Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bu gün Xalq Yazıçısı Mirzə İbrahimovun doğum günüdür
Bu gün Xalq Yazıçısı Mirzə İbrahimovun doğum günüdür |
Bu gün Xalq Yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 106-cı ildönümü tamam olur.
Ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tariximizdə xüsusi yeri olan görkəmli ədib XX əsrin 30-cu illərindən başlayaraq ömrünün sonunadək Azərbaycanın mədəni və ideoloji siyasi həyatında silinməz izlər qoyub. O da Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və Vətən fədaisi idi. Prezident İlham Əliyevin Xalq Yazıçısının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən respublikamızda silsilə tədbirlər təşkil olunub və Mirzə İbrahimovun yaradıcılığı daha geniş şəkildə tədqiq edilərək öyrənilib. Görkəmli yazıçı “Həyat və ədəbiyyat”, “Gələcək gün” “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvü kimi başlayan ədibin “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə dərc olunub. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də ötən əsrin 30-cu illərdə yazıb. M.İbrahimov hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alıb, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib. Dünya ədəbiyyatı klassiklərinin əsərlərini ana dilimizə çevirmiş Xalq Yazıçısı Mirzə İbrahimovun bu günədək aktuallığını itirməyən kitabları müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb. Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var. Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Geri dön |