Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > İstanbulda Türk Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçirilib
İstanbulda Türk Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçirilib |
Şahin Mustafayev: Bu il Azərbaycanın Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 milyard dollar olub
Noyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirak etdikləri görüşdə ölkəmizi iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda Türk Şurasına üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması məsələləri müzakirə olunub. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin TDƏŞ-in iqtisadiyyat nazirlərinin VII görüşünə ev sahibliyi etməsindən məmnunluğunu bildirib, türkdilli dövlətlər arasında əməkdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Türkiyə iqtisadiyyatı, ölkəsinin TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyatına yatırdığı sərmayələr barədə məlumat verən N.Zeybekçi əməkdaşlığın genişləndirilməsi üçün ticari-iqtisadi əlaqələrin inkişafının, sərmayə qoyuluşunun artırılmasının və yeni layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan ilə iqtisadi əlaqələrdən və həyata keçirilən birgə layihələrdən danışan türkiyəli nazir Bakı-Tbilisi-Qars layihəsinin dünya iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çıxışında türkdilli dövlətlərin bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini vurğulayıb. İqtisadiyyat nazirlərinin görüşünün növbəti Zirvə toplantısına hazırlıq məqsədilə təşkil edildiyini və təşkilatın inkişafına töhfə verəcəyini diqqətə çatdıran Ş.Mustafayev gələcəkdə digər qardaş ölkələrin də Türk Şurasına tamhüquqlu üzv kimi qoşularaq fəal iştirakçı olacaqlarına ümid etdiyini bildirib. Nazir qeyd edib ki, Azərbaycanda Türk Şurasının ölkələri ilə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 milyard dollar, o cümlədən idxal 1 milyard dollar, ixrac 1,1 milyard dollar təşkil edib. Bu dövrdə Türk Şurasının üzv dövlətlərinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 15 faiz, o cümlədən idxalda 16 faiz, ixracda isə 13 faiz təşkil edib. Şahin Mustafayev təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğunu və bu potensialdan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib. Bildirilib ki, ölkələrimizdən keçən tranzit marşrutlarına üstünlük verilməsi və yükdaşımaların həcminin artırılması məqsədilə Türk Şurası üzvləri və digər türkdilli dövlətlərlə əlaqələndirmə platformaları genişləndirilməlidir. İqtisadiyyat naziri, həmçinin təşkilata üzv ölkələri Azərbaycanda yaradılan Azad iqtisadi zona, sənaye parkları və məhəllələri, ölkəmizin Aktaudakı logistik mərkəzi, habelə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının imkanlarından faydalanmağa dəvət edib. Şahin Mustafayev Azərbaycanın TDƏŞ-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığı, eləcə də ölkəmizin iqtisadiyyatı barədə danışıb. Türkiyə ilə iqtisadi əlaqələrə toxunan nazir ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, ortaq layihələrdən söz açıb, dekabrın 1-də müzakirə ediləcək Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin artımına dəstək olacağını bildirib. Son illər ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bildirən nazir Türk Şurasına üzv dövlətlərin nümayəndələrini Azərbaycanın “EXPO 2025” sərgisinə namizədliyini dəstəkləməyə çağırıb. Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Baurjan Bekişev, Qırğızıstanın iqtisadiyyat nazirinin birinci müavini Daniyar İmanaliyev çıxışlarında iqtisadiyyat üzrə işçi qrupunun iclasında müzakirə edilən məsələlər barədə danışıb, türkdilli ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, əməkdaşlıq perspektivlərinə, təmsil etdikləri ölkələrin iqtisadiyyatına dair məlumat veriblər. Özbəkistanın iqtisadiyyat nazirinin birinci müavini Sunatulla Bekenov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov TDƏŞ çərçivəsində əməkdaşlıq, türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər. Natiqlər türkdilli ölkələrin yerləşdikləri coğrafi ərazilərin geosiyasi əhəmiyyəti, bu yerlərin beynəlxalq yükdaşımalarında yeri və rolu, təbii zənginlik, fəaliyyət göstərən və həyata keçirilməkdə olan beynəlxalq iqtisadi layihələr, iqtisadi yüksəlişi dinamik həddə çatdırmaq üçün digər imkanlara dair fikir və mülahizələrini bölüşüblər. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər hövzəsində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və digər beynəlxalq iqtisadi layihələrin imkanları yüksək dəyərləndirilib. Qeyd olunub ki, bütün türkdilli ölkələr bu layihələrdən bəhrələnmək və perspektivdə olan layihələrdə iştirak etmək üçün tarixi şansdan istifadə etməklə inkişaf imkanlarına yeni-yeni töhfələr verə bilərlər. Tərəflər əməkdaşlıq əlaqələrinə dair imkanları yüksək qiymətləndiriblər. Görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşünə dair Protokolun imzalanması ilə başa çatıb. Sonra Türk Şurasının baş katibi Ramil Həsənov və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci birgə mətbuat konfransı keçiriblər. Diqqətə çatdırılıb ki, Türk Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensialdan daha səmərəli bəhrələnmək üçün geniş siyasi imkanlar mövcuddur. X X X Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev türkiyəli həmkarı Nihat Zeybekçi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi kimi tanınan Trans-Anadolu və Trans-Adriatik boru kəməri layihələrinin həyata keçirilməsi ilə Xəzər və Aralıq dənizləri arasında yeni enerji dəhlizi açılmış olacaq və bütün regionun enerji xəritəsi dəyişəcək. Qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 faiz artıb. İqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə Preferensial Ticarət Sazişinə dair danışıqların ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına və aqroparklara türkiyəli investorların cəlb edilməsi, tranzit yükdaşımalarının, ticarət əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib. Sabir Şahtaxtı Geri dön |