Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Almaniya: neoliberalizmdən neokalonizasiyaya doğru
Almaniya: neoliberalizmdən neokalonizasiyaya doğru |
Hikmət Babaoğlu - Yeni Azərbaycan qəzetinin Baş redaktoru
Son dövrlərdə Avropada baş vermiş iqtisadi böhran bir qədər sonra institusional böhrana çevrilməyə başladı. Heç kəsin gözləmədiyi şəkildə hadisələr o qədər sürətlə inkişaf etdi ki, nəticə etibarilə, Avropa Birliyi ölkələrində həm siyasi, həm iqtisadi, həm də ideoloji böhran yaşandı. Bu vaxta qədər mənimsənilmiş klassik Avropa dəyərləri və soyuqqanlı Avropa xarici siyasət strategiyası özünəməxsus tərzdə çatlar verməyə başladı. Avropa siyasi liderləri qısa bir zamanda bunu təmir etməyə, İttifaqın qüdrətinin çökməsini pərdələməyə çalışsalar da, buna nail ola bilmədilər. Çünki onların Avropa Birliyini təmir etmək üçün seçdikləri üsul və metod doğru deyildi. Son dövrlərə qədər hələ Avropanın bir sıra ölkələrində, o cümlədən, Almaniyada aparıcı ideologiya hesab edilən neoliberalizmin əsas prinsipləri bir qədər daha sağa meyil edərək yeni radikal keyfiyyətlər qazanmağa başladı. Nəticə etibarilə, Avropa liberalizmi sağ mərkəzçiliyə yaxınlaşmaqla keyfiyyətcə yeni siyasi, iqtisadi reallıqların yaranmasına səbəb oldu. Hər nə qədər bu gün Avropa Birliyi ölkələrində bu məsələlər açıq şəkildə danışılmasa belə, istər Fransada, istərsə də Almaniyanın ayrı-ayrı federal vilayətlərində keçirilən seçkilər nəticəsində aydın oldu ki, Avropa liderlərinin "qoca qitə"ni böhrandan çıxarmaq cəhdləri üçün seçilən metod və yollar xalq tərəfindən doğru hesab edilmir. Buna görə də, seçkilərin nəticəsində daha çox az tanınmış, bəzi hallarda isə ənənəvi sosial-demokrat meyilli siyasi təşkilatlanmalar önə çıxmağa başladı. Bu tendensiya, əslində, neokolonistlərə, radikal sağçılara, neonasistlərə, islamofoblara bir mesaj idi. Neonasizm və neofaşizm siyasəti sağ mərkəzçilərin son qalası Hər şey Avropada əməyin qiymətləndirilməsinin şişirdilməsindən başladı. Avropada istehsalın təşkili zamanı əməyin həddindən artıq yüksək qiymətləndirilməsi istehsal edilən məhsulların maya dəyərini artırmağa başladı. Nəticədə Avropada istehsal olunan mallar və məhsullar baha olduğu üçün dünya bazarında rəqabət qabiliyyətini itirdi. Bu zaman yaranan maliyyə və iqtisadi problemləri kompensasiya etmək üçün dövlət tərəfindən əlavə vergilər müəyyənləşdirildi. Bu isə avropalı sahibkarların və istehsal müəssisələrinin çoxunun şərqi və cənubi-şərqi Asiya ölkələrinə üz tutmasına gətirib çıxardı. Çünki həmin ölkələrdə əmək, yəni, işçi qüvvəsi həddindən artıq ucuz idi. Əslində isə, bu köçlə bərabər, dünyada yeni qlobal bir köç prosesi yaşanmağa başladı. Bu köçü tarixdə böyük xalqlar köçü ilə müqayisə etmək olar. Böyük xalqlar köçü qoca qitənin ictimai-siyasi, mədəni, demoqrafik mənzərəsini nə qədər dəyişdisə, "qoca qitə"dən şərqə olan iqtisadi köç də önümüzdəki illərdə ən az iqtisadi sferada yaratdığı keyfiyyət dəyişiklikləri ilə böyük xalqlar köçü ilə müqayisə edilə biləcək səviyyədə olacaq. Bu mürəkkəb və ekstremal şəraitdə ayrı-ayrı ölkələr müxtəlif şəkildə davranışlar sərgiləməyə başladılar. Bir qisim ölkələr yaranmış böhranı müxtəlif siyasi-iqtisadi qərarlarla kompensasiya etməyə çalışdılar. Bir qədər sonra isə-2008-ci ildə iqtisadi böhranın yenidən tam çılpaqlığı ilə təzahür etməsi bu ölkələrdə radikal meyilləri daha da artırdı. Fransaya Liviya, Almaniyaya Azərbaycan tortu Bu prosesdə Fransa ən müxtəlif radikal metod və vasitələrlə iqtisadi böhrandan xilas olmaq üçün Liviya tortuna sahib çıxmağı bacardı. Amma eyni zamanda, bu mərhələdə Fransada digər proseslər də baş verirdi. Liberalların sağa əyilməsi nəticə etibarı ilə radikal meyilləri artırdı. Nəticədə ölkənin siyasi palitrasında radikal-milliyyətçi, irqçi fikirlər səslənməyə başlandı. Get-gedə bu fikirlər o qədər şiddətlə təzahür etdi ki, artıq Fransada ciddi qarşıdurma və terror meyilləri gücləndi. Son anda sosial-demokratların hakimiyyətə gəlməsi ilə Fransanı gözləyən ciddi vətəndaş qarşıdurması müvəqqəti olaraq arxa plana keçmiş oldu. Avropa qitəsinin əsas aktorlarından olan Almaniyada isə bu proses davam etməkdədir. Fransa payını aldıqdan sonra bir qədər sakitləşdi. Almaniya isə Avropada ən böyük iqtisadiyyata malik olan ölkə kimi hər nə qədər bu prosesdə təmkinli davranmağa çalışsa da, hadisələrin get-gedə ekstremal vəziyyət alması və iqtisadi böhranın bir növ Almaniya iqtisadiyyatını mühasirəyə alması Almaniyadakı bəzi dairələrdə qorxu yaratmağa başladı. Beləliklə, Almaniya Avropanı bürümüş iqtisadi böhranı milli iqtisadiyyatının lehinə yönləndirmək fikrinə düşdü. Neokalonizasiya yeni iqtisadi imperiyanı şərtləndirir Bunun üçün uzun əsrlər boyu milli maraqlarını müxtəlif ekspansiya siyasəti vasitələri ilə həyata keçən məhz bu siyasət nəticəsində dünyanı iki dəfə qorxunc kataklizmlərə sürükləmiş olan Almaniya yenidən vərdiş etdiyi ənənəvi metodlara əl atmağa başladı. Bu isə Almaniya xarici siyasətində neokalonizasiyaya siyasətini prioritet etdi. Neokalonizasiya siyasətinin əsasında isə iqtisadi böhran keçirən ölkələrin iqtisadi resurslarını nəzarətə götürməklə yeni iqtisadi imperiya yaratmaq məqsədi güdülür. Yunanıstan və Macarıstan neokalonizasiyanın ilk qurbanları Bunun ilk təzahürləri məhz Avropa Birliyinin ən zəif halqası olan Yunanıstanda baş verən iqtisadi böhran zamanı özünü göstərməyə başladı. Nə qədər təzadlı olsa da Almaniya hökuməti Avropa Birliyinin Yunanıstana ayrıcağı mümkün kredit əvəzində Yunanıstana adalarını Almaniyaya satmağı təklif etdi. Bu isə artıq neokalonizasiyadan da ötə bir addım idi. Əlbəttə ki, Almaniya rəsmiləri tərəfindən səsləndirilən bu fikir dərhal yunan xalqı tərəfindən məhz işğalçılıq siyasəti kimi qəbul edildi və Yunanıstanda Almaniyaya qarşı kütləvi mitinqlər keçirildi. Məhz bunu faşizm kimi dəyərləndirən yunanlar Almaniyanın bu hərəkətini yeni Alman imperializminin təntənəsi kimi və yaxud doğuşu kimi qiymətləndirməkdədirlər. Əslində, haqsız da deyillər. Çünki iqtisadi yardım əvəzində ölkənin adalarını istəmək dolayısı ilə ölkənin ərazisinə iddia etməkdir. Sonrakı mərhələdə isə digər Avropa ölkələrində baş verən böhran zamanı yenidən Almaniya neokalonizasiya siyasətinə söykənərək həmin ölkələrin də inzibati və iqtisadi resurslarını ələ keçirməyə cəhd göstərdi. Növbəti hədəf Macarıstan idi. Almanlar, görünür, orta əsrlərə qayıdaraq yenidən macarlara öz şərtlərini diktə etməyə, Macarıstan büdcəsinin idarə olunmasıyla bağlı və Macarıstanın institusional qurumlarının yenidən təşkili ilə bağlı tələblər irəli sürdülər. Əlbəttə ki, bu artıq həm suveren bir ölkənin daxili işlərinə qarışmaq, həm də o ölkənin iqtisadi resurslarına və intellektual resurslarına nəzarət etmək cəhdi demək idi. Bundan sonra artıq Avropada və dünyada Almaniyanın yeni siyasəti neoimperializm kimi dəyərləndirilməyə başlandı. Neoimperializm siyasəti avroməkanı çökdürən faktor kimi Nəticə etibarilə, Almaniyanın iqtisadi imperializmə söykənən ekspansionalist siyasəti Avropa geosiyasi məkanını iqtisadi böhrana sürükləyən fundamental faktor kimi çıxış etdi. Berlin Avrozonada neokalonizasiya sistemi yaratmaq üçün iqtisadi resurs və rıçaqlardan maksimum səviyyədə istifadə etməyə çalışdı ki, bunun fonunda, ilk növbədə, region dövlətləri böhrana cəlb olundu. Almaniyanın neokalonizasiya siyasəti sayəsində Avropada Yunanıstanla başlayan iqtisadi problemlər "domino effekti" ilə yayılaraq "qoca qitə"nin nəhəng aktorlarını da əhatə etdi ki, bu da Avrozonanı olduqca mürəkkəb problemlərlə üzləşdirdi. Belə ki, İtaliya və İspaniyanın da maliyyə kataklizmləri ilə qarşı-qarşıya qalması və daha mürəkkəb problemlərlə üzləşməsi Avrozonada iqtisadi və siyasi təhlükəsizlik sisteminin əsaslarını sarsıtdı. Qısacası, Berlinin neokalonizasiya siyasəti Avropanın təhlükəsizlik sisteminə qarşı ciddi təhdid ünsürü kimi çıxış etdi və bu gün də aktuallığını qorumaqdadır. Neokalonistlərin yeni hədəfi-Azərbaycan Amma məsələ orasındadır ki, Almaniyanın yeni ekspansiya siyasətinə dünyada kəskin əks reaksiyalar olmasına baxmayaraq, Almaniyada bəzi dairələr bu siyasətdən əl çəkməyiblər. Onların bu siyasəti həyata keçirən zaman Otto fon Bismarkın "məqsəd vasitəyə bəraət qazandırır" fikrinə söykənərək bütün vasitələrdən istifadə edirlər. Son dövrlərdə isə məhz Almaniyadakı bəzi dairələr hesab edirlər ki, Azərbaycan kimi zəngin neft ehtiyatları olan bir ölkəni də neokalonizasiya prosesində öz kalonuna çevirməlidir. Və bu siyasəti Almaniyadakı bir sıra təşkilatlar, ayrı-ayrı şirkətlər bu ölkənin iqtisadi siyasətinin formalaşmasındakı iştiraklarını müxtəlif şəkildə etiraf edirlər. Bu siyasətin əsasında isə "NABUCCO" kəmərinin həyata keçirilməsi əsas istiqamətlərdən biridir. "NABUCCO" nəğmələrinin kədərli akkordları "NABUCCO" kəmərinin reallaşması ilə Almaniya Azərbaycanın timsalında özünün yeni kaloniyasını görməyə hazırlaşırdı. Bu arzu o qədər şiddətli idi ki, "NABUCCO" layihəsində iştirak edən Almaniyanın "RWE" şirkətinin baş direktoru Yurgen Qrossman söyləmişdi ki, Xəzər dənizindən hasil olan qaz bizə lazım olan miqdarda lazım olan yerə gəlməlidir. Bu, artıq ölkənin bəzi dairələrində hakim olan ideoloji tezisin ümumiləşmiş ifadəsidir. Qrossman daha sonra fikrini inkişaf etdirərək bildirmişdi ki, bu qaz kəmərinin "NABUCCO", yoxsa "Turanqurt" adlanacağı bizim üçün o qədər də əhəmiyyətli deyil: "Bizdən ciddi maliyyə vəsaiti tələb etməyən bütün variantlara şad olacağıq". Məhz Qrossmanın bu fikirlərində "NABUCCO" layihəsi ilə bağlı Almaniyanın məqsədləri ortaya çıxır: onların istədiyi yerə və istədiyi həcmdə ucuz qaz çatdırılsın. Məqsəd bundan ibarət olmuşdu ki, bu qaz kəməri Almaniyanın iqtisadi təhlükəsizliyinə yardım edəcəkdir. Amma ilkin mərhələdə 30 milyard kubmetr qazın nəql olunması nəzərdə tutulan "NABUCCO" qaz kəmərinin reallaşması baş tutmadı. Bu layihənin baş tutmamasının əsasında isə, ilk növbədə, Almaniyanın bu kəmər və onun ətrafında baş verən prosesləri siyasiləşdirməsi ilə bağlı atdığı addımlar oldu. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi əgər "NABUCCO" kəməri çəkilərsə, bu layihədə iştirak edəcəyi və ona müəyyən həcmdə qaz verə biləcəyini, həm də bu prosesdə tranzit ölkə ola biləcəyini bəyan etmişdi. Təəssüf ki, Almaniya sonrakı mərhələlərdə apardığı səhv və radikal siyasət nəticəsində Azərbaycanın "Şahdəniz" yatağından verə biləcəyi 10 milyard kubmetr qazdan başqa digər ehtiyat mənbələr tapa bilmədi. Buna isə səbəb açıq şəkildə Almaniyadakı bəzi dairələrin neoimperialist bəyanatları və iqtisadi layihəni siyasiləşdirmək cəhdləri oldu. Nəticə etibarilə, 2008-ci ildə baş verən iqtisadi böhrandan sonra "NABUCCO" kəmərinin büdcəsinin artırılması ilə bağlı Avropa bankları tərəfindən konsorsiuma veriləcək 8 milyard avro məsələsi də heç cür həll edilmədi. İlk olaraq, bu layihədən Macarıstan, daha sonra isə lazımi maliyyə resurslarını təmin edə bilmədiyi üçün Almaniya şirkəti imtina etdi. Beləliklə, "NABUCCO" layihəsinin aqibəti qeyri-müəyyən vəziyyət almağa başladı. Diqqət etsəniz görəcəksiniz ki, məhz bundan sonra Macarıstana qarşı təzyiqlər başladı, hazırda da bu təzyiqlər davam etməkdədir. Macarıstanın baş naziri Viktor Urban Brüsseldə Avropa siyasi mərkəzində çıxışı zamanı bəyan edib ki, bu ölkənin neft şirkəti "NABUCCO"nu tərk etməyə hazırlaşır. Onun sözlərinə görə, Rusiyanın böyük "Şimal axını" və "Cənub axını" qaz layihələrini reallaşdırması Avropanın aparıcı şirkətlərinin bu layihələrdə iştirakı, eyni zamanda, Almaniya, Fransa və İtaliyanın Rusiyanın iynəsinə getdikcə, daha çox oturması "NABUCCO"ya kimin qəbir qazdığını açıq şəkildə göstərir. Elə burdan da görürük ki, Almaniyanın Macarıstana münasibətdə neokalonizasiya siyasətinin əsasında hansı məqsədlər durur. İrqçilik və korrupsiya Almaniyanın total problemi Vəziyyət belə olduqda Almaniyada hesab etməyə başladılar ki, Azərbaycanın maliyyə imkanları hesabına bu layihə reallaşdırılmalı və bəzənmiş xonça kimi Almaniyanın qabağına qoyulmalıdır. Bunun mümkün olmadığını gördükdə isə birdən-birə Almaniyanın yadına məhz öz ölkəsində pozulan söz azadlığı, insan hüquqları düşdü. Azərbaycan Almaniyada fəaliyyət göstərən ayrı-ayrı QHT-lər, insan hüquqları təşkilatları, eyni zamanda, bu ölkənin ombudsmanı Markus Löninq tərəfindən tənqid edilməyə başlandı. Əslində isə, Almaniyanın buna haqqı yox idi. Çünki bu gün Almaniya Avropada insan hüquq və azadlıqlarının ən çox pozulduğu, neofaşizm və neonasizmin təşəkkül tapdığı, dini-etnik dözümsüzlüyün son həddə çatdığı, eyni zamanda, korrupsiyanın tüğyan etdiyi bir ölkədir. Almaniyada polis terroru Almaniyada insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktı real göstəricilərdə öz əksini tapmışdır. Məsələn, bu günədək Almaniya hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının pozulması ilə bağlı 97 qərarını yerinə yetirməyib. Eyni zamanda, 2003-cü ildən məhkəmədə işə həddindən çox baxılması ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 6 maddəsinin pozulması barədə qərar da hələ də yerinə yetirilməyib. Həmçinin, İşgəncəyə Qarşı Mübarizə Komissiyası Almaniyadan "polis terroru" səbəbi ilə edilən şikayətləri göstərən statistika tələb etsə də, Almaniya illərdir ki, bu barədə məlumat təqdim etmir. Bu, beynəlxalq təşkilatların qanun və tələblərinə məhəl qoymamaq anlamına gəlir. Digər tərəfdən, BMT İnsan Haqları Şurasında Almaniyada əcnəbilərə qarşı ksenofobiyanın yüksək olması müzakirə edilərkən Rusiyadan köçüb, Almaniyada məskunlaşanlara Almaniyada haqsızlıqlar edildiyi, Rusiya almanlarına qarşı ikinci növ vətəndaş kimi yanaşıldığı önə çəkilib. Qeyd etmək lazımdır ki, Almaniyada fəaliyyət göstərən hüquq müdafiəçiləri, ekspertlər və insan hüquqları təşkilatlarının nümayəndələri də bu ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının kobud surətdə pozulduğunu etiraf edirlər. Məsələn, hüquq müdafiəçisi Teodor Ratqeber qeyd edir ki, son zamanlarda hüquq müdafiəsi təşkilatları rasizm və ksenofobiya nümunələrinin ifrat dərəcədə artdığını müşahidə edirlər: "Elə insan qrupları var ki, onların hüquqları dərilərinin rəngi, irqi, cinsi və dini mənsubiyyətlərinə görə pozulur. 2001-ci ildən indiyə qədər Almaniyada bu cür insan haqlarının pozulması halları 10 mini ötüb". Almaniya hökuməti irqçilik probleminə biganə yanaşır Bundan başqa, Almaniya hökumətinin parlamentə təqdim etdiyi insan haqları ilə bağlı, 2008-ci ilə aid məruzəyə münasibətini bildirən "Pro-Asyl"ın nümayəndəsi Günter Burkhardt qeyd edib ki, Almaniya hökuməti irqçilik probleminə biganə yanaşır, hətta hökumətin özü irqi zəmində qarşıdurmalara təkan verir: "Avropada irqçilik təhdidedici bir həddə çatıb. Bu isə faktiki olaraq, Avropada məskunlaşmış digər millətlərin, xüsusən də, almanların aqressiv və aşağılayıcı münasibətlərindən xəbər verir". Almaniya Federal Məclis İnsan Haqları Komissiyası başqanı Herta Dabler-Gmelin isə bildirib ki, Almaniyada insan haqlarının kütləvi pozulması beynəlxalq təşkilatlarda çox ciddi müzakirə predmetinə çevrilir: "Təəssüflər olsun ki, Almaniya dini, irqi və milli zəmində insanların zorakılığa məruz qaldığı ölkələrdəndir". BMT-nin İnsan Haqları üzrə Ali Komissiyasına Almaniyada insan haqlarının pozulması ilə bağlı Vladimir Braqinskinin müraciəti də deyilənləri təsdiq edən arqument qismində çıxış edir. O, 2006-cı ildə etdiyi müraciətində bildirir ki, Almaniyada insanların kütləvi surətdə hüquqları pozulur. Almaniyada siyasi məhbuslara yardım təşkilatının fəaliyyəti qadağan edilib. Məsələ burasındadır ki, Almaniyada dini, etnik və irqi mənsubiyyətlərinə görə, insanların diskriminasiyaya və faciələrə məruz qalmasında hüquq-mühafizə orqanları və təhlükəsizlik strukturları xüsusi rol oynayır. Məsələn, Almaniya KİV-i yazır ki, "Nasional Sosialist Yeraltı Şəbəkəsi" adlı neonasist hücrəsinin 2000-ci ildən bu yana 14 bank soyulması, Kölndə türklərin oturduğu bir yerə bombalı hücum, səkkizi türk, biri yunan əsnafla bir alman polisin öldürülməsinə görə məsuliyyət daşıdığı anlaşılıb. Maraqlısı odur ki, bu şəbəkənin Almaniya təhlükəsizlik orqanı olan Federal Konstitusiyanı Qoruma Dairəsi və bu qurumun əyalətlərdəki şöbələri ilə sıx əlaqələri olduğu üzə çıxıb. Eyni zamanda, təhlükəsizlik strukturları neonasist qurumlarının fəaliyyətinə mane olmamaqdadır. Məsələn, təxminən 2 il əvvəl Almaniyada neonasist və radikal sağçı təşkilatı kimi tanınan Milli Siyasi Məhbuslara Yardım təşkilatının fəaliyyəti qadağan edilib. Hakimiyyət dairələri bəyan edib ki, təşkilat öz adına uyğun fəaliyyətlə məşğul olmayıb. Qeyd edilib ki, təşkilat öz üzvlərini neonasist fəaliyyətinə cəlb edərək radikal tədbirlər həyata keçirir və bununla da cəmiyyət üçün təhlükə yaradır. Amma sözügedən təşkilat öz fəaliyyətini davam etdirməklə, dini və irqi zəmində müxtəlif cinayətlərin törədilməsinə təkan verib. Bütün bunlar məlum olduğu halda, təhlükəsizlik strukturları və hüquq-mühafizə orqanları bu təşkilata qarşı hər hansı bir ciddi tədbir görməməkdədirlər. Qarayanızların və tutqun rənglilərin xüsusi yoxlanılması Konstitusiyasa zidd deyilmiş Bütün bu diskriminasiyalar, hətta siyasi partiyaların da fəaliyyətində müşahidə olunur. Məsələn, Almaniya Respublikaçı Partiyası faktiki olaraq irqçi, radikal sağçı fəaliyyətlə məşğul olur. İrqçi partiya, xüsusən də, müsəlmanların ölkəyə gəlişinə qarşı daha radikal mövqe sərgiləyir. Elə bunun da nəticəsidir ki, Almaniya parlamentində bir-birinin ardınca irqçi və neonasist səciyyəli qanunlar qəbul edilməkdədir. Son olaraq, Almanyada 2012-ci ilin aprel ayının əvvəlində çox qəribə bir qərar qəbul edilib. Belə ki, qanuna əsasən, vətəndaşlar rənglərinə görə, açıq-aşkar diskriminasiyaya məruz qalacaqlar. Qeyd edilib ki, qarayanızlıq və tutqun rəngin yoxlama üçün kriteriya kimi seçilməsi Konstitusiyaya zidd deyil. Almaniyada korrupsiyanın ümumi dövriyyəsi 250 milyard avrodur Heç də təsadüfi deyil ki, ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında da Almaniyada baş verən bu hadisələr kəskin şəkildə tənqid olunur. Məsələn, bu ölkənin "de Şpigel" qəzetinin yazdığına görə, Avropa Şurası Almaniyanı korrupsiya ilə zəif mübarizə aparmaqda ittiham edib. "Greco" qurumunun Almaniyada son 3 ildə apardığı araşdırmalarının nəticələrinə görə, bəhs olunan ölkədə bu müddət ərzində korrupsiyayla mübarizə artmaq əvəzinə azalıb. Mənbə məlumat verir ki, 2009-cu ildə Avropa Şurası Almaniyada korrupsiyayla mübarizə ilə bağlı, 20 bəndlik hesabat hazırlamışdı. Müşahidələrə görə, həmin 20 bəndin yalnız 4-ə əməl edilib. "Greco" qurumu Merkel hökumətini korrupsiyayla bağlı tədbirləri sərtləşdirən qanunun qəbul edilməməsində və bu istiqamətdə süni maneələrin yaradılmasında günahlandırıb. Qeyd edilib ki, təxirəsalınmaz tədbirlər nəticəsində qəbul edilməli olan qanunun icra mexanizminin müəyyənləşdirilməsinə inzibati resurslar vasitəsilə mane olunub ki, bu istiqamətdə də məmurların və ali instansiya rəsmilərinin xüsusi fəallığı müşahidə edilib. Bu ölkədə fəaliyyət göstərən digər media qurumları isə yazıblar ki, Almaniyada korrupsiyanın ümumi dövriyyəsi 250 milyard avroya çatır. Bu Avropa Birliyi üzrə ən yüksək göstəricidir. Bu, Almaniyada korrupsiyanın tüğyan etdiyini göstərən tək mənbə deyil. Almaniya KİV-ləri mütəmadi olaraq bu barədə ictimaiyyətə məlumat verir. Qəzet, həmçinin, yazır ki, Almaniya vətəndaşları da bəşəriyyətin "xərçəng xəstəliyi" sayılan korrupsiyadan ciddi əziyyət çəkir. Heç kəsə sirr deyil ki, Almaniyanın prezidenti Christian Wulf vəzifəsindən sui-istifadəyə və korrupsiya faktlarına görə istefa verib. "Deutsche Welle" qəzeti yazırdı ki, Federal Cinayət Polisinin bütün illik məruzələrində Almaniyada rüşvət və korrupsiyanın artması faktı qeyd edilir. Belə bir fakta istinad edilirdi ki, korrupsiya 2012-ci ildə Almaniyanın iqtisadiyyatına 250 milyard avro ziyan vuracaq. Əgər ölkədə korrupsiya 2004-cü ildəki səviyyədə olsaydı, iqtisadiyyata dəyən ziyanın həcmi 30 milyard avro azalardı. Son olaraq, Federal Cinayət Polisinin prezidenti bildirib ki, iqtisadi cinayətkarlıq səbəbindən Almaniyaya hər il 6 milyard "euro" zərər dəyir. Bu da rüşvət və korrupsiya hallarının nə səviyyədə olduğunu göstərir. Almaniya BMT-nin korrupsiya ilə mübarizə konvensiyasını ratifikasiya etməyib Bundan başqa, nə qədər təzadlı olsa da, bu gün antikorrupsiya məsələsini aktuallaşdıran, buna qarşı mübarizədə öndə getdiyini iddia edən Almaniya BMT-nin Korrupsiya ilə mübarizə konvensiyasını ratifikasiya etməmiş azsaylı ölkələrdən biridir. Bu ölkədə tikinti və kommunal sektor ən çox korrupsiyaya məruz qalmış sahələrdir. Dövlət sifarişlərinin və müqavilələrin bağlanması hallarının 50 faizdən çoxunda korrupsiya faktları müşahidə olunur. Lakin onlarla bağlı heç bir konkret addım atılmır. Heç də təsadüfi deyil ki, "Amnesty İnternational" təşkilatı dəfələrlə hesabatlarında bu ölkənin hakimiyyətini rüşvət hallarına qarşı mübarizəni gücləndirməyə çağırıb. Həmçinin, korrupsiya hallarını araşdıran "Berliner Saytunq" qəzeti yazır ki, görünür almanlar indi başa düşməyə başlayıblar ki, korrupsiya təkcə Neapol və Nayrobidə deyil, həmçinin, Köln və Berlində də gündəlik həyatın bir hissəsidir. Korrupsiyanın bu qədər güclü olduğu bir ölkədə insan hüquqlarından, siyasi azadlıqlardan, iqtisadi azadlıqlardan danışmaq ən azı gülüncdür. Hələ 2003-cü ildə "Alman dalğası"nın Almaniyada korrupsiya faktlarının araşdırılması ilə bağlı üzə çıxardığı həqiqətlər nəinki bu gün üçün də aktualdır, hətta daha da inkişaf edib və cəmiyyətdə ciddi müzakirə olunan mövzulardan biridir. "Alman dalğası" bildirib ki, korrupsiyanın 21 faiz artdığı Almaniyada birja maxinasiyaları, böyük beynəlxalq müqavilələrin bağlanmasında rüşvət halları, süni şəkildə müflisləşmə və insanların milyardlarla avro vəsaitinin mənimsənilməsi reallıqları mövcuddur. Təkcə 2001-ci ildə müəyyən edilmiş korrupsiya faktlarının vurduğu zərər 6 milyard 600 milyon avro olmuşdur. Almaniyanın neokalonizasiya siyasətinin əsasında duran məqsədlərdən biri də ölkədəki bərbad vəziyyəti ört-basdır etməklə, istər ictimai diqqəti, istərsə də, QHT-lərin diqqətini başqa istiqamətə yönəltməkdir. İnsan hüquqları və azadlıqları bu hüquqların ən çox pozulduğu ölkə tərəfindən istismar edilir İnsan hüquqları ilə bağlı vəziyyət də heç də ürəkaçan deyil. Bu gün Almaniyada milli, dini, etnik mənsubiyyətinə görə, insanların ayrı-seçkiliyə məruz qalması, öldürülməsi, başının kəsilməsi, evlərinin yandırılması adi hala çevrilmişdir. Bunlara paralel olaraq, söz və mətbuat azadlığının pozulması, KİV-in informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılması halları geniş yayılmışdır. "Alman dalğası" qeyd edir ki, Almaniyada "banan respublikası" simptomları barədə həyəcan təbili çalmaq lazımdır: "Hakimiyyət sərbəst şəkildə informasiya əldə etmək üçün müvafiq qanunun qəbul ediləcəyini bildirmiş və müvafiq qanun layihəsi də hazırlanmışdı. Lakin həmin qanun bürokratların və korrupsionerlərin kabinetlərində itirildi. Buna görə də, hazırda korrupsiya faktlarını ifşa etmək üçün lazımi informasiya əldə etmək çətindir. Hakimiyyət korrupsiyada əli olan "qara firma"ların federal və kommunal sifarişlərə yolunu kəsəcəyini vəd etmişdi. Bəs hanı bu siyahı?". Almaniya Cinayət Polisi İdarəsinin 2007-ci il üçün açıqlamasına görə, 2006-cı illə müqayisədə ölkədə vəzifəli şəxslərə rüşvət verilməsi halları 38 faiz artaraq 9563 hala çatıb. Bu Almaniyanın rəsmi orqanlarının etiraf etdiyi rəqəmdir. Qurumun sədri Yorqa Cirke DPA agentliyinə bildirib ki, iqtisadi sahədə korrupsiya hallarına görə, Almaniya büdcəsi hər il 6-8 milyard avro itirir. Korrupsiyanın yüksək həddə olması bu ölkənin iqtisadiyyatına da təsir göstərir. Hələ 2007-2008-ci illərdə bu ölkədə iqtisadi cinayətlər, o cümlədən, sürücülük kursları şəbəkəsində, "Siemens" şirkətində müəyyən edilən korrupsiya halları geniş müzakirə mövzusuna çevrilmişdi. "Transparency İnternational" təşkilatının keçmiş rəhbəri Xansyorq Elsxorst deyib ki, beynəlxalq səviyyəli alman şirkətlərində yayılmış korrupsiya halları adamı dəhşətə gətirir. Çünki onlar sərfəli sifariş almaq üçün rüşvət biznesin bir hissəsinə çevriliblər. Hesab edirik ki, bütün bunlar Almaniyanın gerçəklikləridir və bu ölkədəki iqtisadi, maliyyə münasibətlərinin, korrupsiyanın nə səviyyədə olduğunu göstərir. Kristofer Ştrasser, Herbert Kvelle və Volker Bek təzyiq üçbucağı Beləcə, "NABUCCO" nəğmələrinin kədərli akkordları fonunda məhz Almaniyadakı ayrı-ayrı mərkəzlərin və düzgün olmayan iqtisadi və siyasi addımların nəticəsində yeni arzuolunmaz siyasət meydana çıxıb. Çox təəssüf ki, bu siyasət neokalonizasiyaya əsaslanmaqla, "insan hüquqları". "demokratiya" adlı silahlarla üçüncü ölkələrə hücumun təşkil olunmasına səbəb oldu. Bundan zərərçəkənlərin içərisində Azərbaycan da var. İlk növbədə, Almaniyadakı bəzi anti-azərbaycançı, ermənipərəst mərkəzlər hesab etdilər ki, Avropa Şurasındakı deputatları Ştrasser vasitəsilə, Azərbaycana təzyiq edərək, "NABUCCO" layihəsində iqtisadi konpensasiya əldə etməklə, Azərbaycanın maddi imkanları hesabına bu layihənin reallaşdırılmasına nail olacaqlar. Əlbəttə ki, bu baş tutmadı. Bu zaman isə yeni aktorlar meydana çıxdı. Beləliklə, Ştrasser, Herbert Kvelle və Volker Bek təzyiq üçbucağı formalaşmağa başladı. Beləliklə, Almaniyanın neoimperialist və neokalonist siyasəti Avropa dəyərlərindən olan musiqi yarışmasını, mədəniyyət mübadiləsini də nəticə etibarilə siyasiləşdirmiş oldu. Bununla da, son dövrlər Almaniyanın bəzi dairələri tərəfindən aparılan siyasət məhz Avropa dəyərlərinə yönəlmiş oldu. "Beşinci kalon" siyasətinin iflası Almaniyanın xarici siyasət strategiyasında müxtəlif ölkələrə qarşı "beşinci kalon"dan istifadə etmək xüsusi yer tutur. Bunun üçünsə, fondlardan xüsusi vasitə kimi istifadə edilməkdədir. Araşdırmaçı Michael Pinto-Duschinsky qeyd edir ki, Almaniya fondları və onların xaricdəki nümayəndəlikləri xarici ölkələrdə müxalifət liderləri ilə əlaqə yaratmaqla, hakimiyyətə təsir mexanizmi formalaşdırmağa çalışır. Bu istiqamətdə "demokratiya" və "insan haqları" kimi məsələlərdən təzyiq vasitəsi kimi istifadə edilir. Fondlar müxalifətə maliyyə yardımı etməklə, onlardan siyasi vasitə kimi istifadə edir. Hər fondun öz ölkəsi müəyyən olunur və ya eyni ölkədə fondların hər biri müxtəlif siyasi qüvvələri dəstəkləyir. Almaniya hakimiyyətinin nəzarətində olan fondlar müxtəlif ölkələrdə illeqal fəaliyyət göstərir və bir çox hallarda dağıdıcı proseslərə təkan verirlər. Türkiyədə 2002-ci ildə Konrad Adenauer Fondunun fəaliyyəti ilə bağlı narazılıq fondların məhkəməyə verilməsinə gətirib çıxarmışdır. Fondun əməkdaşları türk dövlətçiliyinə qarşı əməllərdə günahlandırılırdılar. Bu cür fondlar sırasında Konrad Adenauer Fondu, Fridrix Eber Fondu, Fridrix Nauman Fondu, Henrix Böll Fondu və Alman Şərq İnstitutu və s. xüsusilə fərqlənir. İntellektual və demokratik cəmiyyətlər "beşinci kalon" tələsinə düşmür Amma məsələ burasındadır ki, Almaniyanın "beşinci kalon" siyasəti bumeranq effekti verməkdədir. Bu mərhələdə Almaniya eyni zamanda, "beşinci kalon" siyasətinə də istinad etməklə, Azərbaycanda məhz öz milli maraqlarını təmin etmək naminə "beşinci kalon"u qısa müddətdə təşkilatlandırmağa çalışsa da, buna nail ola bilmədi. Çünki "beşinci kalon" metodu artıq tarixin arxivlərində qalmaqla inkişaf etmiş xalqların mövcud olduğu cəmiyyətlərdə tətbiq olunmaq üçün yararsızdır. Bu siyasət intellektual və demokratik əsaslarda formalaşmış cəmiyyətlərdə qəbul edilmir. Azərbaycan cəmiyyəti də məhz intellektual və demokratik əsaslarda formalaşmış cəmiyyətdir. Bu isə o demək idi ki, Almaniyanın bu məsələdə sonuncu cəhdi də uğursuzluqla nəticələndi. Aparılan yanlış siyasət nəticəsində Almaniya Macarıstanda, Yunanıstanda, İspaniyada, Portuqaliyada, o cümlədən, Azərbaycanda özünün mənfi obrazını yaratdı. Əminik ki, bu işdə "xidmətləri" olan ştrasserlər, herbert kvellelər, volter beklər Almaniya dövləti və alman xalqı tərəfindən Almaniyanın imicinə vurduqları zərbələrə görə, vaxtı çatanda ciddi şəkildə cəzalandırılacaqlar. Eyni zamanda, öz ölkələrində sadaladığımız gerçəklikləri görməyən, Azərbaycanda olmamış hansısa hadisəni Almaniya ictimaiyyətinə eybəcər şəkildə təqdim etməyə çalışan mətbu orqanlar da alman oxucusu tərəfindən öz layiqli cavablarını alacaqlar. Alman və Azərbaycan xalqları isə ümumi maraqları naminə qarşılıqlı hörmətə əsaslanan tarixi əməkdaşlıqlarını davam etdirəcəklər. Geri dön |