Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib" |
Davam.az Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmovun APA-ya müsahibəsini təqdim edir:
- 10-cu sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında verilmiş qalmaqallı xəritə ilə bağlı AMEA-nın Tarix İnstitutu Elmi Şurası bəyanat verib. Bəyənata münasibətiniz necədir? - Bildirmək istərdim ki, biz öz fəaliyyətimizdə hər zaman AMEA və onun qurumları, o cümlədən Tarix İnstitutu ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığı olduqca faydalı hesab edirik. Bəyanatda səslənən fikirlərin içərisində maraqlı təkliflər olsa da, razılaşmadığım məqamlar da mövcuddur. - Bəyanatda dərsliklərin hazırlanmasının mövcud mexanizminin təkmilləşdirilməsi qeyd edilir və bu prosesin tender prosesi vasitəsilə deyil, Təhsil Nazirliyinin birbaşa sifarişi əsasında təşkil olunması təklif olunur. - Elmi Şuranın dərsliklərin Təhsil Nazirliyinin sifarişi əsasında hazırlanması barədə təklifi ilə bağlı bildiririk ki, bu istiqamətdə nazirlik tərəfindən ilk dəfə hələ 3 il bundan öncə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılıb. Əlaqədar qurumlarla aparılan müzakirələrdən sonra ötən ilin noyabr ayında Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinə birbaşa sifariş əsasında ehtiyat dərslik komplektlərinin hazırlanmasını təşkil etmək səlahiyyəti verilib. Bununla da dərslik hazırlığı sahəsində yeni mexanizmin hüquqi bazasının formalaşması istiqamətində ilk addım atılıb. Bundan sonra bir sıra təşkilati məsələlər həll olunub və Nazirliyin müvafiq əmri ilə bu ilin aprel ayında Təhsil İnstitutunun nəzdində Tədris Resursları Mərkəzi yaradılıb. Mərkəzdə hazırda ibtidai siniflər üçün “Ana dili” və “Riyaziyyat” dərsliklərinin hazırlığı üzrə işlərə start verilib. Ümid edirik ki, bu istiqamətdə işləri davam etdirməklə, yaxın gələcəkdə bütün dərsliklərin birbaşa sifariş əsasında hazırlanması mexanizminə keçid mümkün olacaq. - Elmi Şuranın bəyanatında yeni yaradılan dərsliklərin, o cümlədən, tarix dərsliklərinin ekspertizasının AMEA-nın elmi-tətqiqat institutları, o cümlədən, Tarix İnstitutu tərəfindən aparılması təklif olunur. - Mövcud qanunvericiliyə görə yeni dərslik layihələri rəqabət əsasında seçildiyi üçün onların qiymətləndirilməsində bitərəflilik təmin olunmalı və maraqların toqquşmasına yol verilməməlidir. Bu baxımdan Tarix İnstitutunun əməkdaşlarının əvvəlki illərdə və bu il keçirilən tenderdə dərslik müəllifi kimi iştiraklarını nəzərə alsaq, həmin elmi müəssisə dərsliklərin qiymətləndirilməsinə cəlb oluna bilməz. Onu da diqqətinizə çatdırım ki, bu il keçirilən tenderə təqdim olunan 10-cu sinif “Ümumi tarix” və “Azərbaycan tarixi” dərsliklərinin hazırlanmasında müəllif kimi institutun əməkdaşları iştirak edib. Onların hazırladıqları dərslik yekun qiymətləndirmə nəticəsinə görə uduzub. Bununla belə, AMEA rəhbərliyi bitərəfliyi təmin etməklə dərsliklərin yeni ekspertiza mexanizmi ilə bağlı Təhsil Nazirliyinə müraciət edərsə, bu məsələyə baxıla bilər. - 10-cu sinif “Ümumi tarix” dərsliyinin layihəsinə AMEA Tarix İnstitutundan rəy alınıbmı? - Həmin dərsliyin layihəsi digər dərsliklər kimi, mart ayından ictimai rəyin öyrənilməsi məqsədilə Nazirliyin saytında yerləşdirilib. Əlaqədar qurumlara, o cümlədən, Tarix İnstitutuna Nazirlik aprel ayında rəsmən müraciət edərək həmin layihəyə dair irad və təkliflərini bildirməyi xahiş edib. İki aydan sonra Tarix İnstitutundan “Ümumi tarix” dərslik layihəsi barədə Nazirliyə 20 səhifəlik rəy daxil olub. Rəy nəzərə alınmaq üçün nəşriyyata və müəlliflərə yönləndirilib. Hər bir irada fərdi olaraq müəlliflər öz münasibətini bildirib, ya iradı qəbul edib, ya da ki, imtina səbəblərini göstəriblər. Həmin sənəd Tarix İnstitutuna da göndərilib. Xüsusi olaraq qeyd etmək istərdim ki, Tarix İnstitutunun rəyində dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritə ilə bağlı heç bir irad və ya təklif verilməyib. - Nazirlik Tarix İnstitutu ilə dərslik hazırlığı sahəsində əməkdaşlığı davam etdirəcəkmi? - Əlbəttə. Deməliyəm ki, bu cür əməkdaşlıq həmişə olub və olacaq. Məsələn, baxmayaraq ki, Elmi Şuranın bəyanatında ekspertlərin təcrübəsi və səriştəsi sual altına alınır, nazirliyin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurasının tarix üzrə məsul üzvü həm də AMEA Tarix İnstitutunun Elmi Şurasının üzvüdür. Bundan əlavə, nazirlik bu yaxınlarda AMEA-nın rəhbərliyinə rəsmən müraciət edərək müxtəlif fənlər üzrə ekspert qruplarına daxil edilmək üçün bitərəfliyi gözləməklə akademiyanın elmi-tətqiqat institutlarından namizədlərin verilməsini xahiş edib. İnanırıq ki, AMEA ilə Təhsil Nazirliyi arasında formalaşmış əməkdaşlıq sayəsində dərsliklərin keyfiyyətinin yüksəldilməsinə nail olacağıq. Geri dön |