Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > Erməni vandallarının yox etdiyi İrəvan XAN SARAYI
Erməni vandallarının yox etdiyi İrəvan XAN SARAYI |
1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan İrəvan qalasının içərisində Xan sarayı inşa etdirmiş, qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində böyük bir bağ saldırmışdır. Həmin bağ tarix ədəbiyyatında Xan bağı kimi qeyd olunur. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı Evliya Çələbi İrəvan qalası və “behiştə bənzər” Toxmaq xan sarayı haqqında maraqlı məlumatlar verir.
Səfəvi sərkərdəsi Əmirgünə xan Qacarın (1604-1625) İrəvanın hakimi olduğu dövrdə qala və Xan sarayı (Sərdar sarayı) daha da abadlaşdırılmış və möhkəmləndirilmişdi. 1679-cu il zəlzələsindən sonra İrəvan qalası, o cümlədən Xan sarayı Zal xan (1679-1688) tərəfindən yenidən bərpa edilmişdi. İrəvan əyalətinin Osmanlı hakimiyyəti altına keçdiyi dövrdə Rəcəb paşa (1725-1728) tərəfindən İrəvan qalasındakı saray kompleksində xeyli quruculuq və abadlıq işləri görülmüşdü. İrəvan xanı Hüseynəli xan Qacarın (1759-1783) və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövrləri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü hesab edilir. Hüseynəli xan Qacar Xan sarayını daha da təkmilləşdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər Xoylunu İrəvana dəvət etmişdi. Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulmuşdu. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Xan sarayının Güzgülü salonunu və Xan bağındakı Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə edilmişdir. Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdürrza Xan sarayının divarlarındakı rəsmləri 1815-ci ildə tamamlamışdır. Bütün dövlət atributlarına malik İrəvan xanlığının dörd bayrağı 1827-ci ildə İrəvan qalasının süqutu zamanı Rusiya qoşunlarının əlinə keçmişdir. Həmin bayraqlardan ikisi hazırda indiki Azərbaycan Milli Tarix Muzeyində saxlanılır. Bayraqlardan biri üçkünc, digəri isə dördkünc formadadır. İrəvan qalasının və Xan sarayının çar Rusiyası işğalından sonra çəkilmiş cizgilərinin (planlarının) bir qismi hazırda İrəvan Tarix Muzeyində saxlanılır. Xan sarayının 1837-ci ildə tərtib edilmiş mükəmməl planında göstərilən miqyasa əsasən, sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi aydın olur. Saray İrəvan qalasının şimal-qərb hissəsində yerləşirdi və qaladan saraya qapı açılırdı. Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray binası trapesiya formasında (ölçüləri 36x35x31x25 m) olmuşdur. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə bir-birindən ayrılan yataq yerləri – taxçalar düzəldilmişdi. Xan sarayının Güzgülü zalında xanın taxtının önündə müalicəvi xüsusiyyətə malik olan damarlı əqiq daşlardan ulduzvarı hovuz düzəldilmişdi. Ortasında kiçik fəvvarə olan hovuz rus rəssamı Q.Qaqarinin çəkdiyi Güzgülü zalın rəsmində də öz əksini tapmışdır. Həmin hovuz İrəvan Tarix Muzeyində nümayiş etdirilir. Bunlardan əlavə, Xan sarayına bitişik daha iki bina – biri xanın yaxın ətrafının yaşadığı bina, digəri yardımçı tikili olmuşdur. Xan sarayı və xanın hərəmxanası vahid memarlıq kompozisiyası təşkil edirdi. Hərəmxana sarayla kiçik dəhliz vasitəsilə birləşirdi. Düzbucaqlı formada olan hərəmxananın uzunluğu 200 fut (1 fut = 0,3048 m), eni təqribən 125 fut olmuşdur. Hərəmxananın çoxlu otaqları və dəhlizləri var idi. İrəvan qalasının Rusiya qoşunları tərəfindən işğalından sonra hərəmxana hospitala çevrilmişdi. Xanın hərəmxanasının mərmər üzlük çəkilmiş, mozaikalı ornamentlərlə bəzədilmiş hamamı da öz təmtərağı ilə seçilirdi. Hərəmxananın geniş yay hovuzu var idi. Hovuzun uzunluğu 15 sajen (1 sajen = 2,1336 m), eni 4 sajen, dərinliyi 3 arşın (1 arşın = 71, 12 sm) idi. Bu tikililər qaladakı digər çoxsaylı tikililərlə birgə “İrəvan şəhərinin yenidən qurulması” zamanı plana salınaraq ermənilər tərəfindən qəsdən sökülüb məhv edilmişdir. Mütəxəssislərin qənaətinə görə, İrəvan Xan sarayı memarlıq forması, biçimi, quruluşu, daxili həcminin həlli və bədii tərtibatına görə Şərq memarlığının şah əsərlərindən sayılan, 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Təbrizdə, 1669-cu ildə Şah Süleyman səfəvi dönəmində İsfahanda inşa edilən “Həşt behişt” adlandırılan saray-kompleks lərinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirmişdir. Digər maraqlı cəhət bundan ibarətdir ki, həm relyefinin seçilməsi baxımından, həm də tikintinin memarlıq həlli baxımından Xoy, İrəvan və Şəki xanlarının sarayları bir-birini sanki təkrar etmişlər. Bu fakt sübut edir ki, hər üç saray eyni memarlıq üslubunda inşa edilmişdir. İrəvan xanı Hüseynəli xan Xan sarayında yenidənqurma işləri apararkən Xoy xanı olan qohumu Əhməd xana (1763-1786) müraciət etmişdi. Əhməd xanın hakimiyyəti dövründə Xoy şəhərində ətrafı dərin xəndəklə əhatə olunan ərazidə – relyefinə görə İrəvan qalasının yerləşdiyi əraziyə bənzər yerdə qala və onun içərisində saray inşa edilmişdi. Sarayın memarı Mirzə Cəfər Xoylu idi. Əhməd xan memar Mirzə Cəfər Xoylunu qohumu Hüseynəli xanın xahişi ilə İrəvana göndərmişdi ki, Xan sarayında aparılacaq tikinti işlərinə rəhbərlik etsin. İrəvan Xan sarayı ilə Şəki Xan sarayının Güzgülü salonlarının tamamilə bir-birinə bənzəməsi aydın surətdə sübut edir ki, onları inşa edən ustalar eyni memarlıq məktəbinin nümayəndələri olmuşlar. Fransız səyyahlarından Jan Batist Tavernye 1655-ci ildə, Jan Batist Şardən isə 1673-cü ildə İrəvan şəhərində olmuş, onun qrafik təsvirlərini çəkmişlər. Həmin təsvirlərdə İrəvan qalası və qalanın içərisindəki tikililər, o cümlədən Xan sarayı əks olunmuşdur. J.Şardən incəsənəti, elmi sevən İrəvan xanı Səfiqulu xanın sarayda qonaqların şərəfinə təşkil etdiyi məclisləri ətraflı nəql edir. O, məclisdəkiləri əyləndirmək üçün güləşçilərin, rəqqasların, müğənnilərin və çalğıçıların necə ustalıqla öz məharətlərini göstərdiklərini təsvir edir. Müəllifmu siqiçilərin və rəqqasların mimika hərəkətlərilə göstərdikləri tamaşanı Şərqin operası adlandırmışdır. 1817-ci ildə Aleksey Yermolovun başçılığı altında İrana səfər edən Rusiya nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş alman əsilli hərbçi Moritz fon Kotzebue İrəvan qalasındakı Sərdar sarayını və Sərdar bağındakı Yay köşkünü ətraflı təsvir etmişdir. Kotzebue yazır: “Sarayın divarlarından müxtəlif formalı xırda güzgülər, rəngbərəng güllər və kiçik şəkillər asılmışdır... Girişin qarşı tərəfində şah (yəni Fətəli şah) və oğlu Abbas Mirzənin portretləri ilə birlikdə ov səhnələrini əks etdirən şəkillər və bir neçə qadın şəkli diqqəti cəlb edir... Zalın açıq tərəfi ilə üzbəüz, içərisində ağ mərmərdən kiçik hovuz və fəvvarələr olan pavilyon var. Bu pavilyon açıqdır və təzə salınmış gözəl bir bağa baxır. Zəngi çayı düz pəncərənin altından axır: onun sahilləri boyunca hündür ağaclar cərgələnir və bir neçə tağdan ibarət olan yaraşıqlı daş körpünün digər qurtaracağı Ararat (Ağrı - N.M.) dağına söykənmiş sahilə aparır”... Daha sonra Kotzebue Xan sarayı ilə üzbəüz, Zəngi çayının sağ sahilində salınmış Xan bağındakı Yay köş kündən bəhs edir. Onun yazdığına görə, Asiya memarlıq üslubunda inşa edilən köşkün ortasında fəvvarəli mərmər hovuz vardır və su şırnaqlarının üzərindən asılmış balaca zənglərin çıxardığı incə səslər xanın zövqünü oxşayırdı. Bu qiymətli məlumatdan aydın olur ki, hələ XIX əsrin əvvəllərində İrəvan xanının köşkün də müasir anlamda musiqili fəvvarə mövcud olmuşdur. İrəvan xanları asudə vaxtlarını həmin köşkdə keçirər, musiqiçiləri dinləyərmişlər. Sözün həqiqi mənasında gözəlliyinə görə mükəmməl incəsənət əsəri hesab edilən güllü-çiçəkli Xan bağında xarici qonaqlar üçün də məclislər təşkil edilərmiş. Tanınmış Rusiya yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi, 1819-cu ilin fevralında İrəvan xanının sarayında olmuş dur. Qriboyedovun yazdığına görə, bu ölkədə Allahdan sonra birinci, qacarlar dövlətində isə nüfuzuna görə üçüncü adam hesab edilən sərdar Hüseynqulu xan mövcud ənənəyə görə, qonaqların şərəfinə ziyafət təşkil etmişdir. Qriboyedovun ağlına belə gəlməzdi ki, 1827-ci ilin oktyabrın da İrəvan qalasının süqutundan bir qədər sonra məhz həmin Güzgülü salonda onun məşhur “Ağıldan bəla” əsərini rus zabitləri onun özünün iştirakı ilə tamaşaya qoyacaqlar. Qriboyedov Hüseynqulu xanın qonaqları qəbul etdiyi Güzgülü salonu ətraflı təsvir etmişdir. O, salonun döşəməsinin bahalı, naxışlı xalçalarla döşəndiyini, tavanının və salonunun divarlarının “yapon naxışları” ilə bəzədildiyini, bütöv divar boyu olan pəncərəsinin çərçivəsinin şəbəkə üslu bunda işlənildiyini və onlara rəngli şüşələrin pərçimləndiyini, salonun girişi ilə üzbəüz buxarının yerləşdiyini, qabarıq formalı tavanın kiçik güzgü parçaları ilə örtüldüyünü, bütün divarların iki cərgə ilə şəkillərlə bəzədildiyini yazır. İrəvan xanlığı Rusiya işğalından sonra bir sıra Avropa və Rusiya tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Fransız səyyahı, geoloq və rəssamı Fredrik Dübua de Monpere 1833-cü ildə Qafqaza səyahət etmiş və 1839-1843-cü illərdə Parisdə onun 6 cilddən ibarət “Qafqaz ətrafına səyahət” kitabları işıq üzü görmüşdür. Müəllif, həmçinin həmin kitablara əlavə olaraq xəritələr, planlar və rəsmləri əhatə edən 5 hissədən ibarət atlaslar da çap etdirmişdir. Qravüraçı rəssam Nikole Erkül Fredrik Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır. Həmin atlasların 3-cü hissəsində Sərdar sarayının Güzgülü zalının interyerinin, Güzgülü zalın divar la rın dakı rəsmlərin və divar naxışlarının, sərdar Hüseynqulu xanın hərəmxanasının şəkilləri öz əksini tapmışdır. İrəvan qalasının Rusiya qoşunları tərəfindən işğalından sonra Xan sarayında əvvəlcə İrəvan müvəqqəti idarəsi, sonra isə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış “Erməni vilayəti”nin administrasiyası, daha sonra İrəvan quberniya idarəsi yerləşmişdi. İmperator I Nikolayın rus qoşunlarının hücumlarına 23 ildən artıq müddətdə tab gətirən, “alınmaz qala” kimi şöhrət qazanan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə gerçəkləşmişdi. İrəvana səfər etmiş I Nikolay Xan sarayında gecələmiş, ondan xatirə qalsın deyə, Güzgülü zalın divarına öz adını yazmışdı. Sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı. I Nikolay Güzgülü zalda İrəvan şəhəri əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini qəbul etmişdi. 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı Avqust fon Haksthauzen də Xan sarayını ətraflı təsvir etmişdir. Haksthauzen yazır: “Keçmiş İrəvan sərdarının sarayının yerləşdiyi qala tənəzzüldədir, İranəyanlarının sarayları xarabalıqlar içərisindədir, məscidlərdən biri yunan-rus kilsəsinə, digəri silah anbarına çevrilmişdir. Sərdar sarayı salamatdır, lakin onun əlavə tikilisi olan hərəmxana hospital çevrilmişdir. Arxitektura baxımından saray o qədər də əzəmətli deyil... Lakin bütün bunlarla yanaşı, bəzək-düzəkləri, pəncərələri, qapıları, tağları gözəldir. Müasir Asiya tikililərini Əlhambra kimi təsəvvür etmək olmaz. Yalnız Sərdar sarayının qəbul zalı əzəmətlidir. Onun həyətə baxan tərəfi açıqdır və divar əvəzi nə gözəl şəbəkə ilə bağlanmışdır, hansı ki, onu bütövlükdə və ya qismən çıxartmaq mümkündür. Həmin şəbəkə götürüldükdə qəbul zalı böyük və açıq qalereyaya çevrilir. Zalın arxa divarında onun üçdə ikisini tutan rəngli şüşələrlə bəzədilmiş böyük pəncərə vardır ki, onun da hər iki tərəfində çox da böyük olmayan kabinetlər vardır. Zalın ortasında çox da böyük olmayan fontanlı hovuz vardır. Divarlar və tavan güzgülər və tablolarla bəzədilmişdir.” 1864-cü ildə İrəvan qalasının hərbi-istehkam qalası kimi istifadəsinə son qoyulmuşdur. 1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı erməni taciri satın alaraq sonradan orada şərab zavodu – yəni indiki konyak zavodunu inşa etdirmişdir. Hazırda İrəvan konyak zavodunun ərazisinin bir hissəsi Xan sarayı kompleksinin ərazisinə düşür. 1880-ci ilin oktyabrında məşhur Rusiya arxeoloqu qrafinya Praskofya Aleksandrovna Uvarova İrəvan qalasında olmuş, uçulub dağılan Xan sarayının vəziyyətini təsvir etmişdir. Erməni tədqiqatçısı Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” kitabında P.Uvarovanın Qafqaz ekspedisiyasının nəticələri haqqında dərc etdirdiyi “Qafqaz. Yol qeydləri” (Moskva, 1887) kitabının birinci cildindən aşağıdakı sitatı gətirir: “Qala divarlarının və qüllələrinin içərisində Zəngi çayının altından yeraltı keçidi, fontanlı həyətləri, hamamları, hərəmxanası və iki məscidi olan Sərdar imarəti yerləşir. Bütünlüklə sırf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsmlərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalı salamat qalıb. Zalın ortasında mərmər fontan vardır və onun pəncərəsi rəngarəng ağac şəbəkələrlə bəzədilmişdir. Oradan Zəngi çayına, Ararat (Ağrı - N.M.) və Ələyəz dağlarına çox gözəl mənzərə açılır. Zal şimal tərəfdən açıq imiş və pərdələrlə örtülürmüş. Hansı ki, pərdənin izləri, halqaları və asılqanlarının yeri həm tavanda, həm də bünövrədə görünür. Zalın hər iki tərəfində kiçik otaqlar vardır və zirzəmisində buzxana yerləşir. Sarayla Zəngi çayını birləşdirən yeraltı keçiddən yalnız onun qapısı və daş pilləkənləri qalmışdır. Halbuki bir qədər əvvəl həmin keçiddən çayın altı ilə qarşı tərəfə keçmək olardı”. Məşhur Britaniya səyyahı, coğrafiyaşünası və ictimai xadimi Henri Linç 1893-cü ilin avqustundan 1894-cü ilin mart ayınadək və 1898-ci ilin avqustunda Şərqi Anadoluda və Cənubi Qafqazda səfərdə olmuşdur. O, səfərlərinin nəticəsi olaraq ikicildlik “Armenia. Səyahətlər və tədqiqatlar” əsərini yazmışdır. Müəllif 1901-ci ildə Londonda çap edilən əsərinin I cildində indiki Ermənistan ərazisində gördüklərini ətraflı təsvir etmişdir. Linçin təsvir etdiyi Xan sarayının divarlarındakı rəsmlər və pəncərə şəbəkələri sarayın XIX əsrin ikinci yarısında aparılan restavrasiyadan sonrakı dövrünə təsadüf edir. Bunu nəzərdə tutan Linç yazır ki, kətan üzərində çəkilmiş rəsmlər orijinal deyil. H.Linç Xan sarayının Güzgülü salonunu belə təsvir edir: “Şəbəkəli tağların saysız-hesabsız güzgüləri ətrafa büllur kimi şölə saçır. Salonun tavanı başdan-başa bəzəyə qərq olmuşdur. Tavanın aşağısı bolluca nəbati naxışlarla bəzənib ki, bunlar da, əsasən, süsən və qızıl güllərdən ibarətdir”. Davamı var... Geri dön |