Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Azərbaycan yurdumuz, Traxtur Bozqurdumuz"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > "Azərbaycan yurdumuz, Traxtur Bozqurdumuz"

"Azərbaycan yurdumuz, Traxtur Bozqurdumuz"


İranda Azərbaycan türklərinin milli azadlıq hərəkatı yetişməkdədir; futbol klubu isə Güney Azərbaycanda bu hərəkatın simvoluna çevrilib

Azərbaycan-İran münasibətləri son günlər görünməmiş dərəcədə gərgindir. Gərginliyin dərəcəsini anlamaq üçün İranın Azərbaycandakı səfirini bir neçə gün öncə geri çağırması faktını yada salmaq yetərlidir. Bu gərginliyi kimin başlatdığı haqda mübahisəyə girişmək gərəksiz zaman itkisi kimi dəyərləndirilə bilər - əsrlərə dayanan məsələdir. Hər iki ölkənin ortaq nöqtələri olan milli - İranında 35 milyon türk yaşayır -, dini - hər ikisində İslam dini dominantdır - faktorlar əsrlərdir davam edən gərginliyin azalmasına, gerçək dostluq münasibətlərinin qurulmasına gətirib çıxarmır. Bu gün İranla Azərbaycan arasında rəsmilərin dillərində səslənən fikirlər də, iki ölkə arasında qüvvədə olan sənədlərdə yazılanlar da gerçək münasibətlərdən çox uzaqdır. Əksinə, iki ölkə bir-biri üçün daimi təhlükə qaynağıdır. Buna görə də İran da, Azərbaycan da zaman-zaman bir-birinin düşmən saydığı ölkələrin yanında yer almaqla dolayısı ilə bir-birinə meydan oxumaqdadır. Uzun illərdir ekspertlər İranın Rusiya ilə Ermənistan, Azərbaycanın isə ABŞ, İsrail və başqa Qərb ölkələri ilə münasibətlərini bu konteksdən izah etməkdədir. Haqsız da sayılmazlar.

Güneydən gələn xəbərlərdə İranda türklərin ciddi bir milli azadlıq hərəkatı yetişdirdiyi görünməkdədir. İran hakimiyyətinin kütləvi həbsləri, rejimə qarşı çıxanları ən nümayişkaranə, sərt cəzalandırması da milli hərəkatın boğulmasına yönəlik tədbirlərdir. Ancaq İrandan gələn xəbərlər hələlik onu göstərir ki, rejimin ən sərt metodlara əl atması, azadlıq cəbhəsini daraltmaq yerinə onu genişləndirir. Mayın 13-də Təbrizdə “Traxtor sazi” futbol komandasının oyununa 80 min türkün gəlməsi, stadiondakı coşqunun az sonra Təbriz küçələrinə daşınması deyilənlərə sübutdur. Yeri gəlmişkən bu oyunda Ənzəlinin “Mələvan” komandasının qapısından keçirdiyi iki cavabsız top komandanı İran çempionatında ikinci pilləyə qaldırıb.
Bir qədər “Traxtor sazi” haqqında. Güneylilərin sadəcə “Tıraxtur” adlandırdıqları komanda 1970-ci ildə yaradılıb. Təkcə əhalisinin 97 faizə qədəri türklər olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. 2009-2010-ci il İran Superliqasında komanda tamaşaçı rekordu qırıb. “Tıraxtur”un hər oyununa 80 minə yaxın seyrçi qatılır.

Ən maraqlı tərəfi isə insan hüquq və azadlıqlarının ən son həddə qədər daraldıldığı İranda “Tıraxtur”un oyunlarının keçirdiyi stadionların insanların öz milli iradə və düşüncələrini ifadə məkanına çevrilməsidir. Ona görə də bu gün adı Təbriz ləhcəsində şirin-şirin səslənən “Tıraxtur” Güney Azərbaycanda milli azadlıq hərəkatının simvoluna çevrilib.
Artıq nə zamandır komandanın oyunu keçirilən stadionlarda onminlər bozqurd işarəsi tutub “Azərbaycan yurdumuz, Tıraxtur boz qurdumuz!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Qızıldan olsa qəfəsim Azadlığa var həvəsim”, “Haray, haray mən türkəm”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil”, “Nə mutlu türkəm deyənə” şüarları səsləndirir. O şüarlar ki, İranda onları səsləndirmək üçün “şir ürəyi yemək” lazımdır. Üçrəngli Azərbaycan bayrağına bürünən stadiondan uşaqdan böyüyə hər kəsin bu şüarlarını səsləndirməsi olduqca həyəcanvericidir. Hələ uşaqların dilindən “Ana dilim ölən deyil, başqa dilə dönən deyil” hayqırtısı. Bu nidalar əsarətdə yaşayan, nəhayət qurtuluşuna qovuşmaq istəyən bir toplumun hissləridir.

Mayın 13-də keçirilən son oyundan sonra vətəndaş coşqusu Təbriz küçələrinə keçib. Polislə vətəndaşlar arasında ciddi insident yaşanıb. Yüzlərlə insan saxlanıb.
Diqqət çəkən məqamlardan biri də komandanın oyunu keçirilən zaman mühacirətdə olan güneylilərin qiyabi də olsa azarkeşliyidir. İnternet portallarından bu azarkeşliyin şahidi ola bilərsiniz. Vətəndən uzaq düşən bu insanların ölkələrində baş verən milli oyanışa dəstək vermək istəyi o qədər güclüdür ki...

Güney Azərbaycandan olan soydaşlarımız özləri də etiraf edirlər ki, İranın içərisində baş verən bu cür “etirazlı futbol oyunları” onların mühacirət etdiyi ölkələrdə İran böyükelçiliyinin, eləcə də dünyanın aparıcı insan haqları qurumlarının baş ofisləri önündə düzənlədikləri piketlərdən, yürüşlərdən daha təsirlidir. Din adına sığınaraq insanlar üçün uzun illərdir həbsxanaya çevrilən İran İslam Respublikasında baş verən haqsızlıqların dünyanın demokratik kəsiminə çatdırılması üçün bu aksiyaların olduqca vacib olduğunu düşünən güneyli soydaşlarımız bu mübarizənin nəticə verəcəyinə də əmindirlər. Çünki səbir kasasında artıq “bir qolluq” belə yer qalmayıb...

Aygün MURADXANLI

Geri dön