Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Din araçıları
Din araçıları |
Nəriman QASIMOĞLU
Haxam, keşiş, rahib, açarya, molla, axund, imam-camaat, ayətulla... Şahidiyik ki, bu sadaladığımız və sadalamadığımız başqa din titulları indi çox az adamda müsbət emosiya doğura bilir. Ancaq o da var ki, bu mənfi imic məsələsinin gəlişməsi son dövrün işi deyil. Mən hələ dünya ədəbiyyatını demirəm, təkcə elə öz bədii irsimizə müraciət etdiyimizdə aydın görünür ki, din təmsilçilərinə rəğbət oyadacaq epizodlar bəlkə də yox dərəcəsində. Tarixin salnamə arxivində də bunların əleyhinə istənilən qədər “kompromat” mövcuddur. Təbii ki, söhbət din tarixi fonunda elmi, zəkası, fəaliyyəti ilə mücadilə vermiş böyük şəxsiyyətlərdən, övliyalardan getmir. Tənqid hədəfində bir qayda olaraq toplumlarda tarixən gəlişmiş din institutlarının təmsilçiləri, ilahi dəyərləri özlərinin siyasi-iqtisadi mənafelərinə alət edən kasta nümayəndələridir. Müqəddəs Oxu məhz belələrini hədəfə götürür. İnsanla Tanrı arasında araçılıq deyilən nəsnənin kökünün birdəfəlik kəsilməsi ilə bağlı ilahi bir tövsiyə var. Bu araçılığı əsasən din kastası həyata keçirir. Başqa dinlərdə olduğu kimi tarixi islamda da hər çağın öz siyasi iqtidarının himayəsi ilə imtiyazlanan belə bir zümrə mövcud olub. Tarixin bizə ötürdüyü bu zümrə yaşamaq uğrunda mübarizəsini indinin özündə də sürdürür. Yəni ki, insanla ona “şah damarından da yaxın” (Qaf surəsi, 16-cı ayə) Rəbbi arasında araçılıq yaparaq şəraitin diqtəsi ilə hələlik bəzi maddi tələbatlarını ödəməklə məşğuldur. Rəbbimiz deyir: “Ey iman gətirənlər! Haxamlardan, rahiblərdən çoxları yeyirlər haqsız yerə malını insanların, Tanrı yolundan kənar salırlar onları” (Tövbə surəsi, 34-cü ayə). Şübhəsiz ki, “Oxu bir öyüddür, aləmlərdən ötrüdür” (Sad surəsi, 87-ci ayə), yəni yəhudi-xristian din xadimlərinə aid ediləndən mollanın-axundun ünvanına da pay düşür. Və ayədəki “çoxları” sözü əsas verir təəssüflə qeyd edim ki, Rəbbimiz gerçək din dəyərlərinin təbliği ilə məşğul olanları azlıqda gördüyünü anladır bizə. Toplumlarda din nümayəndələrinin mənfi imici isə həmin o “çoxları”na görə müəyyənləşir. Bizim el məsəllərində də bu qəbildən xeyli dəyərləndirmə var: “Molla aşı gördü, yasini yadından çıxartdı”; “Molla duru sudan qaymaq yığar”; “Molladan soruşdular: verməklə necəsən? Dedi: mənimki almaqladır, iki xasiyyət bir adamda olmaz”; “Dini yeyib, imanı dalına atıb” və s. və i. Din araçılarının fəaliyyət sahələrindən biri mərasimlərdir. Ayinlərdə rəhbərliyi - imamlığı həyata keçirən din xadimləri bir növ teatr-səhnə ibadəti yapmış olurlar. Namaz qılanın, dua edənin bir gözü, bir qulağı adətən din rejissorunda, din suflyorunda olur. Və bu zaman İlahi ilə ünsiyyət necə yaranır, necə alınır, bir Allah bilir. Mərasimçiliyə aludəçiliyin ən pis cəhəti odur ki, iman duyğusunun Tanrı rizasınca böyük həyati işlərə təkan verə biləcəyi impulsların qarşısını alır, onu xeyli öləzidir. Mərasimçilik mərəzi qoymur ki, mömin şüuru Tanrı dərkinə aparan gözəl-gözəl yollara, aydınlıqlara açıla. Və dindar kimsə macal da tapmır bir zaman baxıb fərqində ola ki, Tanrıdan, Onun lütfündən nə qədər uzaqlaşmış bur duruma düşür. Araçı din xadimlərinin isə vecinə deyil, təki xoş güzəran keçirsinlər, təki sayılıb-seçilən olsunlar, təki səsləri eşidilsin. Peyğəmbər İsa Məsih deyir: “Din mirzələrindən özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi, meydanlarda salam almağı, sinaqoqlarda baş kürsüləri və ziyafətlərdə yuxarı yerləri tutmağı sevirlər” (Müqəddəs Müjdə, Matta, 12:38). Bu peyğəmbər çəkindirməsi çağımızın din xadimlərinin də yüzillərdən bəri dəyişməz qalan geyimlərinə, ədalarına güzgü tutur. Üzlərinə vacib din görkəmləri verən, “yas ziyafətləri”ndə yuxarı başda əyləşməyi özlərinin vəzifə borcu sayan, bəzən adi salamlaşmağı da bir din ayini olaraq yerinə yetirirmiş kimi səthi bildiyi, yaxud ümumiyyətlə, bilmədiyi ərəb dilinin avazına uyğunlaşdırmağa çalışan mollalar və daha yüksək din rütbəliləri müqəddəs Müjdədə təsviri gedənlərdən heç də fərqlənmirlər. Ticarətdə dəllallıq qəbul edilən bir sənətdir. Vasitəçi tərəf alqı-satqı iştirakçılarının razılığı ilə öz işini görür və müəyyən mənfəət götürür. Tanrı-insan münasibətlərinə gəlincə isə yeganə münasibətlər sistemidir ki, ticari mahiyyətdən mütləq ölçüdə arınmış olaraq qəbul edilməlidir. Burada tənzimləmə mexanizmi kimi ibrətamiz rol oynayan Tanrı-insan andlaşması (Müqəddəs Oxu orijinalında – “misəq”) var. Andlaşmaya görə, Yaradanla insan arasında münasibətlərin səviyyəsi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə şərtlənir. Tanrı Özünün kainat yaradıcılığı məhsullarını – dənizləri, çayları, meşələri, havanı, suyu və s.-ni insanın könüllü istifadəsinə verir, ona çeşidli ruzilər göndərir, elm-bilik aşılayır, iradə sərbəstliyi bəxş edir... İnsan isə bunların qarşılığında gözəlliklər sərgiləməli, yaxşı-yaxşı işlər görməli, qurub-yaratmalı, ali ilahi varlığın yer üzündə təcəllisi olaraq Yaradanına layiq əməlləri həyata keçirməli, Onunla birbaşa təmasda olmaq üçün dualarda bulunmalı və s. Andlaşma şərtlərinə bir də o daxildir ki, bu münasibətlərdə üçüncü tərəf iştirak etməməlidir. Peyğəmbərlərə gəlincə, onlar insanın öz Yaradanı qarşısındakı öhdəliklərini xatırladan kosmik-ilahi göndərişlərin yalnız və yalnız təbliği missiyasını yerinə yetirirlər. Bu təbliğə görə, camaatdan hər hansı maddi təmənna güdülmür. Rəbbimiz Öz elçisinə buyurur xalqa bəyan eləsin bu təmənnasızlığı: “De ki, sizdən bir qarşılıq uman deyiləm buna görə” (Firqələr surəsi, 90-cı ayə). Beləcə Müqəddəs Oxu ayələrinin öyrənilməsi, xalqa çatdırılması və açıqlanması ilahi tövsiyəylə həyata keçirilən bir xatırlatma işidir ki, əcri-mükafatı insanlar deyil, Tanrı tərəfindən təmin olunur. Belə bir təbliğ din dəllallığı ilə bir araya sığan deyil. Din dəllallığı daha çox mövhumatçılıq meydanında at oynadır. Məsələn, islamın mahiyyətindən xəbərsiz dindar şəxs Tanrı ilə birbaşa ünsiyyətdən qaçaraq gedir mollanın yanına dua yazdırır. Mövhumatçı dindarın hesabına molla da özünün maddi ehtiyaclarını ödəyir. Yazılı duaların səmərəsinə ümid edənlər, təəssüf ki, Tanrı kəlamından, müqəddəs Oxudan uzaq düşən, Allahsızlığa yuvarlanan biçarələrdir. Gerçək din dəyərlərinin xələldar olmasının başqa bir səbəbi ötən yüzilliklərdə ərsəyə gəlmiş və indi də müraciət edilən din təlimlərinə, şəriət normalarına aid əsərlərdir. Bunların bir qismi zamanına görə müəyyən fayda vermiş yazılardır. Ancaq indilikdə daha gözəl anlaşılan Oxu məntiqi ilə araşdırma apardığımızda aydınlaşır ki, həmin yazılar da daxil dini-elmi irsimiz əsasən din tariximizin öyrənilməsi, din görüşlərimizə zamanların təsirilə sirayət etmiş bütpərəstlik əlamətlərinin aşkarlanması səpkisində daha dəyərli və daha uğurlu mənbə sayıla bilər. Fəqət dindarların tapınmalı olduğu mənbə yox! Qaynağımız birdir – müqəddəs Oxu! Təəssüf ki, müqəddəs Oxuya etina göstərilmədikcə, paralel din məxəzləri Tanrı-insan münasibətlərindən gəlir qazananların istifadəsində öz təyinatından aralanaraq, necə deyərlər, vasitəçilik ədəbiyyatı, şirk ədəbiyyatı statusunu qazanmış olur. İndi din xadimləri müqəddəs Oxuya müraciət etdikdə belə ayrı-ayrı məsələləri ilahi məntiq kontekstindən, gərəkli elmi mündəricədən kənar tutaraq bunları çox zaman həmin o paralel məxəzlərin məntiqinə uyğunlaşdırmağa çalışırlar. Kəskin səslənsə də, deyək ki, belə bir küfr olayının şahidi oluruq. Din xadimləri islam üləmasının təfsir ənənəsinə istinadən müqəddəs Oxunun xeyli sayda ayələrinin hökmünün aradan qaldırıldığına dair cəfəng bir fikri təkrarlayaraq cahillik üzündən ilahi mətnin bütövlüyünə şübhə yaradırlar. Bunu sadə dindar etmir, bunu edən dindarları aydınlıqlara göz açmağa qoymayan din üləması, din xadimləridir. Müqəddəs Müjdədə peyğəmbərimiz İsa Məsih məhz belələrinə səslənərək deyir: “Vay halınıza, din mirzələri, fəriseylər, ikiüzlülər. Nanə, şüyüd və zirənin onda birini verirsiniz, ancaq müqəddəs Törənin daha vacib işlərini, ədaləti, mərhəməti, imanı atırsınız. Onda bir hissəni verməyi ehmal etmədən əsasən bunları tətbiq etməli idiniz” (Matta, 23:23). Bu ifadələrdə müqəddəs Törənin bütövlüyünə zərbə vuran din xadimləri qınanır. Və o üzdən qınanır ki, bunlar müqəddəs Kitabın ədalət, mərhəmət, imanla bağlı qlobal xatırlatmalarını kənara qoyub bir para “şəri” məsələlərin təbliğinə üstünlük verirlər. Sözsüz ki, bu qınağın dolayısı ilə keçmiş və çağdaş islam din xadimlərinə də aidiyyəti var. Yoxsa ki, müqəddəs Oxuda Rəbbimiz eyni dəyərləndirməni başqa bir ifadəyə qoyaraq deməzdi: “Bölücülərə də Biz əzab göndərmişik. O kəslərə ki, hissələrə ayırmışlar Oxunu. And olsun Rəbbinə, onların hamısından cavab istəyəcəyik tutduqları işlərin barəsində” (Hicr surəsi, 90-93-cü ayələr). Geri dön |