Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürd problemi Türkiyənin Qarabağ məsələsindəki rolunu zəiflədə bilərmi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Kürd problemi Türkiyənin Qarabağ məsələsindəki rolunu zəiflədə bilərmi?

Kürd problemi Türkiyənin Qarabağ məsələsindəki rolunu zəiflədə bilərmi?


Uzun illərdir Türkiyə üçün ciddi başağrısına çevrilən kürd problemi son günlərdə daha da artıb. Sentyabrın 25-də Şimalı İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi bir sıra ölkələr kimi qardaş dövləti də hərəkətə gətirdi. Cərəyan edən proseslərin Azərbaycana da təsiri barədə fikirlər səslənir.

Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayan dövlətlərdən olan Türkiyənin başının daha çox öz probleminə qarışacağı, nəticədə ən ağrılı problemimizlə məşğul olmaq imkanlarının azalacağı ilə bağlı iddialar var. Nəticədə kürdlərin son günlərdəki fəallıqlarının təcavüzkar Ermənistana daha çox xeyir verə biləcəyi vurğulanır. Azərbaycan tərəfin qardaş ölkənin münaqişənin həllindəki rolunun azalmaması üçün indidən hərəkətə keçməsinin vacibliyindən söz açılır.

Fərəc Quliyev: “Qarabağ məsələsi Türkiyə üçün PKK kimi çox ciddidir”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev kürd probleminin Azərbaycana təsirlərindən danışdı: “Bu hadisələr bir neçə məqamdan bizə pis təsir edir. Türkiyəni zəiflətməyə çalışırlar. Gələcəkdə qardaş ölkənin ərazilərinə iddia edib, qondarma dövlətlərini böyütməyə çalışacaqlar. PKK uzun illərdir belə təhdidlərlə terrorla məşğul olur. Məsud Bərzani və onun tərəfdarları artıq geriyə addım atmaq məcburiyyətindədirlər. Səhəri gün gözlərini açanda türk ordusunu həmin ərazilərdə görə bilərlər. Türkiyə prezidenti artıq bunu dilə gətirib. Bu məsələlərdə kürdlər irəli gedə bilməyəcəklər. Türkiyəyə aydındır ki, Dağlıq Qarabağ məsələsi PKK kimi çox ciddi məsələdir. Nəinki qardaş ölkəsi olan Azərbaycana, özünə də ciddi şəkildə mənfi təsiri var. Çünki Ermənistan açıq şəkildə Türkiyə ərazilərinə də iddia edir. Ehtimal olmasa belə, gələcəkdə əgər ermənilər Qarabağ məsələsində nəsə əldə etsələr, Türkiyə ərazilərinə də iddialarını irəli sürəcəklər. Bu baxımdan düşünmürəm ki, Türkiyənin qarşısına hər hansı bir problem çıxarsa, Qarabağ məsələsi arxa plana keçər”.

Əhəd Məmmədli: “Kürdlərin müstəqillik cəhdi ermənilərə xeyirdir”
Politoloq Əhəd Məmmədli Türkiyənin bundan sonra Dağlıq Qarabağ probleminin həllindəki rolunun azalmayacağını düşünür: “AK Parti iqtidara gələndən sonra, qardaş ölkə öz üzərinə böyük hədəflər qoyub. Üzərinə böyük hədəflər qoyan ölkə lazım gələrsə, bir neçə siyasi cəbhədə vuruşmağa qadir olmalıdır. Düşünürəm ki, Türkiyə də bir neçə siyasi cəbhədə vuruşmağa qadir bir dövlətdir. Onsuz da son illərdir Türkiyənin vuruşmadığı siyasi cəbhə qalmadı, vuruşmaqda da davam edir. Təbii müttəfiqimizin müdafiə nazirinin ölkəmizə iki gün öncəki səfəri də bir daha Türkiyənin açıq şəkildə Azərbaycanın yanında, arxasında olduğunu göstərdi. Təsadüfi deyil ki , Türkiyə müdafiə nazirinin məlum bəyanatı İrəvanda rəsmi səviyyədə qıçıq yaratdı. Dövlət başçısının da Türkiyədən silah almağa davam edəcəklərini söyləməsi bir daha Türkiyə - Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini göstərdi. İndi bu hərbi əməkdaşlığı sürətləndirib, Türkiyə və Azərbaycan arasında rəsmi səviyyədə müttəfiqliyi elan etmək qalıb. Bunun üçün də ilk növbədə Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi barədə ölkə iqtidarı rəsmi qərar verməlidir. Birlikdə Qarabağın azad edilməsi yolunda real hərbi əməliyyatlar başlanılmalıdır. Təbii ki, kürdlərin müstəqillik cəhdi ermənilərə xeyirdir.

Düşmənlərımız çalışacaq bundan siyasi divident qazansınlar. Lakin Kosovo məsələsində olduğu kimi, Kürdüstan məsələsində də, ermənilər siyasi uğursuzluğa uğrayacaqlar. Çünki Kürdüstanın müstəqilliyinin əleyhinə Ermənistanın müttəfiqləri - Rusiya və İran da çıxır. Bildiyiniz kimi də Ermənistanı siyasi-iqtisadi blokadadan Rusiya ilə İran xilas edir. Buna görə də Ermənistanın əllərini Kürdüstan məsələsində İranla Rusiyanın məlum mövqeyi bağlayır. Amma bu, o demək deyil ki, Azərbaycan bu məsələdə indiki kimi susmalıdır. 30 ilə yaxın separatçılıqdan əziyyət çəkən Azərbaycan sərt şəkildə öz mövqeyini bildirməlidir və bu mövqe qardaş Türkiyənin yanında olmalıdır. Kürdüstanın qurulması həmçinin Azərbaycanın milli maraqlarına ziddir. "Böyük Kürdüstan" xəritəsində Azərbaycanın ərazisi Naxçıvanda yer alır. Üstəlik bu məsələdə məlum erməni-kürd birliyini əlavə etsək, Azərbaycan hakimiyyətinin susmasının heç bir məntiqi açıqlaması yoxdur. Bəzi kürd əsilli Azərbaycan məmurlarının da Kürdüstandakı referendumun nəticələrinə açıq dəstək verməsi yolverilməzdır. DTX təcili sürətdə o şəxslər barədə ciddi şəkildə tədbir görməlidir. Mövzu Azərbaycanın təhlükəsizliyidirsə, qalanı təfərrüatdır".

Cavanşir ABBASLI

Geri dön