Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > İtirdiyimiz yurd yerləri - İrəvan xanlığının idarəçilik sistemi - ARAŞDIRMA
İtirdiyimiz yurd yerləri - İrəvan xanlığının idarəçilik sistemi - ARAŞDIRMA |
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın İrəvan xanlığının idarəçilik sistemi haqqında olan yazısını təqdim ediik:
İrəvan xanlığının idarəçilik sistemi həmin dövrdə mövcud olan digər Azərbaycan xanlıqlarının idarəçilik sisteminin bənzəri idi. Xanlıqda rəsmi dövlət dili Azərbaycan türkcəsi idi, rəsmi yazışmalarda isə zəruri olduqda fars dilindən istifadə olunurdu. Zəngin dövlətçilik ənənələri formalaşmış İrəvan xanlığında idarəçilik sisteminin başında bir qayda olaraq azərbaycanlılar dururdular. İrəvan xanlığının ərazisində yaşayan azsaylı ermənilər xanlığın idarəçiliyində təmsil olunmurdular, onlar yalnız və yalnız adi vergi ödəyiciləri idilər. Xanlığın idarəçilik sistemi haqqında həmin dövrün salnaməçilərinin və tədqiqatçılarının əsərlərindən və səyyahların yol təəssüratlarından kifayət qədər məlumat əldə etmək olar. Rus tədqiqatçılarından İvan Şopenin, İlya Petruşevskinin, erməni tədqiqatçılarından Yervand Şahəzizin, Vardan Parsamyanın, Tatevos Hakopyanın əsərlərində İrəvan xanlığının və İrəvan şəhərinin idarəçilik sistemi haqqında kifayət qədər məlumat vardır. Tipik feodal dövləti hesab olunan İrəvan xanlığında, müasir terminlərlə ifadə etsək, ali hakimiyyət – qanunverici, icraedici və məhkəmə hakimiyyəti xana (yaxud sərdara) məxsus idi. Xanın özü isə bir qayda olaraq mərkəzi hakimiyyət, başqa sözlə şah tərəfindən təyin edilirdi. İrəvan şəhərində bir neçə zərbxana mövcud olmuşdur. XVIII əsr səyyahı Cemelinin verdiyi məlumata görə, İrəvandakı zərbxanalarda gümüş və mis pullar zərb edilirdi. İrəvanda başlıca olaraq gümüş “abbası” və “şahı” nominalları buraxılırdı. Bəzən “abbası” 4 “şahı”ya, bəzən də 5 “şahı”ya bərabər tutulurdu. Abbasıdan əlavə İrəvanda müxtəlif ölçülü mis “qara pul” da kəsilirdi. Erməni tarixçilərinin iddia etdikləri kimi, İrəvan xanlığının ərazisində haçansa erməni dövləti və yaxud erməni idarəçiliyi mövcud olmuş olsaydı onda həmin ərazidə dövlətçilik atributlarından biri hesab edilən pul kəsilər və dövriyyəyə buraxılardı. Arxeoloji qazıntılar zamanı və başqa yollarla Qafqaz regionunda üzə çıxan qədim sikkələrin məşhur sovet numizmat Yevgeni Paxomov tərəfindən tədqiqi göstərmişdir ki, həmin sikkələr içərisində ermənilərə aid bir dənə də olsun nümunəyə rast gəlinməmişdir. İrəvan şəhəri bir mərkəz olaraq xanılığın tərkibinə ayrıca inzibati vahid kimi daxil edilmişdi. Şəhər rəisi vəzifəsini xan tərəfindən təyin edilən naibidarə edirdi. Naib təsərrüfat və inzibati işlərlə məşğul olur, vergilərin vaxtında toplanılmasına nəzarət edirdi. Xan müvəqqəti olaraq şəhəri tərk etdikdə bütün şəhərin idarəsi naibin əlində cəmləşirdi. İrəvan qala-şəhər olduğundan, qala daxilində asayişi qorumaq, onun müdafiəsinə nəzarət etmək qalabəyinin vəzifəsi idi. Şəhərdə asayişin qorunmasına darğa (yəni polis rəisi) nəzarət edirdi. Yüzbaşılar, onbaşılar (yasavullar) darğaya tabe idilər. Mahalları idarə edənlər mirbölük adlanır, xan (yaxud sərdar) tərəfindən təyin edilirdilər. Mirbölüklər nüfuzlu bəylərin və digər yüksək təbəqənin nümayəndələri arasından seçilirdi. Kəndləri isə kəndxudalar və yaxud koxalar idarə edirdilər. Onlar da öz növbəsində mirbölüklər tərəfindən təyin olunurdular. Xarici dövlətlərdən gələn yüksək səviyyəli qonaqlar İrəvan xanı tərəfindən təmtəraqla qarşılanır və rəsmi mərasimlə yola salınırdı. 1817-ci ildə İrana səfər edən nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş Moritz fon Kotzebue yazır ki, nümayəndə heyəti İrəvan qalasına çatanda qalanın divarları qarşısında Hüseynqulu xanın qardaşı Həsən xanın komandanlıq etdiyi iki minlik sərbaz alayı və 6 bölükdən ibarət atlı artilleriyası düzülmüşdü. Nümayəndə heyəti darvazanın önünə yaxınlaşdıqda təbillər çalınmış və musiqiçilər İngiltərənin “Tanrı Kralı qorusun” adlı milli marşını ifa etmişdilər. Kotzebuenin yazdığına görə, qalaya daxil olduqdan sonra onları əyanları ilə birlikdə xanın özü qarşılamış və təmtəraqlı ziyafət təşkil edilmişdi. Xan müstəqil xarici siyasət yürüdür, zəruri hesab etdikdə qonşu dövlətlərə müharibə elan edir, öz qoşununu müttəfiqlərinin köməyinə göndərirdi. Xanın nizami qoşunu iki sərbaz alayından, süvarilərdən, bir neçə 6 funtluq səhra toplarından və zəmbərəklərdən (yəni dəvə üstündə quraşdırılmış falkonetləri – kiçik topları) ibarət idi. Lazım gəldikdə, xanlığın ərazisində yaşayan və əli silah tuta bilən hər bir şəxs ucdantutma orduya cəlb edilirdi. Bunlardan əlavə qala bürcləri üzərində xüsusi altilleriya topları mövcud idi. Sonuncu İrəvan xanı Hüseynqulu xanın dövründə xanın qardaşı Həsən xan ali baş komandan sifətilə orduya sərkərdəlik edirdi. Ölkənin taleyi ilə bağlı olan ən mühüm məsələlər barədə xanın təkbaşına qərar çıxarmaq hüququ var idi. Xanlığın təsərrüfat işlərini xandan sonra ikinci şəxs hesab edilən vəzir idarə edirdi. Qeyri-məhdud səlahiyyətlərə malik olmasına baxmayaraq, xanın yanında xüsusi məşvərətçi şura - divan və yaxud xan şurası fəaliyyət göstərirdi. Divanın tərkibi xan və vəzir də daxil olmaqla, sarayda mühüm vəzifə tutan şəxslərdən və şeyxülislamdan ibarət idi. Divana bir qayda olaraq xana ən yaxın olan və nüfuzlu şəxs hesab edilən divanbəyi başçılıq edirdi. Xanın divanında yüzə qədər məmur çalışırdı. Xan sarayında vəzirlə birlikdə maliyyə işlərinə baxan sərkər-ali, xanın saray təsərrüfatını idarə edən eşikağası, xəzinəyə başçılıq edən xəzinədar, xəzinənin mədaxil və məxaricinə nəzarət edən sandıqdarağası, məhsul yığılan anbarlara nəzarət edən anbardarağası, saray mühafizəçilərinin başçısı qoruqbaşı və digər vəzifələr də var idi. Mühafizə xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsini təmin edir, ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı. Xanın əmrlərinin və məhkəmə qərarlarının icrası ilə müsaillər məşğul olurdular. Məhsulla alınan vergilərin yığılması ilə yerlərdə darğalar məşğul olurdu. Xan ittiham edilən bütün şəxsləri mühakimə etmək, cərimələmək, fiziki cəza vermək və hətta ölüm hökmü çıxarmaq hüququna malik idi. Hüseynqulu xanın ədalətli idarəçilik sistemi qurması, quruculuq işlərinə xüsusi fikir verməsi barədə o dövrün salnaməçiləri, həmçinin erməni müəllifləri geniş məlumat vermişlər. Lakin Hüseynqulu xan milli mənsubiyyətinə görə heç vaxt ayrıseçkilik etmədiyi ermənilərin ona qarşı xəyanətini bağışlamırdı. Məsələn, İrəvan ətrafındakı Nurnus kəndinin sakini Hakop Harutyunyan İrəvan xanının ordusunda topçu kimi xidmət edərkən, 1827-ci il avqustun 17-də döyüş zamanı top atəşini rus qoşunlarına deyil, əks istiqamətə – İrəvan xanının qoşunlarına tərəf yönəltməsi çaxnaşmaya səbəb olmuş və bundan sonra o, döyüş meydanından qaçmışdı. Ancaq xanın döyüşçüləri onu təqib edərək Eçmiədzin monastırının yaxınlığında yaxalamış və xanın hüzuruna gətirmişdilər. Hüseynqulu xan satqınlıq yolunu tutan digər ermənilərə dərs olsun deyə, Hakopun gözlərini çıxartdırmış, burnunu, dodaqlarını və dabanlarını kəsdirmişdi.” Bütün müsəlman dövlətlərində olduğu kimi, İrəvan xanlığında da şəriət məhkəməsi mövcud idi. Şeyxülislamın, qazının və yüksək rütbəli din xadimlərinin daxil olduğu şəriət məhkəməsi mülki iddialara baxırdı. İrəvan xanlığında təhsil sistemi digər Azərbaycan xanlıqlarında olduğu kimi idi. Təhsillə əsasən din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində mədrəsə fəaliyyət göstərirdi. Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, İrəvan xanlığında dövlətçilik ənənələrinə əsaslanan kifayət qədər təkmil idarəçilik sistemi mövcud olmuşdur. Geri dön |