Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hürrəmilər nə üçün İslamda xilafət institutunun ləğvini tələb edirdilər?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Hürrəmilər nə üçün İslamda xilafət institutunun ləğvini tələb edirdilər?

Hürrəmilər nə üçün İslamda xilafət institutunun ləğvini tələb edirdilər?


Ceyhun Bayramlı


“Şiələr Bəni-Abbas xanədanını dağıtmaq istəyirdilər.”


Xacə Əli Nizamülmülk, “Siyasətnamə”.

Mənbə məlumatlarından bildiyimiz kimi, Hürrəmilər hələ Əbu Müslüm Xorasani Abbasilər sarayına dəvət edilərək orda xaincəsinə suda boğdurulduğu vaxtdan başlayaraq ayaqlandıqları qiyam və üsyanlar zamanı başlıca tələb kimi İslamda xilafət institutunun ləğvini irəli sürmüşlər. Onların bu tələbi Orta Asiyada Abbasilər əleyhinə baş verən çoxsaylı üsyanların da tələbləri ilə üst-üstə düşmüşdür. Bundan əvvəl Hürrəmilərin şəriət nöqteyi-nəzərindən İslamın əhli-beyt məktəbinin isna-əşəriyyə (12 imamın ilahi rəhbərliyi) qoluna yaxın olmaları ilə bağlı bir sıra faktlar sadalandı. Lakin elə düşünülməməlidir ki, İslamda “əhli-xülafə” adıyla tanınan xilafət institutu tərəfdarları ilə “əhli-imamət” (klassik şiələr bu adla da tanmırdılar) yolunun ardıcılları arasında tarixən uzun müddət davam etmiş ideoloji çəkişmələrdə və baş verən münaqişələrdə Hürrəmilər özlərinə daha yaxın olan ikinci tərəfdə səf tutmuşlar. Çoxsaylı faktlar göstərir ki, Hür­rəmilər nə xilafət məqamının ardıcıllıqla Əbu Bəkr, Ömər, Osman və Əliyə verilməsinin zəruri olduğu və onların da “raşidi xəlifələri” (haqq xəlifələr) qismində toxunulmaz olduqları barəsində əhli-xülafə məktəbinin siyasi düşüncə­lərini qəbul etmirdilər, nə də ilk xəlifənin məhz Hz.Əli (ə) olmasının vacibat olduğu, onun xilafət haqqının uzun müddət əvvəlki xəlifələr tərəfindən qəsb olunduğu və əslin­də ilk xəlifənin məhz Hz.Əli (ə) olmalı olduğu barədə bu günkü əhli-şiənin dini-siyasi baxış bucağını bölüşmürdülər. Onlar imamət və vilayət yolunun yolçuları kimi, ümumiy­yətlə, İslamda xilafət institutunun yaradılmasının başından bəri yanlış yol olduğu qənaətində idilər, bu yolun İslamın ilahi missiyasına və bəşəri-ruhani mahiyyətinə zərbə vur­duğunu, müsəlman ümməti arasında parçalanma saldığını və nifaq toxumları əkdiyinu, bu düşüncə sayəsində tədricən İslam bayrağı altında zülmə, istibdada, işğallara və ərəb militarizminə geniş meydan verildiyini bildirirdilər. Bu yanaşma ilə də Hürrəmilər konkret olaraq İslamda xilafət institutunun ləğv edilməsini tələb kimi irəli sürür və bu tələbin gerçəkləşdirilməsi uğrunda konkret silahlı mübarizə aparırdılar. Bu baxımdan bizlər şəriət məqamında peyğəm­bərin vəfatından sonra kimin ilk xəlifə olması barədə əhli-sünnə və əhli-şiənin əsrlərdən bəri sürüb gələn və bir-birinə zidd olan baxış bucaqlarını müzakirə və təhlil etmə­yəcəyik. Hürrəmilərin xilafətçi düşüncəyə qarşı mövqelərini aydınlaşdırmağa və bu mövqelərin İslami baxımdan əsasları üzərində dayanmağa çalışacağıq.

Hürrəmilərin İslamda xəlifəlik institutuna qarşı ba­rışmaz mövqeləri İslam dininin mahiyyəti və təməlləri bax­ımından əhli-xülafə məktəbinin təmsilçilərinin inkar etməyə çalışdığı yaxud əhəmiyyət vermədiyi müəyyən ciddi əsaslara malikdir. Peyğəmbərdən sonra İslamın gələcəyini məhz dövlətçilik sistemi (xilafət) kimi görən düşüncə o gündən bu günə qədər davam etmiş, İslam ədəbiyyatına, ta­rixinə, fiqhinə yansımışdır. Kimin “haqq xəlifə” olub-olmaması haqda tərəflərin mübahisə dolu fikirləri də bu dü­şüncənin tərkib hissəsi olmuşdur. Hürrəmilərsə, ümumiy­yətlə İslamın dövlətçilik sistemi kimi təqdimatına qarşı olmuş və bu baxımdan İslamda xilafətçilik düşüncəsini rədd etmişlər. Onlara görə, İslam inancı əsla və əsla dövlətçilik sistemi olmamışdır. Olsaydı, bunun ilkin rüşeymlərinə elə son peyğəmbər Hz.Muhəmməd (s)-in dövründə rast gəlinərdi və peyğəmbər də bu məqsədlə konkret addımlar atardı. Dövlətçilik sistemi sırf yer düşüncəsinin məhsulu olub, insan övladının təfəkkürünə xasdır. Dövlətçilik şüurunun təməlində yer kürəsinin müəyyən bir ərazisindəki toplumun ümumi maraq və mənafeləri, həmçinin, həmin insan kütləsinin ümumi qaydalar daxilində idarə edilməsi kimi amillər dayanır. Təməli İbrahim dini olan (əl-Bəqərə surəsi, 130, ən-Nəhl surəsi, 123-cü ayələr) İslam isə İlahi təfəkkürün təcəssümü olub, bütün yer kürəsinə, bütün bəşəriyyətə bəxş edilmişdir və mahiyyətində Allahın bütün insanlar üçün nicat yolu olaraq nazil etdiyi bəşəri ruha­niyyət düşüncəsi dayanmaqdadır. Bu düşüncə hansısa sərhədlərlə, hansısa konkret bir xalqın yaşam tərzi, maraq və mənafeləri ilə məhdudlaşa bilməz.

Hürrəmilər nə üçün İslamda xilafət institutunun ləğvini tələb edirdilər?

Hürrəmilərin xilafətçilik əleyhinə mövqelərini əsaslandıran ilk fakt bundan ibarət idi ki, son peyğəmbər Hz.Muhəmməd (s) heç bir zaman özünü bir dövlət başçısı statusunda görməmiş, hökmdarlıq atributlarına (taxt, tac, pul vahidi, hökmdarlıq möhürü, şəxsi xəzinə, konkret sərhədlər və s.) malik olmamış, özünü “rəsulullah” məqa­mından qeyri bir formada təqdim etməmişdir. Şəriət ülə­masının bu haqda fikri isə tamamilə fərqlidir: “İlk İslam dövləti hz.Peyğəmbər tərəfindən qurulmuşdur və idarə olunmuşdur. Bu, Mədinə şəhər-dövləti yəhudilərin və bütpərəst ərəblərin yaşadıqları muxtariyyat hüququna malik kəndlərin federasiyası idi”. Bu fərziy­yəni qüvvədən salan ən mühüm məqam elə ondan ibarətdir ki, Mədinədə dövlətçilik atributlarına malik olan hər hansı bir şəhər-dövlət qurulmamış, peyğəmbər də özünü dövlət başçısı hesab etməmişdir. Hz.Muhəmməd 622-ci ildə öz yaxın səhabələri ilə Məkkədən Mədinəyə hicrət edərkən bu şəhərin öz valisi (hakimi) vardı və hətta həmin valinin Hz.Muhəmməd (s)-i öz evində qonaq etmək təklifi ilə çıxış etməsi də məlumdur. Bir şəhər ətrafındakı kəndlərin hər birinə muxtariyyat statusu verilməsi isə nə keçmişdə, nə də indinin özündə dünyada analoqu olmayan bir düşüncədir. Hətta Mədinəni bir şəhər-dövlət hesab etsək belə, bunun adına İslam dövləti demək ən azı sitatda xatırlanan çoxsaylı yəhudi və bütpərəst əhalinin mövcudluğu faktına görə mümkün deyildir.

Hz.Muhəmməd (s)-in öz mübarizəsində və əməli fəaliyyətində siyasi hakimiyyət və hökmdarlıq niyyəti güdmədiyini Qurani-Kərimdə “mübahilə ayəsi” (lənətləşmə ayəsi) kimi bilinən ayə də sübut edir. Ali-İmran surəsi, 61-ci ayə peyğəmbərin Nəcran xristianları ilə lənətləşməyə getməsi hadisəsi ilə əlaqədar nazil olmuşdur. İslam tarixində bu hadisə “Mübahilə günü” adlanır. Bu barədə İslam ədəbiyyatında çox yazılmışdır. Hürrəmilər də, bir çox digər islam mənsubları kimi, bu hadisənin peyğəmbərin apardığı mübarizənin Siyasi hakimiyyət və hökmdarlıq məqsədi daşımadığını göstərdiyini bildirirdilər. Fikrimizi daha dəqiq ifadə etsək, Hürrəmilərə görə, İslam dövlətçilik sistemi, xilafət institutu kimi formalaşmalı olsa, Hz.Əbu Bəkr, Hz.Ömər, Hz.Osman və Hz.Əli (ə) kimi səhabələrdən daha üstün məqamda olan Hz.Muhəmməd (s)-in bunu elə öz sağlığında, ən azı Məkkənin fəthindən sonra etməsi gərəkirdi, o, bununla bağlı hər hansı fəaliyyətdə olmayıbsa, deməli ki, İslamda xilafətçilik düşüncəsi peyğəmbər sünnəsindən, ilahi təqdirdən kənardır. Və İslamın xilafətləşdirilməsi, dövlətçilik sisteminə dönüşdürülməsi, Hürrəmilərin fikrincə, məhz semit (yəhudi) düşüncə və təfəkkü­rünün məhsulu idi. Bu düşüncənin ortaya çıxışı isə Hz.Mu­həmməd (s)-nın vəfat etməsi ilə mümkün olmuşdur.

Miladi tarixlə 632-ci il iyun ayının 8-də peyğəmbər Mədinə şəhərində Hz.Aişənin evində Hz. Əli (ə)-ın qollarında dünyasını dəyişdi. Bundan bir qədər sonra, hələ peyğəmbər dəfn edilməmiş, Bəni-Səidə səqifəsində (məhəl­ləsində) toplanan ənsardan olan bir qrup şəxs (onların arasında etnik baxımdan Mədinə yəhudiləri olanlar da vardı) öz aralarında Xəzrəc qəbiləsinin rəisi, yaşlı Səəd ibn Übadəni Hz.Muhəmməd (s)-dən sonra onun canişini qismində “xəlifə seçmək” təşəbbüsü ilə çıxış etdilər. Onları sakitləşdirməyə və bu yolun səhv yol olduğunu anlatmağa gələn səhabələri bu prosesə cəlb etməyə cəhd göstərdilər. Bütün bunların arxasında yəhudilərin İslam ümməti arasında parçalanma, təfriqə və nifaq salmaq, İslamı öz bəşəri mahiyyətindən sapdırmaq və bir dövlətçilik institutuna çevirməklə onun iqtidarına özlərinə yaxın adamı gətirmək niyyətlərinin olması dü­şüncəsi hər zaman İslam dünyasında aktual olmuşdur. Hürrəmilərinsə anti-islam mövqeli yəhudi düşüncə sis­teminə düşmən gözüylə baxdığını mənbə məlumatları açıq şəkildə qeyd edir, eləcə də (Ə.Vərdasbi, “Sorxcameqan və nəmədpuşan”). Bu haqda mənbə məlumatları təfərrüatı ilə “Babək və hürrəmilik: yalanlar və gerçəklər” adlı əsərimdə də əks olun­muşdur, burda bir qədər əvvəldə də Abbasilər sarayında ixtiyar sahibi olan yəhudi üləmasının əməllərinə toxunduq. Buradan da aydın olur ki, Hürrəmilər ideya əsasları yəhudi alimləri tərəfindən təkmilləşdirilmiş olan hakim mötəziliyyə cərəyanının təsir dairəsində bir xilafət görmək istəmir, hər vəchlə bu xilafətin ləğv edilmə­sinə çalışırdılar.

Hürrəmilərin İslamda xilafət institutunun varlığını inkar etmələrinə şübhəsiz ki, ən ciddi əsaslardan biri İslamın ana kitabı olan Qurani-Kərimdə xilafətçilik düşüncəsinin əks olunmaması idi. Müqəddəs kitabda ayrı-ayrı hadisələrlə bağlı “xəlifə” (canişin) kəlməsi qeyd olunsa da, müsəlman­ların İslam xilafəti qurması, xilafət məqamının müsəlman­lara vacib edilməsi kimi bir ehkama, əmrə, yaxud hətta tövsiyəyə rast gəlinmir. Hürrəmilərin də, Qurani-Kərimdə olmayan hər hansı bir ehkamı, yaxud fikri qəbul etməməsi barədə az əvvəl fikir bildirdik. Ənənəvi şəriət düşüncəsi, bir qayda olaraq, Qurani-Kərimdə “xəlifə” sözünün işləndiyini sübuta yetirmək üçün əl-Bəqərə surəsi, 30-cu ayədə qeyd olunan müddəalara (Allahın Adəmi yaradarkən onu yer üzərində bir xəlifə kimi nəzərdə tutduğu barədə) söykən­məyə çalışır, lakin bu, istənilən halda, İslamın Hz.Muhəmməd (s)-dən sonra dövlət halına gətirilməsinə, xilafətləşdirilməsinə məntiqi əsas verə bilməz.

Hürrəmilər nə üçün İslamda xilafət institutunun ləğvini tələb edirdilər?

Tanınmış İslam alimi, prof. dr. Məhəmməd Həmidullah İslamda xilafət düşüncəsini izah edərkən ənənəvi şəriətçilik düşüncəsindən çıxış edir və bildirir ki, “İslam xəlifəyə (İslam dövlətinin rəhbərinə) yalnız (idarəçilik və ədalətin təmin olunması da daxil olmaqla) siyasi idarəçiliyi deyil, eyni zamanda, ibadəti, yəni namazı, orucu və həcci də etibar edir”. Bu baxış bucağı, təəssüf ki, əsrlər boyu İslam dünyasında digər alternativ baxış sərgiləyənləri küfrdə ittiham edərək sıxışdırmış və “dindən çıxmışlar” (oxu: zəndiq) kimi təqdim etmişdir. Bu fikri asanlıqla təkzib edən digər nöqteyi-nəzər İslamın istər İbrahim peyğəmbər zamanında, istərsə də Hz.Muhəmməd (s) dövründə dövlətçilik düşüncəsinə malik olmadığı faktını ortaya qoyur. Pakistanlı alimin yanaşmasında olan maraqlı cəhət isə onun xəlifəlik institutunun mənfi təzahürlərini də qeyd etməsidir. Bu haqda “İslama giriş” əsərində bəzi qeydlər diqqəti cəlb edir və Hürrəmilərin baxış bucağını dolayısı ilə mümkün hesab etməyə əsas verir: “Çünki xəlifə ömürlük seçilir. Onun seçki yoluyla müəyyənləşdirilməsi xəlifəliyi respublika, hakimiyyət müddətinin ömürlük olması isə monarxiya quruluşuna yaxınlaşdırır. Başlan­ğıcdan etibarən seçilən xəlifəyə qarşı müxalifətçilik edənlər ortaya çıxdı. Daha sonralar isə, müxtəlif vaxtlar­da cəmiyyəti qana bulayan rəqib xəlifəliyə namizədlər peyda oldu. Son nəticədə dövlətin idarə olunmasında xanədanhq, sülalə, atadan oğula verilən hakimiyyət prinsipinə keçildi. Beləliklə, əvvəlcə Əməvilər, sonra onların yerini tutan Abbasilər sülaləsi meydana çıxdı”.

Hürrəmilərin anti-xilafət baxışları təkcə “dörd raşidi xəlifə” düşüncəsində israr edən əhli-sünnədən yox, eyni za­manda, bu günkü şəriət şiəliyinin ənənəvi baxış bucağından da fərqlənmişdir. Bildiyimiz kimi, cəfəri məzhəbinin alimləri bu düşüncədədirlər ki, ilk xəlifə məhz Əhli-beytin birinci imamı olan Əli bin Əbu Talib (ə) olmalıydı və digər­lərinin xəlifə seçilməsi faktiki olaraq iyirmi dörd il ərzində Hz.Əli (ə)-ın xəlifəlik haqqının onun əlindən alınaraq qəsb olunması demək idi. Hürrəmilərsə, ümumiyyətlə, İslamda xəlifəlik institutu əleyhinə çıxış etmiş, İslamın dövlət­ləşdirilməsi düşüncəsini peyğəmbərin qoyduğu yoldan çıxmaq kimi qəbul etmişlər. Cəfəri məzhəbinin üləması bu düşüncədədir ki, Hz.Muhəmməd (s) həm 610-cu ildə İslamı bəyan etdiyi zaman öz yaxın qohumlarını evinə dəvət edərkən, həm də ölümündən öncə, vida həcci sonrası Qədiri-Xum adlı yerdə çoxsaylı mühacir və ənsarın qarşısında çıxış edərkən Hz.Əli (ə)-ı öz canişini yəni xəlifəsi kimi təsdiq etmişdir. Hürrəmilərin düşüncəsinə görə isə, peyğəmbərin öz yaxın qohumlarını İslama dəvət etmək üçün çağırdığı məclisdə Hz.Əli (ə)-ı öz canişini kimi göstərməsi İslamda peyğəmbərdən sonra xilafət qurulmasına çağırış demək deyildir, çünki məntiqlə yalnız hökmdar olan bir insan özündən sonra kiminsə onun yerini tutaraq hökmdar (xəlifə) olacağı barədə fikir söyləyər, peyğəmbərsə nəinki hökmdar olmamış, hətta İslamı ilk dəfə öz yaxın qohumları arasında təbliğ etdiyi zaman, ümumiyyətlə, gələcəkdə qurula biləcək hər hansı bir ərəb dövlətindən söz belə etməmişdir. Qədir-Xum hadisəsində də, hələ Əl-Maidə surəsi, 3-cü ayə nazil olmamışdan öncə, peyğəmbər oradakı müsəlmanlara səslənərək onlardan əhd aldığı zaman Hz.Əli (ə)-ı özündən sonra xəlifə elan etməmişdir. Hz.Muhəmməd (s) müsəlmanlara üç dəfə “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” demişdir. Peyğəmbərdən sonra “mövla” (vəli, rəhbər) kəlməsi uzun müddət bir tərəfdən inkar olunmuş, digər tərəfdən isə çox-çox sonralar cəfəri fiqhi ərsəyə gətirilərkən bu kəlmə “xəlifə” anlamında yozulmuşdur. Nəzərə almaq lazımdır ki, Hürrəmilər hərəkatı dövründə cəfəri fiqhi deyilən anlayış yox idi, və Əhli-beyt məktəbinə əsaslanan hər bir müsəlman üçün də peyğəmbərin Qədir-Xumda bəyan etdiyi bu cümlə Hz.Əli (ə)-ın Mövla məqamında olmasını isbat edirdi. Hürrəmilərə görə, Hz.Əli (ə) İslamda doğru yol axtarışında olanlar üçün bir İmam, doğru yolu bulmuşlar üçünsə bir Mövladır. Həmin cümlədə söylənən “mövla” kəlməsi peyğəmbərin bu hadisədə öz səhabələrini məhz doğru yolu bulmuş, haqqın yanında yer almış müsəlmanlar olaraq gördüyünü və onlara bu yoldan dönməmələrini tövsiyə etdiyini də sübut edir.

Hürrəmilər nə üçün İslamda xilafət institutunun ləğvini tələb edirdilər?

Hz.Əli (ə)-ın xəlifə olması ilə bağlı Hürrəmilərin mövqeyinin şəriət şiəliyinin ənənəvi baxışlarından daha bir fərqi Əli bin Əbu Talib (ə)-ın özünün hökmdarlıq, xəlifəlik və iqtidar mücadiləsində iştirak etməməsi, hər vəchlə bundan qaçması faktında özünü biruzə verir. İslam tarixindən bilirik ki, ikinci xəlifə Hz.Ömərin və üçüncü xəlifə Hz.Osmanın iqtidarı dönəmində Əli bin Əbu Talib (ə) qazılıq etmiş, çoxsaylı şəri məsələləri və məhkəmə obyekti olan həddən artıq mürəkkəb problemləri qeyri-adi bir bacarıq və elmi ilə həll etmişdir. Bu ictimai vəzifəni yerinə yetirməkdən əlavə, o, eyni zamanda, maddi dünyaya arxa çevirən, hər kəsə örnək olacaq dərəcədə pəhrizkar və öz təbirincə desək, “dünyanın talağını üç dəfə vermiş” bir insan olmuşdur. Maddi dünya nemətlərinə bu qədər laqeyd, dünya malına və şan-şöhrətə hərisliyi və tamahkarlığı özünə yaxın buraxmayan bir insanın dünyəvi iqtidar (xəlifəlik) düşüncəsini məqbul hesab etməsi və guya “özünün xilafət haqqının qəsb olunduğunu” deyərək iqtidar uğrunda fəaliyyət göstərməsi nə dərəcədə doğru ola bilər? Hürrəmilərin düşüncəsinə görə, Mövla məqamında olan bir insanın düşüncələrdə dünyəvi iqtidarın rəmzi olan xəlifəlik məqamına endirilməsi yolverilməzdir. Şiə din xadimləri Qurani-Kərimdə “əmr sahiblərinə itaət” barədə olan hökmü (ən-Nisa surəsi, 59-cu ayə) məhz Hz.Əli (ə)-a istinad edirlər və bu doğrudur, lakin “əmr sahibi” demək xəlifə demək deyildir, başqa sözlə ifadə edilsə, xəlifə məqamında olmadan da müsəlman ümmətində əmr sahibi olmaq mümkündür ki, Hz.Əli (ə) və onun nəslindən olan on bir imam da bunun bariz örnəyidir. Yəni İslama sonradan gətirilmiş yanlış düşüncə budur ki, guya xəlifəlik ən üstün məqamdır. Hürrəmilər üçün isə ən yüksək və pey­ğəmbərliyə tən gələn məqam Mövlalıq məqamıdır. Şəriət müstəvisində çıxış edən bir sıra İslam alimləri bildirir ki, Əli bin Əbu Talib (ə)-ın “Əmirəlmöminin” (möminlərin əmiri) ünvanını daşıması onun xəlifəlik məqamına işarət edir. Qurani-Kərimin əl-Bəqərə surəsi, 5-ci və əl-Əraf surəsi, 32-ci ayələri isə möminlərin hər iki dünyada nicat tapdığını xəbər verir. Elə isə bu möminlərin əmiri məqamında görülən şəxsi də sadəcə bir dünyaya aid olan hökmdarlıq (xəlifəlik) məqamının dar qəlibinə və məhdud çərçivəsinə sığışdırmaq doğru düşüncə deyil.

Şəriət müstəvisində Hz.Əli (ə) əsasən xəlifə və ümmətin imamı kimi görünür ki, bu təsəvvürlər də onun mahiyyətini natamam idrak etməyə gətirib çıxarır. Məhz bu düşüncə ilə çıxış edənlər bir qayda olaraq Hz.Əlinin 656-cı ildə xəlifəlik məqamını qəbul etdiyini söyləyərək “xilafət düşüncəsi səhv yol idisə, Hz.Əli niyə o yolu məqbul sayıb xəlifə oldu?” sualını verirlər. Bununla əlaqədar onu söyləmək mümkündür ki, Hz.Əlinin xəlifə seçilməsi onun özünün yox, ümmətin öndə gələnlərinin və peyğəmbər səhabələrindən sağ qalanların mütləq çoxluğunun israrlı tələbi və istəyi ilə baş vermişdi. Hz.Əli xilafət yolunu doğru yol qəbul etsəydi, hələ xəlifə olmazdan 24 il öncə xəlifə olmaq üçün kifayət edə biləcək qədər güc, qüdrət, ağıl və tərəfdarlara sahib idi. Digər yandan, İslam tarixindən bilirik ki, Hz.Əli ümməti idarə etdiyi 4 il 9 ay ərzində özünü heç bir zaman bir hökmdar (xəlifə) qismində aparmayıb, əksinə, sərkərdə kimi İslam ordusunun önündə İslamda təfriqə yaradanlarla savaşıb, imam kimi müsəlmanlara xütbələr edib və onları bilgiləndirib, peyğəmbərin “ümmətimin içində ən ədalətlə hökm verən Əlidir” fikrinə layiq şəri məsələlərin həllini həyata keçirib və s. Yaşam tərzi isə xəlifə ikən çarığının yamağını özü vurmağından, qarnına daş bağlamaqla aclığa tab gətirməyindən, qapısını açan qardaşına yediyi soğan-çörəkdən təklif etməyindən məlum olur. Təbii ki, əhli-beyt məktəbinin ideyalarına dəstək verən Hürrəmilər bu qeyd olunanları əhli-beyt imamlarından, onların zaman-zaman Azərbaycana pənah gətirmiş ailə üzvləri və yaxınlarından, imamların naiblərindən və xəli­fələrindən, eləcə də, pir və övliyalardan, təsəvvüf yolunun yolçularından eşidib-öyrənmişdilər və gözəl bilirdilər. Onla­rın fikrincə, xəlifəlik məqamı haqq dərgahında belə yüksək məqam olsaydı, əvvəla, mövla Əli (ə) bu yolda 24 il ərzində qarşısıalınmaz bir qətiyyətlə mübarizə aparar, onun oğlu,ikinci imam Həsən (ə) xəlifəlikdən imtina etməz, Əməvilərdən sonra altıncı imam Cəfəri-Sadiq (ə) Əbu Müslümün iqtidara gəlmək təklifini rədd etməzdi. Əlbəttə ki, bu söylənilən arqumentlərin hər birində şəriət üləmasının əhəmiyyət verməməyə çalışdığı kifayət qədər ciddi əsaslar vardır.

Geri dön