Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaqlığımın ən böyük adı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Uşaqlığımın ən böyük adı

Uşaqlığımın ən böyük adı


May – mənim ən sevimli ayım. İlboyu mayın gəlişini səbrsizliklə gözləyirdim. Doğum günümlə başlayan bu ayın günləri şən əhvalla keçirdi. Bu üç gün əvvəl qeyd etdiyim doğum günümə qədər davam elədi.

6 may – ən sevimli ayımın, ən bədbəxt günü, 23 yaşımın ən böyük itkisi. Sevimli babam vəfat etdi. Səhər saat 05:25-də telefon zənginə oyandım. Yuxulu idim. Qardaşımın “Dur, babagilə gəl” deməsi ilə məni soyuq tər basdı, titrəyirdim. Nə qədər çalışsam da, yerimdən qalxmağa gücüm yetmədi. Hər şeyi başa düşmüşdüm. Baş vermişin olmaması üçün Allaha yalvarırdım. Amma olan olmuşdu. Adımda tək qalmışdım, babamsız qalmışdım. Məni bu həyatda ən çox sevən, adını daşıdığım babam.

Babam mənim qazandığım uğurların adı idi. Məktəbdə, universitetdə aldığım “5” ləri həsr etdiyim tək ünvan idi babam. “5”ləri ən çox səbrsizliklə gözləyən, sevinən də O, olurdu. Aldığım qiymətlərə məndən çox babam sevinərdi. İmtahandan dərhal sonra zəng vurar, dərhal nəticəmi ona bildirərdim. Bundan sonra alacağım “5”lər ünvansız qalacaq!

Babamla birgə uşaqlığım öldü. 23 yaşımda böyüdüm. Bu yoxluq dərhal həyatımda sezilməyə başladı. Həyatda bu boşluğu doldura biləcək kimsə yoxdu, ola bilməzdi. Sevdiklərim və məni sevənlər var və olacaq. Amma heç kim üçün mən bu qədər uşaq olmayacağam. Babam mənim uşaq olmağımın ən böyük adı idi. Məni hər zaman müdafiə edərdi. Nəysə yanlışlığım olardısa belə təklikdə deyərdi. Səhv etsəm belə hamının yanında mənim sözümü deyərdi.

Babam uşaqlığımın ən böyük adı idi. Uşaqlığımdan özümü böyük kimi göstərməyə çalışırdım. Böyüyəndən sonra hər kəsdən mənim yaşıma uyğun davranmalarını tələb edərdim. Bəzən mənə uşaq kimi yanaşanda doğma atama, anama belə “ mən sizinçün 5 yaşlı uşaq deyiləm” deyərək özümdən çıxardım. Amma babamla fərqli idi. Onun yanında böyük olmaq istəmirdim.

Babam uşaqlığımın adı idi. Həyatımda böyük bir boşluq yaranıb. Elə bil, uçurumun dibinə yuvarlanmışam. Hər gün qəbrüstünə babamı ziyarətə gedirəm. Bilmirəm, həqiqətən də bilmirəm. İtirdiyim qarşımda “?” işarəsi altında gizlənir. Uşaqlığım üçün darıxıram. Babam üçün darıxıram.

Zaman bəzən acını unutdurur, bəzənsə əksinə. Məndə əksi baş verdi. Babamı dəfn edəndə gözümdən axan yaş, verilən təsəllilər, ətrafdakı səs-küy acını az da olsa unutdururdu mənə. Anlaşılmaz bir vəziyyət idi. Acı çəkməkdən çox axtarırdım. Tapacağıma ümid etmək istəyirdim. Yolboyu Babamla birgə yaşadığım uşaqlığım bir lent kimi gözümün önündən keçirdi. Çiynimdə aparıb, məzara qoyduğumuzun fərqində bir o qədər də deyildim bəlkə. Hər şey nağıl kimi gəlirdi. Ən şirin nağılımın sonuna gəlmişdim. Adətən uşaq vaxtı adam hey nağıl dinləmək istər. Nağılın bitməməyini arzular. 23 il bir adda yaşadığım Babamla vidalaşdım. İnsan uşaqlığını heç zaman unutmur. Mənim uşaqlığım bitsə də, unudulmazdır. Babam da var olduğum müddətdə adı adımda, özü isə ürəyimdə yaşayacaq.

Həyat qazandıqlarımızın sevincindən, itirdiklərimizin kədərindən ibarətdir. Və məncə, ikincidən biz daha çox öyrənirik. Babam uşaqlığımın adı idi.

Geri dön