Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Müstəqillik, yoxsa siyasi bazarlıq?
Müstəqillik, yoxsa siyasi bazarlıq? |
Ekspertlər İraqın kürd muxtariyyətinin keçirdiyi referendumun bölgəyə mənfi təsir edəcəyi qənaətindədirlər
Rəsmi Bağdad, qonşu dövlətlər, xüsusən Türkiyə və İran, həmçinin ABŞ və Avropa ölkələri, BMT İraq Kürdüstanının referendum qərarının əleyhinə çıxmasına baxmayaraq, kürd regionunun hakimiyyət orqanları qərarkarından geri çəkilməyiblər. Beləliklə də sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik haqqında referendum keçirilib. İlkin məlumata görə, referendumda təxminən 3,3 milyon nəfər, 72,16 faiz seçici iştirak edib. Referendumda iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyini dəstəkləyib. Səsvermənin rəsmi nəticəsi sentyabrın 28-də elan olunacaq. Referenduma cavab olaraq İran regionla quru və hava sərhədlərini bağlayıb. Ankara və Tehran Şimali İraqla sərhəddə hərbi təlimlərə başlayıb. İraq parlamenti isə referendumda iştirak edən bütün məmurların və dövlət qulluqçularının işdən azad olunması barədə qərar çıxarıb. Bununla yanaşı, parlament Kürdüstanın qonşu ölkələrlə sərhədlərinə nəzarətin Bağdada verilməsini, həmçinin neft üzrə bütün danışıqların və sövdələşmələrin İraq hökuməti ilə aparılmasını tələb edib. Göründüyü kimi, İraqdakı kürd muxtariyyətinin referendum keçirməsi qonşu ölkələrlə münasibətlərdə gərginlik yaradıb. Bəs, bütün bu proseslər regionun gələcəyinə necə təsir edəcək? Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, etirazlara əhəmiyyət verilmədən referendumun keçirilməsinin regiona böyük təsiri var. O, qeyd edib ki, bu referendumun keçirilməsi ilə Türkiyənin təhlükəsizliyinə ciddi təhdid yaranır: "Türkiyənin daxilində PKK terror təşkilatı yaradıblar və həmin təşkilatın üzvü olan terrorçular kürd dövlətinin yaradılması uğrunda mübarizə aparırlar. Bu gün Bərzaninin referendumu gələcəkdə Türkiyə daxilində də belə bir hadisənin təkrarlanması istəyinə yol aça bilər. Yəni, kimlərsə bunu Türkiyə ərazisində də təkrarlamaq iddiasına qapılar. Nəzərə alaq ki, PYD də xarici qüvvələrdən dəstək alır və bu dəstəyi gizlətmirlər. Əgər bu gün İraq kürd muxtariyyətinin müstəqil dövlətə çevrilməsi məsələsi gündəmə gəlirsə, gələcəkdə Türkiyənin parçalanması məsələsi də ortaya çıxacaq. Üstəlik, bu referendumun keçirilməsi və onların iddiasının qəbul edilməsi Kərkük türklərini təhlükə altına qoyur. Orada yaşayan türklərin hüquqları pozulur. Ən pisi isə budur ki, bu referendumun keçirilməsi, nəticələrinin kimlərsə tərəfindən tanınması açıq-aşkar terrorizmə dəstəkdir. Terrorçuların yaratdığı status-kvonun hüquqi cəhətdən təsbit olunması deməkdir. Bu hadisənin baş verməsi çox pis ənənə formalaşdıracaq. Dünyanın harasında bir separatizm ocağı varsa, orada terrorun, silahın gücünə status-kvo yaradılacaq, ardınca da bunu hüquqi baxımdan təsbit etməyə can atacaqlar. Ona görə də bütün dünya dövlətləri referenduma etiraz etməlidir ki, gələcəkdə belə hadisələr təkrarlanmasın. Türkiyə Böyük Millət Məclisində artıq müzakirələr aparıldı və əsgərə bəlli hüquq verildi. Fikrimcə, kimin nə deməyindən asılı olmayaraq, ən sərt tədbirlər görülməlidir. Əgər Bərzaninin keçirdiyi referendumla Kürdüstan adlı dövlət yaranacaqsa, bu gələcəkdə Türkiyənin ərazisinin parçalanmasına gətirib çıxaracaq, türk dünyasına böyük zərbə olacaq”. Siyasi şərhçi Vüqar Zifəroğlu hesab edir ki, referendum təkcə bölgədə deyil, dünyanın bir çox ölkələri üçün mənfi presedent təşkil edə bilər. Onun fikrincə, məhz bu səbəbdən referendumun keçirilməsinə münasibət mənfidir. V.Zifəroğlu mövzu barədə bizimlə söhbətində bildirib ki, bölgə ölkələri, xüsusən Türkiyə və İran daha kəskin mövqe sərgiləyiblər: "Ərəb ölkələrinin də sərgilədiyi münasibət Qərbin bu məsələdə mövqeyini kifayət qədər korrektə etməsi ilə nəticələndi. Onlar da referendumun təxirə salınnasında israr etdilər. Lakin rəsmi Bağdadla heç bir halda mövqelərini uzlaşdıra bilməyən Bərzani referendumda sonadək israr etdi. Bunun İraq Bölgəsəl Kürd Yönətiminə xeyirdən çox, ziyan gətirəcəyi indidən bəllidir. Bununla bağlı, Kürd yönətiminin baş naziri Neçirvan Barzaninin dünən verdiyi açıqlama diqqətçəkici idi. Əslində bizim də dəfələrlə qeyd etdiyimiz kimi, referendumun özünün keçirilməsi, hələ yeni dövlətin elan ediləcəyi demək deyil. Bu səpkidə açıqlama keçirilən səsvermənin sadəcə siyasi bazarlıq predmeti olması barədə ciddi təsəvvür yaratmaqdadır. Rəsmi Tehranın tam təsiri altında olan Bağdad bütün açıqlamalara rəğmən, təbii ki, həm də İranın təsiri ilə öz təzyiqlərini artırmaq niyyətindədir”. V.Zifəroğlu bildirib ki, hadisələrin gedişində maraqlı məqamlardan biri də Qərbin mövqeyi ilə bağlıdır: "Əslində referendum keçirilməsi faktının özü Qərbin manevr imkanlarını artırır və bundan daha qabağa getmək indiki şəraitdə onlara lazım deyil. Qərb onsuz da referendumun nəticələri ilə rəsmi Tehranın nəzarətində olan Bağdad hökumətinə, həm də kürd məsələsinə son dərəcə həssas yanaşan Ankaraya təzyiq rıçaqları əldə edəcək. Nəzərə alaq ki, İraq və Suriyada son dərəcə mürəkkəb siyasi vəziyyət yaşanır, ərəb ölkələri sürətlə İsraillə yaxınlaşır, buna paralel olaraq Yaxın Şərqdə xarici şərtlərin təsiri ilə Rusiyanın da dəstəklədiyi Türkiyə-İran dueti formalaşır. Belə bir zamanda, Qərbin bu məsələdə daha da uzağa getməsi, belə deyək, referendumun nəticəsi olaraq Kürdüstan adlı bir dövlətin varlığını elan etdirməsi daha ciddi qarşıdurmaların yaşanmasına təkan verəcək. Nə Vaşinqton, nə də qoca qitə buna hazır deyil. Bu səbəbdən bir tərəfdən Qərbdən kifayət qədər siyasi və lojistik dəstək ala bilməyən kürd yönətimi, digər tərəfdən də Türkiyə, İraq, Suriya və İranın sərhədləri bağlamaları səbəbi ilə faktiki olaraq blokadaya alınmış vəziyyətə salınır. Hələ bura Türkiyə tərəfindən edilməsi mümkün olan hərbi müdaxilə ehtimalının son dərəcə yüksək olduğunu da əlavə etsək, Bərzaninin özünü çətin duruma saldığını söyləyə bilərik”. Politoloq Natiq Miri isə qəzetimizə açıqlamasında deyib ki, referendumun keçirilməsi bilavasitə Bərzaninin rəhbərlik etdiyi İraq Kürdüstanının yaratdığı proses deyil. Onun sözlərinə görə, burada dünyanın böyük dövlətlərinin, böyük güclərin maraqları var: "Əgər belə olmasaydı, Bərzani bütün dünyanı qarşısına alaraq, təhdid və təzyiqlərə əhəmiyyət vermədən referendum keçirməzdi. Bu amili düzgün dəyərləndirmək gərəkdir. ABŞ İraqı işğal etdiyi gündən başlayaraq bu prosesə start verib. Prosesin başlanğıcında rəsmi Ankara çox böyük yanlışlığa yol verərək, NATO dövləti olmasına rəğmən, Türkiyənin ABŞ-la birlikdə İraqa hərbi müdaxiləsinə yol vermədi, onu dəstəkləmədi. Beləliklə də hazırda baş verən proseslərin təməli qoyuldu. 2003-cü ildə İraq işğal edildikdən sonra dolayısı ilə Mosul və Kərkük təsir altına salındı. Sonradan Bərzani peşmərgələri prosesə cəlb edildi, Mosula və Kərkükə gətirildi. Qlobal güclərin dəstəyi ilə yaradılan İŞİD terror qruplaşması da İraqa gətirildi və bir günün içində Mosul onlar tərəfindən işğal edildi. Əsl reallıqda, Mosul İraq hökumətinin nəzarətindən çıxarılaraq İŞİD-ə təhvil verildi. Digər böyük türkmən şəhəri sayılan Kərkükə də İŞİD-ə qarşı mübarizə adı altında kürd peşmərgələri, PKK terrorçuları gətirildi. Beləliklə, hər iki şəhər mərkəzi İraq hökumətinin nəzarətindən çıxarıldı. Hazırda isə ABŞ-ın yaratdığı beynəlxalq koalisiyanın vasitəsilə süni şəkildə İŞİD-ə qarşı mübarizə aparılır, tədricən Mosuldan İŞİD terrorçuları qovulur, azad edilən ərazilərdə kürd peşmərgələri yerləşdirilir. İŞİD-ə qarşı mübarizə tam başa çatmamış artıq İraqın kürd muxtariyyəti referendum keçirir. Çünki, İraq ordusunun başı tamamilə İŞİD-lə mübarizəyə qoşulub. İraq ordusu hazırda iki cəbhədə müharibə aparmaq iqtidarında deyil. Belə bir situasiyada mərkəzi hökumətdən heç bir ciddi hərbi, siyasi, iqtisadi təzyiq və təsir almayan Bərzani referendum keçirdi. Beləliklə, o, gələcəkdə Kürdüstanın müstəqilliyinə legetimlik qazanmaq üçün hüquqi bazis yaratdı. Bütün bunlar ABŞ-ın region üçün düşünüb hazırladığı Böyük Orta Doğu layihəsinin tərkib hissəsidir”. Rufik İSMAYILOV Geri dön |