Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qarabağ münaqişəsinin həlli zamanabağlıdır, yoxsa... - siyasətçi rəyləri
Qarabağ münaqişəsinin həlli zamanabağlıdır, yoxsa... - siyasətçi rəyləri |
Fərəc Quliyev: “Günlük siyasətlə Qarabağı azad edə bilmərik”
İqbal Ağazadə: “Zaman hələ ki xeyrimizə işləmir” Azərbaycan xalqı 30 ilə yaxındır Dağlıq Qarabağ problemini yaşayır. İllər keçdikcə münaqişənin nə zaman həll olunacağı ilə bağlı yaranan suallara yeniləri əlavə olunur. Hazırda konfliktin həlli istiqamətində istər diplomatik, istərsə də hərbi istiqamətlərdə düşmən üzərində əzici üstünlük qazanmağımız yaxın gələcəkdə erməniləri məğlub edəcəyimizə olan ümidləri artırır. Amma bununla belə, problemdən nə zaman azad olacağımızla bağlı müəmmalar davam edir. Xüsusilə Rusiya başda olmaqla, xristian dünyasının erməni təəssübkeşliyi, təcavüzkar ölkəyə verilən dəstək münaqişənin həllini əngəlləyən başlıca səbəbdir. Bu amilin aradan qaldırılması üçün Azərbaycanın nə etməli olduğu barədə fikirlər isə birmənalı deyil. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə belə düşünür: “Beş il əvvəl mən Milli Məclisdə büdcə müzakirələrində müharibə büdcəsi adı altında çıxış etdim. Mediada da bu cür yayılmışdı. Təklif edirdim ki, neftdən gələn gəlirlərə toxunmayaq. Büdcə təşkilatlarının il ərzində maaşlarının azaldılmasını da təklif etdim. Hər kəsi fədakarlıq etməyə çağırdım. Vəsaiti tamamilə müharibəyə yönəltməyi təklif etdim. Bu yolla məsələnin həllinə nail olacağımızı ifadə etdim. Hətta qısa müddətdən sonra müharibə başlasa belə, bu vəsaitə toxunulmamasını istədim. Gələcəkdə həmin vəsaitlərin azad edilmiş ərazilərin bərpasına sərf olunmasını bildirdim. Son prezident seçkilərində namizəd olduğum zaman çağırış etdim ki, ən azından Qarabağ ərazisində bir partizan hərəkatı başlatmaq lazımdır. Döyüşmək istəyən on minlərlə insanlar vardır, onların iradələrini silahla ifadə etmələrinin vacibliyindən danışdım. Düşünürəm ki, bu məsələ olduqca uzanıb. Danışıqlara inanmaq doğru deyil. Bunlar əvvəldən təcavüzü müəyyən ediblər. Qarşılarına Azərbaycan və Türkiyə əraziləri hesabına ”Böyük Ermənistan" qurmağı qoyublar. Rusiyanın köməkliyi ilə indi əldə etdikləri status-kvonu saxlamaq üçün vaxtı uzadırlar. Çalışırlar ki, cəmiyyət buna adaptasiya olunsun. Düşünürlər ki, günün birində də bu məsələnin de-yure kimi tanınmasına nail olacaqlar. Cəmiyyətin fədakarlıq göstərməsi, hökumətin toparlanması çox vacibdir. Bir il hər şeyə dözmək olar, böyük itkilərimiz olsa belə. Tamamilə toparlanıb, məsələnin hərbi yolla həll olunmasının tərəfdarıyam. Bunun üçün hüququ baza var. Kim nə deyirsə - desin, BMT-nin qəbul etdiyi 4 qətnamə, beynəlxalq konvensiyalar kifayət edir. Hətta bir qədər də irəli gedib deyə bilərəm ki, Azərbaycan torpaqları hesabına qurduqları dövlətin taleyini belə müəyyən etmək mümkündür. Biz böyük iddialar, hədəflərlə yaşamasaq, günlük siyasətlə Qarabağı azad edə bilmərik. Bu baxımdan, dərhal toparlanıb, münaqişəni hərbi yolla həll etməyin tərəfdarıyam". Ümid Partiyasının sədri İqbal Ağazadəyə görə, Dağlıq Qarabağ tipli münaqişələr hüququ yollardan daha çox siyasətlə həll olunur: “Əgər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün hüququ yollara əl atılsaydı, heç bir problem olmazdı. 1992-ci ilin 2 martında Azərbaycan BMT-nin üzvü olub. Dağlıq Qarabağ o sərhədlər çərçivəsində Azərbaycanın tərkibində olub. O cümlədən BMT-nin 1993-cü ildə torpaqlarımızın işğal olunması barədə qəbul etdiyi 4 qətnamə var. Bununla bağlı da mövqe qoyulmalı idi. Həmçinin Avropa Şurası və Avropa Parlamentinin münaqişə ilə bağlı mövqeləri var. Demək ki, problem hüququ yollarla həll olunmur. Bunun üçün də siyasi yollara əl atılmalıdır. Hansı ölkələr siyasi cəhətdən siyasətini düzgün quracaqsa, problemi öz xeyrinə həll edəcək. Əks təqdirdə, proses uzanır. Hazırkı situasiyadan çıxış etsək, zaman hələ ki bizim xeyrimizə işləmir. Çünki bizim demokratik dünya dediyimiz bir anlayış var ki, o dünya ilə problemlərimiz mövcuddur. Avropa Şurasında və İttifaqında mütəmadi olaraq, ölkəmiz əleyhinə bəyanatlar verilir. Amerikadan da bu tipli bəyanatların şahidi oluruq. Digər tərəfdən, erməni lobbisi var ki, ayrı-ayrı dövlətlərdə vəziyyəti öz xeyrinə dəyişə bilir. Məhz bu lobbinin təsiri ilə bəzi ölkələr onların lehinə mövqelər sərgiləyirlər. Rusiya kimi konfliktin yaranmasında və cərəyan etməsində birbaşa rolu olan dövlət də bu gün Ermənistanın yanındadır. Bu dövlətin Cənubi Qafqaz maraqlarının ən böyük təminatçısı Ermənistandır. Bu baxımdan, heç bir hadisə xeyrimizə cərəyan etmir”. AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, hər keçən il Qarabağı bizdən uzaqlaşdırır: “Düşünürəm ki, əgər hakimiyyət bu günə qədər olan siyasətindən vaz keçməsə, heç nə dəyişməyəcək. Nəinki illər, hətta on illər belə keçsə, problem öz ədalətli həllini tapmayacaq. Qarabağ probleminin ədalətli həllini istəyiriksə, bunun üçün artıq bu gündən məqsədyönlü və planlı şəkildə fəaliyyətə başlamaq lazımdır. Həmçinin hakimiyyət ölkə daxilində milli barışıq mühiti yaratmalıdır. İstər iqtidar-müxalifət, istərsə də iqtidar-xalq arasında sivil münasibətlər formalaşdırılmalıdır. Onu da unutmamalıyıq ki, beynəlxalq aləm qarşısında Azərbaycanın mövqelərinin möhkəm olması həm də onun daxili siyasətindən və demokratik vəziyyətdən çox asılıdır. Ona görə əvvəldə qeyd etdim ki, milli barışıq və daxili siyasi stabillik çox önəmlidir və bəlkə də əsas faktordur. Biz iqtidarın ordunun silah-sursat təchizatının artırılması və gücləndirilməsi istiqamətində atdığı addımları müsbət dəyərləndiririk və bunun davam etdirilməsini vacib hesab edirik. Ancaq unutmaq lazım deyil ki, güclü ordu dedikdə yalnız müasir silah-sursat nəzərdə tutulmur, burada həmçinin şəxsi heyətin əhval-ruhiyyəsi və vətənpərvərlik ruhu da vacibdir. Sadaladığım məsələlərin həlli istiqamətində səmimi və qətiyyətli addımlar atılmasa, Qarabağın həlli növbəti onilliklərə qalacaq”. Cavanşir ABBASLI Geri dön |