Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Akif Çovdarova hökm oxundu - 12 il azadlıqdan məhrum edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Akif Çovdarova hökm oxundu - 12 il azadlıqdan məhrum edildi

Akif Çovdarova hökm oxundu - 12 il azadlıqdan məhrum edildi


Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, hökmə görə, Səlim Məmmədov 11 il, Orxan Osmanov və Akif Əliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin A.Çovdarovun general hərbi rütbəsinin alınması üçün dövlət başçısına müraciət göndərmək barədə qərar qəbul edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxs A.Çovdarova 15 il, Səlim Məmmədova 12 il, O.Osmanov və Akif Əliyevin isə hər birinə 9 il cəza istəyib.

Xatırladaq ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb. Sonra A.Çovdarovun barəsindəki həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovla bağlı cinayət işinin materialları ötən il sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub.

Geri dön