Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 27 yaşında deputat, 32 yaşında nazir, 33 yaşında parlament sədri olmuş Cümhuriyyət FƏDAİSİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > 27 yaşında deputat, 32 yaşında nazir, 33 yaşında parlament sədri olmuş Cümhuriyyət FƏDAİSİ

27 yaşında deputat, 32 yaşında nazir, 33 yaşında parlament sədri olmuş Cümhuriyyət FƏDAİSİ


Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.

Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında AXC-nin o qədər də tanınmayan (əslində, tanıdılmayan!) simalarına da yer ayıracağıq. Təəssüf ki, Azərbaycan Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Doğrudur, yuxarıda sadalanan şəxslər böyük imzalardı, onlar haqqında nə qədər danışılsa və yazılsa, yenə də azdır. Lakin, razılaşaq ki, axı bu şanlı tarixi yaradan təkcə onlar deyil! Min bir çətinlik hesabına Milli Şuranı quran (sayları 44), Şərq tarixinin ən möhtəşəm hadisələrindən olan İstiqlal Bəyannaməsinə qol çəkən (sayları 24) başqa hökumət təmsilçilərimiz də olub. Rəsulzadədən danışmaq nə qədər vacibdirsə, onun komandasından da bəhs etmək bir o qədər zəruridir.

Bu yazıda Cümhuriyyət hökumətində ayrı-ayrı vaxtlarda 2 nazir vəzifəsini tutmuş və bir müddət Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Məmmədyusif Cəfərov haqqında danışacağıq
.
Tanınmış araşdırmaçı alim Əli Şamilin də bu Cümhuriyyət naziri haqqında araşdırmasından və tədqiqatçıdan aldığımız müəyyən tövsiyələrdən yararlanaraq, AXC-nin təəssüf ki, az qala,unudulmaqda olan bir simasını təqdim edirik:

27 yaşlı yeganə müsəlman deputat

Məmmədyusif Cəfərov 1885-ci il martın 14-də Bakıda anadan olub. 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirib. O dövrdə Rusiya İmperiyasının ikinci böyük şəhəri sayılan Moskvaya gedərək, Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxuyub. Moskva mühiti və tələbəlik illəri gənc Məmmədyusifin dünyagörüşünün inkişafında mühüm rol oynayıb. Çünki həmin dövrdə xalq hərəkatının təzyiqi altında 17 Oktyabr Manifesti imzalanmışdı. Bu manifest sərbəst toplaşma hüququ verir, qəzet və jurnalların nəşrinə icazəni asanlaşdırır, ictimai-siyasi təşkilatların fəaliyyətini leqallaşdırılmasına şərait yaradırdı.
Məmmədyusif Moskvada oxuyan azərbaycanlıların yaratdığı “Azərbaycan etnoqrafik konsert gecələri”nin və “Azərbaycan həmyerlilər təşkilatı”nın əvvəllər üzvü, sonralar isə rəhbərlərindən biri olub. O, öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırıb.
1912-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov Bakıya gələrək, məhkəmədə andlı hakim köməkçisi vəzifəsində işləyib.
1912-ci il sentyabr-oktyabr aylarında Rusiyanın hər yerində olduğu kimi, Güney Qafqazda da IV Dövlət Dumasına seçkilər keçirilib. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M.H.Cəfərov Bakı, eləcə də o dövrdə Yelizavetpol adlandırılan Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilib. O, IV Dövlət Dumasında Güney Qafqazdan seçilən yeganə müsəlman deputat olub.

Qafqaz müsəlmanlarının ümid yeri

Araşdırmaçı Əli Şamil Məmmədyusif Cəfərovun deputat olduğu illər ərzində bütün Cənubi Qafqaz müsəlmanlarının probleminə can yandırdığını, müxtəlif bölgələrdə yaranan köklü problemlərin aradan qalxması üçün əlindən gələni əsirgəmədiyini bildirir. Bir daha xatırladaq ki, o zaman Məmməfyusifin cəmi 27 yaşı olub…

“Məmməfyusif Cəfərov 1912-1917-ci illərdə IV Dövlət Dumasında V bölmənin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü kimi bir sıra önəmli sənədlərin hazırlanmasında iştirak edib. O, Dumanın bir sıra iclaslarında müzakirə olunan Rusiya dövlətinin baş nazirinin hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi, Köçürmə İdarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı, 1913-cü ildə Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin müzakirəsi zamanı çıxış edərək hökumətin yeritdiyi siyasəti tənqid edib. Zaqafqaziya əhalisinə, xüsusən müsəlmanların maariflənməsinə çar hökumətinin ögey münasibət göstərdiyini, hüquqlarının məhdudlaşdırıldığını, milli məktəblərinin bağlandığını tənqid edən Məmmədyusif Cəfərov müsəlman fraksiyası adından kazarmaya çevrilmiş məscidlərin geri qaytarılmasını tələb edib.

O, eyni zamanda köçürmə siyasətini tənqid edərək, məmurların əhalini köçürərkən yerlilərin vəziyyətini nəzərə almadıqlarını, bunun da çox vaxt yerlilərlə köçənlər arasında toqquşmalara səbəb olduğunu, Qafqaz cəbhəsi və arxa xəttdə dinc müsəlman əhalisinin müdafiə olunmadığını, əmlaklarının talandığını, öldürüldüyünü bildirib.

Sankt-Peterburqda olduğu dövrdə Lənkəran balıqçıları, Şamaxı müəllimləri, müsəlman ruhaniləri Məmmədyusif Cəfərova müraciət edərək, kömək göstərməsini istəyiblər. O, əhalinin irəli sürdüyü tələbləri həll etmək üçün bir sıra dövlət idarələrinə və nazirliklərə gedib, problemlərin həllinə çalışıb.

1917-ci il martın 9-da Müvəqqəti Hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradılıb. Bu komitənin tərkibinə Məmmədyusif Cəfərov da daxil edilib. O, yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik edib.

1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayına gələn Məmmədyusif Cəfərov təbrik nitqi söyləyib. O, inqilab nəticəsində azadlıq əldə etmiş müsəlmanları təbrik edib və onları birliyə çağırıb. Çıxışında qeyd edib ki, köhnə Çar rejimi çürümüş təməl üzərində qurulduğu üçün yıxıldı, yeni hökumət düzlük və doğruluq üzərində qurulmalıdır”.

Cümhuriyyətin gənc naziri

Məmmədyusif Cəfərov İstiqlal Bəyannaməsinə qol çəkən 24 tarixi şəxsiyyət arasında olub. Bu zaman isə onun cəmi 33 yaşı var idi. Rəsulzadə və Xoyskinin ona olan inamı bununla yekunlaşmırdı. Gənc və təcrübəli Cəfərova bu yaşında böyük bir nazirlik həvalə edilib. Məmmədyusif birinci hökumətin sənaye və ticarət naziri olub. Rəsulzadə və Xoyskinin bu seçimi heç də təəccüblü deyildi. Çünki Cəfərov hələ 32 yaşı olanda1917-ci il noyabrın 15-də Tiflisdə Müstəqil Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı yaradılanda bu hökumətə ticarət və sənaye naziri təyin edilmişdi. İndi isə öz müstəqil ölkəsi üçün bu sahədə əlindən gələni etməli idi.

“1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başlayanda oraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər daxil olub. Zaqafqaziya Seymindəki 44 azərbaycanlı deputatdan biri də Məmmədyusif Cəfərov olub. Seymin Müsəlman fraksiyasının üzvü olan Məmmədyusif Cəfərov Osmanlı dövləti ilə danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif edib. Onun və onunla həmfikir olan müsəlman deputatlarının təklifi qəbul edilməyib.

Deputatlar arasında ziddiyyətin dərinləşdiyini görən gürcülər 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxaraq, Müstəqil Gürcüstan Respublikası yaratdıqlarını elan ediblər. Seymdəki Müsəlman fraksiyası da mayın 27-də fövqəladə iclas keçirib. İclasda Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və Fətəli xan Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsinin yaradıldığı elan edilib. İcra Komitəsinin tərkibinə Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyov, Xasay bəy Xasməmmədov və başqaları ilə yanaşı, Məmmədyusif Cəfərov da daxil edilib.

Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın müstəqilliyini elan edən İstiqlal Bəyannaməsi qəbul edilib. Bəyannaməni imzalayan 24 nəfərdən biri də Məmməyusif Cəfərov olub. Həmin iclasda Xoyski Azərbaycan Hökumətinin yaradıldığını elan edib. İlk hökümətdə Məmmədyusif Cəfərov ticarət və sənaye naziri olub”.

Növbəti etimadlar - ikinci nazirlik, səfir və parlament sədri

M.Cəfərov 1918-ci il iyun ayının sonlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi vəzifəsində işləyib. O, bu vəzifədə işləyərkən Azərbaycan və Gürcüstan arasında əlaqələrin yaxşılaşması üçün çox iş görüb. Azərbaycanla Gürcüstan arasında müvəqqəti kağız pul buraxılması haqqında müqavilənin hazırlanmasına nail olub. Keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının ədalətli bölüşdürülməsinə nəzarət edib. Azərbaycan, Ermənistan, Gürcüstanın, eləcə də Avropa ölkələrinin rəsmi nümayəndələri ilə söhbət və görüşlərdə fəal iştirak edib.

1919-cu il aprelin 14-də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq edəndə Məmmədyusif Cəfərov bu hökumətin xarici işlər naziri təyin olunub. Xarici işlər naziri kimi 1919-cu il dekabrın 22-nə qədər çox ciddi sənədlərin hazırlanmasına və imzalanmasına rəhbərlik edib.

1919-cu il dekabrın 2-11-də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayında siyasi komissiyaya seçilən Məmmədyusif Cəfərov 1920-ci il fevralın 2-də xəstəliyi ilə əlaqədar vəzifədən gedən parlament sədrinin müavini Həsən bəy Ağayevi əvəz edib. Azərbaycan parlamenti onun sədrliyi altında AXC-nin ictimai, iqtisadi və mədəni inkişafına yönəlmiş qanunlar, qərarlar qəbul edib və bağlanmış sazişləri təsdiqləyib.

Yolun sonu

Bütün bu səriştələrə, uğurlara baxmayaraq, Məmmədyusifin həyatında ən ağrılı bir missiya da olub. O, 35 yaşında çox ağır bir sənədə qol çəkməli olub. Əli Şamili dinləyək:

“1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda Nəriman Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qəbul edilən qərarı məhz Məmmədyusif Cəfərov imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyətini bolşeviklər qan içində boğduqdan sonra Məmmədyusif Cəfərov Azərbaycan Pambıqçılıq və Şərabçılıq Trestində hüquq məsləhətçisi vəzifəsində işləyib. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbər işçilərindən olduğuna görə xüsusi xidmət orqanları onu daim təqib və təzyiqlər altında saxlayıb.

Sovetlərin kütləvi həbslərindən qurtaran Məmməd yusif Cəfərov 1938-ci il mayın 15-də Bakıda vəfat edib. Onun cənazəsini Sağan kəndində dəfn ediblər”.

N.Nihad

Geri dön