Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Terror İranın xarici siyasətinin prioritetidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Terror İranın xarici siyasətinin prioritetidir

Terror İranın xarici siyasətinin prioritetidir


Qabil Hüseynli: «Türkiyə də daxil olmaqla hər üç ölkənin xarici işlər nazirlərinin İşçi Qrupunu vaxtından əvvəl toplamaq gərəkdir»

Aydın Ağayev: «İran xarici işlər nazirinin terrorla hədələməsi çox təhlükəli tendensiyadır»

Fars-molla rejimi Azərbaycana qarşı çirkin kampaniyanı davam etdirir. İranın ölkəmizdəki səfirliyinin mətbuat xidməti İran-Azərbaycan münasibətlərində son günlər müşahidə olunan gərginliklə bağlı xarici işlər naziri Əli Əkbər Salehinin açıqlamasını yayıb. Salehi səfir Məhəmmədbağır Bəhraminin İrana qayıdışı və İranın ölkəmizdəki səfirliyi qarşısında keçirilən aksiyalar barədə Tehranın rəsmi mövqeyini açıqlayıb. Salehinin açıqlaması büsbütün terror hədəsi üzərində qurulub və İran hakimiyyət orqanlarının simasını ifşa edir: «Azərbaycan İranın qonşusu olmaqla yanaşı, dünyanın ikinci şiə dövlətidir və biz dəfələrlə bildirmişik ki, iki dövlət iki xalqın maraqları isə üst-üstə düşən bəzi məsələlərə riayət etsin. Dünyanın hər bir yerində şiə mərcələrinin davamçıları yaşayır və onlar üçün ölüm mənasızdır. Bir problem ortaya çıxdıqda dini mərcələr həmin problemə dair mövqe sərgiləyirlər. Azərbaycan rəsmiləri də bu məsələyə diqqətlə yanaşmalıdırlar. Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk. Ümidvarıq ki, Azərbaycan hökuməti Azərbaycan dövləti və xalqına yaraşmayan İran səfirliyi qarşısında baş vermiş son yanlış və xoşagəlməz hərəkətə reaksiya verəcək, onu pisləyəcək, bir daha belə hadisələrin təkrar olmasına yol verməyəcək. Dini prinsiplərdən irəli gələn məsələlər həssas olduğundan hamı bu məsələlərdə diqqətli olmalıdır, yoxsa heç bir ölkə başqa bir ölkənin daxili işinə qarışmaq niyyətində deyil».
Bu açıqlama onu göstərir ki, İran hakimiyyəti artıq rəsmi şəkildə Azərbaycanı təhdidə keçib. Əvvəllər təhdidlər ayətullahlar, mollalar dilə gətirirsə, indi İran rəhbərliyi ölkəmizi ən yüksək səviyyədə terrorla hədələyir. Salehinin açıqlaması bir daha göstərdi ki, son zamanlar İranda baş qaldıran antiAzərbaycan kampaniyasının, düşmənçiliyin, terrora çağırışın arxasında məhz Tehran rejiminin özü dayanır. İranın xarici siyasət idarəsinə rəhbərlik edən Salehi «şiə mərciləri üçün ölümün mənasız olduğunu» deməklə, açıq formada Azərbaycana qarşı terror fəaliyyətilə hədə-qorxu gəlmək istəyir. Proses onu göstərir ki, düşmənçilik müstəvisinə keçirir və Tehranın istinad etdiyi «müsəlman həmrəyliyi» ikiüzlülükdən başqa bir şey deyil. Tehran rejiminin bu rəzilliyi heç şübhəsiz cavabsız qalmamalıdır və hər bir azərbaycanlının vətəni olan Azərbaycanın Respublikasının müstəqilliyi, şərəfi ilə bağlı məsələdə Güney Azərbaycan türkləri də öz sözlərini deməlidir. Çünki İran XİH rəhbərinin bəyanatı birbaşa Azərbaycanın müstəqilliyinə qarşı yönələn təhdiddir.
Politoloq Qabil Hüseynli bildirdi ki, İranın xarici işlər naziri sabit şəxs deyil və bir gün belə, sabahı günü başqa cür danışır: «Mayın 20-də verdiyi açıqlamada Salehi bildirmişdi ki, İran-Azərbaycan münasibətlərində gərginlik olmayacaq və artıq yumşalma baş verir. Bir neçə gündən sonra isə ölkəmizi şiə mərcilərilə təhdid edən bəyanat verir. Ümumiyyətlə, İranda hakimiyyətin müxtəlif qolları arasında xarici siyasətin kordinasiya edilməsində ciddi problemlər yaşanır. Bu səbəbdən də fərqli-fərqli bəyanatlar ortaya çıxır. Salehi şiə mərcilərilə bağlı səsləndirdiyi fikirləri hansı donda təqdim etsə də, bu terrordur. İran başa düşmürmü ki, hazırda ona qarşı tətbiq edilən sanksiyalar təkcə nüvə silahı ilə bağlı deyil. İran rejiminin xarakteri və onun xaricdə müəyyən terrorçu qrupları dəstəkləməsi də bu sanksiyaların tətbiqində mühüm rol oynayır. Salehinin terrorla hədələməsi gələcəkdə İran dövlətinin özünə qarşı ciddi bir ittiham kimi arqumentləşdirilə bilər. Baxmayaraq ki, Salehinin sözləri müəyyən dini ifadələrlə komflyaj edilib, amma bu komflyaj İranın qonşu dövlətləri terrorla təhdid etdiyi həqiqətini ört-baslır edə bilməz. İranın ölkəmizə qarşı siyasəti büsbütün yanlışlıqlar üzərində qurulub. Tehran dərk etmir ki, Azərbaycanı terrorla hədələmək mümkün deyil. Azərbaycan artıq kifayət qədər gücə sahibdir. İranın indiyə kimi etdiyi terror cəhdlərinin üstü açıldığı kimi, bundan sonra tfşa olunacaq. Bütün sivil dünya bu gün dünyanın hər hansı bir ölkəsinə təhlükə yaradan terrorizmi beynəlxalq terrorizmin bir hissəsi sayaraq ona qarşı birgə mübarizə aparır».
Azərbaycanın Tehranın təhdidlərinə qarşı atacağı addımlara gəldikdə isə, ekspert birinci növbədə İranla münasibətlərin qaydaya salınmasının vacib olduğunu söylədi: «Bu bir nömrəli vəzifə olmalıdır. Təhdidə təhdidlə cavab vermək lazım deyil. Zənnimcə tezliklə Türkiyənin də iştirakı ilə üç ölkə xarici işlər nazirlərinin İşçi Qrupunu vaxtından əvvəl toplamaq gərəkdir. Digər tərəfdən Azərbaycan təhlükəsizlik tədbirlərini gücləndirməlidir. İnsanların özləri də ayıq-sayıq olmalı, hər şeyə diqqət yetirməlidir. Məsələn, Türkiyədə küçədə qoyulan zibil qutusu, boş çantalar dərhal diqqəti cəlb edir. Bizim insanlar da belə olmalıdır. Dövlətimizin qorunmasında hamımız əlimizdən gələn yardımı əsirgəməməliyik».
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev isə bu qənaətdədir ki, Tehranın təhdidlərinə cavab olaraq, Bakı ona münasibətdə ümumi maraqlara xidmət edən istiqamətlər üzərində işləməlidir: «Əvvəllər ölkəmiz əleyhinə mollaların dediklərini indi İranın xarici işlər naziri dilə gətirir. Bu çox təhlükəli tendensiyadır. Təbii ki, Azərbaycan dərhal İranın hərəkətlərinə adekvat cavab verdi. Amma müqayisə etsək, Azərbaycan tərəfində hələ də vəziyyəti gərginləşdirməmək, konstruktivizmə getmə meyli hiss olunur. İran isə əksinə mövqeyini gün-gündən daha da sərtləşdirir. Azərbaycan öz dünyəvi dövlətçilik siyasətini davam etdirəcək. Diqtə yolu ilə İranın Azərbaycandan nəyisə dəyişdirməyi tələb etməsi heç bir nəticə verməyəcək. İranın ölkəmizə qarşı ittihamları sadəcə bəhanədir. Əslində onlar Azərbaycandakı şəraiti gözəl bilirlər. İranın əsas məqsədi Azərbaycanı Tehranın maraqlarına xidmət edən şərtlər çərçivəsində «dostluğa» məcbur etməkdir. Bu şərtlər isə birmənalı şəkildə Azərbaycan dövlətinin əsaslarına qarşı yönəlib. Azərbaycan buna heç vaxt gedə bilməz. Ölkəmiz İranla münasibətlərini normal qonşuluq, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər çərçivəsində görür».
İran ətrafında beynəlxalq situasiyanın hər gün daha da gərginləşdiyini vurğulayan politoloq hesab edir ki, gərginlik davam etdiyi müddətdə İranın qonşuları ilə, xüsusilə Azərbaycanla bağlı mövqeyi daha da sərtləşəcək: «Düşmənçilik, bir-birinin daxili işlərinə qarışmaq tendensiyasının perspektivi yoxdur. İran Azərbaycana qarşı təhlükəli planlarından imtina etməlidir. Ondan sonra ümumi maraqlara xidmət edən normal münasibətlər saxlaya bilərik. Azərbaycanın İrana verdiyi cavabda da məhz bu məqamlar öz əksini tapıb. Yəni biz İranın təhdidlərinə cavab olaraq həmin ümumi maraqlara xidmət edən istiqamətlər üzrə işləməliyik. İranda bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır. Konfrantasiyanın, xüsusilə də İrana heç bir xeyri yoxdur. İran bilməlidir ki, Azərbaycan ona qarşı təşkil olunmuş ssenarilərdən heç zaman iştirak etməyib, həmişə bu mövqeyə sadiq qalıb. Tehran Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacarmalıdır».

Rüfət SULTAN

Geri dön