət, parlamentimizin ümdə vəzifələri bunlardan ibarətdir. Hökumətimizə gəldikdə bu təşkilatın sağlamlığının əhəmiyyətini bu gün bilməyənlər yoxdur. Hökumət, parlamentində məsul olmalı və parlament göstərdiyi yollar ilə getməli isə də, müstəqil, müttəhid, möhkəm, mötəbər və mükəmməl bir qüvveyi-icraiyyə təşkil etməsi də onun birinci vəzifələrindəndir. Hökumət borcludur sarsılmaz bir xətti-hərəkət götürüb vətəni adilanə və aqilanə bir surətdə idarə etsin, daxili və xarici siyasəti vətəniyyəni sağlam bir fikir sayəsində yürüdüb hər daim millət və vətənin namusunu mühafizə etsin. Ancaq belə bir hökumət arxasında parlamenti və onun vasitəsi ilə bütün vətən övladını görə biləcəkdir. Belə olmayan hökumət vətən xaini və millət düşməni namini daşımağa müstəhəqq olacaqdır.

Cumhuriyyətimizin diri bir vücud kimi mücəssəm edərsək, o vücudin başı Məclisi-Məbusan, Xəvassi zahirə və batiləsi və başqa əhəmiyyəti hayiz əzası isə hökumətdir, necə ki, göz görmək, qulaq eşitmək, əl işləmək, dil danışmaq üçündür, bu üzvlərdən və başqalarından hər biri öz işlərində mütəxəssisdirlər və ancaq öz işlərilə məşğuldurlar, fəqət, ümum üzvlərin yeganə məqsədləri yalnız bir bədənə və bir ruha xidmət etməkdir. Həmçinin hökumət üzvləri də özlərinə vagüzar vəzifələri və hər kəs öz vəzifəsini daşımağa borcludur. Və necə ki, bədən üzvləri öz vəzifələrindən imtina etdikdə bədənin həlakına səbəb ola bilirlər, həmçinin ricali hökumət öz vəzifələrini daşımazlarsa, vətəni və milləti böyük fəlakətlərə düçar edə bilərlər. Buna binaən, əvvəla nazirlərdən hər təhti idarəsinə verilmiş şöbənin mütəxəssisi olmalıdır. Saniyən hər nazir kəndi müəyyən vəzifəsini vətənin hal və övzayi-siyasiyyəyə müvafiq yürütməyə borcludur. Salisən nazirlər öz fəaliyyətsizliyini “əhvali-siyasiyyədən naşıdır” deyə doğrultmaqdan qəti surətdə vaz keçməlidirlər, daxili işlərlə məşğul olmayan nazirin daxiliyyə naziri namini daşımağa haqqı yoxdur, maarif işlərilə məşğul olmayan nazir maarif naziri namini daşımağa və hakəza bunlar sabiq hökumət tərəfindən bizə verilən bəyanatın ziddinə olaraq hərəkət etməlidir, yəni siyasət incəlikdə hər nazir ixtisası dairəsində fəaliyyətini çoxaltmalıdır. Rabiən, ayrı-ayrı nazirlərin yürütdüyü siyasət ümumi - vətən siyasətinə zidd olmamaq şərti ilə onların bütün heyəti, yəni heyəti-vükəla ümumi işlərdə bir vücud kimi hərəkət etməlidirlər. Belə olmasa övzayi-vətən şimdiki halından dəxi fəna hallara düşəcəkdir. Bir baxın görün ki, biçarə vətən bu saat bir məzarıstana bənzəyir.

Yollarımız xarabazara dönübdür, poçta-teleqrafımız hənuz intizama düşməyibdir, əhalinin əlindən mal-qarası çıxıbdır, taxıl gün-gündən bahalaşır, odun, kömür, neft, qənd, çay kimi ləvazimati mühümmə bu gün dövlətlilərə məxsus olubdur, soyğunluq, rüşvətxorluq, ədalətsizlik və özübəylik saatbasaat kəsbi şiddət edir; türklər yerlərinə çəkildikcə ümumi pozğunluq yavaş-yavaş baş qaldırmaqdadır. Əsgərlik üsuli əhalini bu müqəddəs vəzifədən nifrətləndirdi, varlılar rüşvət və tərəfgirlik sayəsində əsgərlikdən qaçdılar; hər yerdə bu ağır vəzifə yalnız füqəranın üzərinə atıldı, bununla bərabər həmin füqəra üçün yeməyə çörək yox, qənd, çay və libas yox, öləndə də bürünməyə kəfən yox. Müsri xəstəliklər əhalini ot kimi qırıb tökür, ölənlərin sayı yüz minləri təcavüz etdi. Dünki on, on beş candan ibarət ailənin qapısına bu gün qıfıl vuruldu: əhalisi minləri mütəcaviz kəndlər bu gün başdan-başa bayquşlar cövlangahi olubdur. Həkim yox, dərman yox, xəstələrə yemək yox. Həkim olan yerlərdə də ona rucu etməkdənsə, xəstə üçün ölüb qurtarmaq daha ucuz oturur. Möhtəkirlərin təməyilə və fəaliyyəti-xainasinə heç bir yerdə nə sərhəd var, nə əleyhinə tədbir. Hökumətimiz daxili işlərin bu cəhətlərinə böyük əhəmiyyət verməlidir, hər şeyi nizam-intizam təhtinə alıb şimdidən ümum fəlakətin və tarixi bədbəxtliyin önünü almalıdır.

İşbu mülahizələri nəzərdə tutub fraksiyamızın verdiyi qərar vətəni məsul mötəmid və mükəmməd bir hökumətə təslim üçün yardım etməkdir. Vətənin istiqlalını və cümhuriyyətin inam əsaslı surəti-idarəsini var-qüvvə ilə müdafiə etməkdir, əqəliyyətin haqqını təmin edici və məhəllərdə məskun əhalinin nüfuzuna mütənasib seçki qanunu tərtib edib, vətənin həqiqi sahibi olan Məclisi - Müəssisanı ən yavuq zamanda iş başına dəvət etməkdir.

Bunun ilə bərabər biz inqilab surətilə elan edilmiş Azərbaycan istiqlalını bütün aləm qarşısında uca bir səslə alqışlayırız və səmimi qəlblə elan ediriz ki, vətənimiz övladının ədaləti-tammə ilə bilafərq dil və millət, hər hüquqa malik olması qayeyi-amalımızdandır. Millətimizin şərəf namusunu bir an unutmayaraq qonşu millətlər və dövlətlərlə əlaqeyi-dustanəni möhkəmləndirməyi hökumətimizin vəzaifi-aliyəsindən ədd ediriz. Vətən və millətimizin nümayəndələrini qonşu cümhuriyyətlər nümayəndələri ilə müttəfiqən sülh konfransına iştirak etdirməyə və istiqlaliyyətimizi təsdiq etməyə var qüvvəmizlə çalışacağız. Başqa hüquqi-maliyəyə qarşı qərarımız böylədir ki, hürriyyətlər qanunən başdan-başa təmin edilməlidir, amma kin və heysiyyəti-şəxsiyyə tərzdən məsum olmalıdır. Əkinçilərin və fəhlələrin halı lazımı dərəcələrdə yüngülləşdirilməlidir. Qanun üzrə təhdti qərara alınmış xırda mülklərdə həqqi təməllük olmalıdır. Miri torpaqları, sabiq padşaha və onun nəslinə mənsub, böyük mülkədarlara və xüsusi maliklərə mütəlliq torpaqları xəzinəyə götürüb əkinçilərə ailələrinin nüfusinə mütənasib məccanən paylaşmalıdır. Xüsusi torpaqların əvəzində onlara xəzinədən bədəl vermək məsələsini Məclisi-Müəssisanə həvalə etməlidir. Torpaqlar sərvətdarlar əlinə keçməsin deyə əkinçilər aldıqları torpaq paylarını satmaq ixtiyarına malik olmamalıdırlar. Fəhlə sinfinin və yomiyyə zəhmətinin müddəti 8 saatdan ziyadə olmamalıdır, onların keçinəcəyi, hifzi sahiyyələri və maarif işləri kassaları və başqa tələbatın aqilanə bir surətdə qanunən təmin edilməlidir. Füqareyi-kasibə sinfinin bir çox xəcalətdən azad etmək üçün vergilərin gəlisi gəlirə görə vergi ilə əvəz edilməlidir.

Tədrisi-ibtidai ümumi məccani və məcburi olmalıdır. Azərbaycan Cumhuriyyətinin maarifə olan ehtiyacı başqa ehtiyacının fövqündədir. Ümum fəlakətlərin birinci səbəbi maarif yoxluğudur. Buna görə müəllimlərin məişətini təmin etməklə onları dilənçilik halından xilas etməlidir, müəllimlər guruhuna bacarıqlı qüvvələr soxulmalıdır. İbtidai məktəblərdən başqa, darülmüəllimlər rüşti, ədəd və hərbi məktəblər, sənaye, ticarət və ziraət məktəbləri açılmışdır. Şimdiki məktəbləri mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir. Camaat anlayacaq şivədə də siyasi, elmi və fənn risalələr, jurnallar, üsuli-təlim və tərbiyəyə dair əsərlər tədbir edib əhvən qiymət ilə və geniş bir miqyasda intişar etdirməlidir. Bunlardan əlavə cümhuriyyət daxilində bu sənədən etibarən darülfunun təsis etməlidir. Hökumət idarələrini genişləndirmək üçün xüsusi kurslar açıb, bütün hökumət idarələrində və şöbələrində xidmətçilər hazırlamalıdır və həmin idarələri tez bir zamanda milliləşdirməli və bütün mürasilanı türk dilində aparmalıdır. Məhkəmeyi-ədliyyələr demokratik bir üsul üzrə təsis edilib hər fərd bilafərq din və millət ancaq cümhuriyyət qanunu müqabilində məsul tutmalıdır.

Təcili surətdə məhəllə təftiş komisyonları göndərib rüşvətxor və xain xidmətçiləri məqamlarından kənar etdirməli və divani ədalətə verdirməlidir.

Ərzaq məsələsi möhtəkirlər və müstəbidlər əlindən xilas edilməlidir. Taxıl, çit, yağ, qənd, çay, sabun və ləvazimati-həyatiyənin indidən tədbirinə düşməlidir.

Əski şosse yollar açmağa sərfi-hümmət etməlidir. “Orta Qafqaz” dəmir yolu naminə hazırlanmış əski projeni qövldən felə gətirməlidir. Ucuz fiyətlə dava-dərman gətirib məhəllərə və hər yerə həkimlər göndərilməlidir və bu yollar ilə kilidli el qırğınının önünü almalıdır. İstiqlaliyyəti-milliyənin birinci sütunu ədd olunan sağlam və müdhiş bir orduya malik olmalıdır, ümumizin məlumdur ki, yeni doğulmuş əsgəri təşkilatımız aqilanə bir surətdə icra edilməklə bərabər bir çox təbii və ərazi fəlakətlərə uğrayıbdır. Buna görə camaatımız bu işdən mütənəffir olubdur. Əsgərlik vəzifəsi vətənin ən müqəddəs olduğunu nəzərdə tutub, yeni təşkilatiəksəriyyəyi mükəmməl bir əsgəri qanuna düzüb qoşmalıdır. Əsgərlərin yeyəcəyinə, yatacağına, libasına və həkim-dərmanına böyük diqqət yetirməlidir, dövlətliyə, fəqirə, böyükə, kiçiyə təfavüd qoymamalıdır. Bu qədər bilməlidir ki, bizləri Azərbaycana sahib edəcək qüvvə bizim milli ordumuz olacaqdır. Ordu sağlam və möhkəm bir qüvvə təşkil edərsə, hökumət də ona istinadən iş görə bilir, millət də onun sayəsində tərəqqiyə üz qoyub mədəni millətlər sırasına keçir.

Nəhayət, yeni hökumətin bugünkü bəyanatının qarşısında fraksiyamızın cavabı budur ki, millətin və vətənin mənafeyinə işləmək quru sözlərdən və boş vədlərdən ibarət olub qalmamalıdır. Əgər hökumət ciddi fəaliyyət və fədakarlıq etməyə doğrudan doğruya hazır isə arxasında "Əhrar" fraksiyasını görcək və onun müavinətini qazanacaqdır. Ancaq bu şərti əsas ittixaz edərək siyasətin nazikliyini nəzərdə tutub fraksiyamız yeni hökumətə izhari etimad ediyor.

“Azərbaycan”, 10, 12, 13, 15 yanvar 1919, № 84, 85, 86, 88

Geri dön