Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəlalilər hərəkatının Koroğluya heç bir aidiyyatı yoxdur (II YAZI)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Cəlalilər hərəkatının Koroğluya heç bir aidiyyatı yoxdur (II YAZI)

Cəlalilər hərəkatının Koroğluya heç bir aidiyyatı yoxdur (II YAZI)


“Koroglu” eposu və Cəlalilər hərəkatı haqqında


(davamı var)

Çox güman ki, Cəlalilər üsyanı başçılarından kimsə ya üsyandan əvvəl, ya da üsyan zamanı göstərdiyi qəhrəmanlıqlara, mərdliyinə və şücaətinə görə xalq arasında Koroğlu adı ilə tanınmış və bu adla salnamələrə düşmüşdür. Əslində Koroğlu onun öz adı olmamışdır. Kosa Səfər, Bəlli Əhməd, Tanrıtanımaz, Dəli Həsən adları haqqında da eyni sözləri demək olar. Bu gün də Azərbaycanda belə hallarla qarşılaşırıq. Qarabağ uğrundakı döyüşlərdə “Qatır Məmməd” ləqəbiylə tanınan əsgərlərimiz vardı. Ona görə tək bu adlara söykənib “Koroğlu”nu XVI-XVII əsrlərlə, xüsusilə Cəlalilərlə bağlamaq çox böyük tarixi yanlışlıqdır.
Koroğlunun “bir çox adların başında duran yolkəsən” kimi qələmə verilməsi də, dəlilərin “üsyançı dəstə” adlandırılması da, onların “Türk işğalçılarına və yerli feodallara qarşı mübarizə aparmalarından”danışılması da dastana həqiqətin gözü ilə deyil, dövrün siyasi prizmasından baxmağın nəticəsidir. Dastanda “üsyançı dəstə” də yoxdur, “yerli feodal” da, “türk işğalçısı” da. Bu fikirlərin heç birini dastana söykənib təsdiqləmək mümkün deyil. Ancaq XX əsr Sovet rejimi Türkiyə ilə Azərbaycan arasında keçilməz səddlər çəkib elə güclü düşmənçilik toxumları cücərdirdi ki, bu xalq təkcə öz soy-kökünü unutmur, həm də “Türk” sözünə nifrət bəsləyirdi. “Koroğlunun yerli feodallara və türk işğalçılarına qarşı” üsyan etdiyini söyləyənlər də istər-istəməz düşmən dəyirmanına su tökürdülər.
“Koroğlu” dastanının tarixi-müqayisəli təhlilinə bu gün çox ciddi ehtiyac var. Ona görə dastandakı xotkar, paşa, sədrəzəm, xan, bəy titulları Orxan Qazı dövründə təsis edilmişdi. Koroğlunun şəxsiyyəti və yaşadığı dövr haqqında danışarkən bu faktların heç birinə göz yummaq olmaz.
Bir sıra tarixi dəlillər Koroğlunun XVI-XVII əsrlərdə deyil, ən azı XIV-XV əsrlərdə yaşadığını göstərməkdədir. Bunlardan ən birincisi tüfəng məsələsidir. Tüfəngin çıxması Koroğlunun qocalığına təsadüf edir. Koroğlu “bundan sonra igidlik bir qara pula dəyməz. Mən bu gündən Koroğluluğu yerə qoyuram” deyir.
Tüfəngin təxminən XIV əsrdə meydana çıxdığı məlumdur. B.E. Markeviç yazır ki, “Asiya tapançaları Rusiyaya cənubdan gətirilmişdir. Onlar kazaklarda geniş yayılmışdı, sonuncuların əllərinə isə Türkiyə, Qafqaz və İrandan düşmüşdü”. Belə olan halda “Koroğlu” eposunun təhlilində tüfəng məsələsinə qətiyyən biganə yanaşmaq olmaz. Bəs onda bir ömür igidliklər, qəhrəmanlıqlar eləmiş, bir ucu Bağdad, bir ucu İstanbul arası dünyanın yarısını gəzmiş Koroğlu tüfəngdən xəbərsiz ola bilərdimi?! Çaldıran döyüşündə Osmanlı sultanı Sultan Səlim 1514-cü ildə Şah İsmayılın üstünə top-tüfənglə gəlməmişdimi?!
Şah İsmayıl Xətayinin hakimiyyət illərinə aid “Bakı qalası” miniatüründə əllərində tüfəng tutmuş döyüşçülərin təsviri vardır. Deməli, rəssam tüfəngi görmüşdü ki, onun mükəmməl rəsmini çəkmişdir.
Mirzə Abbaslıya görə tüfəng Azərbaycanda XV əsrdə məlum olmuşdur: “Əldə olan bir sıra tarixi sənədlərdən aydınlaşır ki, odlu silahın bir sıra növü, xüsusi ilə tüfəng, hələ Ağqoyunlu hökmdarı Uzun Həsən (1453-1478) dövründə də varmış. Onun Venesiyaya göndərdiyi Hacı Məhəmməd adlı elçisinin gətirdiyi silah siyahısı içərisində min qəbzə tüfəngin də olduğu bildirilir”.
Əsasən XV əsrin sonu, XVI əsr hadisələrindən bəhs edən “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı salnamədə də tüfəngdən söhbət açılır. 1444-1481-ci illərdə Osmanlı sultanı olmuş II Sultan Mehmedin vaxtında Türk ordusunun odlu silahla silahlandığı mənbələrdə göstərilir. Bəlkə də tüfəng lap əvvəldən, XIV əsrin ortalarından varmış və bu da Koroğlunun I Murad dövründə yaşadığını göstərir.
“Koroğlu” eposunu XVI-XVII və XIV-XV əsrlərdə Türkiyə və Azərbaycanda mövcud olmuş hərbi-siyasi durumdan təcrid edilmiş halda öyrənmək olmaz.
XVI əsrdə Osmanlı Dövlətinin kifayət qədər güclü nizami ordusu vardı, ölkə mərkəzləşmiş qaydada idarə olunurdu. 1593-cü ildə Azərbaycanın böyük bir hissəsi Osmanlı dövlətinin tabeçiliyinə keçmişdi, Çənlibel də daxil olmaqla həmin yerlərdə əhali adbaad siyahıya alınmışdı. Bir çox Avropa dövlətləri Osmanlı dövlətinin qüdrətindən qorxuya düşmüşdü. Bunları düşündükcə belə suallar çıxır ortaya: Koroğlu təpədən-dırnağa odlu silahla silahlanmış Osmanlı ordusunun qabağından Nigarı qaçıra bilərdimi? Bürcü Sultan öz ordusu odlu silahla silahlandığı halda Koroğlu ilə döyüşə qılıncla gedərdimi? Bu suallara müsbət cavab vermək çətindir, ancaq bir sualın cavabı aydındır ki, Koroğlu tüfəng çıxmamışdan əvvəlki dövrdə yaşamışdır. Digər faktlar da bu fikirləri təsdiqləyir.
İndi gəlin XIV-XV əsrlərin tarixinə qısa nəzər salaq. Həmin dövrdə Ağqoyunlu və Qaraqoyunlu tayfaları hakimiyyət uğrunda daim mübarizə aparırdılar. Osmanlı dövləti də təzə yarandığından yetərincə möhkəmlənməmişdi. 1402-ci ildə Ağqoyunlu qoşunu Ankara yaxınlığında I Sultan Bəyazidlə vuruşmuşdur. Diyarbəkir bir müddət Uzun Həsənin paytaxtı olmuşdur. Hətta məncə, Koroğlu dastanındakı Bürcü Sultan Sultan Bayaziddir, çünki bu adı asan olsun deyə aşıq bürcü Sultan kimi tələffüz edə bilərdi.
1472-ci ildə Ağqoyunlu ordusu Toqatı da almışdır. Bütün bunlar da həmin dövrdə Koroğlunun Çənlibeldə dövran qurması üçün nə qədər gözəl şərait olduğunu aydın göstərir.
Burada bir faktı da gözdən qaçırmaq olmaz ki, Koroğlu hər halda 150 ildən çox yaşayıb və tüfəng onun qocalığı illərində bəlli olur. Əgər Koroğlunun qocalığı Sultan Mehmet Fateh dövrünə düşsə, cavanlığı ən azı 100 il əvvələ, Orxan Qazi dövrünə (1324-1360) gedib çıxır.
Şah İsmayıl Xətayi dövrünü yaxşı öyrənmiş Mirzə Abbasla da rastlaşdığı faktlara söykənərək Koroğlunun XVI-XVII əsrlərlə, o cümlədən Cəlalilər üsyanı ilə bağlanmağının heç bir əsası olmadığını söyləmişdir. “Koroğlu” eposunun son əsrlərlə bağlanılması da demək olar ki, elmi dəlillərlə əsaslandırılmamış, ötəri mülahizələr halındadır. Həmin dastanlar və eposda XVI-XVII və XIII əsrlərin müəyyən ictimai hadisələri ilə uyğun gələn səsləşmələr isə onların şifahi yolla ağızdan-ağıza dolaşdığı tarixi şəraitlə əlaqədar dəyişikliklərə uğraması, bir qədər “yeniləşdirilməsi”, qədəm basdığı hər bir əsrin “yeni rəngini” alması ilə izah edilərsə, daha düzgün olardı.
Çox maraqlıdır ki, “Koroğlu” eposunda Babək hərəkatının da, Çaldıran döyüşünün də, sonrakı hadisələrin də (M. Təhmasib bunlar barədə yazmışdır) izlərini görmək mümkün olduğu halda, Cəlalilər üsyanının izlərini görmək mümkün deyil.
Koroğlu dastanında adı daha çox hallanan, hətta bütün Osmanlı paşalarından və xanlarından cəsarətli çıxaraq ilk dəfə Çənlibel üzərinə hücum edən Bolu bəy olmuşdur. Türk mənbələrində Bolu bəyin təxminən Orxan Qazi dövründə, yəni XIV əsrin ortalarında yaşadığı və Anadolu bəyi olduğu göstərilir. Bolu bəy 1335-1336-cı illərdə Anadolu bəylərindəniymiş. Bu hələ o dövr idi ki, Osmanlı dövləti təzəcə yaranmışdı, bütün bəyliklər bir dövlət halında birləşməmişdi. “Koroğlu eposundan bilirik ki, bütün Osmanlı dövləti Xotkarın hökmü altında olmuşdur. Deməli, Osmanlı dövləti artıq möhkəmlənməmişdi, halbuki ”ondan bir qədər öncə “Orxan Qazinin adı Təbrizdə Elxanlı hökumətinin davamını təşkil edən Çobanlılara vergi verən bəylər arasında çəkilmişdir”.
Tofiq Hacıyev “Koroğlu”nun XVII əsrlə bağlanmadığını başqa arqumentlə əsaslandırmışdır: “Koroğlu” boylarını isə adətən, XVII əsrlə bağlayırlar və təbii ki, bu halda qəhrəmanların adı müasir ad sisteminə uyğun gəlməlidir. Halbuki Koroğlu dəlilərindən əksəriyyətinin adı “Dədə Qorqud” advermə modelinə uyğun gəlir.
“Koroğlu” dastanı bütövlükdə tarixi hadisələrin bədii ifadəsi olsa da, Çənlibel zülmün və qəddarlığın əli çatmayan, xotkarların ünü yetməyən, insan arzularının yolunub ayaqlar altına atılmış çiçəklər kimi solmadığı bir ideal dünyadır.
Koroğlunun XIV-XV əsrlərdə yaşadığını söyləmək üçün yuxarıda toxunulmuş tarixi faktlar kifayətdir. Bu faktlardan sonra Koroğlunun Cəlalilər üsyanına bağlanması haqqında düşünməyə dəyməz. Burda oxşarlıqlar axtarmağın heç bir mənası yoxdur. Çünki Koroğlu xalq qəhrəmanıdır: onun qəhrəmanlıqlarını xalq öz yaddaşında yaşatmış, onun hər səfəri danışıla-danışıla dastanın bir qoluna çevrilmişdir ki, bunlar da dastan söyləyən aşıq və şairlərin artırmalarından, təhriflərindən xali ola bilməzdi. “Koroğlu” eposuna həmişə zamanın, əsrin donu geydirilmişdir. Onun bir sıra tarixi hadisələrlə səsləşməsi də bundan irəli gəlir. Ancaq “Koroğlu” eposundan XVI-XVII-XVIII əsrlərin donunu soyundurduqda, onların altında XIV-XV əsrlərin rəngləri və çalarları görünür ki, “Koroğlu”nun ilkinliyini yalnız bu rəng və çalarlarda axtarmaq və görmək lazımdır.

İslam Sadıq

Geri dön